Quran TəfsiriQURANI KƏRIM

“Yusuf” surəsi

“Yusuf” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Əlif, Lam, Ra. Bunlar açıq-aydın kitabın (Quranın) ayələridir!
  2. Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə dərk edəsiniz.
  3. Biz bu Quran vasitəsilə sənə ən gözəl qissələri danışırıq. Şübhəsiz ki, sən bundan əvvəl ondan xəbərsiz idin.
  4. (Xatırla) bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, Günəş və Ayın mənə səcdə etdiyini gördüm.

————————————————————————————–

  1. İlahi hidayət insan yaranışının məqsədidir: Quranda iki növ ixtilafdan söz açılmışdır. Bu ixtilaflardan biri insanların özlərindən asılı olmadan mövcud olur. Sözügedən ixtilaf fərdlərin fiziki və mənəvi fərqlilyindən qaynaqlanır, ayrı-ayrı mühitlərdə daha qabarıq şəkildə meydana çıxır, müxtəlif sosial və fərdi davranışların, adət-ənənələrin, mədəniyyətlərin meydana gəlməsinə səbəb olur. Sosial münasibətlər kontekstində aparılmış araşdırmalar sübuta yetirir ki, bu növ fərqlilik olmasaydı, insan cəmiyyətinin həyatı bir an olsun belə davam etməzdi. Fərqlilik ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün insanların bir-birinə müraciət etməsinə, bu da öz növbəsində onların bir-birini tamamlamasına səbəb olur. Quranın haqqında danışdığı, eyni zamanda məzəmmət etdiyi ikinci növ ixtilaf insanların nəfsani istəklərindən qaynaqlanan dini ixtilafdır. Belə ki, tövhid və təkallahlıq inancı insanın fitri inancıdır. İnsanın yanlış yolda irəliləməsi nəfsani istəyinə tabe olması və ağlına qarşı çıxması nətcəsində baş verir. Nəzər nöqtəsi olan ayədə birinci deyil, ikinci növ ixtilafa işarə edilmişdir. Çünki birinci növ ixtilaf və fərqlilik qurucu, ikinci növ ixtilaf isə təfriqə, parçalanma, haqq yoldan sapma, əbədi bədbəxtlik və çarəsizlik səbəbidir. Allah-taala sonrakı ayədə yalnız bir qrupun, Allahın mərhəmət göstərdiyi şəxslərin bu ixtilafdan istisna edildiyini buyurmuşdur. Əllamə Təbatəbai yazır ki, insan yaranışının məqsədi olan bu xüsusi mərhəmət haqq yola yönəlməkdir. Yalnız ağıllarına və peyğəmbərlərin göstərişlərinə tabe olmaqla ilahi hidayətə nail olmuş şəxslər dini ixtilafdan uzaqdırlar. İlahi hidayət onları əbədi xoşbəxtliyə qovuşduracaq. Nəfslərinə tabe olduqları, zülm və haqsızlığa yol verdikləri üçün bu hidayətdən uzaq düşmüş insanların aqibəti yalnız od olacaq. Cəhənnəm onlarla dolacaq. İmam Baqir (ə) buyurmuşdur: “İlahi rəhmət və hidayət nəsib olmuş şəxslər Mühəmmədin (s) nəsli və onların ardıcıllarıdır.”[1] Təbii ki, bu hədisdə ayənin ən parlaq nümunəsinə işarə edilmişdir. Çünki bu ayənin məzmunu bütün peyğəmbərləri və onların davamçılarını əhatə edir.

“Yusuf” surəsinin ümumi məzmunu: Bu surədə imanını Allah üçün xalis etmiş, ruhunu Allah məhəbbəti ilə doldurmuş, bütün dqqətini yalnız Allaha yönəldən bəndəni Allahın Öz himayəsinə götürüb ən yaxşı şəkildə böyüdüb boya-başa çatdırmasından, tərbiyə etməsindən, Özünə yaxınlaşdırıb məhəbbət camı ilə sirab etməsindən, Özü üçün pak və təmiz etməsindən, məhvinə hədəflənmiş bütün zahiri səbəbləri ilahi həyatı qarşısında puç etməsindən, həyatın xaredici hadisələrindən xilas edib izzət və şərəf verməsindən bəhs edilir. Allah-taala bu deyilənləri peyğəmbərlərindən olan Yusifin (ə) həyat hekayəsi fonunda bəyan edir. Elə buna görə də onu hekayələrin ən yaxşısı kimi təqdim edir[2].

  1. Yuxuda müjdə: Allah Yusifin (ə) hekayəsini Yusifin şahlığı, ata-anası və on bir qardaşının onun qarşısında təzim etməsinə işarə edən maraqlı bir yuxunun təsviri ilə başlamışdır. Əslində, bu yuxu həzrət Yusifə (ə) bir müjdə idi. Allah-taala bu vasitə ilə ona xüsusi diqqətinin olduğunu və onu Öz himayəsinə götürəcəyini başa salmışdır. Buna görə gələcəkdə qarşılaşacağı acı və çətinliklər Yusifə (ə) asan gəlmişdir. Çünki onu çox şirin bir sonluğun gözlədiyini bilirdi[3].
  2. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Çünki Şeytan insanın aşkar düşmənidir
  3. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin biləndir, hikmət sahibidir”.
  4. Yusif və qardaşlarının (hekayəsində) soru­­şanlar üçün əlamətlər (hidayət əlamətləri) vardır.
  5. Bir zaman (qardaşları) dedilər: “Biz güclü bir dəstə olmağımıza baxmayaraq, Yusif və qardaşı (Benyamin) atamıza bizdən daha sevimlidir. Şübhəsiz, atamız aşkar bir yanlışlıq içindədir.
  6. Yusifi ya öldürün, ya da uzaq bir yerə atın ki, atanızın dqqəti yalnız sizə yönəlsin. Bundan sonra (günahınızdan tövbə edib) əməlisalehlərdən olarsınız”.
  7. Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
  8. (Bu planlarını həyata keçirmək üçün qardaşlar atalarının yanına gəlib) dedilər: “Atacan! Nə üçün Yusifi bizə etibar etmirsən? Halbuki biz onun xeyrini istəyirik.
  9. Sabah onu bizimlə göndər, yemək yeyib əylənsin. Biz onu qoruyarıq!”
  10. O dedi: “Onu aparmağınız məni kədərləndirər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!””.
  11. Onlar dedilər: “Biz güclü bir dəstə olduğumuz halda, canavar onu yesə, biz ziyana uğrayanlardan olarıq”.

—————————————————————————————-

  1. Sirlərin qorunmasının əhəmiyyəti: İnsan həyatında elə sirlər olur ki, üstü açılarsa, sirr sahibinin və ya cəmiyyətin həyatı təhlükəyə məruz qala bilər. Bu sirlərin qorunmasında təmkinli olmaq iradənin möhkəmliyi və ruh genişliyinin əlamətlərindən biri hesab edilir. İnsanın həyatı boyu qarşılaşdığı bir çox problemlərin kökündə sirləri saxlaya bilməməsi dayanır. İmam Rza (ə) hədislərinin birində belə buyurmuşdur: “Mömin üç xüsusiyyətə malik olmasa, mömin olmaz: onun biri Rəbbinə, biri Peyğəmbərinə, biri də imamına aid xüsusiyyətlərdəndir. Sirr saxlamaq Rəbbinə, insanlarla yaxşı davranmaq Peyğəmbərə, çətinlik və problemlər qarşısında dözümlü olmaq imama xas olan xüsusiyyətdir.” İmam Sadiqə (ə) aid edlən hədislərin birində oxuyuruq: “Sənin sirlərin sənin qanın kimidir, gərək təkcə öz damarlarında cərəyan etsin.”[4]
  2. İlahi bəxşişlər nə zaman nemət olur: Qurana görə sərvət, həyat yoldaşı, övlad və bu kimi maddi bəxşişlər Allaha bəndəlik və əbədi xoşbəxtliyə nail olmaq yolunda vasitəyə çevrilərsə, nemət olur, yox əgər bu imkanlardan Şeytan və günah yolunda istfadə edilərsə, ilahi əzab səbəbi olur.

Ayədə “neməti tamamlamaq” deyilərkən həm bütün maddi və mənəvi nemətlərin Allaha itaət və Ona bəndəlik yolunda istifadəsi, həm də xoşbəxtliyə çatmaq üçün onların qüsursuz və tam olması nəzərdə tutulur. Nemətlər deyilərkən isə dünya nemətlərinin bolluğu deyil, Allahın insana onu həqiqi xoşbəxtliyə nail edəcək qədər maddi və mənəvi nemət bəxş etməsi nəzərdə tutulur[5].

  1. Yusif və qardaşı atamıza bizdən daha əzizdir: Yaqubun bu iki uşağı daha çox sevməsinə nə səbəb olmuşdu? Bu sevgi iki səbəbdən ola bilər: 1. Fitri və təbii səbəb. Hər bir insan kiçik uşağını daha çox istəyir, zəif və gücsüz olduğu üçün ona daha çox diqqət ayırır, böyüklərdən daha çox əzizləyir. 2. Yaqub (ə) Yusifin (ə) üzündən onun əzəmətli olduğunu hiss edir, çox böyük və parlaq gələcəyə malik olduğunu görürdü[6]. Paxıllığın insanı hansı vəziyyətə salması, hətta onu qardaş canına qıyacaq və ya onun gələcəyini çətinliklər qarşısında qoyacaq həddə çatdırması, qarşısı alınmayacağı təqdirdə bu daxili odun həm insanların özlərinin, həm də bir-birinin həyatına təhlükə yaradacaq qədər irəliləməsi bu hekayədən öyrəndiyimiz mühüm dərslərdəndir. İslam peyğəmbərinin (s) hədsilərinin birində belə buyurulmuşdur: “Allah İmran oğlu Musaya (ə) paxıllığı qadağan edərək buyurdu: “Paxıl adam bəndələrimə verdiyim nemətlərə görə qəzəblənir, bəndələrimə təyin etdiyim qismətlərə mane olur. Hər kəs belə etsə, nə Mən ondanam, nə də o Məndən.” İmam Sadiq (ə) buyurmuşdur: “Dinin üç bəlası var: paxıllıq, özünü bəyənmək, özünü öymək”[7].
  2. Özünü aldatmaq: Çox vaxt insan günah edərkən vicdanının etirazı ilə qarşılaşır və ya dini inancları onun qarşısında sədd çəkir, günaha doğru hərəkət etməsinə mane olur. Günah etmək istəyən insan bu səddi asanlıqla keçmək, günah yolunu açmaq üçün vicdanını və inancını “günahı etdikdən dərhal sonra tövbə edərsən” sözü ilə aldadır. Yəni günah etmək üçün bir Şeytan planı cızanda bir Şeytan planı da vicdanını aldatmaq üçün cızır. Bu plan çox vaxt da təsirli olur və insanın qarşısında dayanan möhkəm səddi aradan qaldırır. Yusifin (ə) qardaşları da eyni vasitəyə əl atdılar və özlərini təhlükəli cinayət törətməyə hazır etdilər[8].
  3. Onu özləri ilə aparıb quyuya atmaq qərarına gəldikdə Biz ona belə vəhy etdik: “Sən gələcəkdə onlara gözləmədikləri bir halda bu davranışları barəsində xəbər verəcəksən”.
  4. (Yusifin qardaşları) axşam ağlaya-ağlaya atalarının yanına gəlib
  5. dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Qurd onu yedi. Hərçənd, biz doğru danışsaq da, sən bizim sözümüzə inanmayacaqsan”.
  6. Onun köynəyinə yalançı qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Sizə bu işi nəfsiniz gözəl göstərmişdir. Mən gözəl səbir sahibi olacağam. Söylədiklərinizin müqabilində Allahdan kömək diləyirəm”.
  7. Bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, qabını quyuya salladı və (qəfildən): “Şad xəbər! Bu (gözəl və sevimli) bir oğlan uşağıdır!”– deyə səsləndi. Bunu qənimət kimi başqalarından gizlətdilər. Allah isə onların nə etdiklərini bilirdi.
  8. Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onların ona (onu satmağa) meyilləri yox idi. (Çünki sirlərinin aşkara çıxacağından qorxurdular.)
  9. Onu alan misirli (Misir şahının vəziri) öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə faydası dəysin, ya da onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusifi həmin məmləkətdə məskunlaşdırdıq və ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir. Lakin insanların çoxu (bunu) bilmir.
  10. Yetkinlik çağına çatdıqda Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Yaxşı iş görənləri belə mükafatlandırırıq.

—————————————————————————————–

  1. Qardaşlarının hiyləsi, Yusifin yüksəlişi: Azyaşlı Yusif (hədislərə görə ən çoxu yeddi yaş var idi) quyuda yorğun və qəmgin halda düşüb qaldığı vaxt Allah-taala vəhy mələyini göndərib buyurur: “Qardaşların səni yox etmək məqsədilə quyuya atsalar da, bununla sənin yüksəlişinin başlandığından xəbərsizdirlər. Allah sənə izzət bəxş edib qüdrət taxtına çıxaracaq. Onlar sənin qarşında bağışlanma və mərhəmət diləyəcəklər. Sən isə onlara etdikləri zülm və haqsızlıqdan xəbər verəcəksən.” Bu surənin 88-90-cı ayələrində bu hadsəyə işarə edilmişdir[9].
  2. Yalançı qan: Qardaşları atalarını inandırmaq üçün Yusifin köynəyini quzu qanına bulayıb ona aparırlar. Quranda bu qan Yusifə aid olmadığı üçün yalançı qan adlandırılmışdır. Qardaşları Yusifi quyuya atdıqdan sonra köynəyini quzu qanına bulaşdırırlar. Onların köynəyi atalarına sağ-salamat aparması qanın yalançı olmasından xəbər verirdi. Halbuki əgər Yusifi canavar yemiş olsaydı, köynək tikə-tikə olmalı idi. Elə burda deyiblər ki, yalan ayaq tutar, ancaq yeriməz, sonda yalançı rüsvay olar. Varlıq aləminə dəyişməz həqiqət hakimdir. Yalançı öz yalanı ilə həqiqətin üstünü örtsə də, onun xəbərsiz olduğu saysız-hesabsız əlamətlərinin hamısının üstünü örtə bilməz. Qardaşları Yusifin həyatının üstünə pərdə çəkdilər, onun qurda yem olduğunu dedilər, lakin onun yaşadığından xəbər verən salamat qalmış köynəyin üzərinə pərdə çəkə bilmədilər. Belə ki, “Zumər” surəsinin 3-cü ayəsində belə buyurulmuşdur: “Allah yalançını və küfr edəni haqq yola yönəltməz.”[10]
  3. Ən çirkin cinayətlərin gözəl göründüyü məqam: “Sizə bu işi nəfsiniz gözəl göstərmişdir” cümləsində Allah başa salmaq istəyir ki, əgər üsyankar istəklər insanın ruhuna və fikrinə hakim kəsilərsə, qardaş öldürmək və ya sürgün etmək kimi çirkin cinayəti gözündə elə gözəl göstərər ki, həmin cinayəti müqəddəs və zəruri bir iş hesab edər. Bu, insanın psixoloji vəziyyətindən irəli gəlir. Belə ki, nəyəsə qarşı ifrat sevgi xüsusilə əxlaqdan kənar davranışlarla müşayiət edildikdə insanın qiymətləndirmə və münsiflik hissinə mane olur, həqiqətlərin fərqli görünməsinə səbəb olur[11].
  4. Misirin əzizi: Yusifi alan adam Misirin əzizi idi. Həmin dövrdə “əziz” Misir şahının vəzirinə və ya baş vəzirinə deyilirdi[12].
  5. Yuxu yozumunu bilməyin Misir əzizinin sarayına gəlməklə əlaqəsi: Belə bir sual yarana bilər ki, yuxu yozumunu bilməyin Yusifin Misir əzizinin sarayına gəlməsilə nə əlaqəsi var idi? Bir nüansa diqqət yetirməklə bu suala cavab vermək olar. Belə ki, günahlardan qorunması və üsyankar istəklərlə mübarizə aparması qarşılığında Allah insana bir sıra mənəvi və elmi nemətlər bəxş edir. Başqa sözlə desək, bu nemətlər qəlb işığının səmərəsidir, Allahın bu cür şəxslərə bəxş etdiyi mükafatdır. Ola bilsin ki, Yusifə (ə) yuxu yozumunu bilmək istedadı Misir əzizinin həyat yoldaşının qeyri-adi gözəlliyi qarşısında öz nəfsinə hakim kəsildiyi üçün verilmişdir[13].
  6. Hökm və elm yaxşı işlər görən insanların mükafatıdır: Allah heç bir səbəb olmadan heç kəsə heç nə vermir. Buna görə də Allahın hökm və elm verdiyi şəxslərlə cahil və səhvə yol verən insanlar bir deyil. Elə bu səbəbdən də Allah-taala bu cümlədə hökm və elmin Yusfin (ə) yaxşı əməlinin mükafatı olduğunu buyurmuşdur. Bu ayəyə əsasən deyə bilərik ki, Allah-taala hər kəsə gördüyü yaxşı işmiqdarında hökm və elm bəxş edir. Belə ki, “Hədid” surəsinin 28-ci ayəsində belə buyurmuşdur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə (insanlar arasında və həyat yolunuzda) getməyiniz üçün nur bəxş etsin…”[14]
  7. Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: “(Sənin üçün hazır olana doğru) gəl!”– dedi. O isə: “Allaha sığınıram! Axı o, (Misirin əzizi) mənim çörək verənimdir, məni əzizləmişdir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.
  8. Qadın ona meyl etdi. Əgər Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Belə etdik ki, pisliyi və çirkin əməli ondan uzaqlaşdıraq. Çünki o, Bizim ixlaslı qullarımızdandır.
  9. Hər ikisi qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. Bu vaxt qapının yanında qadının əri ilə rastlaşdılar. (Qadın) dedi: “Sənin ailənə xəyanət etmək istəyənin cəzası zindana salınmaqdan və ya ağrılı-acılı əzabdan başqa nə ola bilər?!”
  10. (Yusif) dedi: “O məndən kam almaq istədi”. Bu vaxt qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.
  11. Yox əgər köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”.
  12. (Msirin əzizi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu, siz qadınların hiylələrindəndir. Həqiqətən də, sizin məkr və hiyləniz çox böyükdür.
  13. Yusuf, sən bu məsələni yaddan çıxart! Sən də ey qadın, günahına görə bağışlanma dilə. Çünki sən səhvə yol verənlərdən olmusan”.
  14. Şəhərin bir qrup qadını dedi: “Əzizin arvadı cavan köləsindən kam almaq istəyir. Bu gəncin eşqi onun qəlbinin dərinliklərinə nüfuz edb. Biz onu aşkar bir azğınlıq içində görürük”.

—————————————————————————————-

  1. Ayədə işlənmiş “rəbb” sözünün mənası: Təfsirçilərin çoxu hesab edir ki, ayədəki “rəbb” sözü daha geniş məzmunda malik, ixtiyar sahibi, nemət sahibi mənalarını ifadə edir. Burada “rəbb” deyilərkən Misirin əzizi nəzərdə tutulur. Belə ki, eyni surənin 42 və 50-ci ayələrində də “rəbb” sözü Allahdan qeyrisinə aid edilmişdir[15]. Bəzi təfsirçilər “rəbb” deyilərkən burada Allaha işarə edildiyini iddia etmişlər. Çünki başqaları Yusifi Misir əzizinin qulu hesab etsələr də, Yusif özünü heç kəsin, o cümlədən Misir əzizinin deyil, yalnız aləmlərin Rəbbinin qulu və bəndəsi hesab edirdi. Onun üçün Rəbbi yalnız Allah idi. Nəticədə, ayənin mənası belə olur: Mən Allaha sığınıram. O Allaha ki, mənim Rəbbimdir, məni əzizləyir, hər nəyim varsa, Ondandır[16].
  2. Allahın dəlili: Allahın dəlilinin nə olması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Ancaq onlar arasında daha ağlabatını günahın, çirkin həqiqətinin, dünya və axirət həyatındakı qorxulu nəticələrinin təcəssüm etməsi fikridir. Bu təcəssüm peyğəmbərlik və ismət işığında, Allahın gözəgörünməz qayğısı sayəsində baş verir. Belə bir həqiqəti görməsi üfüqü Yusifin gözündə elə işıqlandırdı ki, qəlbində kiçicik şübhə və tərəddüdə belə yer qalmadı. Başqa sözlə desək, əqli dəlil və sübutlar üfüqü insanın gözündə işıqlandırdığı, iradəsini möhkəmləndirib qətiyyətini artırdığı kimi, peyğəmbərlik, ismət, ilahi lütf və qayığının şərtlərindən olan əməllərin həqiqətini görmək istedadı da insana aydınlıq və qətiyyət bəxş edir, nəticədə, günah fikrini kökündən qurudur[17].
  3. Yusifin günahsızlığının şahidi: Əhl-beyt imamlarının (ə) hədislərində bu şahidin Misir əzizinin həyat yoldaşının yaxınlarından olan bir nəfərin südəmər körpəsi olduğu qeyd edilmişdir. Körpə Allahın istəyi ilə möcüzəli şəkildə beşikdə dilə gəlmiş, həqiqəti aşkar etmiş və həzrət Yusifin (ə) günahsız olduğunu sübuta yetirmişdir. İmam Səccadın (ə) bir hədisində də bu məsələyə işarə edilmişdir[18].
  4. Qadınların məkr və hiyləsi: Bu ayədə qadınların, əlbəttə, Misirin əzizinin zövcəsi kimi, qadınların ehtirasına tabe olan və çərçivə qəbul etməyən məkr və hiyləsinə işarə edilmiş, onların hiylə və kələyinin çox böyük olduğu vurğulanmışdır. Tarix səhifələrində bu fikri təsdiq edəcək hadisələrə çox rast gəlmək olar. Bu hadisələr göstərir ki, ehtirasının quluna çevrilmiş qadınların öz məqsədlərinə çatmaq üçün düşündükləri planların misli yoxdur. Yusifin (ə) hekayəsində də Misir əzizinin zövcəsinin Yusifi xəyanətdə ittiham etməsi, özünü məsum göstərməsi, öz çirkin əməlinə haqq qazandırmaq məqsədilə Misir qadınları üçün məclis təşkil etməsi buna bir sübutdur[19].
  5. Bütdən bağışlanma istəmək: Misirin əzizi “bağışlanma dilə” desə də, bunu kimdən istəməsini demir. Sonrkı ayələrdən onların müşrik olduğu aydın olur. Bu da onu göstərir ki, onun məqsədi büt və ya Allahdan qeyri bir məbud olmuşdur[20].
  6. Misir əzizinin qeyrətsizliyi: Bu ayədən Misir əzizinin qeyrətsiz olduğu başa düşülür. Ümumiyyətlə, diktator və zalım rəhbərlər üçün qeyrət məsələsi və namusunu qorumaq elə də mühüm əhəmiyyət daşıyan məsələlərdən olmamışdır. Onlar özləri o qədər günah və iffətdən kənar işlərə aludə olurlar ki, yanındakıların törətdikləri fəsadlar gözlərində əhəmiyyətini itirir[21].
  7. (Əzizin arvadı) onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (əzəmətli bir məclis qurdu), hər birinin əlinə (meyvə kəsmək üçün) bir bıçaq verdi və (bu vaxt Yusifə): “Onların qarşısına çıx!”– dedi. Onu gördükdə o qədər təriflədilər ki, (diqqətsizlikdən) öz əllərini kəsdilər və dedilər: “Allah qüsursuzdur! Bu, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!”
  8. (Əzizin arvadı) dedi: “Barəsində məni məzəmmət etdiyiniz (adam) bax budur! Mən ondan kam almaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, zindana atılacaq və şübhəsiz ki, xar olacaq”.
  9. (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bunların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
  10. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Çünki O, eşidəndir, biləndir.
  11. (Yusifin günahsız olduğunu təsdiq edən) dəlilləri gördükdən sonra, yenə də bir müddət onu zindana salmaq qərarına gəldilər.
  12. Onunla birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: “Mən yuxuda şərab (üçün üzüm) sıxdığımı gördüm”. Digəri isə belə dedi: “Mən yuxuda başımda çörək apardığımı, quşların da ondan yediyini gördüm. Bu yuxunun yozumunu bizə bildir. Çünki biz sənin yaxşı adam olduğunu düşünürük.”
  13. (Yusif) dedi: “Yemək payınız gəlməmişdən əvvəl yuxunuzun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərindəndir. Mən Allaha iman gətirməyən və axirəti də inkar edən qövmün dinini tərk etdim.

—————————————————————————————–

  1. Zindan mənim üçün daha yaxşıdır: Bəzi hədislərdə var ki, Misir qadınları Yusifin (ə) camalını gördükdən sonra ona ismarış göndərib ondan kam almaq arzusunda olduqlarını bildirdilər[22]. Bəzi hədislərdə bir qrup qadının əzizin arvadının müdafiəsinə qalxdığı, Yusifi (ə) dövrəyə alaraq yağlı sözlərlə onu əzizin arvadının istəyini yerinə yetirməyə təşviq etdikləri qeyd edilmişdir. Hər halda, Yusif (ə) bu qəribə tələdən Allaha sığındı, zindanın çətinliyini Allahın qəzəbinə səbəb olacaq keçici ləzzətdən üstün tutdu və Allahdan onu bu qadınların hiyləsindən xilas etməsini istədi. İslam peyğəmbərinin (s) hədislərinin birində belə buyurulmuşdur: “Allah kölgəsindən başqa bir kölgə olmadığı gün Allah yeddi qrup insanı Öz ərşinin kölgəsinin altına alacaq. Onlardan biri gözəl bir qadının kam almaq dəvətini rədd edib “mən Allahdan qorxuram” deyən şəxsdir.”[23] Bu ayələrin öyrətdiyi mühüm dərslərdən biri də nəfslə mübarizə, ona qarşı cihad dərsidir. Bu cihadı Peyğəmbər (s) “böyük cihad” adlandırmışdır. Çünki daxili düşmənlə mübarizə xarici düşmənlə mübarizədən daha çətindir. Hədislərin birində belə qeyd edilmişdir: Peyğəmbər (s) bir dəstə müsəlmanı cihada göndərir. Onlar yorğun və yaralı vəziyyətdə geri qayıtdıqlarında Peyğəmbər (s) buyurur: “Kiçik cihadı yernə yetirənlərə eşq olsun! Ancaq onların böyük cihadları qalıb.” Müsəlmanlar soruşurlar: Ey Allahın rəsulu (s), böyük cihad hansıdır? Peyğəmbər (s) buyurur: “Əsl mücahd nəfsi ilə mübarizə aparan şəxsdir.”[24] Hədislərdə “insanın ən böyük düşməni qəzəb və ehtirasdır. Bu iki hissi cilovlayan şəxs yüksək dərəcələrə nail olar, kamilliyin son həddinə yetişər”[25] məzmunu da yer almaqdadır.
  2. Doğru yuxular: Yusif surəsində bir neçə heyrətamz yuxu və həmin yuxulardan sonra gerçəkləşən hadisələrdən söz açılmışdır: Yusifin (ə) uşaq vaxtı görüb atasına danışdığı yuxu; iki məhbusun görüb Yusifə (ə) danışdığı yuxu; şahın gördüyü və Yusifin (ə) yozduğu yuxu. Quranda bu qəbildən olan başqa yuxulara da işarə edilmişdir. Doğru yuxular savadlı və savadsız olmasından asılı olmayaraq hər kəsin dqqətini cəlb etmiş mürəkkəb hadisələrdəndir. Alimlər doğru yuxuların həqiqətini hələ də aça bilməmişlər. Ümumiyyətlə, bu mövzu maddi yöndən izahedilməzdir. Onu yalnız ruhun müstəqillyinə inam əsasında izah etmək olar. Əlbəttə, nəzərə almaq lazımdır ki, bütün yuxular belə deyil, çox yuxuların səbəbi stress, dağınıq fikirlər, çox yemək, xəstəlik və sairdir. Ancaq doğru yuxuların gerçəkliyini də inkar etmək olmaz[26].
  3. Nə üçün məhbuslar yuxularının yozumunu Yusifdən (ə) soruşurdular? Məhbuslar Yusifdən (ə) yuxularını yozmasını xahiş etdikdən sonra bu davranışlarının səbəbini belə izah edirlər: “Biz sənin yaxşı adam olduğunu düşünürük”. Adətən, insanlar yaxşı adamların təmiz qəlbə malik olduqlarını, dünyada baş verən hadisələrin bir-biri ilə olan əlaqəsini yaxşı başa düşdüklərini, haqq yolda olmağa daha layiq olduqlarını, başqalarından gizli qalan doğru yuxu kimi bəzi hadisələrdən onların xəbərdar olduğunu düşünürlər. Daxilən təmiz olduqları üçün əməlisaleh insanların digərlərindən gizli qalan hadisələrdən xəbərdar olduqlarına inanırlar. Bu səbəbdən də o iki məhbus yuxularının yozumunu Yusifdən (ə) soruşmuşdular[27].
  4. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Nəyisə Allaha tay tutmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir.
  5. Ey mənim zindan yoldaşlarım! Pərakəndə tanrılar yaxşıdır,  yoxsa Tək olan qalib Allah?
  6. Ondan başqa ibadət etdiyiniz bu məbudlar sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlarla bağlı heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Doğru və sabit din budur, lakin insanların çoxu (bunu) bilmir.
  7. Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını yeyəcəklər. Haqqında soruşduğunuz məsələ qəti və labüddür”.
  8. O iki nəfərdən xilas olacağına əmin olduğuna dedi: “Sahibinin (Misir şahının) yanında məni yada sal!” Lakin şeytan ona sahibinin yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı.
  9. Şah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. (Quruların yaşıllara dolanıb onları məhv etdiyini gördüm.) Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxum haqqında fikirlərinizi bildirin”.

————————————————————————————–

  1. Peyğəmbərlərin günahsız olması Allahın insanlara lütfüdür: Həzrət Yusifin (ə) müşrik olmamağın və tövhid inancının Allahın ona və atalarına bəxş etdiyi bir nemət olduğunu deməsi aydın məsələdir. Çünki bu, Allahın Öz bəndəsinə ardınca əbədi xoşbəxtlik gətirən böyük bir lütfüdür. Ancaq Allahın peyğəmbərlərə lütf etdiyi bu nemətin insanlar üçün də ilahi bir nemət olması artıq ayrı bir mövzudur. Belə ki, insanlara yaxşılığı, təqvanı və düzlüyü ilham edən ağıl və fitrətlə yanaşı, onları dini hökmlərdən xəbərdar edən vəhy və peyğəmbərliyə də ehtiyacları vardır. Habelə insanların şirk çirkabına bulaşmamış pak qəlblərə və işıqlı ruhlara, tövhid fitrətindən əsla uzaq düşməmiş şəxslərə hər zaman ehtiyacı var. Çünki insanlar özbaşına buraxılsaydı, təbii ki, maddiyyat dalınca düşdükləri və Allahı yaddan çıxardıqları üçün insanlar müşrik olardı və bununla da yaranışın əsas məqsədi olan Allaha bəndəlik və ibadət məzmunu öz mənasını itirərdi. Bu cür insanlar zülmətlərə işıq saçan parlaq çıraqlar kimi maddiyyat zülmətinə qərq olmuş mənəvi həyatdan uzaq düşmüş insanları qəflət yuxusundan oyadır, göydən yerə sallanmış bir ip kimi hidayət olunmaq istəyənləri yuxarı aləmlərə qaldırırlar. Peyğəmbər və məsum imam olan bu insanlar yaranışın məqsədini, yəni Allaha ibadət və bəndəlik məqsədini qorumaq vəzifəsi daşıyırlar. Əgər onlar olmasa, yer öz sakinlərini udar. Məhz bu cəhətdən də doğru danışan Yusif (ə) belə buyurmuşdur: “Mən və pak atalarımın yalnız Allaha ibadət etməsi, bizim istənilən şirkdən pak olmağımız, həm bizim özümüz üçün, həm digər insanlar üçün böyük br lütf və diqqətdir. Ancaq insanların çoxu bu ilahi qayğıya diqqət yetirib onun şükürünü etmir.”[28]
  2. Müşriklərin tanrıları sadəcə quru adlardır: Bu ifadənin müşriklərin ibadət etdiyi tanrılar haqqında işlədilməsi onların hörmətlə yad etdikləri, qarşısında təzim etdikləri quru adlardan artıq bir şey olmaması ilə bağlıdır. Onlar, əslində, bir neçə ada sitayiş edirdilər. Buna dəniz tanrısı, quru tanrısı, yer tanrısı, göy tanrısı və sairi[29] misal göstərmək olar.
  3. Qurucu olan bir şüardan sui-istfadə: “Hökm yalnız Allahındır” şüarı Quranın müsbət şüarlarından biridir. Bu şüarda Allahın hökumətindən başqa hər növ hökumət inkar edilir. Təəssüflər olsun ki, tarix boyu bu şüardan sui-istifadələr olmuşdur. O cümlədən çox axmaq, hissiz Nəhrəvan xairiciləri də Siffeyn müharibəsində hakimlik məsələsinə etiraz olaraq bu şüara əl atmış, müharibənin başa çatdırılması və xəlifə təyin edilməsi üçün hakim təyin edilməsinin günah olduğunu elan etmiş, Allahın Quranda buyurduğu hökm yalnız Allahındır şüarını vermişdilər. Lakin unudurdular ki, Allahın əmrilə rəhbər təyin edilmiş öndərlərin hökmü elə Allahın hökmüdür. Əgər hakimləri İmam Əli (ə) təyin edirsə, onların verdiyi hökm Əlinin (ə) hökmü, Əlinin hökmü isə Peyğəmbərin (s) və Allahın hökmü olur. Ümumiyyətlə, Allahın insan cəmiyyətinə birbaşa rəhbərlik etməsi mümkün bir iş deyil. Bunun üçün Allahın əmri ilə insanların özlərindən bəzi adamlar seçilməli və hökumət onlar tərəfindən idarə edilməlidir. Lakin xəvaric bu aşkar həqiqəti unudaraq Əlinin (ə) hakim təyin etməsini səhv hesab edərək, hətta bununla İmamın İslamdan çıxdığı qənaətinə gəlmişdilər. Bu cür qurucu proqramlar nadanların əlinə düşdüyündə İslam hökumətinin ən ziyanlı destruktiv amilinə çevrilir[30]. Deyilənə görə, İmam Əli (ə) xəvaricin bu Quran ayəsindən sui-istifadə etdiyindən xəbər tutduğunda buyurur: “Batilə hədəflənmiş doğru sözdür!”[31]
  4. Onlar dedilər: “Dağınıq və qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
  5. Xilas olan iki nəfərdən biri bir müddətdən sonra xatırlayaraq dedi: “Mən onun yozumunu sizə bildirərəm. Məni (o məhbus gəncin yanına) göndərin!”
  6. (O, zindana gəlib belə dedi:) “Yusif! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbül) barədə olan yuxunu bizə izah et ki, mən camaatın yanına qayıdım, bəlkə onlar da xəbərdar olsunlar”.
  7. Dedi: “Yeddi il ciddi-cəhdlə əkərlər. Biçdiklərini isə yeyər, az bir miqdar istisna olmaqla, sünbüldə saxlayarlar.
  8. Ondan sonra yeddi il quraqlıq gələcək. Əvvəlcədən həmin illər üçün tədarük etdiklərini yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarlar.
  9. Daha sonra elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və insanlar (meyvə və yağlı toxumları sıxıb) şirə cəkəcəklər.”
  10. Şah dedi: “Onu yanıma gətirin!” Lakin elçi onun (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Sahibinin yanına qayıt və ondan əllərini doğrayan qadınların əhvalatını soruş. Rəbbim onların hiyləsindən xəbərdardır”.
  11. (Şah onları hüzuruna çağırtdırıb) dedi: “Yusifdən kam almaq istədiyiniz vaxt hadisə necə olmuşdu?” Onlar dedilər: “Allah pak və qüsursuzdur! Biz onda pis bir şey görmədik”. (Bu vaxt) əzizin arvadı dedi: “İndi haqq aşkara çıxdı. Ondan kam almaq istəyən mən idim. O isə doğru danışanlardandır.”
  12. Bunu ona görə dedim ki, yanımda olmadığı vaxt ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.

—————————————————————————————-

  1. Qarmaqarışıq yuxular: Misir böyükləri şahın yuxusunu qarmaqarışıq və dağınıq yuxular addlandırdılar. İnsanın yuxuda olarkən bir yuxudan başqa bir yuxuya keçməsi çox təsadüf edilən haldır. Yəni insan fərqli-fərqli yuxular görür. Bu yuxular bir-birinə qarışdığı vaxt artıq bu yuxulardan bir nəticə almaq olmur. Buna görə də sözügedən yuxuya qarmaqarışıq və dağınıq yuxu deyilir. Misir hökmdarının bu qəribə yuxunu bir deyil, bir neçə dəfəyə gördüyünü də ehtimal etmək olar. Belə ki, Tövratda da onun kök və arıq inəkləri bir dəfə, yaşıl və quru sünbülləri başqa dəfə gördüyü yazılmışdır. Buna görə də Misir başbilənləri onun yuxularını qarışıq və dağınıq yuxular hesab edib demişdilər: Biz belə yuxuları deyil, yalnız doğru-düzgün yuxuları yoza bilirik. Lakin doğru, düzdanışan Yusif (ə) Allahın ona verdiyi elmlə onu yozdu[32].
  2. Düzdanışan Yusif: Yusif (ə) zindanda yoldaşlarının yuxularını düzgün yozduğu, danışıqığında və əməllərində düz olduğu üçün bu şəxs Yusifə (ə) “Siddiq” (çox düzdanışan) deyə müraciət edir. Onu da qeyd etməliyik ki, Allah bu kişinin Yusifə (ə) verdiyi gözəl ləqəbi təsdiq etmişdir[33].
  3. Özünə hörmət: Yusif (ə) zindandan belə asanlıqla çıxıb şahın utancverici əfv fərmanı ilə razılaşmamış, azadlığa çıxdıqdan sonra bir cinayətkar və ya əfv edilmiş bir müttəhim kimi yaşamaq istəməmişdir. Həbs olunmasının səbəbinin araşdırılmasını və tamamilə günahsız olduğunun sübuta yetməsini, yalnız bundan sonra azadlığa çıxarılmasını, eyni zamanda Misir hökumət sisteminin çirkaba bulaşdığını sübuta yetirmək istəmişdir[34]. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Yusifin (ə) səbir və alicənablığı heyrətamizdir. Şahın yuxusunun yozumunu soruşduqlarında “zindandan çıxmayınca yozmaram” demədi. Digər tərəfdən, onu zindandan azad etməyə gəldiklərində üzərində olan ittihamdan xilas olub bəraət almayınca çıxmadı.”[35] Bu səbir və alicənablığı əvvəldə “onu mənim yanıma gətirin” (50-ci ayə) deyən şahın daha sonra “onu mənim yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm” deməsinə səbəb olmuşdur[36].
  4. Yusifin (ə) özünün günahsız olduğunu sübuta yetirməsi: Bu və sonrakı ayə əzizin arvadı deyil, Yusifin (ə) dilindəndir. Bu metod, yəni söz danışanın adı çəkilmədən onun sözünün qeyd edilməsi Quranın sepesifik xüsusiyyətlərindəndir. “Bu sözü ona görə dedim” deyərkən Yusif iki ayə əvvəl dediyi fikri, yəni günahsız olması ilə bağlı araşdırılma aparılmasını nəzərdə tutmuşdur. Yusif (ə) deyir: “Mən bunu ona görə istədim ki, həqiqət üzə çıxsın və ilk növbədə Misirin əzizi əmin olsun ki, o olmadığı vaxt mənim onun həyat yoldaşına qarşı pis nyyətim olmayıb, ikincisi, hər kəs xainin kim olduğunu və xainlərin üzlərinin qaralacağını bilsin.” Yusif (ə) bunları deyərkən onun günasızlığı və düzlüyü hər kəsə məlum olur. Buna görə də Misirin xəzinələrinin rəhbəri olmağa hazır olduğunu elan etdiyində şah dərhal qəbul etdi[37].
  5. Mən özümə əsla bəraət qazandırmıram. Çünki nəfs pis işləri əmr edər. Yalnız Rəbbimin rəhm etdiyi istisnadır. Rəbbim bağışlayandır, rəhim­­lidir.
  6. Şah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi.
  7. (Yusif) dedi: “Bu məmləkətin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”.
  8. Beləliklə, Yusifi məmləkətdə (Misirdə) iqtidar sahibi etdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını puç etmirik.
  9. İman gətirənlər və təqvalı olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
  10. (Kənan diyarını qıtlıq bürüdü.) Yusifin qardaşları (ərzaq yardımı almaq üçün Misirə) gəldilər. Daxil olduqlarında (Yusif) onları tanıdı, onlar isə onu tanımadılar.
  11. (Yusif) onların yüklərini hazırlayarkən dedi: “(Növbəti dəfə gələndə) atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən ev sahibliyi edənlərin ən yaxşısıyam?
  12. Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq görməyəcəksiniz, özünüz də mənə yaxınlaşmayın”.
  13. Dedilər: “Atası ilə danışarıq (və onu razı salmağa çalışarıq). Biz bunu edəcəyik.”
  14. Daha sonra xidmətçilərinə dedi: “Ödədiklərini də yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bəlkə də onu tanısınlar və ola bilsin ki, qayıtsınlar”.
  15. Atalarının yanına qayıtdıqdan sonra dedilər: “Ey ata! (Qardaşımız Benyamin olmadan) daha bizə ərzaq verilməyəcək. Pay (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz onu qoruyacağıq”.

————————————————————————————–

  1. Rəbbimin rəhm etdiyindən başqa: Əvvəlki ayələrdən də gördüyümüz kimi, həzrət Yusif (ə) öz günahsızlığını sübuta yetirib Misirin əzizinə xəyanət etmədiyini elan etdi. Ancaq o, Allahın ixlaslı bəndələrindən olduğu, bütün güc və qüdrətin Allahdan olduğuna, Allah qarşısında özünün heç bir gücə sahib olmadığına inandığı üçün özünü üsyankar nəfsi qarşısında qoruya bilməsini Allahın lütf və mərhəməti olduğunu bəyan edir, bununla fərəhlənirdi. Yusif (ə) heyvani ehtiraslar qarşısında təslim ola biləcəyi halda, Allahın lütf və mərhəməti ilə istisna edildiyinə inanırdı. Əgər Allah insana mərhəmət göstərsə, ən çətin sınaqlardan üzüağ şıxar[38].
  2. İnsanların qıtlıqdan da pis təhlükədən xilas olması: Hədislərdə Yusifin (ə) cəmiyyəti qıtlıqla yanaşı şirk təhlükəsindən də xilas etdiyi qeyd edilmişdir. İmam Rza (ə) buyurmuşdur: “Yusif (ə) nemətlərin bol olduğu yeddi il ərzində azuqə toplamaqla məşğul oldu. Qıtlıq illəri yetişdiyi vaxt azuqələri satmağa başladı. Birinci il azuqələri pul (dinar və dirhəm) qarşılığında satdı. Bu şəkildə Misirin bütün nağd pulları Yusifin (ə) mülkiyyətinə keçdi. İkinci il azuqələri bəzək əşyaları, ləl-cəvahirat qarşılığında satdı. Bu şəkildə Misirin bütün ləl-cəvahiratı Yusifin (ə) mülkiyyətinə keçdi. Bu minvalla üçüncü il heyvanlar, dördüncü il qullar və kənizlər, beşinci il evlər və ərazilər, altıncı il tarlalar və çaylar qarşılığında satdı. Yeddinci il Misir camaatının heç nəyi qalmadığı üçün özləri qarşılığında satdı. Bu şəkildə bütün Misir əhalisi Yusifin (ə) mülkiyyətinə keçdi. Camaat artıq belə deyirdi: “Allahın kiməsə belə bir səltənət verdiyini eşitməmişik. Bu cür elmli və tədbirli şah tanımırıq.” Bundan sonra Yusif (ə) Misir şahına dedi: “Allahın mənə bəxş etdiyi bu nemətlərlə bağlı fikrin nədir? Bil ki, onları bədbəxtlikdən mən xilas etməmişəm ki, sahibləri və ya canlarının bəlasına da çevrilim”. Şah dedi: “Necə deyirsənsə, elə də olsun.” Yusif (ə) dedi: “Mən Allahı və səni şahid tutub bütün Misir camaatını azad edir, var-dövlətlərini də özlərinə qaytarıram. Habelə taxt-tac, səltənət və bütün səlahiyyətlərini özünə qaytarıram. Bir şərtlə ki, mənim dediyim kimi davranıb mənim istədiyim kimi hökm edəsən.” Şah dedi: “Bu təklifə əməl etmək mənim tövbəmdir. Yalnız sənin dininə və ənənənə əməl etmək, hökmünlə hökm etmək mənim üçün qürurdur. Əgər sən olmasaydın, əsla haqq yolda olmazdım. Mənim səltənətimi sən qorudun, onu möhkəmləndirdin. Mən şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur və sən Onun peyğəmbərisən. Sənə verdiyimiz bu vəzifədə qal. Sən bizim yanımızda yüksək məqam və etibar sahibisən.”[39]
  3. Qırx ildən sonra Yusifin (ə) qardaşları ilə görüşməsi: Deyilənə görə Yusifin (ə) qardaşları ilə görüşü qırx ildən sonra baş tutmuşdur. Buna görə də qardaşları onu tanımamışdılar. Bundan başqa, quyuya atdıqları və qəpik-quruşa satdıqları Yusifin (ə) nə vaxtsa vəzirlik taxtına oturacağı ağıllarına belə gəlməzdi[40]. Yusif (ə) birinci görüşlərində özünü qardaşlarına tanıtdırmadı. Çünki o, ilk olaraq anabir qardaşını gətizdrmək və özünü yalnız onun olduğu vaxt tanıtdırmaq istəyirdi (90-91-ci ayələr). Bununla da səbirli və təqvalı olduğu üçün özünün, eyni zamanda Yusif kimi, qardaşlarının paxıllığı ucbatından çoxlu çətinliklər görmüş qardaşının Allahın mərhəmət və mükafatına layiq görüldüklərini göstərmək istəyirdi[41]. Qeyd etməliyik ki, Benyamin Yusifin (ə) atabir-anabir qardaşı, o birilər isə atabir qardaşları idi. Hamısının atası Yaqub olsa da, anaları ayrı idi.
  4. Dedi: “Onu sizə qardaşını (Yusif) etibar etdiyim kimi, etibar edim? Allah qoruyanların ən yaxşısı, rəhmlilərin rəhmlisidir!”
  5. Yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və bir dəvə yükü də artıq gətirərik. Bu, az ərzaqdır! (Misirin səxavətli və alicənab əzizi üçün elə də böyük bir şey deyil.)”
  6. Dedi: “İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yaqub): “Allah dediyimizə şahid və nəzarətçidir!” – dedi.
  7. (Yola düşmək istədikləri vaxt Yaqub) dedi: “Oğullarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər hamısı da Ona təvəkkül etsinlər!”
  8. Onlar ataları əmr etdiyi kimi daxil olduqlarında bu hərəkət Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yaqubun ürəyində bir diləyi yerinə yetmiş oldu. Biz öyrətdiyimiz üçün o, böyük elm sahibi idi. Lakin insanların çoxu bilməz!
  9. Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşına yanında yer verib dedi: “Mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə, narahat olma!”

——————————————————————————————

  1. Yaqubun (ə) Allahın mərhəmətinə arxalanması: Həzrət Yaqub (ə) başlanğıcda oğlanlarının Benyamini özləri ilə aparmaq istəyinə rədd cavabı verir. Çünki Yusifin (ə) başına gələn hadisə zamanı onların əmanətdar insanlar olmadıqlarını görmüşdü. Onlar Yusifi (ə) qoruyacaqları ilə bağlı verdikləri sözün eynisini (12-ci ayə) Benyaminlə də bağlı verirlər (63-cü ayə): “Biz onu qoruyacağıq”. Lakin  Yaqub (ə) onların etibar ediləcək adamlar olmadığını bildiyi üçün sözlərini qəbul etmir, Allahın onu qoruyacağına bel bağlayır və “Allah ən yaxşı qoruyandır”, – deyə buyurur. Bu sözünü Allahın “rəhimlilərin rəhimlisi” olması ilə izah edir. Bir nəfər Allahdan başqasına etibar edib əmanət verə bilər, lakin həmin şəxs əmanətə və onun sahibinə rəhm etməyə bilər. Ancaq rəhm etmək lazım olduğu yerdə mərhəmətini əsirgəmir, işini Allaha həvalə etmiş aciz insana rəhm edir. Bu cümlə haqqında hədislərin birində belə qeyd edilmişdir:  Yaqub (ə) “Allah qoruyanların ən yaxşısıdır …” dedikdən sonra Allah buyurdu: “İzzətimə and olsun, sən Mənə etimad və təvəkkül etdiyin üçün o ikisini (Yusifi və qardaşını) sənə qaytardım.”[42]
  2. Yaqubun insafı: Təfsirçilər “imkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) ifadəsinin Yaqubun (ə) insaflı və nəzakətli olmasından xəbər verdiyini yazırlar. Oğlu Benyaminə qarşı yüksək sevgisi olmasına baxmayaraq, oğlanlarından imkanları xaricində olan bir şeyi istəmir və deyir: “İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) övladımı sizdən istəyirəm. İmkanlarınız xaricində hər hansı hadisə baş verərsə, sizdə günah görmərəm.”[43]
  3. Allahı yaddan çıxarmamaqla yanaşı səbəb və vasitələrədn istifadə: Bu ayədən Yaqubun (ə) oğlanlarına görə qorxduğu məlum olur. O qorxurdu ki, camaatın onun oğlanlarına gözü dəyər, onlara paxıllıq edər və qətlə yetirmək fikrinə düşər, ya da onların birliyindən qorxub parçalanmaları üçün hiylə işlədər, başlarına bəla açarlar. Buna görə də onlara bir qapıdan deyil, ayrı-ayrı qapılardan girməyi göstəriş verir. Əlbəttə, Yaqubun (ə) bu göstərişinin təklikdə və Allahın istəyi olmadan təsirli olacağı təəsəvvürünün qarşısını almaq üçün dərhal da “mən Allahın qəza-qədərinin qarşısını ala bilmərəm. Çünki hökm Allaha məxsusdur. Söylədiklərimi mənə Allah Özü öyrətmiş və bunun özü Allahın istədiyidir” – deyə buyurur. Elə bu səbəbdən də ayənin sonunda onun Allaha təvəkkül etdiyi qeyd edilmişdir. Bu ayədən əldə edilən mühüm dərslərdən biri də budur ki, səbəb və vasitələr əbəs və dəyərsiz hesab edilməməli, onlardan da istifadə edilməlidir. Eyni zamanda səbəb və vasitələrin müstəqil şəkildə təsir göstərmədiklərini, Allahın istəyi və əmri olmadan heç bir təsirə malik olmadıqlarını yaddan çıxarmamaq lazımdır. Ancaq təvəkkül edəcək yeganə varlıq varsa, o da Allah olmalıdır[44].
  4. Onun yüksək elmi bizim təlimimizə əsaslanır: Bu elm kəsb edilən, tövhid inancındakı ixlasına görə Allahın bəzi bəndələrinə lütf etdiyi elmlərin fövqündədir. Bu elm və məlumatda səhv ola bilməz. Ayənin sonunda buyurulan “insanların çoxu onu bilmir” cümləsi əksəryyiətin bu elmdən məhrum olduğunu göstərir. Allah-taala bu cümlə ilə Yaqubu (ə) tərifləyir, onun haqlı olduğunu təsdiq edir, övladlarına verdiyi göstərişi, Allaha təvəkkülünü doğru bir davranış nümunəsi kimi qəbul edir. Elə bu səbəbdən də onun istəyini yerinə yetirib Yusifi (ə) ona qaytarır[45].
  5. (Yusifin adamı) onların yüklərini bağlayarkən şahın su içdiyi qabı qardaşının yükünün içinə qoydu. Sonra bir nəfər qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
  6. (Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– dedilər.
  7. Onlar dedilər: “Padşahın piyaləsini. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı): “Mən buna zaminəm!”– (dedi).
  8. Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru deyilik».
  9. Onlar dedilər: “Əgər yalançı olsanız, cəzası nədir?”
  10. (Qardaşlar) dedilər: “Kimin yükünün içində tapılsa, cəzası özü olacaq (bu cinayətinə görə sizin köləniz olacaq). Biz zalımları belə cəzalandırırıq”.
  11. Bu vaxt o (Yusif), qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da onu qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa o, Allahın istəyi olmadan şahın qanunlarına əsasən qardaşını tutub saxlaya bilməzdi. Biz istədiyimiz şəxsin dərəcələrini artırırıq. Hər bir bilik sahibindən üstün bir bilən var.
  12. Onlar dedilər: “Əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusif) da oğurluq etmişdi”. Yusuf (çox narahat oldu) bunu (narahtlığını) gizlədib onlara büruzə vermədi və (öz-özünə:) “Siz (mənim gözümdə) daha pis mövqedəsiniz. Allah, haqqında danışdığınızdan daha çox xəbərdardır.”– dedi.
  13. Onlar dedilər: “Ey vəzir! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz səni yaxşı adam hesab edirik”.

—————————————————————————————

  1. Yusif (ə) günahsız bir adamı oğurluqda necə günahlandırdı? Günahsız bir adamı oğurluqda günahlandırmaq yolverilən idimi? Özü də bu, elə bir ittiham idi ki, onun acı nəticəsi digər qardaşlardan da yan keçməyəcəkdi. Əslində, bu plan Benyaminin öz razılığı ilə həyata keçirilmişdi. Çünki Yusif (ə) əvvəlcədən özünü qardaşına tanıtdırmış və qardaşı bu planın onun saxlanılması üçün hazırlandığından xəbərdar idi. Sözügedən davranışda qardaşlara heç bir iftira və böhtan da atılmamışdı. Bu, sadəcə, onlar üçün böyük sınaq qarşısında elə də mühüm əhəmiyyəti olmayan keçici bir narahatlıq yaradacaqdı[46]. Bu sınaq zamanı Yaqubun (ə) sevimli oğlunun itkisinə dözümü yoxlanılacaq, bu vasitə ilə savabı, mükafatı, kamilliyi daha da təkmilləşmiş olacaqdı. Habelə qardaşlar da bu hadisədə sınanacaq, qardaşları Benyamini tək buraxmayacaqları ilə bağlı atalarına verdikləri sözün üzərində durub-durmamaları yoxlanacaqdı. Digər tərəfdən, “əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusif) da oğurluq etmişdi” deyənlərin kimliyi də üzə çıxacaqdı[47]. Bundan əlavə, nəzər nöqtəsi olan ayənin özündən də məlum olur ki, “siz oğrusunuz” sözünü deyən şəxs Yusif deyil, Qurana görə kimliklərinin qeyd edilməsi elə də mühüm əhəmiyyət daşımayan hökumət işçilərindəndir. Nəticədə, bu plan Yusifin (ə) məsumluğuna heç bir xələl gətirmir və əsla günah hesab edilmir[48].
  2. Nə üçün Yusif qardaşları ilə onların öz qanunlarına uyğun davrandı? Əgər Yusif qardaşı Benyamini Misir qanunlarına uyğun şəkildə cəzalandırsaydı, onu döydürməli və həbs etdirməli idi. Digər tərəfdən isə öz məqsədinə nail olub onu yanında saxlaya bilməyəcəkdi. Buna görə də qardaşlarından onlarda oğurluğun cəzasının nə olduğunu soruşur. Qardaşlar da bildirirlər ki, onların qanunlarına görə oğurluq edən şəxsi kölə edib işlətməklə cəzalandırırlar. Yusif (ə) də bu ənənəyə uyğun şəkildə davranır. Çünki cinayətkarın cəzalandırılması üsullarından biri onun mənsub olduğu cəmyyətin qanunlarına uyğun cəzalandırılmasıdır[49].
  3. Qardaşlarının Yusifi (ə) oğurluqda ittiham etməsi: Qardaşları o anda özlərini xilas etmək üçün Yusifə (ə) oğurluq iftirası yaxırlar. Təbii ki, bunun bir əsası olmalı idi. İmam Rzadan (ə) nəql edilən bir hədisdə deyilir: İshaq peyğəmbərin ya kəməri, ya da yaylığı miras olaraq bir peyğəmbərdən digər peyğəmbərə ötürülürdü. Yusifin (ə) zamanında bu yaylıq Yusifin bibisində idi. Uşaq vaxtı Yusif (ə) bibisinin yanında qalırdı. Bibisi qardaşı oğlunu çox istəyirdi. Bir gün Yaqub (ə) bacısına xəbər göndərir ki, Yusifi görmək istəyirəm, göndər görüm, sonra qaytararam. Bibisi Yaqubun (ə) elçisindən Yusfin (ə) bir gecə də onunla qalmasını xahiş edir. Sabahısı gün İshaqın (ə) həmin kəmərini köynəyin altından Yusfin belinə bağlayır və köynəyini də üstünə salıb atasının yanına göndərir. Bir müddətdən sonra Yaqubun (ə) yanına gəlib deyir: Bir müddət idi ki, kəməri itirmişdim. İndi onun Yusifdə (ə) olduğunu görürəm. Həmin dövürdə oğrunun cəzası mal sahibinin köləsinə çevrilmək olduğu üçün bu bəhanə ilə Yusifi (ə) özü ilə aparır. Bundan sonra Yusif (ə) bibisinin yanında qalır[50].
  4. O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”.
  5. Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Böyükləri dedi: “Atanızın sizi Allaha and içdirdiyini, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etdiyinizi bilmirsiniz? Atam mənə izn verməyincə və Allah mənim haqqımda hökm çıxarmayınca buradan tərpənməyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır.
  6. Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilmirdik.
  7. (Əgər inanmırsansa,) olduğumuz şəhərdən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, doğru danışırıq”.
  8. (Yaqub) dedi: “Nəfsiniz bu işi sizə gözəl göstərib. Mən səbir edirəm, gözəl səbir. Ümidvaram ki, Allah onların hamısını mənə qaytaracaq. Çünki O, biləndir, hikmət sahibidir”.
  9. Üzünü onlardan döndərdi və: “Heyf Yusifdən!”– dedi. Qəm-qüssədən gözlərinə ağ gəldi. Ancaq qəzəbini boğurdu.
  10. Dedilər: “Allaha and olsun ki, Yusifi o qədər xatırlayacaqsan ki, axırda ya əldən düşəcək, ya da öləcəksən”.
  11. O dedi: “Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm.”

————————————————————————————-

  1. Yusifin (ə) danışığında diqqətli olması: Diqqət çəkən məqam budur ki, Yusif (ə) qardaşlarının oğurluq etdiyini dilinə gətirmir, yalnız “biz yanında malımızı tapdığımız…” deyir. Bu da onun həyatda yanlışa yol verməmək üçün çox diqqətli olduğunu göstərir.
  2. Biz qeybi bilmirdik: Burada Yaqubun (ə) oğlanları “qeyb” deyərkən Benyaminin oğru olduğunu nəzərdə tutmuşdular. Yəni piyalə tapılmazdan əvvəl bundan xəbərsz olduqlarını demək istəmişdilər. Belə olduğu təqdirdə ayənin mənası belə olur: Atacan, oğlun oğurluq etdi. Biz yalnız oğurluğun cəzasının nə olduğunu dedik. Benyaminin oğurluq etdiyini və buna görə tutulacağını bilmirdik. Yoxsa bildiyimizi deməzdik, nəticədə, o da tutulmazdı[51].
  3. Yaquba (ə) görə Benyaminin saxlanma səbəbi: Yusifdə (ə) olduğu kimi, Benyaminin xəbərindən sonra da Yaqub (ə) oğlanlarına “nəfsiniz bu işi sizə gözəl göstərib” deyərkən (18-ci ayə) oğlanlarını təkzib etmək və ya onlara böhtan atmaq məqsədi güdmürdü. Çünki Quran özü də onların doğru danışdıqlarını və Benyaminin həqiqətən də saxlanıldığını təsdiq edir. Əslində, həzrət Yaqub (ə) ilahi bəsirətlə Benyaminin saxlanılması ilə Yusifin (ə) itməsi arasında bir əlaqə olduğunu başa düşürdü və Yusifin (ə) də itməsinə onların nəfsani istəklərinin səbəb olduğunu bilirdi. Buna görə də o, “mən Allahın Benyamini qaytaracağına” deyil, “mən Allahın onların hamısını (Yusif, Benyamin və Misirdə qalmış böyük qardaş) mənə qaytaracağına ümidvaram” dedi. Bununla da başa salır ki, onların hamısının itirilməsi nadan oğullarının nəfslərinə aldanması nəticəsində baş vermişdir[52].
  4. Gözəl səbir: Bir gün İmam Baqirdən (ə) “gözəl səbir”in nə olduğunu soruşurlar. İmam buyurur: “(Bu) səbir edənin heç kəsə şikayətlənmədiyi səbirdir. Bir gün İbrahim (ə) nəvəsi Yaqubu (ə) abid bir rahibin yanına göndərir. Rahib onu gördükdə İbrahim (ə) olduğunu güman edib qarşısına yüyürür, görüşüb bağrına basır və onu “salam olsun Rəhmanın dostu İbrahimə” deyərək salamlayır. Yaqub (ə) buyurur: “Mən İbrahim deyiləm, İbrahimin oğlu İshaqın oğlu Yaqubam”. Rahib deyir: “Bəs nə üçün belə yaşlı və sınıxmış görünürsən?” Buyurur: “Qəm, qüssə, xəstəlik”. Yaqub hələ rahibin mənzilinə çatmamış Allah ona vəhy edərək buyurur: “Ey Yaqub, Məndən bəndələrimə şikayət edirsən?!” Elə bu vaxt Yaqub səcdəyə düşərək deyir: “Allahım, bir daha bunu təkrar etmərəm.” Allah vəhy göndərərək buyurur: “Bu dəfə səni bağışladım. Ancaq bir daha təkrarlama”. Ondan sonra Yaqub (ə) dünyanın hansı çətinliyi ilə qarşılaşırsa, heç kəsə şikayət etmir. Yalnız bir dəfə belə deyir: “Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm.”[53]

 

  1. Ey oğullarım! Gedin, Yusif və qardaşını axtarın, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər”.
  2. Onlar (Yusifin) yanına girdikdə dedilər: “Ey vəzir! Biz və ailəmiz fəlakətə uğramışıq. (Ərzaq almaq üçün) özümüzlə bir qədər mal gətirmişik. Bizim ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”.
  3. Dedi: “Nadan olduğunuz vaxt Yusifə və qardaşına nə etdiyinizi bilirsinizmi?”
  4. Dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə minnət qoydu. Kim təqvalı, səbirli və dözümlü olsa, (axırda qalib gələcək). Çünki Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
  5. Dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə xətaya yol verənlərdən olmuşuq”.
  6. (Yusif) dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhimlisidir.
  7. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün yaxınlarınızı mənim yanıma gətirin”.
  8. Karvan (Misir torpağından) ayrılanda ataları dedi: “Əgər məni ağılsız hesab etməsəydiniz, (deyərdim ki,) mən Yusifin qoxusunu hiss edirəm.
  9. Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də əvvəlki yanlışlığında qalmaqdasan”.

————————————————————————————–

  1. Yaqub (ə) Yusifin (ə) həyatda olduğunu haradan bilirdi? Hənnan ibn Südeyr adlı bir nəfər İmam Baqirdən (ə) soruşur: Yaqub (ə) Yusifin (ə) sağ olduğunu bilirdimi? Halbuki iyirmi il idi ki, Yusifdən (ə) ayrı düşmüşdü. İmam Baqir (ə) buyurur: Bəli, bilirdi. O, sübh vaxtı Allahdan ölüm mələyinin yanına enməsini istəyir. Əzrayıl yerə endikdən sonra deyir: Ey Yaqub, nə istəyirsən? Yaqub soruşur: Mənə de görüm, ruhları bir-bir alırsan, yoxsa birlikdə? Əzrayıl: “Tək-tək”, – deyə cavab verir. Yaqub soruşur: Yusifin də ruhunu almısanmı? Ölüm mələyi: “Xeyr”, – deyə cavab verir. Yaqub Yusifin sağ olduğunu başa düşür. Buna görə də oğlanlarına deyir: Oğlanlarım, gedin Yusifi və qardaşlarını axtarın!”[54]
  2. Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər: Şirk və küfrdən sonra ən böyük günah Allahın rəhmətindən naümid olmaq və ya Allahın əzabına düçar olmamağı hesab etməkdir. Quran ayələri və hədislərdə mömin insanın əzabdan qorxu və Allahın mərhəmtinə ümid hisslərini eyni səviyyədə saxlamaq göstərişi verilmişdir. İnsan ona əzab verilməyəcəyini düşünərsə, istənilən çirkaba aludə olar. Əgər Allahın rəhmətindən ümidini kəssə, özünü islah etmək yolunda çalışmaz[55]. Allahın rəhmətindən ümidini kəsən şəxs, Yaqubun dilindən də söylənilmiş ayəyə əsasən, kafir hesab edilir. Çünki belə bir şəxs Allahın sonsuz qüdrətini məhdudlaşdırır və Onun bir daha bağışlamayacağını, sonsuz lütf və mərhəmətini bir daha ona aid etməyəcəyini düşünür[56]. Hədislərdə Allahın rəhmətindən naümid olmaq ciddi şəkildə məzəmmət edilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Günahların ən böyüyü Allaha şərik qoşmaq… ondan sonra isə Allahın rəhmətindən naümid olmaq… sonra özünün Allahın əzabına düçar olunmayacağını düşünməkdir.”[57]
  3. Qüdrət sahibi olarkən bağışlamaq peyğəmbərlərin əxlaqıdır: Əvvəlki ayədə bizə mühüm bir dərs verilmiş, İslamın gözəl bir davranışı və dini qanunu aydın şəkildə təqdim edilmişdir. İslama görə, düşmən üzərində qələbə çaldıqda intiqam fikrinə düşmək, kin saxlamaq olmaz, güc və qüdrət sahibi olduqdan sonra əfv etmək lazımdır. Belə ki, İslam peyğəmbəri (s) bənzər hadisə zamanı, yəni Məkkənin fəthindən, qaniçmiş düşmənlər, müşrik və bütpərəst başçılar üzərində qələbə çaldıqdan sonra onlara belə demişdi: “Ey Qüreyş camaatı, sizinlə bağlı nə əmr edəcəyimi düşünürsünüz?… Mən sizin haqqınızda qardaşları üzərində qələbə çaldıqdan sonra qardaşım Yusifin söylədiyini söyləyəcəyəm: “Bu gün siz qınanılmayacaqsınız.[58]
  4. Allahın istədiyi olur: “Yusif” surəsindəki dərslərdən biri Allahın istəyinin yaradılmışların istəyinə qalib gəlməsidir. Xar etmək üçün qardaşları Yusifi (ə) quyuya atdılar. Ancaq hadisə onun Misirin əzizinin evinə düşməsinə və Misirin əzizi olması ilə nəticələndi. Xar etmək üçün Misirin əzizinin arvadı onu zindana saldırdı, ancaq eyni hadisə onun şahın yanında yüksək vəzifə və məqama yüksəlməsi ilə nəticələndi. Qardaşları onun qanlı köynəyini atalarına apardılar və qəm-qüssədən Yaqubun gözü kor oldu. Ancaq Allah Yaqubun (ə) gözlərinin Yusifin (ə) köynəyi vasitəsilə açılmasını istədi. Ümumiyyətlə, bütün zahiri səbəblər əl-ələ verib Yusifi (ə) xar etmək istədi, ancaq Allah onun günbəgün daha da ucalmasını və güclənməsini istədi, belə də oldu: “Allah istədiyini edəndir”[59].
  5. Müjdəçi gəlib çatdıqdan sonra köynəyi onun üzünə atdı, dərhal gözləri açıldı və dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm?”
  6. Dedilər: “Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Çünki biz, xətaya yol verənlərdən olmuşuq”.
  7. O dedi: “Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Çünki O, bağışlayandır, rəhimlidir”.
  8. Onlar Yusifin yanına gəldikdə o, ata-anasını qucaqlayıb dedi: “Hamınız Misirə daxil olun! Allahın istəyi ilə əmin-amanlıqda olacaqsınız.”
  9. Ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar ona (Yusifə) görə səcdə etdilər. O dedi: “Atacan! Bu, daha öncə gördüyüm yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O yaxşlıq edib məni zindandan çıxartdı, Şeytan mənimlə qardaşlarım arasına fitnə saldıqdan sonra sizi səhradan gətirdi. Rəbbim istədiyinə qarşı lütfkardır. Çünki O, biləndir, hikmət sahibidir.
  10. Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.
  11. Bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar qərara gəlib plan qurduqları vaxt sən onların yanında deyildin.
  12. Sən nə qədər israrlı olsan da, insanların çoxu iman gətirməyəcək.

————————————————————————————–

  1. Təvəssül Quran mətninə əsaslanan bir həqiqətdir: Bu ayəyə əsasən deyə bilərik ki, başqasının vasitəçiliyi ilə bağışlanma diləmək tövhidə zidd deyil, əksinə, Allahın lütf və mərhəmətinə nail olmaq üçün bir vasitədir. Yoxsa Yaqub (ə) peyğəmbər övladlarının ondan Allaha dua edib onların bağışlanılmalarını istəməsini necə qəbul edə və vastəçilik istəklərini müsbət qarşılaya bilərdi? Bu, onu göstərir ki, Allahın vəlilərinə təvəssül etmək icazəli bir əməldir. Bunu yasaq və tövhid prinsipinə zidd bir davranış hesab edənlərin ya Qurandan xəbərləri yoxdur, ya ondan düzgün nəticə ala bilmirlər, ya da yanlış təəssübkeşlikləri onların Quran maarifinin həqiqətlərinə nail olmasına mane olur[60].
  2. Nə üçün Yaqub (ə) oğlanları üçün Allahdan bağışlanma istəyini sonraya saxladı? Yaqubun (ə) oğlanları üçün bağışlanma istəyini təxirə salmasının səbəbi bəlkə də bu ola bilər ki, o, öncə Yusifi (ə) görməklə Allahın ona bəxş etdiyi nemətin tamamlandığını, qəlbən tam məmnun olmaq, Yusifin (ə) ayrılıq acısını qəlbindən tamamilə təmizləmək, bundan sonra şəfqətlə dua etmək istəyirdi. Bəzi hədislərə əsasən deyə bilərik ki, bəlkə də o, bu diləyi duanın qəbul ediləcəyi ehtimal edilən bir günə saxlamışdı. Belə ki, İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “ Yaqub bağışlanma diləyini cümə günü sübh vaxtına qədər təxirə saldı”. Başqa bir hədisində İmam Sadiqin (ə) Peyğəmbərdən belə nəql etdiyini oxuyuruq: “Allahı çağıracağınız ən yaxşı vaxt sübh vaxtıdır. Yaqub (ə) duanı səhər açılana qədər təxirə saldı.”[61] Bu iki hədisə əsasən deyə bilərik ki, bəlkə də ümumi şəkildə səhərlər, xüsusi şəkildə isə cümə günü sübh vaxtı Allaha dua və minacat etmək üçün ən yaxşı vaxtdır.
  3. Yusifin ailəsi Yusifə (ə) deyil, Yusifə (ə) görə səcdə etdi: Səcdə şübhəsiz ki, Allaha məxsus olan bir ibadətdir. Bütün peyğəmbərlərin dəvət hədəfi olan tövhidin mənası da elə məhz budur. Buna görə də nə Yusif (ə) ona səcdə edilməsinə icazə verərdi, nə Yaqub (ə) kimi böyük bir peyğəmbər bunu edərdi, nə də Quran onu layiqli və məqbul bir əməl kimi təqdim edərdi. Deməli, bu səcdə Allaha edilmiş bir şükür səcdəsi olmuşdur. O Allaha ki, bütün bu nemətləri, məqamı, dərəcəni, əzəmət və böyüklüyü Yusifə (ə) bəxş etmiş, Yaqub (ə) ailəsinin çətinliklərini həll etmişdi. Belə olan surətdə Yaqubun (ə), zövcəsinin və övladlarının Allaha etdiyi səcdə Yusifə (ə) görə olduğu üçün ona hörmət və ehtiram əlaməti də sayılırdı. Məsum imamların (ə) çoxlu sayda hədislərində onların səcdəsinin Allaha ibadət və itaət, Yusifə (ə) hörmət, Allaha şükür səciyyəsi daşıdığını oxuyuruq. Mələklərin Adəmə (ə) səcdəsi məsələsində də səcdə belə bir heyrətamiz varlıq yaradan böyük Allaha ibadət məzmunu daşımaqla yanaşı, Adəmin (ə) məqamına hörmət səciyyəsinə də malik idi. Bunu belə izah edə bilərik ki, bir nəfər çox mühüm və böyük bir iş görür. Biz də belə bir bəndə yaratdığı üçün Allaha səcdə edirik. Bu səcdə Allaha ibadət, sözügedən bəndəyə isə hörmət sayılır[62].
  4. Yusifin (ə) yuxusunun yozumu: Bu ayədə yuxu deyilərkən Yusifin (ə) uşaq vaxtı görüb atasına danışdığı yuxu nəzərdə tutulur. O, yuxuda Günəşin, Ayın, və on bir ulduzun ona səcdə etdiyini görmüşdü. Atası, anası və qardaşları Misirə gəldikdən sonra ona görə səcdəyə düşdükləri vaxt Yusif (ə) həmin yuxunun yozumunu açıqladı[63].
  5. Sən onlardan bir mükafat istəmirsən. Bu, aləmlər üçün yalnız bir xatırlatmadır.
  6. Göylərdə və yerdə nə qədər əlamət vardır ki, onların yanından üz çevirib keçirlər.
  7. Allaha iman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir.
  8. Məgər onlar Allahın (hər tərəfi) bürü­­yən əzabından yaxa qurtacaqlarına, ya da gözləmədikləri bir vaxt saatın (Qiyamətin) qəfildən gəlməyəcəyinə əmindirlər?
  9. De: “Bu, mənim yolumdur. Mən və mənim ardıcıllarım ayıq və tam əminliklə insanları Allaha doğru dəvət edirik. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”.
  10. Biz səndən əvvəl məmləkətlərin sakinlərindən yalnız vəhy etdiyimiz kişiləri elçi göndərdik. (Sənin çağırışına qarşı çıxanlar) özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi? Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər düşünmürsünüz?
  11. (Peyğəmbərlər öz dəvətlərinə, düşmənlər də qarşıdurmalarına davam etdikləri halda,) elçilər ümidlərini itirdikdə və (camaat da) onlara yalan deyildiyini güman etdiklərində köməyimiz onlara gəlir və istədiklərimiz nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla geri çevrilməz.
  12. Onların başına gələnlərdə düşüncə sahibləri üçün bir ibrət vardır. Bunlar uydurulmuş hekayələr deyil, özündən əvvəlkilərlə uyğunluğu olan, hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir zümrə üçün hidayət və mərhəmətdir.

———————————————————————————–

  1. İtaətdə şirk: Allah bu surənin 103-105-ci ayələrində Peyğəmbərin (s) muzd istəməməsinə, göylərdə və yerdə Allahı xatırladan saysız-hesabsız əlamətlər olmasına baxmayaraq, insanların çoxunun iman gətirmədiyini, daha sonra isə iman gətirən azlığın da çox hissəsinin şirkə bulaşdığını buyurmuşdur. İmanla şirk bir-biri ilə əks qütblərdə dayanır. Bir nəfər imanın ən yüksək və ya şirkin ən aşağı mərtəbəsində və yaxud da bu ikisinin arasında ola bilər. Yəni mömin olduğu halda, şirkə bulaşa bilər. İman qəlbin itaətkarcasına Allaha bağlılığıdır. Bu bağlılığın isə güclü və ya zəif dərəcələri vardır. Bir nəfər Allahın ixlaslı bəndələri kimi, Allahdan qeyrisinə ürək bağlamaz. Belə oan surətdə iman zirvəsində qərarlaşmış olur. Bir nəfər də haqq-həqiqəti unudub tamamilə Allahdan qeyrisinə, keçici maddi həyata bağlana bilər. Bu iki nöqtə arasında dərəcə və mərhələlər var. Sözügedən ayədə həmin mərhələlərə işarə edilmişdir. Məsələn, bir nəfər Allahdan qorxduğunu, Ona iman gətirdiyini iddia etdiyi, bütün güc-qüvvənin Allaha məxsus olduğunu bildyi halda, hər hansı müsibət və çətinliyin qorxusundan bütün varlığı ilə tir-tir əsə, “bütün güc və qüvvə Allaha məxsusdur” ayəsindən xəbərdar olduğu halda, gücü Allahdan qeyrisindən istəyə, Allahın ruzi verən olduğuna inandığı halda, hər bir mərd və namərdin qapısını döyə, Allahın hər şeydən xəbərdar olduğuna imanı olduğu halda, yenə utanmaya və Allahın hüzurunda günah edə bilər. Bu cəhətdən ayədə şirkin bəzi mərhələləri ilə imanın bəzi mərhələlərinin bir araya gələ biləcəyinə işarə edilmişdir. Əxlaq terminologiyasında buna “gizli şirk” deyilir. Ayənin incə məqamlarına işarə edən Əhli-beyt (ə) hədisləri bu cəhətdən daha çox diqqət və düşüncə tələb edir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Bu ayədə ibadət deyil, itaətdə şirk nəzərdə tutulmuşdur. İnsanların etdikləri günahlar itaətkarlıqda şirkdir. Çünki günah edənlər Şeytana itaət edir, Allaha itaətdə Şeytanı da Allaha ortaq edirlər. Bu günahlar ibadət şirki olmadığı üçün Allahdan qeyrisinə ibadət hesab edilmir.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Burada küfr həddinə çatmamış şirk nəzərdə tutulmuşdur.” Başqa bir hədisində İmam Sadiq (ə) belə buyurmuşdur: “Ayədəki şirki belə izah edə bilərik: məsələn, bir nəfər deyir: “Əgər filankəs olmasaydı, mən məhv olmuşdum, əgər filankəs olmasaydı çətinliyə düşəcək, ailəmi itirəcəkdim.” Bu şəxs Allaha idarəedici ortaqlar qoşmuşdur, onları ruziverən, bəla və müsibətləri dəf edən hesab edir.” Hədisin ravisi imamdan “bir adamın: “Əgər Allah filankəsi yetirməsəydi, mən batmışdım, məhv olmuşdum”, – deməsi də şirkdir?” – deyə soruşduqda İmam buyurur: “Bu, yaxşıdır və heç bir eybi yoxdur”[64].
  2. Tövhidin yüksək zirvəsinə dəvət edənlər: Allah-taala əvvəlki ayədə kamil imanın və xalis tövhidin çətinliklə əldə edilən bir gövhər olduğunu, möminlərin çoxunun həmin mərhələyə çata bilmədiyini buyurduqdan sonra peyğəmbərinə bildirir ki, Allah yolu ayıqlıq və bəsirətlə müşayiət olunan xalis tövhidə çağırışdır. Bu yüksək zirvəyə çatmaq üçün Allah rəsulunun (s) çağırışına müsbət cavab vermək lazımdır. Burada diqqət çəkən cəhət dəvət vəzifəsinin təkcə Peyğəmbərə (s) deyil, bütün davamçılara aid olmasıdır. Əlbəttə, bu ağır və məsuliyyətli vəzifəni öz üzərinə yalnız Peyğəmbər (s) kimi şirkdən uzaq olan, elmli, ayıq və Allaha əminliklə inanan adam götürə bilər. Davamçı olduğunu iddia edən hər kəs də Allaha dəvət məsuliyyətinin altına girə bilməz. Belə ki, 106-cı ayədə Allah-taala belə buyurur: “İman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir.” Əhli-beyt (ə) hədislərində “davamçı və ardıcıllar” deyilərkən bu ayədə möminlərin əmiri İmam Əli (ə) və ondan sonrakı imamların nəzərdə tutulduğu qeyd edilmişdir[65]. Əlbəttə, məsum imamlar (ə) Peyğəmbərin (s) ən parlaq davamçıları olduqları üçün ayənin məzmunu onlara şamil olsa da, təkcə onlarla məhdudlaşmır.

[1] Əl-Mizan, c.11, səh.62

[2] Əl-Mizan, c.11, səh.75

[3] Əl-Mizan, c.11, səh.80

[4] Nümunə, c.9, səh.318

[5] Əl-Mizan, c.11, səh.84

[6] Mənşuri-cavid,c.11, səh.347

[7] Nümunə, c.9, səh.326

[8] Nümunə, c.9, səh.323

[9] Əl-Mizan, c.11, səh.102

[10] Mənşuri-cavid,c.11, səh.355

[11] Nümunə, c.9, səh.350

[12] Nümunə, c.9, səh.357

[13] Nümunə, c.9, səh.361

[14] Əl-Mizan, c.11, səh.122

[15] Nümunə, c.9, səh368

[16] Əl-Mizan, c.11, səh.128

[17] Mənşuri-cavid,c.11, səh.375

[18] Əl-Mizan, c.11, səh.136

[19] Nümunə, c.9, səh.389

[20] Əl-Mizan, c.11, səh.147

[21] Nümunə, c.9, səh.388

[22] Əl-Mizan, c.11, səh.156

[23] Nümunə, c.9, səh.402

[24] Nümunə, c.9, səh.375

[25] Mənşuri-cavid,c.11, səh.390

[26] Nümunədən iqtibas edilmişdir, c.9, səh.311; c.19, səh.481

[27] Əl-Mizan, c.11, səh.175

[28] Əl-Mizan, c.11, səh.177

[29] Əl-Mizan, c.11, səh.180

[30] Nümunə, c.9, səh.418

[31] Nəhcül-bəlağə, 198-ci hikmət

[32] Əl-Mizan, c.11, səh.190

[33] Əl-Mizan, c.11, səh.191

[34] Nümunə, c.9, səh.230

[35] Ətyəbül-bəyan, c.7, səh.210

[36] Əl-Mizan, c.11, səh.203

[37] Əl-Mizan, c.11, səh.203

[38] Əl-Mizan, c.11, səh.201

[39] Əl-Mizan, c.11, səh.209

[40] Ətyəbül-bəyan, c.7, səh.221

[41] Əl-Mizan, c.11, səh.211

[42] Əl-Mizan, c.11, səh.216

[43] Nümunə, c.10, səh.26

[44] Əl-Mizan, c.11, səh.220

[45] Əl-Mizan, c.11, səh.223

[46] Nümunə, c.10, səh.39

[47] Pəyame-Quran, c.7, səh.121

[48] Əl-Mizan, c.11, səh.225

[49] Nümunə, c.10, səh.37

[50] Əl-Mizan, c.11, səh.242

[51] Əl-Mizan, c.11, səh.232

[52] Əl-Mizan, c.11, səh.233

[53] Əl-Mizan, c.11, səh.243

[54] Əl-Mizan, c.11, səh.243

[55] Ətyəbül-bəyan, c.7, səh.260

[56] Əl-Mizan, c.11, səh.237

[57] Üsuli-kafi, c.2, səh.303

[58] Nümunə, c.10, səh.95

[59] Əl-Mizan, c.11, səh.245

[60] Nümunə, c.10, səh.75

[61] Əl-Mizan, c.11, səh.247

[62] Nümunə, c.10, səh.83

[63] Əl-Mizan, c.11, səh.249

[64] Əl-Mizan, c.11, səh.278

[65] Əl-Mizan, c.11, səh.279

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir