NƏHCÜL-BƏLAĞƏ

Nəhcül-bəlağə 10-11-12-13-14-cü xütbələr

10-cu xütbə

İmam Əli əleyhis-salamın («Cəməl» döyüşünün səhabələri barəsindəki) xütbələrindəndir.

Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya və din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət və unutqanlığa düçar olmaram ki, şeytanın və onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət və nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib (Şeytan və ona tabe olanlar haqqı azğınlıq paltarında mənə geyindirməmişlər). Allaha and olsun, onlar (dinin düşmənləri və haqdan əl çəkərək şeytana qoşulanlar) üçün hovuz doldurub suyunu özüm çəkəcəyəm (döyüş meydanı düzəldib onları məhv edəcəyəm). Belə ki, bu hovuza ayaq qoyan hər bir kəs bayıra çıxmayacaq. Bayıra çıxsa belə, bir daha ona doğru qayıtmayacaq (o meydana qədəm qoyan sağ qalmayıb öləcək. Xilas olub qaçan isə bir daha geri dönməyəcək).

 

11-ci xütbə

 

İmam Əli əleyhis-salamın «Cəməl» döyüşündə (Aişənin dəvəyə mindiyi döyüşdə) döyüş bayrağını övladı Məhəmməd ibn Hənəfiyyəyə verdiyi vaxt ona xitabən buyurduğu kəlamlarındandır:[1]

Dağlar yerlərindən qoparılsa da, sən öz yerindən tərpənmə. (Sən döyüş meydanında dağdan möhkəm olmalı, qaçmamalısan.) Dişlərini bir-birinə sıx (özünü müharibənin çətinliklərinə alışdır). Başını Allaha tapşır (döyüşdə başından keç, ya bütün fikir və xəyallarını Allaha bağla). Ayağını mismar tək torpağa mıxla (döyüş meydanında möhkəm dayan, düşmənin çoxluğundan qorxma). Qoşunun sonunu görüncəyə qədər bax (bütün düşmənlər məğlub olmayanadək arxayınlaşma və ya öz işində uzaq görən olman üçün onların ən son hiylə və tədbirlərini nəzərdə tut). Gözlərini yum (düşmənlərin hiylə və tədbirlərini bildikdən sonra hər tərəfə baxma və onların qılınclarının parıltısından vahiməyə düşmə). Bil ki, qələbə və fəth pak olan Allahdandır. (Döyüş qaydalarına əməl etdikdən sonra, əgər Allahın istəsə qələbə və zəfər sənə nəsib olacaqdır.)

 

12-ci xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. «Cəməl» döyüşündə Allah o Həzrətə qələbə nəsib etdikdən sonra Həzrətin yoldaşlarından biri dedi: «İstəyərdim qardaşım filankəs də bu döyüşdə bizimlə olaydı və Allahın sənə düşmənlərin üzərində necə qələbə çaldırdığını görəydi». Həzrət buyurdu: «Sənin qardaşının meyli və istəyi də bizimlədirmi?» Dedi: «Bəli». Həzrət buyurdu: «O da bu döyüşdə bizimlə olmuşdur». (Bizi istəyənlərdən hətta) kişilərin belində və qadınların bətnində olanlar da bizimlə birgə qoşunumuzda olmuşlar (yəni, olmuş kimidirlər). Tezliklə ruzigar onları insanın burnundan qəfil axan qan kimi meydana gətirib zahir edəcəkdir. Onların (xidmət və yayılmalarının) səbəbinə iman güclənəcəkdir. (Bizim düşmənlərimiz onlar tərəfindən məğlub ediləcəklər).

 

13- xütbə

 

İmam Əli əleyhis-salamın Bəsrə şəhəri və əhalisini məzəmmət etdiyi kəlamlarındandır: [2]

Ey camaat, siz bir qadının (Aişənin) qoşunu idiniz və dilsiz bir heyvana (Aişənin dəvəsinə) tabe olmuşdunuz. Onun səsi ilə (onun ətrafına toplaşıb) idarə olunurdunuz damarları kəsildikdə (öldürüldükdə) isə hamılıqla qaçdınız.[3] Sizin əxlaq və xasiyyətiniz süst, əhd-peymanınız boş, inancınız ikiüzlü, şəhərinizin suyu şor və dadsızdır.[4] Sizlərin arasında yaşamış hər kəs öz günahının girovuna çevrilmişdir.[5] Sizləri tərk edən hər kəs Pərvərdigarının rəhmətini dərk etmişdir. (Çünki sizinlə birlikdə olma günahının cəzasından xilas olmuşdur.) Mən sizin məscidi (suda batan) gəminin sinəsini görürmüş kimi görürəm. Allah-təala bu şəhərin yuxarısından və aşağısından əzab göndərmişdir (göydən yağış, yerdən isə dənizin suyunun daşması) ki, onda olanların hamısı qərq olmuşdur. Başqa bir rəvayətdə deyilir (Həzrət buyurub): Allaha and olsun, sizin şəhəriniz batacaqdır. Onun məscidini (suda batan) gəminin sinəsi və ya sinəsi üstə yatmış dəvəquşu kimi görürəm. Başqa bir rəvayətdə göstərilir ki, (buyurdu: suda batan məscidi) dənizdə batan toyuğun sinəsi kimi (görürəm).[6]

 

14- xütbə

 

İmam Əli əleyhis-salamın əvvəlki (Bəsrə şəhəri və onun əhalisini məzəmmət etdiyi) bəyanına bənzər kəlamlardır:

Sizin şəhərin torpağı suya (dənizə) yaxın, səmadan uzaqdır. (Çünki çökəklikdə yerləşmişdir. Yaxud rəzil əxlaqınıza görə İlahi rəhmət sizdən uzaqdır.) Sizin ağılınız yüngüldür və helminiz, səbriniz lazım olmayan yerlərdə işlədilir (öz din və dünyanızın məsləhətini bir qadının əlinə verib dəvəyə itaət etdiyiniz kimi). Buna görə də (ağlınız yüngül, helminiz nöqsanlı olduğuna görə) oxatanlar üçün hədəf, yeyənlər üçün loxma və hücum edənlər üçün ovsunuz.[7]

[1] O Həzrətin oğlu Məhəmməd anası fər ibn Qeysin qızı Xəvlənin bəniHənifə qəbiləsindən olmasına görə ibn Hənəfiyyə kimi məşhurlaşmışdı.

[2] Cəməl döyüşündə Bəsrə fəth edildikdə Həzrət buyurdu ki, carçı şəhər əhalisini cümə namazına çağırsın. Cümə günü hamı toplaşıb O Həzrətlə bir came məsçidində namaz qıldılar. Sonra Həzrət qiblənin divarına söykənərək dayandı. Allaha həmdsəna etdikdən, Həzrət Peyğəmbərə salamdan, mömin kişi qadınlar üçün istiğfar etdikdən sonra bu kəlamları buyurdu.

[3] Cəməl döyüşündə Aişənin kəcavəsini zirehlə örtüb dəvəyə mindirmişdilər, qoşunun arasında bayraq əvəzi kimi saxlayıb ətrafına yığışmışdılar. Aişə onları döyüşə həvəsləndirir, onlar isə kəcavənin başına fırlanaraq meydan oxuyur həlak olurdular. Böyükləri isə fəxrlə dəvənin cilovunu tutur, hər biri torpağa düşdükcə başqa birisi onun yerini tuturdu. Nəhayət, kəcavə dəvəyə çoxlu yaralar vuruldu. Dilsizağızsız heyvan hadisənin dəhşətindən yaralarının yanğısından fəryad edirdi. Onlar, dəvə üç ayağı vurulub artıq ayaq üstə dayana bilməyənə qədər daha da çox toplanıb dəvəni dövrəyə aldılar. Həzrət Əli buyurdu: «Onu şeytan saxlayıb, onu qılınclayın» Qılınc vurulduqca dəvə yerə yıxıldı camaat qaçdı. Deməli, din dünyalarının məsləhətini bir qadının ixtiyarına verən, dəvəyə tabe olanlar alcaq insanlardır.

[4] Dənizə yaxınlığı çoxlu qorxulu xəstəliklər, mədə pozuntularına səbəb olurdu bunun nəticəsində zehni gerilik, düşüncəsizlik kütlük yaranırdı.

[5] Çünki ya sizinlə birlikdə olduğundan, ya da sizləri günahdan çəkindirmədiyinə görə günaha düşər. Hər iki halda özü öz günahının əsirinə çevrilmişdir.

[6] Deyirlər ki, bu hadisədən sonra Bəsrə iki dəfə su altında qalmışdır. İlk dəfə əlQadirBillahın xəlifəliyi dövründə, ikinci dəfə isə əlQaimBiəmrillahın dövründə yüksəklikdə tikilmiş came məscidinin çıxıntılarından başqa bütün şəhəri su basmışdı

Nəql olunur ki, bu xütbənin sonunda Həzrət Bəsrə camaatına ürəkdirək verərək buyurmuşdur: «Məqsədim budur ki, söhbətimdən ibrət alasınız bir daha zəmanənizin İmamına qarşı qiyam etməyəsiniz

[7] Düşüncəsizliyiniz nadanlığınıza görə sizi öz hədəfinə çevirib, malınızı yeyən sizi çətinliyə salan özgə qoşununu öz diyarınıza buraxdınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir