14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

QƏDİR-XUMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)

Qədir Xümm hadisəsi hicrətin 10-cu ili zilhiccə ayının 18-də (miladi 632-ci ilin mart ayı) Məkkə ilə Mədinə arasında yerləşən Qədir-Xümm (əslində Ğədir əl-Xümm) vahəsində baş vermiş məşhur hadisənin adıdır.
Rəvayətlərə görə Həzrət Mühəmməd Peyğəmbər (s) 100 min nəfərdən artıq səhabə ilə birlikdə vida həccini yerinə yetirib, zilhiccə ayının 14-də Məkkəni tərk etdi və Mədinəyə sarı üz tutdu. Məkkə ilə Mədinənin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 6 mil (təqribən 10 km.) məsafədə Cühfə kəndi yerləşirdi. Cühfənin adı əvvəllər «Məhyəə» idi, sel buranı dağıtdıqdan sonra «Cühfə» adlanmağa başladı (ərəb dilində «cühfə» – «dağıdılmış» deməkdir). Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Məhz həmin nöqtədə, hacılar öz vətənlərinə dağılışıb getməzdən əvvəl

QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)


Qədir-Xümm hadisəsi baş vermişdir.


Karvan Cühfəyə çatanda Allah-təala öz Peyğəmbərinə aşağıdakı ayəni vəhy etdi: «Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!» («Maidə», 67).
Cühfədən 2 mil (təqribən 3 km.) məsafədə Qədir-Xümm vahəsi yerləşirdi. Ərəblər səhranın çökəklik yerlərinə «ğədir» deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. «Xümm» sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də «qamışlıq», «bulaq çıxan yer», «gölməçənin yanında qazılmış quyu» kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xümmdə bir quyu var idi. Onu Peyğəmbərin yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazımışdı.
Yuxarıdakı ayə nazil olduqdan sonra Peyğəmbər karvana köç salmaq əmrini verdi. Karvanın dayandığı yerdə 5 ədəd «səmürə» adlı iri səhra kolu bitmişdi. Peyğəmbər tapşırdı ki, kolların altını süpürsünlər. Kollardan birinin üstünü parça ilə örtüb kölgəlik yaratdılar, orada dəvə kəcavələrindən minbər qurdular.
Həzrət Mühəmməd Peyğəmbər camaatla zöhr namazını qıldı, sonra isə hazırlanmış minbərə qalxıb xütbə söylədi.
Peyğəmbər xütbənin əvvəlində Allaha həmdü-səna etdikdən və tezliklə bu dünyanı tərk edəcəyini bildirdikdən sonra məşhur «səqəleyn» hədisini bir daha söylədi. O həzrət müsəlmanlara xatırlatdı ki, özündən sonra iki qiymətli əmanəti – Quranı və öz itrətini (nəslini) ümmətə tapşırır. Müsəlmanların vəzifəsi budur ki, həmin iki əmanətə ehtiramla yanaşsınlar, onlardan uzaq düşməsinlər.


Sonra Peyğəmbər yanında durmuş Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və soruşdu: «Ey camaat! Möminlərə başçılıq etməyə onların özündən daha layiqli olan kimdir?». Yerdən cavab verdilər: «Bunu Allah və Onun elçisi yaxşı bilir». Peyğəmbər buyurdu: «Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam və onlara hökm etməyə özlərindən daha layiqəm. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır».
Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi, ardınca belə söylədi: «İlahi, Əlinin dostları ilə dost, düşmənləri ilə düşmən ol! Əlini sevənləri sən də sev, ona kin bəsləyənlərlə ədavət et! Əliyə kömək edənlərə köməkçi ol, ondan üz çevirənlərdən sən də üz çevir! İlahi, Əli hansı tərəfə getsə, haqq-ədaləti də onunla birilkdə hərəkət etdir! Ey camaat! İndicə eşitdiklərinizi burada olmayanlara da çatdırın!».
Camaat Peyğəmbərin əhatəsindən dağılışmazdan əvvəl bu mübarək ayə nazil oldu: «Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim» («Maidə», 3-cü ayədən).


Sonra Peyğəmbər Əli ibn Əbu Talib üçün çadır qurdurdu, özü da başqa bir çadırda əyləşdi. Bütün müsəlmanlar Əlinin çadırına yaxınlaşıb, Onu təbrik etdilər. Hətta Peyğəmbərin xanımları da münasib bir şəkildə Əli ibn Əbu Talibə təbriklərini çatdırdılar. Bu mərasim gecənin üçdən-bir hissəsi keçənə kimi davam etdi.
Rəvayət edirlər ki, Həzrət Əli ibn Əbu Talibi təbrik etmiş ilk şəxs Əbu Bəkrlə Ömər ibn Xəttab olmuşlar. Ömər bu sözləri demişdi: «Xoş sənin halına, ey Əbu Talibin oğlu! Mənim, habelə, bütün mömin kişi və qadınların mövlası oldun!».
«Peyğəmbərin şairi» ləqəbi ilə tanınan Həssan ibn Sabit bu hadisəni elə oradaca nəzmə çəkdi və Peyğəmbərin icazəsi ilə 10 beytlik «Qədir-Xümm» qəsidəsini söylədi.

Natiq Rəhimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir