14-Məsum (Əhli-Beyt)İmam Əli (ə)

Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?

Qədir-Xum bayramı astanasında
.
Nə üçün “YA ƏLİ” deyirik?
.

1- Həzrət Muhəmmədin (s) yolu ilə gedirik!
Müsəlman o şəxsə deyilir ki, Qurani-kərimin ayələrinə, həmçinin sonuncu Peyğəmbər həzrət Muhəmmədin (s) sünnəsinə əməl etsin. Sünnədən məqsəd həzrət Peyğəmbərin (s) sözləri və əməlləridir.
Ühüd döyüşündə düşmənlər həzrət Muhəmmədin (s) meydanın ortasında tək qaldığını gördükdə onun üzərinə hücum etdiyi zaman həzrət Muhəmməd (s) həzrət Əlini (ə) köməyə çağıraraq buyurdu:

يا علي اكفني هذه

“YA ƏLİ mənə kifayət et (kömək ol, məni) bunların əlindən qurtar (xilas et).”
Əl-Osmaniyyə (müəllif Cahiz) 340-cı səhifə
Şərhu Nəhcul bəlağə (müəllif İbn Əbil Hədid) 14-cü cild 250-ci səhifə
.
Həmçinin Xeybər və Hüneyn döyüşlərində də həzrət Muhəmməd (s) həzrət Əlini (ə) köməyə çağıraraq “Ya Əli mənə (bəzi hədislərdə “bizə”) kömək ol” demişdir.
Deməli, biz peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (s) sünnəsinə əməl edərək YA ƏLİ deyirik. Peyğəmbər (s) “Ya Əli” deyib, biz də “Ya Əli” deyirik.
.
2- YA ƏLİ şüar və elandır.
Həzrət Muhəmmədin (s) ömrünün sonuncu ili idi, o həzrət sonuncu dəfə Məkkəyə Həccə getmişdi, həmin il müsəlmanların əksəriyyəti həccdə idi, çünki onlar kamil həcci həzrət Peyğəmbərdən (s) öyrənmək istəyirdilər. Həcc qurtarandan sonra hər kəs öz ölkə və şəhərinə sarı yola düşdü. Həzrət Peyğəmbər (s) də Mədinəyə sarı hərəkət etdi. Qədir-Xum adlı çöldə Allahın vəhy mələyi Cəbrail nazil olaraq Maidə surəsinin 67-ci ayəsini Peyğəmbərə (s) çatdırdı. Həzrət Muhəmməd (s) bütün hacıların həmin yerdə toplaşması göstərişini verdi. Başqa istiqamətlərə gedənlər də qayıdaraq həmin məntəqəyə toplaşdılar. Təxminən 120000 (yüz iyirmi min) nəfər həzrət Muhəmmədin (s) ətrafına toplandı. Peyğəmbər (s) müsəlmanlara özündən sonrakı İmam və Xəlifəni elan etdi, bu canişin həzrət Əli (ə) idi. Yüz iyirmi min müsəlmanın hamısı bir-bir həzrət Əlinin (s) əlini sıxaraq onun Allah tərəfindən həzrət Peyğəmbərin (s) canişini və o həzrətin vəfatından sonra müsəlmanların haqq xəlifəsi təyin edildiyini qəbul etdiyini bildirdilər…
Lakin həzrət Muhəmmədin (s) vəfatından sonra müsəlmanlar arasında ixtilaf düşdü…..
Müsəlmanların çoxlu məzhəb və təriqətlərə bölünmələrinə səbəb onların həzrət Əlinin (s) vilayətini qəbul etməmələridir. Qədir-Xum müsəlmanların vəhdət və birlik rəmzidir. Əgər biz bütün müsəlmanların vəhdət və birliyini istəyiriksə bu həqiqəti bütün dünyaya çatdırmalıyıq. Ona görə də işlərimiz və hərəkətlərimizdə YA ƏLİ sözünü deyirik.
Dostlar, baxın, hazırda vətənimizin bir hissəsi düşmən tapdağı altındadır. Ermənistan ölkəmizin təxminən 20% ərazisini işğal edib. Biz bu həqiqəti bütün dünyaya çatdırmalıyıq. Azərbaycana gələn xarici dövlətlərin rəsmilərinin hamısıdan Qarabağ ilə əlaqədar nəzərləri soruşulur: “Siz Qarabağı Azərbaycan Respublikasının ərazisi olaraq qəbul edirsinizmi?” kimi suallar verilir. İndiyədək heç eşitmisinizmi ki, xarici ölkə rəsmilərindən hansısa şəxsə, məsələn, “siz Sumqayıtın Azərbaycan Respaublikasına məxsus olduğunu qəbul edirsinizmi?” sualını verələr?? Əlbəttə ki yox. Çünki nə Sumqayıt nə də başqa heç bir şəhərimiz ixtilaf obyekti deyil. Müsəlmanlar arasında Allahın birliyi və həzrət Muhəmmədin (s) peyğəmbərliyi də ixtilaf obyekti deyil. Müsəlmanların qəflətdə olduğu mövzu imamət və vilayətdir. Biz YA ƏLİ deməklə dünya müsəlmanlarının diqqətini imamət mövzusuna cəlb etmək əzmindəyik.
.
3- Həzrət Əlini (s) yada salmaq ibadətdir.
Peyğəmbərin həyat yoldaşı Ayişə deyir: həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

ذكر علي عبادة

“Əlini (ə) yad etmək (xatırlamaq) ibadətdir.”
Kənzul ummal (müəllif Müttəqi Hindi) 11-ci cild 601-ci səhifə 32894-cü hədis
Tarixu Mədinəti Diməşq (müəllif İbn Əsakir) 42-ci cild 356-cı səhifə
.
Bu hədisdə ibadətdən məqsəd həzrət Əliyə (ə) pərəstiş deyil, sitayiş və pərəstiş yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur; ibadətdən məqsəd həzrət Əlini (ə) yada salmağın savab iş və Allaha ibadət olduğunu insanlara çatdırmaqdır.
Həzrət Əli (ə) həzrət Muhəmməddən (s) sonra insanların ən kamili, elədə də ədalət, mərdlik, insaf, təqva, fədakarlıq, səxavət, qeyrət… təzahürüdür. Bütün gözəl əxlaqi xüsusiyyətlərə malik olan şəxsi tez-tez xatırlamaq və onu özünə örnək, müəllim və nümunə bilmək ali insanlıq zirvələrinə yüksəlmək üçün ən gözəl vasitədir.
Bundan əlavə bəşəriyyətn ən üstün insanı olan həzrət Muhəmmədi (s) doğru və düzgün, başqa sözlə olduğu kimi tanıtdıran yaganə şəxs yalnız həzrət Əlidir(ə).
Onu da deyək ki, Əlini (s) yad etməkdən məqsəd yalnız “Ya Əli” demək deyil, imam Əlinin (s) fəzilət, üstünlük və kamalını istənilən yolla xatırlamaq, məsələn, həzrət Əli (ə) barədə şer demək, moizə etmək, məqalə və kitab yazmaq, hikmətli sözlərini insanlara çatdırmaq və ilaxır da həzrət Əlini (ə) yada salmaqdan sayılır və belə bir şəxs həzrət Muhəmmədin (s) bu hədisinə əməl etmiş olur.
.
4- Təvəssül
Təvəssül, yəni “məqsəd və hədəfə çatmaq üçün insanı həmin məqsədə çatdıra biləcək vasitədən bərk-bərk tutmaq, yapışmaq”.
Məlumdur ki, Allah Taala varlıq aləmini səbəb-nəticə üsulu (quruluşu) əsasında yaratmışdır, yəni həyatda baş verən hər bir hadisənin bir və yaxud daha çox səbəbləri vardır; eləcə də istənilən məqsəd, məram və niyyətə çatmaq üçün ona məxsus səbəblərin ardınca getmək lazımdır
Odur ki, hədisi şərifdə buyurulub:

أَبَی اللَّهُ أَنْ یُجْرِیَ الْأَشْیَاءَ إِلَّا بِالْأَسْبَابِ

“Allah yalnız səbəblər vasitəsilə dünyanı tədbir edir.” Yəni Allah Taala dünyanın nizamını elə qurub ki, bütün işlər səbəblər əsasında baş verir.
Səbəblər iki növdür, maddi səbəblər və mənəvi səbəblər. Buğdanın yetişməsi üçün yer, torpaq, şümlamaq, suvarmaq və sairə ehtiyac vardır. Varlıq aləmində mənəvi səbəblərin də özünəməxsus təsirləri vardır. Varlıq aləminin sahibi olan Allah Taala insanlara Öz feyz və mənəvi mənfəətlərindən verməsi üçün səbəblər və illətlər qərar vermişdir, bəzi işləri isə xüsusi olaraq ona yaxınlaşmaq, imanın artması və arzulara yetişmək üçün mənəvi səbəblər və vasitələr olaraq insanlara tanıtdırmışdır.
Belə ki Qurani-kərim Maidə surəsinin 35-ci ayəsində buyurur:

یا أَیُّهَا الَّذینَ آمَنُوا اتَّقُوا اللّهَ وَ ابْتَغُوا إِلَیْهِ الْوَسیلَةَ

“Ey iman gətirənlər! Allahın əmrlərinə qarşı çıxmaqdan çəkinin və Ona yaxınlaşmaq üçün vasitə axtarın.”
Bu barədə olan hədislərin çoxunda vasitələrin ən yaxşısının həzrət Muhəmməd (s) və Əhli-beyt (ə) olduğu bildirilir. Odur ki, Allaha yaxınlaşmaq yolunda ən yaxşı vasitə həzrət Muhəmməd (s) və Əhli-beytdir (ə). Həmçinin namaz, oruc, insanlara yaxşılıq etmək … də Allaha yaxınlaşmaq üçün vasitələrdən, yəni səbəblərdəndir.
Deməli, “ya Məhəmməd” , “ya Əli” , “ya Fatimə” , “ya Hüseyn” nidaları imanlı insanın Allaha yaxınlaşmaq üçün vasitələrdən tutması, başqa sözlə təvəssül etməsi yollarındandır.
.
5- Həzrət Muhəmmədə (s) qovuşmaq məqsədi.
Həzrət Muhəmməd (s) peyğəmbərlərin sonuncusu, ən elmlisi, ən fəzilətlisi və ən üstünüdür. Həzrət Muhəmməd (s) Allahın izni ilə qeyb aləminin bir çox sirr və elmlərindən xəbərdardır, keçmişin və gələcəyin bütün elmlərinə vaqifdir. Canlı varlıqların içində o həzrətin nurundan daha üstün olan varlıq yoxdur. İslam alimlərinin hamısı etiraf edirlər ki, imam Əli (ə) həzrət Muhəmmədin (s) səhabələrinin hamısından daha elmli; Allahın hökümləri, Quranın təfsiri və batini, eləcə də Peyğəmbərin(s) sünnəsində ən bilikli; İlahi hökm və göstərişlər, eləcə də qəzavət və mühakimələrdə ən fərasətli və ən ədalətli şəxsdir.
Möminlərin əmiri Əli əleyhissalam insanları həzrət Muhəmmədə -səllAllahu əleyhi və alh- qovuşdurmaqda ən təsirli və ən layiqli vasitə və səbəbdir.
İbn Abbas dedi: həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu:

عن مجاهد عن ابن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله
عليه وآله وسلم انا مدينة العلم وعلي بابها فمن أراد المدينة فليأت الباب

“Mən elmin şəhəriyəm və Əli isə (elm şəhərinin) qapısıdır, (elm) şəhərinə daxil olmaq istəyən şəxs (o şəhərə) qapıdan girməlidir.”
əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim (müəllif: Hakim Nisaburi) 3-cü cild 126 və 127-ci səhifələr
Məcməuz zəvaid (müəllif: Həysəmi) 9-cu cild 114-cü səhifə
.
Deməli, imam Əli əleyhissalam insanların həzrət Muhəmmədə (s) qovuşmaq və birləşmələri üçün ən üstün vasitədir. “Ya Əli” nidası ilə biz həm özümüzü bu məsələ ilə əlaqədar ayıldırıq, həm də bu həqiqəti başqalarına çatdırmaqla xeyir işə səbəbkar oluruq.
.
6- Həzrət Əli əleyhissalamın İslama və həzrət Muhəmmədə (s) tarixdə heç kimin edə bilmədiyi xüsusi xidmətlərinə minnətdarlıq.
İmam Əli əleyhissalamın İslama misilsiz və bənzərsiz xidmətləri heç kimə gizli deyil.
Əhzab döyüşündə küfr (dinsizlik) tam gücü ilə dinin əsası qarşısında dayanarkən, İslam dininin yaşamaq ya ölüm ilə üzbəüz qaldığı vaxt həzrət Əli (ə) misilsiz qəhrəmanlığı ilə küfrün (dinsizliyin) əsasını titrətdi, İslamın isə yaşamasına vasitə oldu. Həmin döyüşdə həzrət Əlinin (ə) küfrün (dinsizliyin) yenilməz qüdrəti sayılan Əmr ibn Əbdəvidi qətlə yetirdiyi zaman həzrət Muhəmməd (s) üzünü oradakı müsəlmanlara tutub buyurdu:

النبيّ ( صلى الله عليه وآله ) : ضربة علي يوم الخندقِ أفضل من عبادة الثقلين

“Əlinin xəndək günündə (əhzab döyüşündə Əmr ibn Əbdəvədə) vurduğu zərbə insanların və cinlərin ibadətlərindən daha üstündür.”
Əl-fusulul muhimmə (müəllif: İbn Səbbağ Maliki) 2-ci cild 1169-cu səhifə
.
Həzrət Muhəmməd (s) həmçinin buyurub:

قال رسول الله صلى الله عليه وآله وسلم : ضربة علي يوم الخندق أفضل من أعمال أمتي إلى يوم
القيامة

“Əlinin xəndək günündəki zərbəsi (başqa hədisdə “mübarizəsi”) Mənim ümmətimin hamısının qiyamət gününə qədər edəcəkləri yaxşı əməllərindən daha üstündür.”
Yənabiul məvəddə (müəllif: Qunduzi Hənəfi Bəlxi) 1-ci cild 412-ci səhifə
əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim (müəllif: Hakim Nisaburi) 3-cü cild 32-ci səhifə
.
Çünki əgər həmin döyüşdə müsəlmanlar məğlub olsaydılar İslam dini məhv olacaqdı, ancaq həzrət Əli əleyhissalamın misilsiz qəhrəmanlığı və Əmr İbn Əbdəvədin ölümü ilə nəticələnən zərbəsi sayəsində İslam dini həyatına davam etdi və bizim əməllərimiz o həzrətin həmin fədakarlığının bərəkəti ilə davam etməkdədir.
Həzrət Əli əleyhissalam xeyir işlərin mənbə və mənşəyi idi, hər bir müsəlmana köməklər etmiş onları çətinliklərdən qurtarmışdır. Təkcə ikinci xəlifə Ömər ibn əl-Xəttab dəfələrlə (bəzi tədqiqatlara əsasən 70-dən çox çıxılmaz hadisədə) belə deyib:

قال عمر بن الخطاب رضي الله عنه في عدة مواطن : لولا على لهلك عمر

“Əgər Əli olmasaydı Ömər həlak olardı.”
Yənabiul məvəddə (müəllif: Qunduzi Hənəfi Bəlxi) 1-ci cild 216-cı səhifə
Fəyzul qadir (müəllif: əl-Mənavi) 4-cü cild 356-cı səhifə
əl-Mənaqib (müəllif: Xarəzmi Hənəfi) 48-ci səhifə
.
Odur ki, həzrət Əli əleyhissalamın misilsiz və çox dəyərli xüsusiyyətlərinə, igidlik və şücaətlərinə görə bir çox insanlar öz işlərini “Ya Əli” nidası ilə mübarək edirlər. Məqsəd də budur: “Ey bizim İmamımız! Ey Allahın xalis bəndəsi! Bizim əlimizdən tut! Allahdan istə ki, bizim əməllərimizi qəbul eləsin və bizi işlərimizdə müvəffəq etsin.”
Əslində “Ya Əli” nidamızın batini və həqiqəti “Ya Allah” nidasıdır, ancaq həzrət Əli əleyhissalamın Allah yanında malik olduğu şərəf, layaqət, əzizlik və ehtirama görə o həzrəti bizimlə Allah arasında vasitə qərar veririk.

RZA ƏZİZOĞLU İRƏVANİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir