Şəri hökmlər (Fiqh)

Qəza orucunu batil etməyin hökmü

Qəza orucunu batil etməyin hökmü
Hazırda mübarək Rəcəb ayındayıq və möminlərin əksəriyyəti bu ayda oruc tuturlar. İnsanların bir çoxu qəza oruclarını da Rəcəb və Şəban ayında tuturlar ki, həm qəzalarını yerinə yetirsinlər və həm də bu ayların oruc savabını qazanmış olsunlar.
Qeyd edim ki, boynunda qəza orucu olan kəs, müstəhəbb oruc tuta bilməz. Buna görə də qəzası olanlar Rəcəb və Şəban ayında təkcə qəza niyyəti ilə oruc tutmalıdırlar, İnşaallah ki, bu ayların orucuna verilən savabı da qazanmış olarlar.
Bəzən möminlər ehtiyatsızlıq edir və qəza orucunu gün ərzində pozur və fikirləşir ki, hələ vaxt var, bu gün yeyim, sonra tutaram, İnşaallah.
Diqqətiniz olsun ki, vaxtı geniş olan qəza oruclarında Zöhr azanından öncə orucu pozmağın problemi yoxdur. Amma Zöhr azanından sonra orucu qəsdən pozan adam kəffarə olaraq 10 fəqirin qarnını doyurmalıdır. Əgər 10 fəqirin qarnını doyurmağa maddi imkanı yoxdursa, 3 gün ardıcıl oruc tutmalıdır.
Bu, vaxtı geniş olan qəza orucunun hökmü idi. “Vaxtı geniş qəza orucu”nun mənasını belə izah edə bilərik: Məsələn, mənim keçən il Ramazan ayından 5 gün qəza orucum var və indi də Ramazan ayına hələ bir aydan çox zaman qalıb.
Amma “vaxtı dar qəza orucu”nda, yəni Ramazan ayınadək qalan vaxt mənim qəza günlərimin sayına bərabərdirsə, başqa sözlə, mənim keçən il Ramazan ayında 10 gün oruc qəza varımdır və indi də Ramazan ayına təkcə 10 gün qalıbsa, qəza orucunu Zöhrdən öncə və ya sonra pozmaq olmaz. Belə halda orucu Zöhrdən öncə pozarsa, ona “qəzanı təxirə salmaq” kəffarəsi düşür, yəni həm həmin günün qəzasını tutmalıdır, həm də gecikdirdiyi hər gün üçün bir fəqirin qarnını doyurmalıdır. Əgər Zöhrdən sonra pozarsa, hər gün üçün 10 fəqirin qarnını doyurmalı, buna imkanı çatmazsa, 3 gün ardıcıl oturc tutmalıdır.
@mirmehemmed_beshir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir