QƏDİR-XUM HADİSƏSİ TARİXDƏ

Tarix boyunca Qədir-Xüm əhvalatı səhih və mötəbər rəvayətlər sırasında durmuşdur. Tarixçilər, hədis alimləri, təfsir ustaları, filosoflar və şairlər öz əsərlərində Qədir-Xüm əhvalatını təsvir etməyi fəxr bilmişlər. Qədir-Xümm hadisəsinin təsvir edilmədiyi mötəbər tarix, hədis və təfsir kitabı tapmaq çətindir. Əldə olan məlumatlara görə, bu hadisə barəsində indiyə kimi 26 müstəqil kitab qələmə alınmışdır. Təbəri, Hakim Həskani, İbn Üqdə, Əbu Səd Sicistani, Mir Hamid Hüseyn Hindi kimi dünya şöhrətli alimlər Qədir-Xümm hədisinə bütöv kitab həsr etmişlər. O cümlədən, Əbu Səd Sicistani 17 hissədən ibarət olan «Kitabüd-dirayə fil-hədisil-vəlayə» əsərində Qədir hədisini 120 nəfər səhabənin dilindən 1300 sənədlə rəvayət etmişdir. XX əsrin ən məşhur cəfəri alimlərindən sayılan təbrizli Əllamə Əbdülhüseyn Əmini İslam tarixinin bu iftixarlı hadisəsini 11 cildlik «əl-Ğədir» kitabında araşdırmışdır. Həmin kitabda Qədir-Xümm hədisi 110 nəfər səhabədən, 84 nəfər tabeindən və hicri II-XIV əsrlərdə yaşamış 360 alimin kitabından nəql edilir. Kitabda Qədir-Xümm mövzusuna həsr edilmiş ən gözəl şeir nümunələri də toplanıb.


Əşəreyi-mübəşşərəyə (əhli-sünnə əqidəsinə görə, Peyğəmbərin cənnətlə müjdələdiyi 10 nəfərə) aid olan 10 məşhur səhabə, Abbas ibn Əbdülmüttəlib, Abdullah ibn Abbas, Abdullah ibn Məsud, Əmmar ibn Yasir, Əbuzərr, Salmani-farsi, Əsəd ibn Zürarə, Xüzeymə ibn Sabit Züş-şəhadəteyn, Əbu Əyyub Ənsari, Abdullah ibn Ömər, Bəra ibn Azib, Zeyd ibn Sabit, Əbu Səid Xüdri, Miqdad, Əbu Hüreyrə, Cabir ibn Abdullah, Zeyd ibn Ərqəm, Ənəs ibn Malik, Üsamə ibn Zeyd, Həzrət Fatimə, ümmül-möminin Aişə, Ümmi-Sələmə, Əsma bint Ümeys və başqaları Qədir-Xümm hədisinin raviləri sırasındadırlar. Göründüyü kimi, hədis mütəvatir dərəcəsindədir. Miladi XVII əsrdə yaşamış yəmənli alim Ziyaüddin Müqbili yazırdı: «Əgər Qədir hədisini səhih hesab etməsək, gərək İslamda heç nəyi səhih saymayaq» («əl-Ğədir», I, 307).
Əhli-sünnənin mötəbər hədis məcmuələrindən sayılan «Sünənüt-Tirmizi» («Kitabül-mənaqib», 19-cu bab, 3713-cü hədis) və «Sünənü İbn Macə» («Kitabüs-sünnə», 11-ci bab, 116-cı və 121-ci hədis) kitablarında Qədir-Xümm hədisi qeyd edilmişdir. İmam Əhməd ibn Hənbəl «Müsnəd» kitabında Qədir hədisini müxtəlif səhabələrin (Əli ibn Əbu Talib, Büreydə Əsləmi, Zeyd ibn Ərqəm, Bəra ibn Azib və b.) dilindən on dəfələrlə təkrar etmişdir. İmam Nəsai «Xəsaisü Əmirəl-möminin Əli ibn Əbi Talib» əsərində Qədir-Xümm hədisinə 14 dəfə müraciət etmişdir (9, 12, 24, 77, 79, 80, 87, 93-96, 98, 99 və 157 saylı hədislər ).


Dini sənədlərdə Qədir-Xümm günü «Ali-Mühəmmədin bayramı» adlandırılır.
Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu: «Müsəlmanlar üçün cümə, Fitr və Qurban günlərindən savayı bayram varmı?». İmam cavab verdi: «Bəli..». Həmin adam soruşdu: «Bəs, o hansı bayramdır?». İmam buyurdu: «O həmin gündür ki, Allahın Rəsulu Əmirül-möminin Əlini (ə) öz yerinə canişin təyin edib söylədi: «Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır». Bu bayramın vaxtı zilhiccə ayının 18-ci günüdür». Sual verən adam yenə soruşdu: «Həmin gün hansı əməlləri yerinə yetirmək lazımdır?». İmam Sadiq (ə) buyurdu: «O gün oruc tutun, ibadət edin, Mühəmməd Peyğəmbəri (s) və nəslini xatırlayıb onlara salavat söyləyin. Peyğəmbər Əliyə vəsiyyət etmişdi ki, həmin günü bayram etsin».


Əbu Reyhan Biruni, Məsudi, Təbəri, İbn Xəllikan kimi məşhur tarixçilərin əsərlərindən məlum olur ki, onların dövründə Qədir-Xümm günü ən böyük şiə bayramlarından sayılırmış. İran və İraq ərazisində Büveyhilərin (932-1062) və Səfəvilərin (1501-1732), Misirdə isə Fatimilərin (909-1171) hakimiyyəti dövründə Qədir günü rəsmi dövlət səviyyəsində qeyd edilirdi. Həmin gün xəzinənin hesabına subaylar üçün toy mərasimi keçirir, kölələri azad edir, qurban kəsib ətini aclara paylayırdılar (Əllamə Mühəməd Hüseyn Müzəffər – «Şiəliyin tarixi», səh. 294-297).
Azərbaycanda da Qədir-Xümm bayramı şiələr tərəfindən qeyd edilir. Qədir gününü xalq arasında «seyyidlər bayramı» da adlandırırlar.

Natiq Rəhimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir