İmam Hüseyn (ə)

İmam Hüseyndən (ə) müqəddəs kəlamlar

İmam Hüseynin (ə) mübarək dilindən iyirmi hədisi, siz əziz oxucularımıza töhfə edirik. Arzu edirik ki, bu hədisləri oxuyub əməl etməklə gözləriniz və qəlbləriniz nurani olsun.

1- İbadət məqsədli yaranış

«Doğrudan da, Allah-taalanın bəndələrini yaratmaqda məqsədi, özünü tanıtdırmaq olmuşdur. Sözsüz ki, Allahı həqiqi tanıyanlar Ona ibadət edir və özlərini Ondan qeyrilərinin qarşısında aciz görmürlər.»[1]

2 – İlahi alimlər

«Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar.»[2]

3- Salamın savabı

«Salam üçün ilahi dərgahında yetmiş savab nəzərdə tutulmuşdur ki, altımış doqquzu verənin, biri isə alanındır.»[3]

4- Ehtiyacli şəxslırə yardım

«Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).»[4]

5- Allahdan qorxana e`tibar etmək

Bir kişi İmam Hüseynin (ə) yanına gəlib dedi:

«Mənim bir qızım var onu necə adama ərə verim?» Həzrət Hüseyn (ə) buyurdu: «Onu Allahdan qorxan bir insana ərə ver. Çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma qızından xoşu gəlməsə də ona əzab-əziyyət (zülm) etməyəcəkdir.»[5]

6- Fəzilət (üstünlük) və nöqsan

İmama (ə) sual verdilər: «Fəzilət nədir?»

İmam Hüseyn (ə) buyurdu: «İnsan öz dilinə sahib olsun və çox ehsan (yardım) etsin.»

Soruşdular: «Nöqsan nədir?»

Həzrət (ə) buyurdu: «Sənə heç bir (mənəvi-maddi) faydası olmayan şeylər üçün çalışmaq, zəhmət çəkmək.»[6]

7- Qeybətin çirkinliyi

«Qeybət etmə! Bil ki, qeybət cəhənnəm itlərinin yemidir.»[7]

8- Zülmün pisliyi

«Səninlə mübarizə etmək (özünü müdafiə etmək) üçün Allahdan başqa köməyi olmayan şəxsə zülm etməkdən çəkin (qorx)!»[8].

9- Sayğılı ol

«(Səndən kömək istəyən) ehtiyaclı şəxs, öz heysiyyətini itirmək təhlükəsiylə birgə sənə müraciət edir. Sən ona qarşı sayğılı ol (ehtiramla kömək et) ki, onun heysiyyətini qorumuş olasan!» [9]

10- Həqiqi şiə

«Bir şəxs İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.»

Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: «Yalan danışdın və doğru olmayanı idda etdin.» deyə, buyursun. Bil və agah ol, bizim şiələrimiz o insanlardır ki, qəlbləri hər cür ikiüzlülük,  kin və hiylədən pak olsun. Sən belə de: «Mən sizə ehtiram bəsləyən və sizi sevənlərdənəm.»[10]

11- Tanrı xofu

« Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən qurtulmaq deməkdir.»[11]

12- Şükür et

«Keçmiş ne`mətlərə şükür etmək, (qədir-qiymətini bilmək), gələcək ne`mətləri də, özü ilə gətirər.»[12]

13- Səbirli olmaq

«Xoşlamadığın həqiqətlər müqabilində səbrli ol və həmçinin (şeytanı) hisslərinin səni həvəsləndirdiyi işlərə qurşanma, dözümlü ol!»[13]

14- Dostunu və düşmənini tanımaq

«Səni pis (doğru olmayan) işlərdən çəkindirən şəxs, dostundur. Səni əyri işlərə sarı həvəsləndirən şəxs isə düşmənindir.»[14]

 

 

15- Elm, şərafət və qənaət

«Elm, mərifətin birinci pilləsidir. Ağılı inkişaf etdirən, gücləndirən isə təcrübənin çox olmasıdır.

Şərafət özü də, bir növ təqva deməkdir.

Qənaətcil olmaq, bədənin rahatlığına xidmət edir.» [15]

16- Orucun fəlsəfəsi

«İmam Hüseyndən (ə) soruşdular: « Allah nə üçün orucu bəndələrinə vacib etdi?»

İmam (ə) buyurdu: «Allah orucu vacib etdi ki, ehtiyacsız (varlı) adamlar aclığın necə bir dərd olduğunu anlasınlar. Və nədicədə kasıblara, miskinlərə əl tutub, kömək etsinlər.»[16]

17- Sözün aqibəti

«Lazımsız, bihudə danışma, çünki qorxuram günahların çoxalsın.

Sözünün yerini və dəyərini bil, faydasız yerə danışma. Çünki nə qədər çox danışan var ki, haqqı söyləyir, lakin töhmət və danlağa məruz qalır.

Səbirli (ağıllı) və ağılsız adamlarla mübahisə etmə. Çünki səbirli (ağıllı) şəxs sənə qələbə çalar. Nadan (ağılsız) insan isə səni incidər….

Həmişə pis işlərinə görə cəzalanacağını və yaxşı əməllərinə görə qiymətləndiriləcəyini bilən şəxs kimi rəftar et.»[17]

18- Abırını qorumaq

«Eşitsən ki, hər hansı bir şəxs camaatın abırını aparır və heysiyyətini sındırır, çalış o adam səni tanımasın. Çünki, belə insanlar ən çox tanıdığı adamın şəxsiyyətini sındırır.»[18]

19-Ehtiyatlı ol

«Allah tüğyankar bəndəsinə, bollu nemətlər əta edib və eyni zamanda ona şükür etməyi unutdurmaqla, tələyə salar».[19]

20- Yeddi məsləhət

1-«Ağırlığına taqətin olmayan iş üçün özünü zəhmətə salma.»

2-«Əldə edə bilməyəcəyin bir şey üçün çalışma.»

3-«Bacarmadığın işə girişmə».

4-«Qazana bilmədiyin qədər ehsan etmə.»

5-«Gördüyün işdən artıq zəhmət haqqı istəmə.»

6-«İlahi ibadətindən əldə etdiklərindən qeyrisinə sevinmə.»

7-«Bacardığın və layiq olduğun işdən başqasını öhdənə götürmə.»[20]

21- Ağıl və haqq

«Ağılı kamilləşdirmək yalnız haqq və həqiqətə tabe olmaqla mümkündür.»[21]

22- And içmək

«Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir:

1-Özündə kiçiklik, (əskiklik) və nöqsan hiss etdiyi üçün çalışır ki, and içməklə xalq onun sözünü təsdiq etsin.

2-Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir.

3-Xalqın töhməti, ittihamı qarşısındadır. Belə fikirləşir ki, and içməsə onun sözünü qəbul etməyəcəklər.

4-Boş yerə and içməyə adət edib.»[22]

23- Günahdan uzaqlaşma yolları

«Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.»

Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.»

Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et.

İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et.

Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş.

Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və  hansı günahı edirsən, et.

Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»[23]

24- Ömrün qısalığı

«Ey insan (bil ki,) sən (həftənin) günlərinə bənzəyirsən, hər gün keçdikcə, ömrünün bir hissəsi azalır.»[24]

25- Sərvət üçün yaşamamaq

«Mal və sərvətinin sənə xeyri yoxdursa, deməli sən onunsan. Və onu toplamaq üçün yersiz zəhmət çəkirsən. Çünki sən də sərvətin üçün əbədi qalmayacaqsan. Necə ki, var-dövlətin də, sənin üçün həmişəlik deyildir. Buna görə də, nə qədər ki, sərvət sənin sonuna çıxmayıb, ondan münasib şəkildə bəhrələn (xərclə).»[25]

26- Hər kəsə təmənna etməmək

«Öz hacətini, ehtiyacının üç qrup insanlardan istə:

1-Həqiqi dindar 2-Şəxsiyyətli insanlar 3-Əsil-nəcabətli adamlar.

Çünki:

Həqiqi dindar sənə yardım etməklə, eyni halda öz dinini də, qorumuş olur.

Şəxsiyyətli insan da, səni əliboş, naümid geri qaytarmağa utanar.

Əsil-nəcabətli adam isə, sənin heysiyyətini qorumaq istəyini düzgün anlayaraq, ehtiyacını ödəməklə, abrıını qoruyar.»[26]

27- Ağılın nişanələri

«Ağıllı adam, sözünü qəbul etməyib, maxalifət edəcəyindən qorduğu şəxsə sözünü deməz.

(Ağıllı adam,) bacarmadığı, öhdəsindən gələ bilmədiyi işə söz verməz.

(Ağıllı adam,) olması əziyyətli və qeyri-mümkün olan işə ürək bağlayıb, ümid bəsləməz.

(Ağıllı adam,) aciz olduğu üçün itirəcəyini və əldən verəcəyini dəqiq bildiyi şeyə baş qoşmaz, əl atmaz.»[27]

28- Tərbiyəvi nəsihətlər

«Sədaqətli olmaq, izzətli olmaq deməkdir.

Yalan gücsüzlükdür. Sirr əmanətdir. Qonşuluq qohumluq kimidir. Kömək etmək, doğruluq əlamətidir. İşləmək təcrübə deməkdir. Xoş əxalaqlı olmaq Allaha ibadət etməkdir. Süküt insanın zinətidir.Tamahkarlıq və paxıllıq əskiklik və naqislikdir. Səxavət və əliaçıqlıq ehtiyacsızlıq deməkdir. Xalqla səbirli davranmaq, ağıl və düşüncənin nişanəsidir.»[28]

29- Allahı razı salmaq

«Bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq, soruşdu: «Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməlini mənə söylə.»

Həzrət İmam Hüseyn (ə) cavabında belə yazdı:

«Bağışlayan və mehiban Allahın adı ilə…Bil ki, həqiqətən hər kim Allahın razılığını, camaatın qəzəbi müqabilində qazanarsa, Allah-Taala onu xalqdan ehtiyacsız edər. Amma hər kim camaatın razılğını, Allahın qəzəbi qarşılığında əldə etmək istəsə, Allah-Taala onun işini camaata həvalə edər.»[29]

30- Əsl dindarlar

«İnsanlar dünya quludurlar. Din (dindarlıqları) yalnız dillərinin oyuncağıdır. (Qəlblərində deyil.) Maddi həyatları yaxşı olduqda dindardırlar. Lakin imtahan, (çətinlik), zamanı gəldikdə isə, dindarlar azalar.»[30]


[1]- «Səfinətül-Bəhar», c. 2; səh. 180

[2]- «Tühəfül-üqul», səh. 172

[3]- «Biharül-ənvar», c. 78, səh. 120

[4]- «Biharül-ənvar», c. 74, səh. 318

[5]- «Əl-müstədrək», c. 2, səh, 218

[6]- «Müstədrəki-vəsail», c.9, səh, 24

[7]- «Biharül-ənvar», c. 78, səh, 117

[8]- «Biharül-ənvar», c.78, səh 118

[9]- «Kəşfül-ğümmə», c. 2, səh. 244

[10]- «Təfsiri-imam Həsən Əsgəri», səh. 309

[11]- «Cameül-əxbar», 56-cı fəsil, səh 122

[12] «Nəzhətün-nazir və tənbihül-xatir»,səh. 80

[13] «Nəhzətun-nazir və tənbihül-xatir», səh. 85

[14] «Biharül-ənvar», c. 78, səh 128

[15] «Nəzhətün-nazir və tənbihul-xatir», səh. 88

[16] «Mənaqibi Ali-Məhəmməd (s)», c. 4, səh. 68

[17]- «Kənzül-fəvaid», c. 2, səh. 32

[18]-  «Əl-Hüseyn (ə)», c. 1, səh. 161

[19]- «Tühəfül-uqul», səh. 246

[20]- «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)», səh. 767

[21]- «Həzhətün-nazir və tənbihül-xatir», səh. 83

[22]- «Əl-Hüseyn», c. səh. 164

[23]- «Biharül-ənvar», c.78, səh.126

[24]- «İrşadül-qülub», 7-ci fəsil, səh 46

[25]- «Dürrətül-bahirə», səh 24

[26]- «Tuhəfül-üqul», səh 247

[27]- «Üsuli-Kafi», c. 1, səh 20

[28]- «Tarixi-Yəqubi», c. 2, səh. 233

[29]- «Müstədrəki-vəsail», c. 12, səh. 209

[30]- «Tarixi-Təbəri», c. 7, səh. 242

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir