14-Məsum (Əhli-Beyt)İmam Hüseyn (ə)

KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ (foto)

KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ  (foto və video)
***
Rəsuli-əkrəm (s) öz həyat yoldaşı Ümmu-Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Peyğəmbər Ümmu-Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ümmu-Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ümmu-Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir gün torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi mühərrəm ayının 10-na, yəni Aşura gününə təsadüf edibmiş.
***
Mənbə:
Təbərani – “Əl-Möcəmül-kəbir”, cild 3, səh. 114.
İbn Əsir – “Əl-Kamil fit-tarix”, cild 3, səh. 443.
Heysəmi – “Məcməüz-zəvaid”, cild 9, səh. 189.
İbn Həcər Əsqəlani – “Təhzibüt-Təhzib”, cild 2, səh. 347.
İbn Həcər Heysəmi – “Əs-Səvaiqül-mühriqə”, XI bab, 30-cu hədis.
Mühibbüddin Təbəri – “Zəxairül-üqba”, səh. 251.
İbn Həmzə – “Əs-Saqib fil-mənaqib”, hədis 272.
Şeyx Mufid – “Əl-İrşad”, cild 2, VII bab, hədis 7.
Şeyx Səduq – “Əmali”, məclis 29, hədis 1 və 4
və sairə mənbələr (cild və səhifələri yoxlanılıb).

Qeyd:

(Bu xüsusiyyət əsil və qarışıqsız Kərbəla türbətinə aiddir. Müasir Kərbəla möhürləri bu xüsusiyyətə sahib deyil).

 

Məlumat üçün bunu da bildirim ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsil Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan “Hövzə” jurnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir