14-Məsum (Əhli-Beyt)Xanım Fatimeyi-Zəhra (s.ə)

Xanım Fatimənin (ə) uca məqamının sirri

Həzrət Fatimə əleyhasalam buyurur:

قالت له : البيت بيتك والحرة زوجتك إفعل ما تشاء

“(Əlican!) Ev sənin evindir və mən sənin həyat yoldaşınam. Nəyi məsləhət bilirsənsə onu da et (mən sənin hər qərarına razıyam).”
Nəhcul-həyat 3-cü hədis
.
İnsan ictimai varlıqdır, bu ictimailik ailə adı quruluşdan başlayır. Qurani-kərim Nisa surəsinin 34 cü ayəsində ailə quruluşu barədə buyurur: “Kişilər qadınların (qoruyucusu və) dayağıdır.”
Bu hamilik və qoruyuculuq kişilər üçün çətin bir sınaq nöqtəsidir. Allah Taala kişiləri qadınların dayağı və qoruyucusu qərar verməsi ilə onları çətin bir imtahana çəkir. Başqa sözlə, görək onlar bu qoruyuculuq və hamilik məsuliyyətini necə neyinə yetirəcəklər?
Odur ki, Qurani-kərim Təhrim surəsinin 6-cı ayəsində buruyur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi oddan (yəni hər bir təhlükədən, zərər və ziyandan, azğınlıqdan, cəhənnəmlik olmaqdan) qoruyun!”
Allah Taala kişilərin boynuna belə bir ağır məsuliyyət qoyaraq Bəqərə surəsinin 228-ci ayəsində onlara belə xitab edir: “Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər.”
Bu bir dərəcədən məqsəd nizam-intizam yaratmaqdır. Hər bir quruluş, sistem və cəmdə bir başçı və rəhbərin olması zəruridir. Allah deyir ki, burada (ailədə) nizam-intizam olmalıdır, elə isə biriniz rəhbər və ailə başçısı olmalısınız.
Hətta sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur ki:

إذا كنتم ثلاثة في سفر فأمّروا أحدكم

“Səfərdə olarkən üç nəfər olsanız biriniz başçı olun.” (Məhəccətul-beyza 4-cü cild 58-ci səhifə)
İndi keçək əsas məsələyə:
Kişinin ailə başçısı olması, onun hökm verən olması (bu işin məsuliyyət və imtahan olmasını nəzərə alaraq) heç də onun xeyirinə olan bir iş deyil. Bu hökm və göstəriş vermək bir növ İblisin (şeytanın) altı min illik ibadətinə bənzəyir. Kişinin izzət və şəxsi hörməti əmr etməkdədir.
Sənə izzət və şəxsi hörmət gətirən hər bir ibadət təhlükə astanasıdır. Sən adət etmisən ki, sənə izzət və şəxsi hörmət gətirən ibadəti edəsən, odur ki, bir vaxt sənə -Allah tərəfindən- sənin izzət və şəxsi hörmətini sındıran bir ibadət tapşırılanda (məsələn, həyat yoldaşına ev işlərində kömək et, uşaq saxlamaqda ona yardım et və sair) dinin göstərişini icra etməyəcəksən. İblis kimi. İblis 6 min il elə bir ibadəti edirdi ki, bu iibadət ona izzət və şəxsi hörmət gətirirdi, həmin ibadət onun nəfsinin istəyi ilə yanaşı idi, nəfsi həzz alırdı onun ibadət etməsindən, çünki ibadəti çoxaldıqca onun izzəti və hörməti də çoxalırdı!! İblisə bircə dəfə elə bir ibadət tapşırıldı ki, onun izzətini, qürurunu və şəxs hörmətini sındıran bir ibadət idi, Allah buyurdu: Adəmə səcdə et. İblis hamının qarşısnda Adəmə səcdə ibadətini yerinə yetirməli idi. O, bu ibadəti öz izzət, qürur və şəxsi hörmətini sındıran bir ibadət olaraq gördü və Allah Taalanın əmrindən çıxaraq Adəmə səcdə etmək ibadətindən imtina etdi.
Deməli, kişinin qadına hökm etməsi onun izzəti və şəxsi hörməti boyuncadır, onun nəfsinin istəyi ilə yanaşıdır. Ancaq qadının öz ərinə itaət etməsi və onun göstərişlərinə tabe olması qadının izzət və şəxsi hörməti boyunca deyil, onun nəfsinin istəyinin tam ziddi və əksinədir.
Bax, elə buna görə də qadının öz ərinin sözünə baxması mələklərin Adəmə səcdə etməsi növündəndir. Nəfsinin istəkləri ilə təmamilə ziddir. Mələklər Allah Taalanın əmrinə tabe olaraq səcdə etdikləri üçün Allah onları Özünün kəramətli bəndələri qərar verdi. Qadının öz ərinin göstərişlərinə tabe olması nəfsin istəkləri ilə müxalifətçilikdir.
Kişilər bu incə məsələyə diqqət etməlidirlər, qadınların onlara itaətini dəyərləndirməlidirlər. Sizlər əmirəlmöminin Əli əleyhissalamın öz ailəsində həyat yoldaşı xanım Fatiməyə (ə) olan xidmətlərinə baxın! Həzrət Muhəmməd (s) dəfələrlə imam Əlinin (ə) evinə gəldikdə o Əlinin (ə) ev yığışdırdığını, çörək bişirdiyini, ev süpürdüyünü, xəmir yoğurduğunu … görür və Allaha şükür edərək imam Əlilə (ə) təşəkkür edib ailədə kişinin öz ərinə kömək və xidmətlərinin Allah yanında ən böyük savab iş olduğunu bildirir. Peyğəmbərin (s) dəfələrlə belə bir səhnə ilə üzləşmələri və hədislər söyləmələri barədə çoxlu xəbərlər vardır.
Dostlar, baxın, məhz buna görədir ki, məsum İmamlarımız (onların hamısına Allahın salamı olsun) həzrət Fatimə əleyhasalam barədə belə buyururlar:

نحن حجج الله على الخلائق ، وأمنا فاطمة حجة الله علينا

“Biz (İmamlar) insanlar üzərində Allahın höccətləriyik və anamız Fatimə isə bizim üzərimizdə Allahın höccətidir.”
əl-Əsrarul-Fatimiyyə 18-ci səhifə
.
Bu çox böyük məqamdır. Çünki xanım Fatimənin (ə) Əli əleyhissalamın sözünə baxması, ona sədaqətli olması, “birdən o şeyi almağa imakanı olmaz və utanar” deyə ərindən nəyisə almağı istəməməsi, son nəfəsinədək İmamı (ə) müdafiə etməsi … həqiqətdə mələklərin Adəmə səcdə etməsi növündəndir. Qadınların bu ibadətləri çəx çətin (çünki nəfsin istəkləri ilə ziddir) kişilərin ibadətləri isə (nəfsin istəyi ilə yanaşı) olduğu üçün çox asandır!!!
Deməli, yuxarıdakı ayədəki (Bəqərə-228) “dərəcə” əslində qadınların xeyirinədir.
Görəsən, biz həzrət Əli (ə) və xanım Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

 

RZA ƏZİZOĞLU İRƏVANİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir