14-Məsum (Əhli-Beyt)Həzrət Muhəmməd (s)

Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı

Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısıHəzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı
.
Özlərini cəmiyyətin düzəlməsinə, islahına vəqf edən və onların xoşbəxtliyi üçün heç bir səy və bacarıqlarını əsirgəməyən şəxslərə baxdıqda görürük ki, onlar öz vəzifələrini şəfqət, eşq və qayğı hissi ilə yerinə yetirirlər. Şübhəsiz, onlar cəmiyyətdə və insanların qəlblərində öz yerlərini möhkəmləndirmiş və müxatəbləri ilə daha yaxın ünsiyyətdə olurlar. Nəticədə insanlar onlara ehtiram gözü ilə nəzər salır, onlara etibar edir, asanlıqla onların sözlərini və istəklərini qəbul edirlər. İnsanlar elə şəxslərin aşiqidirlər ki, cəmiyyətin islahı və onların çətinliklərinin aradan qaldırılması üçün hayküysüz olaraq çalışırlar.
Əgər bu şəfqətdən doğan, həmçinin riyakarlıqdan uzaq olan xidmət, səmimi və Allah Taalanın razılığını qazanmaq xatirinə olarsa, nəticədə cəmiyyətin xeyrinə olan hərəkətlərində böyük müvəffəqiyyətlərə nail olarlar.
Bu xüsusiyyət İlahi rəhbərlərdə və cəmiyyətin başçılarında daha xüsusi əhəmiyyətə malikdir.
Qurani-kərim həzrət Muhəmmədin (s) bu gözəl və bəyənilmiş xasiyyətini təqdim edərək Tövbə surəsinin 128-ci ayəsində buyurur:

لقد جاءكم رسول من انفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رءوف رحيم‌

“Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizin (xoşbəxtliyinizi) daha çox istəyir. Möminlərə qarşı çox mərhəmətli və mehribandır.”

Bəzi müxaliflər həzrət Muhəmmədin (s) şəfqət və mehribanlığını onun sadəlövhlüyü hesab edirdilər, peyğəmbərin (s) hətta xatakar insanlara qarşı göz yummasını yanlış rəftar sanmışlar. Onlar peyğəmbərin (s) bütün insanlarla şəfqətli və qayğılı davranışını bəhanə edərək o həzrətə nalayiq sözlər demişlər.
Allah Taala Qurani-kərimin Tövbə surəsinin 61-ci ayəsində buyurur:

وَ مِنهْمُ الَّذِينَ يُؤْذُونَ النَّبىِ‏َّ وَ يَقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيرْ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَ رَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ وَ الَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لهَمْ عَذَابٌ أَلِيمٌ

“Onların bəziləri peyğəmbəri incidir və “o, (başdan başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “o, sizin üçün yaxşı bir qulaqdır. Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizin iman gətirənləriniz üçün bir rəhmətdir”. Allahın peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.”
Sonuncu peyğəmbərin (s) şəfqət və qayğısı o qədər çox idi ki, bəzi vaxtlar qüssə və narahatlıqdan ölüm həddinə yaxın olurdu.
Həzrət Muhəmməd (s) bəzi müsəlmanların əyrilikləri və günahlara düçar olmaqlarından narahat olurdu. Həmçinin müsəlmanlardan bəzilərinin azğınlıq və cahilliyindən də əziyyətdə və narahatçılıqda idi.
Belə ki, Allah Taala Qurani-kərimin Kəhf surəsinin 6-cı ayəsində həzrət Muhəmmədin (s) şəfqət və qayğısını bizlərə xatırladaraq buyurur:

فلعلك باخع نفسك علی آثارهم ان لم يؤمنوا بهذا الحديث اسفا

“Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirmədikləri təqdirdə onların ( üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?”

Salam olsun şəfqət və mehribanlıq nümunəsi olan həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih.


Rza Əzizoğlu İrəvani

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir