NƏHCÜL-BƏLAĞƏ

Nəhcül-bəlağə 5-ci xütbə

5-ci xütbə

 

Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) vəfatından sonra, Abbas ibn Əbdülmüttəliblə Əbu Süfyan ibn Hərbin bey’ət etmək məqsədilə o böyük şəxsiyyətin hüzuruna müşərrəf olduğu vaxt Həzrətin (əleyhis-salam) buyurduğu kəlamlarındandır.[1]

Ey camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin.[2] Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, lovğalıq tacını başınızdan yerə qoyun (fitnə-fəsad dalğasından amanda qalmaq üçün Əbu Bəkrin Bəni-Teym və Ömərin Bəni-Ədi tayfaları ilə yola gedin. Çünki) qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) bu, iylənmiş (təmiz olmayan) su, yeyənin boğazında qalan tikə kimidir. (Belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (Tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) «padşahlıq və hakimiyyət tamahına görədir» deyəcəklər (necə ki, Ömər bu sözü dəfələrlə demişdir). Sakit oturub, dinməsəm «ölümdən qorxur» deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim. Əslində isə, and olsun Allaha, Əbu Talib oğlunun ölümə meyli südəmər uşağın anasının döşünə olan meylindən daha artıqdır. (Deməli, xəlifəlik məsələsində sükut etməyim ölüm qorxusuna görə deyil.) Sükut etdiyim, qərq olduğum gizli elmə görədir. Bildiklərimi üzə çıxarıb aşkar etsəm sizlər dərin quyuda titrəyən kəndir tək hər an titrəyər və əzab çəkərsiniz. (Buna görə də qəzavü-qədərlə razılaşıb, dözməyim məsləhətdir.)

[1] Həzrət Peyğəmbər dünyadan köçdükdən sonra, camaat bəniSaidənin «Səqifə»sinə, yəni, Ənsarların yığışdığı yerə toplanaraq Əbu Bəkri xəlifə təyin etdilər. Əbu Süfyan daxilən İslam dininin düşməni olduğuna görə müsəlmanlar arasında fitnə salmaq istəyirdi. Bu məqsədlə bir neçə adamla Abbas ibn Əbdülmüttəlibin yanına gedib dedi: «Mənim narahatlığım təəccüblənməyim xəlifəliyin bəniHaşimin əlindən çıxaraq BəniTeymə keçməyinə görədir. Qorxuram ki, sabah bu kobud kişi, yəni, bəni Ədidən olan Ömər ibn Xəttab bizə hakim kəsilərək hamımızı özünə tabe etsin. Ayağa qalx, Əlinin yanına gedək, ona beyət edək. Sən peyğəmbərin əmisi olduğuna Qureyş tayfası da mənim sözümü eşitdiyinə görə bizə qarşı çıxanların hamısını öldürərik». Sonra bir dəstə ilə beyət etmək üçün o Həzrətin yanına gəldilər. Əmirəlmöminin əleyhissalam Əbu Süfyanın məqsədinin müsəlmanların arasına ixtilaf salıb, nifaq yaratmaq olduğunu bildiyinə görə bu kəlamları buyurmuşdur.

[2] Bizim itaət tabeçilik gəmimizə minərək özünüzü fitnəfəsad dənizinin fırtınalarından xilas edin. Sizin din dünyanızın xeyri bundadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir