“Nisa” surəsi

“Nisa” surəsi

Rəhman və Rəhim Allahın adı ilə!

  1. Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və o ikisindən də dünyaya çoxlu sayda kişi və qadınlar gətirən Rəbbinizdən qorxun! Allahın adını çəkərək bir-birinizdən nə isə istəyəndə Allahdan qorxun, habelə qohumluq əlaqələrini kəsməkdən çəkinin! Çünki Allah üzərinizdə gözətçidir!
  2. Yetimlərin mallarını (həddi-büluğ yaşına çatdıqda) özlərinə verin və (özünüzün) pis mallarınızı (onların) yaxşı malları ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Çünki bu, böyük günahdır.
  3. Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfərlə izdivac edin! Əgər (onlarla) ədalətlə davranacağınızdan əmin deyilsinizsə, o zaman təkcə bir qadınla evlənin və ya sahib olduğunuz qadınlardan biri ilə kifayətlənin. Bu davranış zülm və haqsızlığın qarşısını yaxşı alır.
  4. Qadınlarınızın mehriyyələrini onlara (tam şəkildə) bir borc kimi ödəyin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!
  5. Allahın sizə dolanmaq üçün bəxş etdiyi malları əqli yetkinliyi olmayanlara verməyin. Həmin maldan onlara verin, onları geyindirin və onlara xoş sözlər deyin!
  6. Nikah yaşına çatdıqda yetimləri sınayın. Əgər yetərincə böyüdüklərini görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüməzdən əvəvl mallarını yeyib israf etməyin. Ehtiyacsız olan şəxs o mala toxunmasın (zəhməthaqqı götürməsin), ehtiyacı olan isə (çəkdiyi zəhmət miqdarında) ondan yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!

———————————————————————————

“Nisa” surəsinin ümumi məzmunu: Bu surənin əsas mövzuları: 1. İmana, ədalətə, qatı düşmənlərlə dostluq əlaqəsinin kəsilməsinə dəvət; 2. Sağlam olmayan cəmiyyətlərlə tanış olmaq üçün keçmiş xalqların başına gələn hadisələrdən fraqmentlər; 3. Ehtiyaclıların, o cümlədən yetimlərin və sairənin himayə edilməsi və onların hüquqlarının qorunması ilə bağlı göstərişlər; 4. Miras qanunu, təbii və ədalətli metod əsasında; 5. Evlənmə ilə bağlı qanunlar, iffətliliyin və abır-həyanın qorunması üçün qanunlar; 6. Ümumi sərvətin qorunması üçün ümumi qanunlar; 7. İslam cəmiyyətinin düşmənlərinin tanıtdırılması və müsəlmanları düşmənlərə qarşı ayıq etmək; 8. İslam hökuməti və belə bir hökumətdə rəhbərə itaət göstərmənin zəruriliyi; 9. Hicrət etmənin əhəmiyyəti və onun zəruri halları[1].

  1. Adəm və Həvva – bəşəriyyətin ata və anası: Bu və digər ayələrdən belə məlum olur ki, bütün insanlar eyni ata-ananın övladlarıdırlar. Quranda insanların atasının Adəm olduğu qeyd edilsə də, analarının adı qeyd edilməmişdir. Hədislərdə onun Həvva olduğu bildirilmişdir. Yəhudi tarixində insanın sonuncu növünün yaşının yeddi min olduğu göstərilmişdir. Araşdrımalar bu faktı təsdiq edir. Əlbəttə, biologiyada insanlıq tarixinin daha çox olduğu, eradan əvvələ aid olan tapıntılar və insan skeletlərinin bunu təsdiq etdiyi iddia edilsə də, tapıntıların və skeletlərin müasir insanın əcdadlarına aid olduğunu sübut edəcək qaneedici dəlillər yoxdur. Ola bilər ki, insan yaranışından əvvəl yer üzündə insanın başqa növləri yaşamış, sonra məhv olmuşlar. Müasir insan onların sonuncu növüdür. Quranda bu mövzu açıq şəkildə bəyan edilməsə də, bəzi ayələrdən, o cümlədən “Bəqərə” surəsinin 30-cu ayəsindən bunu başa düşmək olur. Bəzi hədislərdə bizim dövrdən əvvəl başqa insanların olduğu açıq şəkildə ifadə edilsə də, Quran və hədislərdə müasir insanların bir ata və bir anadan törədiyi açıq şəkildə bəyan edilir[2].
  2. Mehriyyə qadının danılmaz haqqıdır: Cahiliyyət dövründə qadınlara dəyər verilmir, qadının qeyd-şərtsiz haqqı olan mehriyyə onun qəyyumlarına verilir və o, qadının qəyyumlarının etirazsız mülkü hesab edilirdi. Bəzən bir qadının mehriyyəsi baqşa bir qadın üçün mehriyyə təyin edilirdi. Məsələn bir qardaş öz bacısını başqasına ərə verib əvəzində həmin adamın bacısını alırdı. Bu zaman qadınların mehriyyəsi əvəzlənmə olurdu. İslam bu qəddar ənənələrin üzərindən xətt çəkdi və mehriyyənin qadının qeyd-şərtsiz haqqı olduğunu elan etdi. Quranda kişilərə bu hüquqa tam şəkildə riayət etməsi israrla tövsiyə edilmişdir. İslamda mehriyyə üçün bəlli bir miqdar müəyyən edilməmiş, bu, evlənənlərin öz ixtiyarına buraxılmışdır. Bütün bunlarla yanaşı, hədislərdə mehriyyənin ağır təyin edilməməsi ilə bağlı göstərişlər verilmişdir. Nəzərə almaq lazımdır ki, qadın və kişi evlilikdən bərabər şəkildə faydalanırlar. Amma kişi ilə qadın boşandıqda qadının daha çox ziyana düşəcəyini inkar etmək olmaz. Qadının evlilik zamanı məhrum olduğu imkanlar kişinin itirdiyi imkanlardan daha çoxdur. Mehriyyə əslində, qadının zərərini ödəmək və gələcək yaşayışını təmin etmək üçün bir vasitədir. Bundan əlavə, mehriyyə kişinin boşanma meyli qarşısında həm də əyləc rolunu oynayır. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, mehriyyə qadının qiyməti deyil, onun ziyanlarının aradan qaldırılmasına və hüquqlarının qorunmasına xidmət edir. Ayədə bəxşiş mənasını ifadə edən “nəhlə” sözü ilə bəlkə də bu cəhətə işarə edilmişdir[3].
  3. Səfeh (əqli yetkinliyi olmayan): Səfeh əqli və fikri cəhətdən inkişaf etməmiş, dini və dünyəvi məsələləri ayırd edə bilməyən adama deyilir. Həddi-büluğa çatmayan yetim də bura aiddir. Bu sözün zahiri mənasından belə başa düşülür ki, səfeh sözünün mənası çox genişdir. Belə ki, hədislərdə şərabxor, açıq-aşkar günah edən insan, hətta etimad göstərilməyən insan da səfeh hesab edilmişdir[4].
  4. Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Azlığından və ya çoxluğundan asılı olmayaraq, bu, təyin edilmiş və ödəniləcək bir paydır.
  5. Bölgü zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!
  6. Özlərindən sonra aciz və zəif övladlar qoyub gedəsi olan şəxslər onlardan ötəri necə qorxurlarsa, (camaatın yetimlərinə qarşı haqsızlıq etməkdən də) o cür qorxsunlar! Allahdan qorxsunlar və qətiyyətli söz sahibi olsunlar.
  7. Yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər, əslində, od yeyirlər və tezliklə Cəhənnəm odunda yanacaqlar.
  8. Allah övladlarınız haqqında sizə tövsiyə verir, oğula iki qız hissəsi qədər pay düşür. Əgər qızlarınızın sayı (iki və) ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər övladı olmasa, varisi yalnız ata və anadan ibarət olarsa, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan beşdə bir hissə yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilməzsiniz. Bu, Allah tərəfindən müəyyən edilmiş vacibdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

————————————————————————————-

  1. Cahiliyyət dövründə qadının vəziyyəti və Quranın mövqeyi: Surənin ilk ayələrinin əsas mövzusu evlənmə və mirasla bağlıdır. Cahiliyyət dövrü kimi tanınmış islamaqədərki dövrün vəziyyəti ilə bağlı məlumat bu ayələrin başa düşülməsinə daha çox kömək edir. Qan tökmək, yersiz təəssübkeşliklər, təkəbbür, məğrurluq, zalımlara itaət, məzlumların hüquqlarının tapdalanması, düşmənçilik və münaqişə, qumar, şərabxorluq, zina, qan və murdar olmuş heyvanların ətini yemək, xarab olmuş xurma yemək və sairə həmin dövrün ərəbləri arasında üstünlük hesab edilirdi. Həmin vaxt qadınlar insan cəmiyyətinə xas olan imtiyazlardan məhrum idilər, heç bir ixtiyarları yox idi, ata, ana və qardaşlarının miraslarında heç bir pay sahibi deyildilər. Kişilər onlarla heç bir qeyd-şərt olmadan evlənirdilər. Bütün bunlarla yanaşı, qadınlar özlərni bəzəyib sevdikləri insanı özlərinə cəlb edirdilər. Nəticədə, zina və ərli qadınlarla evlənmə kimi qeyri-qanuni evliliklər ərəblər arasında geniş yayılmışdı. Cahiliyyət dövrünün uşaqları yalnız atalarına bağlı idilər. Əgər kiçik yaşlarında atalarını itirsəydilər, mirasdakı paylarından məhrum olurdular, miras yalnız böyük övladlara aid olurdu. Miras bölgüsünə ölənin arvadı da aid olurdu. Yəni ata öldükdən sonra böyük oğul atasının arvadı, yəni ögey anası ilə evlənirdi. Qadınlar və kiçik övladlar (qız və ya oğlan olmasından asılı olmayaraq) mirasdan məhrum idilər. Yalnız böyük övlad olmadığı təqdirdə kiçiklər mirasda pay sahibi olurdular. Amma bu halda da imkanlı qohumlar yetimin himayəçisi olur və malını yeyirdilər. Əgər uşaq qız olsaydı, malını yemək üçün onunla evlənirdilər. Malının axırına çıxdıqdan sonra onu boşayırdılar. Beləcə, həmin qadının heç nəyi qalmırdı. Nə yaşayışını təmin edəcək bir malı, nə də ona rəğbət göstərib ailə quracaq və qarnını doyuracaq bir kəsi olurdu. Yetimlərin problemi Cahiliyyət dövrünün ərəblərinin ən böyük problemlərindən idi. Ardı-arası kəsilməyən müharibələr, qarətlər və qətllər çoxlu sayda uşağın atasız qalmasına səbəb olurdu[5]. Quran belə bir şəraitdə nazil oldu və bu çirkinliklərin hər birinə qarşı mübarizəyə qalxdı.
  2. Əməllərin təcəssümü və yetim malını yeməyin cəzası: Bu ayədən məlum olur ki, əməllərimizin zahiri siması olduğu kimi, bu dünyada bizim görə bilmədiyimiz həqiqi siması da var. Bu sima o biri dünyada zahir olacaq, əməllərin təcəssümü orada gerçəkləşəcək. Quranın bu ayəsində bildirilir ki, yetim malı yeyənlərin əməllərinin zahiri ləziz və rəngarəng yeməklərdən faydalanmaq olsa da, həmin yeməklərin batini yanar oddur. Qiyamətdə məhz həmin batini sima aşkara çıxacaq. İmam Baqir (ə) buyurmuşdur: “Yetim malı yeyən şəxs Qiyamətə qarnında odla gələcək. Od qarnında elə alovlanacaq ki, şölələri ağzından çıxacaq və bütün məhşər əhli onun yetim malı yediyini başa düşəcək.” Əməlin həqiqi siması hər zaman onun zahiri keyfiyyəti ilə xüsusi bir tənasüb təşkil edir. Yetim malı yemək və onun hüquqlarını qəsb etmək yetimin qəlbini yandırdığı, ruhunu incitdiyi kimi, həmin əməlin həqiqi siması da yandırıcı oddur. Yetimlərin malına təcavüzün çox pis bir əməl olmasını ifadə edən çoxlu sayda hədis mövcuddur. Bu hökm hətta yetimlərin malına edilən kiçik bir təcavüzə belə şamil olur. Məsumdan (ə) yetim malına hansı miqdarda təcavüzün od əzabına səbəb olması ilə bağlı soruşulduqda: “İki dirhəm miqdarında”, – deyə cavab vermişdir[6].
  3. (Vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcları ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Övladları olduğu təqdirdə isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, onlara (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. Bu, Allahın göstərişidir. Allah biləndir, həlimdir!
  4. Bunlar Allahın sərhədləridir (qanunlarıdır). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük bir qurtuluş və qələbədir.!
  5. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa (qanunlarını pozarsa), onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici bir əzab gözləyir.

————————————————————————————–

  1. Nə üçün kişinin miras payı qadının miras payından iki dəfə çoxdur? Bu və əvvəlki ayədə miras hökmlərindən danışılır. “Kişinin miras payı qadının miras payından nə üçün iki dəfə çoxdur?” sualına gəlincə isə, qeyd etməliyik ki, bu, zahirən belə görünür, lakin daha çox diqqət yetirdikdə aydın olur ki, qadının payı kişinin payından iki dəfə çoxdur. Bunun səbəbi isə İslamın qadın hüquqlarını müdafiə etməsidir. Belə ki, İslama görə gəlirlərinin yarısını qadınlara xərcləmək kişilərin vəzifəsidir. Halbuki qadınların üzərinə belə bir vəzifə qoyulmamışdır. Kişi həyat yoldaşını onun ehtiyaclarına uyğun olan ev, geyim, yemək və sair zəruri vasitələrlə təmin etməlidir. Habelə övladların məişət xərclərini təmin etmək də kişinin vəzifəsidir. Buna görə də qadın öz miras payını tamamilə saxlaya bilər. Kişi isə miras payını özü, həyat yoldaşı və övladlarına xərcləmək məcburiyyətindədir. Nəticədə, kişinin gəlirinin yarısı özünə, yarısı izə həyat yoldaşına sərf edildiyi halda, qadının payı toxunulmaz qalır. İslam dini ilə bağlı yazılmış əsərlərə müraciət etdikdə məlum olur ki, qeyd olunan sual İslamın ilk dövrlərindən meydana gəlmişdir. İslam öndərlərinə bu barədə tez-tez suallar verilmişdir. Əhli-beyt imamalrının (ə) verdiyi cavabın məzmunu adətən ondan ibarət olurdu ki, Allah-taala qadına mehriyyə ödəməyi kişiyə vacib etmşdir. Buna görə də onların payını çox etmişdir. İmam Rzadan (ə) bu barədə sual edildikdə belə cavab vermişdir: “Qadınların miras payının kişilərin miras payından çox olmasının səbəbi budur ki, qadın ailə qurarkən mehriyyə alır, kişi isə mehriyyə verir. Bundan əlavə, qadınların dolanışıq xərcləri də kişilərin öhdəsinədir, halbuki qadın nə özü, nə də həyat yoldaşının xərcini ödəmək məsuliyyəti daşımır.”[7]

Başqa bir məlumatda qeyd edilir ki, dinin əsas prinsiplərini (üsuli-dini) inkar edən İbn Əbül-əvca bir gün deyir: “Yazıq qadının nə günahı var ki, qadına mirasdan bir, kişiyə isə iki pay düşür?” Bu xəbər İmam Sadiqə (ə) çatdıqda buyurur: “Qadına cihad, ailənin təminatı, bilmədən törədilən cinayətin maddi cəriməsi vacib olmadığı halda, bütün bunlar kişiyə vacibdir. Buna görə də qadına bir, kişiyə isə iki pay düşür.”[8]

  1. Ayənin orijinalında işlənmiş “hüdud” (sərhədlər) sözü “hədd” sözünün cəmidir, mənası qarşısını almaq, mane olmaq deməkdir. İki şeyin arasına ayrılıq salan, onları bir-birindən ayıran vasitəyə hədd deyilir. Məsələn, evlərin arasındakı sərhədlər, bağlar arasındakı sərhədlər, şəhər və ölkələr arasındakı sərhədlər və s. Bu sərhədlər onları bir-birindən ayırır. “Bunlar Allahın sərhədləridir” cümləsi Quranda altı yerdə işlənmişdir. Onların hamısında sözügedən ifadə bir sıra ictimai hökmlər və qaydalar bəyan edildikdən sonra qeyd edilmişdir. “Bəqərə” surəsinin 188 (Etikaf zamanı cinsi münasibətin yasaqlığı və orucun hökmləri elan edildikdən sonra), 229 və 230-cu ayələri, “Təlaq” surəsinin 10-cu ayəsi (boşanma hökmünün müəyyən hissəsini bəyan etdikdən sonra), “Mücadələ” surəsinin 4-cü ayəsi buna misaldır. Qeyd olunan yerlərin hamısında aşılması qadağan edilən hökmlər və qanunlardan söhbət açılır. Buna görə də Allahın sərhədləri adlandırılmışlar[9].
  2. Qadınlarınızdan zina edənlərə qarşı dörd nəfər şahid tələb edin! Əgər onlar (bu işə) şəhadət verib təsdiq etsələr, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!
  3. İçərinizdən belə (çirkin) iş görən (subay) qadın və kişilərə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onlardan əl çəkin! Çünki Allah tövbələri qəbul edəndir, bağışlayandır!
  4. Allah tərəfindən yalnız bilmədən pis iş görüb dərhal da tövbə edən şəxslərin tövbəsi qəbul olunur. Allah belələrinin tövbəsini qəbul edir! Allah biləndir, hikmət sahibidir!
  5. Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!
  6. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə onlara verdiyiniz şeylərin (mehriyyənin) bir hissəsinə sahib çıxmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) davranın. Əgər (hər hansı səbəbdən) onlara nifrət etsəniz (tez də ayrılmaq qərarına gəlməyn). Sizin xoşlamadığınız çox şeydə Allah çoxlu xeyirlər nəzərdə tuta bilər.

—————————————————————————————-

  1. Zina etmiş ərli qadınlarla bağlı müvəqqəti hökm: Ayənin “yaxud Allah onlar üçün bir yol açanadək” cümləsindən bu hökmün müvəqqəti səciyyə daşıdığı məlum olur. Bu hökm ilk başlanğıcda elan edilmişdir. Belə ki, bu cümlə ilə gələcəkdə bu çirkin davranışla bağlı yeni hökm göndəriləcəyinə işarə edilir. Yeni hökm gəldikdə zina etdikləri üçün evlərdə həbs edlən və nəzarət altında saxlanılan qadınlar təbii ki, həbsdən azad ediləcəklər və onların haqqında yeni cəza tədbiri görülməyəcək. Onların həbsdən azad edilməsi əvvəlki hökmün qüvvədən düşməsinə görədir. Yeni cəza növünün həyata keçirilməməsi cəza qanununun daha əvvəl zina etmiş şəxslərə aid edilməməsi ilə bağlıdır. Yeni qanun gələcəkdə bu çirkin davranışı etmiş şəxslərə şamil olur. Zina etmiş ərli qadınlar üçün İslamda sonradan müəyyən edilən cəza daşqalaq qanunudur[10].
  2. Tövbənin qəbul olunması şərtləri: Bu ayədə tövbənin qəbul olunması üçün iki şərt qeyd edilmişdir: birincisi, bilməməzlikdən günah etmək, ikincisi isə, dərhal tövbə etmək. Təfsirçilər bu iki şərti izah edərkən bildirirlər ki, “bilməməzlik” deyilərkən burada günahın düşmənçilik və inadkarlıq zəminində deyil, nəfsani istəklər, ehtiras və qəzəb nəticəsində baş verməsi nəzərdə tutulur. Bu davranışlar ona görə bilməməzlik hesab edilir ki, ehtiras və qəzəb soyuduqdan sonra insan etdiyi əməldən peşman olur. Əslində, əksər günahlar bilməməzlik və ağılsızlıq ucbatından baş verir. Çünki günah edərkən ehtiras və qəzəb insanın ağıl və düşüncəsinin üstünü örtür.

İkinci şərtə gəlincə, bildirirlər ki, bu ayədə “qərib” (dərhal, tez) deyilərkən ölüm insanı haqlamazdan və ölüm nişanələri bəlli olmazdan əvvəlki hal nəzərdə tutulur. Bu ayə İmam Səccadın (ə) “Əbu Həmzə” duasında daha geniş şəkildə izah etdiyi həqiqəti bəyan edir. Həmin duada İmam Səccad (ə) Allaha xitab edərək buyurur: “İlahi, Sənə qarşı günah edərkən allahlığını əsla inkar etmədim, əmrinə qarşı etinasızlıq etmədim, günaha, Sənin cəzana tuş gəlmək, əzab vədini inkar etmək niyyəti ilə yol vermədim. Xəta etdim, pisliklərə əmr edən nəfs haqqı mənə anlaşılmaz etdi, ehtiras mənə üstün gəldi.[11]

  1. Qadınlara hörmət və onlarla yaxşı davranmaq: Allah-taala bu ayədə kişilərə həyat yoldaşları ilə yaxşı davranmaq göstərişi verir. Hədislərdə də bu mövzuya çox təkid edilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Ailə quran hər bir kəs həyat yoldaşını əzizləməlidir.”[12] Peyğəmbər (s) başqa bir hədisində belə buyurmuşdur: “Himayəsi altında olanların hüquqlarını pozan şəxs məlundur, məlundur!”[13] İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə qeyd edilir: “Allah həyat yoldaşı ilə yaxşı davranan şəxsə rəhmət eləsin.”[14]
  2. Əgər arvadınızın yerinə başqa bir arvad almaq istəsəniz, ona (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər qadınların mehriyyəsini geri almaq üçün böhtan və aşkar bir günahamı əl atacaqsınız?
  3. Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (izdivac vaxtı) sizdən möhkəm əhd-peyman almışdılar.
  4. Atalarınızın evlənmiş olduğu qadınlarla əsla evlənməyin! Yalnız keçmişdə (bu hökm gəlməzdən əvvəl) olan bu cür işlər müstəsnadır. Çünki bu, çox çirkin, iyrənc işdir və yanlış bir yoldur!
  5. Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Çünki Allah bağışlayandır, rəhm edəndir!

—————————————————————————————-

  1. İftira ataraq mehriyyəni qadınlardan geri almayın: Bu ayənin nazilolma səbəbindən danışarkən bildirirlər ki, İslamdan əvvəl arvadlarını boşayıb yenidən evlənmək istəyən kişilər mehriyyə verməkdən boyun qaçırmaq üçün əvvəlki arvadlarını əxlaqsızlıqda günahlandırır, onlara mehriyyələrini qaytarana qədər təzyiq göstərir, həmin mehriyyəni isə ikinci arvadlarına verirdilər. Bu ayə nazil oldu, qeyd olunan çirkin ənənənin qarşısını almaqla onu pislədi[15].
  2. Qadının kişidən möhkəm əhd-peyman alması: İmam Sadiq (ə) “onlar sizdən möhkəm əhd-peyman alıblar” cümləsi haqqında belə buyurmuşdur: “Əhd-peyman deyilərkən nikahı zamanı oxunan cümlələr nəzərdə tutulur.”[16]
  3. Cahiliyyət dövründə ögey analara qarşı təəssüf doğuran münasibət: Bu ayənin nazilolma səbəbindən danışarkən bildirirlər ki, Cahiliyyət dövründə kimsə dünyasını dəyişsəydi, özündən sonra arvadı və uşaqları qalsaydı, həmin qadın bu uşaqların ögey anası olduğu təqdirdə miras payı kimi bölüşdürülürdü. Yəni onlar ögey anaları ilə evlənmək və ya onu başqasına ərə vermək haqqına sahib idilər. İslamdan sonra Əbu Qeys adlı ənsar dünyasını dəyişir. Oğlu ögey anasına evlənmə təklifi edir. Qadın isə deyir: “Mən səni öz övladım hesab edirəm, bu təklifə yaxşı baxmıram, amma yenə də Peyğəmbərdən (s) soruşmağı lazım bilirəm.” Qadın bu məsələni Peyğəmbərə (s) danışdıqdan sonra sözügedən ayə nazil oldu və bu ayədə haqqında danışılan ənənə kəskin şəkildə pislənilib qadağan edildi[17].
  4. Südvermə vasitəsilə məhrəm olanlar: Ayənin bir hissəsində yalnız iki qrupa işarə edilsə də, əlimizdə olan çoxlu sayda hədislərdə süd məhrəmlərinin bu iki qrupla məhdudlaşmadığı məlum olur. Peyğəmbərdən (s) nəql olunan məşhur hədisdə bildirilir ki, nəsil əlaqəsi ilə evlənilməsi qadağan olan bütün insanlar (xala, bibi, qardaşın övladı, bacının övladı), südəmmə əlaqəsi ilə də qadağan edilir (süd xalası, süd bibisi və sair)[18].
  5. (Əsir alaraq) sahib olduqlarınız istisna olmaqla (çünki əsirlik boşanma sayılır), ərli qadınlar Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək sahib olduğunuz başqa qadınlar isə sizə halal edildi. Mütə etdiyiniz (müvəqqəti nikah bağladığınız) qadınların mehriyyələrini verməyiniz vacibdir! Mehriyyə müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  6. Azad, iffətli, mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduqları iffətli mömin cariyələrdən (kənizlərdən) ala bilərlər. Allah sizin imanınızdan yaxşı xəbərdardır. Hamınız bir-birinizdənsiniz. (Azad, qul, kəniz, qadın, kişi və sair olmasından asılı olmayaraq bütün insanlar eynidir, hamısı Adəmin övladları, Allahın bəndələridir.) İffətini qoruyub saxlayan, açıq-aydın zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və mehriyyələrini onların özlərinə verin! Əgər onlar ərli olduqları halda iffətə zidd olan hərəkətə yol verərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədər olacaq. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) çətinlik çəkəcəyindən qorxanlarınız üçündür. Əgər (bu halda) səbir etsəniz, sizin üçün daha yaxşı olar. Allah bağışlayandır, rəhm edəndir!
  7. Allah (bu göstərişlərlə) sizə (xoşbəxtlik və səadət yollarını) bildirmək, sizdən əvvəlkilərin getdiyi düz yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

—————————————————————————————-

  1. Müvəqqəti evlilik: Ayənin “mütə etdiyiniz (müvəqqəti nikah bağladığınız) qadınların mehriyyələrini verməyiniz vacibdir!” cümləsi müvəqqəti evliliyin icazəli olduğunu açıq şəkildə ifadə edir. Əhli-beyt imamlarının (ə) hədislərində də müvəqqəti evliliyin sübutu zamanı bu ayəyə istinad edilmişdir. İmam Baqir (ə) Əbu Bəsirin “mütə” ilə bağlı soruşduğu suala belə cavab vermişdir: “Quranda bu məsələ yer almışdır. Quranda deyilir: “Mütə etdiyiniz….” İmam Baqir (ə) Abdullah ibn Leysinin mütə ilə bağlı verdiyi suala belə cavab vermişdir: “Allah onu Quranda, Peyğəmbərinin (s) dili ilə halal etmişdir, Qiyamətə qədər də halal olacaq.” Tarixi mənbələr müvəqqəti evliliyin Peyğəmbər (s) zamanında halal olduğunu, müsəlmanların bu əməli etdiyini, yalnız Ömər ibn Xəttabın öz şəxsi rəyi əsasında bunu qadağan etdiyini yazır. Peyğəmbərin (s) məşhur səhabəsi Cabir ibn Abdullah Ənsari belə nəql etmişdir: “Peyğəmbərin (s) zamanında, Əbu Bəkrin xəlifəliyi dövründə və Ömərin xəlifəliyi dövrünün yarısına qədər müvəqqəti evlilik hökmünə əməl edilirdi. Ömər onu qadağan etdi.” Ömərin özündən belə nəql edilmişdir: “Peyğəmbər (s) zamanında iki mütə var idi – qadınlarla mütə (müvəqqəti evlilik) və təməttö həcci (həccin xüsusi bir növüdür), mən onları qadağan etdim, onlara əməl edənləri cəzalandırdım.”

İnsan anatomiyasına azacıq diqqət yetirsək, müvəqqəti evliliyin sosial bir zərurət olduğunu anlayarıq. Bu, ümumi bir qanundur. Belə ki, əgər insanın təbii istəkləri düzgün şəkildə təmin edilməzsə, insanlar onların təminatı üçün yanlış yollara əl atacaqlar. Təbii instinktiv hisslərin tamamilə məhv edilməsinin qeyri-mümkünlüyü də inkarolunmaz bir həqiqətdir. Bunu tamamilə məhv etməyə çalışmağımız da ağılsızlıq olar. Çünki bu, bir növ yaranış qanununa qarşı mübarizədir. Buna görə də daha düzgün yol instinktlərin normal vasitələrlə təmin edilməsi və onlardan faydalı şəkildə istifadə etməkdir. Cinsi istəyin ən güclü istəklərdən olduğunu da inkar etmək olmaz. İndi belə bir sual yaranır ki, çox yerdə, əksər ictimai mühitlərdə çox adam bəlli yaş həddində daimi evlilik həyatı qura bilmir və ya bəzən evli kişilər uzun səfərlər və ezamiyyətlər zamanı cinsi təminat problemləri ilə qarşılaşırlar. Müasir dövrdə, təhsil müddətinin uzanması ilə gənclərin evlilik yaşının gecikdiyi, ictimai münasibətlərin daha da mürəkkəbləşdiyi, gənclərin ehtiraslarının yüksək olduğu yaş həddində evlənmə imkanından məhrum olduqları bir dövrdə bu problem daha da ciddiləşmişdir. Bunun üçün nə etmək lazımdır? Gəncləri rahiblər kimi öz ehtiraslarını öldürməyəmi çağıraq? Yoxsa onları sərhəd tanımayan cinsi ehtiraslar burulğanında tərk edib utancverici səhnələrə şahidlik edək?  Bəlkə elə bir yol seçək ki, həm insanı daimi evlilik problemindən xilas etsn, həm də ehtiras anarxiyasının qarşısını alsın? Bldiyimiz kimi, daimi evlilik nə keçmişdə, nə də indi təklikdə cəmiyyətin bütün təbəqələrinin cinsi tələbatını ödəyə bilməmiş və ödəyə bilmir. Biz iki yol ayrıcında qalmışıq: Ya maddi prinsiplərlə idarə olunan müasir dünyada olduğu kimi, qeyri-qanuni cinsi münasibətlərə icazə verməli, ya da müvəqqəti evlilik proqramını qəbul etməliyik. Müvəqqəti evliliyə qarşı olmaqla yanaşı qeyri-qanuni cinsi münasibətlərə də müxalif olan şəxslərin bu suala necə cavab verəcəyi məlum deyil. Müvəqqəti evlilik proqramı daimi evlilikdə olduğu kimi qida, geyim və mənzil təminatı kimi öhdəlik və şərtlərlə səciyyələnmir. Yəni maliyyə imkanlarının olmaması, təhsil fəaliyyəti və bu kimi cəhətlər tam uyğnuluq təşkil edir, digər tərəfdən isə cinsi fəsadlara və qeyri-qanuni cinsi münasibətlərin yaratdığı çirkin nəticələrin də qarşısını alır. Himayəsiz və qeyri-qanuni övlad problemi də bu proqram vasitəsilə öz həllini tapır. Çünki müvəqqəti evlilikdən dünyaya gələn uşaqlar daimi izdivacda olduğu kimi vərəsəlik, madd təminat və sair kimi hüquqlara malikdirlər[19].

  1. Allah sizi bağışlamaq istəyir. Amma ehtiraslarına uyanlar sizi tamamilə sapdırmaq istəyirlər.
  2. Allah (kənizlər və sairə ilə evlənmək hökmü verməklə) işinizi asanlaşdırmaq istəyir. İnsan (ehtiraslar burulğanına müqavimət göstərmək baxımından) zəif yaradılmışdır.
  3. Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, bir-birinizin mallarını haqsız yerə (qeyri-qanuni yollarla) yeməyin və özünüzü öldürməyin (inthar etməyin)! Allah sizə qarşı mərhəmətlidir!
  4. Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, tezliklə onu Cəhənnəm oduna atarıq. Bu, Allah üçün asandır!
  5. Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir məkana daxil edərik.
  6. Allahın birinizi digərindən üstün tutduğu şeyi arzulamayın. (Bu təbii və hüquqi fərqliliklər sizin həyat nizamınızı qorumaq üçündür.) Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Çətinliklərinizi aradan qaldırmaq üçün) Allahın lütfündən (mərhəmətindən) istəyin! Allah hər şeyi biləndir.
  7. Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. Əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Allah hər şeyə şahiddir!

——————————————————————————————-

  1. Ziyanlı alış-verişin qadağan edilməsi: Təfsirçilər bu ayənin “bir-birinizin mallarını haqsız yerə (qeyri-qanuni yollarla) yeməyin” cümləsini şərh edərkən bildirirlər ki, burada insan cəmiyyətinin xoşbəxtliyinə və xilasına mane olan, ona ziyan vuran, məhvə sürükləyən alış-verişlər nəzərdə tutulmuşdur. Bu alış-verişlər dini cəhətdən qanuni olmayan alış-verişlərdir. Sələm, qumar, hər iki tərəfin və ya tərəflərin birinin nə alıb-verdiklərini bilmədiyi, məhsulun xüsusiyyətləri və qiyməti məlum olmayan alış-verişləri buna misal göstərmək olar[20].
  2. Özünüzü öldürməyin: Təfsirçilər “özünüzü öldürməyin” cümləsini izah edərkən bildirirlər ki, burada insanın öz canına qiyması qadağan edilmişdir. Əlbəttə, ayədə özünüzü ifadəsi ilə İslam cəmiyyətinin bütün fərdləri nəzərdə tutula bilər. Çünki Quran bütün möminləri vahid bir sistem hesab edir. Belə ki, bir fərdin canı bütün fərdlərin canı deməkdir. Nəticədə, heç kəsin nə özünü, nə də başqasını öldürməyə haqqı çatmır. Bu cinayəti törədən şəxs hər iki halda insan cəmiyyətinə zərbə vurmuş olur. Hətta bu ayəyə əsasən fərdlərin özlərini ölüm təhlükəsinə məruz qoyması da qadağan edilmişdr. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Burada bir müsəlmanın təklikdə müşriklərin üzərinə hücum etməsi, evlərinə soxulması və sonda qətlə yetirilməsi nəzərdə tutulur.” İmam Sadiq (ə) başqa bir hədisində: “Qəsdən özünü öldürən şəxs əbədi cəhənnəmlikdir”, – deyə buyurmuş, sonra isə “Nisa” surəsinin 29-30-cu ayələrini oxumuşdur[21].
  3. Böyük və kiçik günahlar: Bu və digər ayələrdən belə məlum olur ki, günahlar böyük və kiçik olmaqla iki qrupa bölünür. Günahların kiçiklik və böyüklük meyarına gəlincə, qeyd etməliyik ki, böyük günahlar İslam nöqteyi-nəzərindən daha çox diqqət mərkəzində olan, Quranda qadağan edilməklə yanaşı, həm də Cəhənnəm əzabı vəd edilmiş günahlardır. Şirk, zina, sələm, yetim malı yemək kimi günahlar böyük günahlardandır. Əhli-beyt (ə) hədislərində belə qeyd edilmişdr: “Böyük günahlar Allahın od cəzası təyin etdiyi günahlardır.”[22]

Başqa bir yanaşmaya görə günahların böyüklük və kiçiklik meyarı onların qadağa keyfiyyəti ilə müəyyən edilir. Yəni bir günahın böyük və ya kiçik olduğunu müəyyən etmək üçün Quran və sünnədə həmin günaha nə qədər əhəmiyyət verildiyinə baxmaq lazımdır[23]. Burada bir məsələni də yaddan çıxarmamalıyıq ki, kiçik günahlar təkrarlanmadığı, etinasızlıq, təkəbbür və üsyan niyyəti ilə yol verilmədiyi təqdirdə kiçik sayılır. Çünki kiçik günahlar bəzi hallarda böyük günahlara çevrilir. İmam Sadiq (ə) buyurmuşdur: “Kiçik günahların heç biri təkrarlandıqdan sonra kiçikliyində qalmır.” İmam Əli (ə) buyurmuşdur: “Ən böyük günah, sahibinin onu kiçik saydığı günahdır.”[24]

  1. Tərəflərin vərəsəlik şərti ilə qarşılıqlı öhdəlik müqaviləsi bağlaması: Təfsirçilər “əhd-peyman bağladığınız şəxslər” ifadəsini izah edərkən bildirirlər ki, bu əhd-peymanın mənası vərəsəlik şərti ilə qarşılıqlı öhdəlik müqaviləsinin məzmununa daha yaxındır. Belə ki, İslamdan əvvəl mövcud olan bu müqavilə formasına İslam dinində düzəlişlər edildi və yaradıcı səciyyəsi olduğu üçün İslam dini tərəfindən qanuniləşdirildi. Bu müqaviləyə əsasən iki nəfər bir-birinə qardaşcasına köməklik göstərmək, çətinliklər zamanı bir-birinə yardım etmək, tərəflərdən biri dünyasını dəyişdikdə sağ qalan şəxsin ölən adamın mirasına şərik olması ilə bağlı öhdəlik götürür. İslam bu müqavilə və qardaşlıq formasını rəsmən tanımış, ona tərəflərdən salamat qalanın ölən tərəfin mirasına yalnız onun qohumları olmadığı təqdirdə şərik ola biləcəyi şərtini əlavə etmişdir. Bu barədə daha ətraflı məlumat almaq üçün fiqh kitablarının bu mövzudan bəhs edən fəsillərinə baxa bilərsiniz[25].
  2. Kişilər qadınların hami və gözətçiləridirlər. Bu, Allahın (ictimai nizam-ntizamı qorumaq üçün) bəzilərini bəzilərindən üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ailə məsələlərində) təvazökar olurlar, (ərləri) yanlarında olmayanda onların sirlərini, hüquqlarını qoruyan, Allahın onlar (qadınlar) üçün təyin etdiyi hüquqları məsuliyyətlə yerinə yetirirlər. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara öyüd-nəsihət verin, (əgər nəticə hasil olmazsa) yataqda onlardan uzaq durun və (əgər öz vəzifələrinə əməl etmələri üçün onları məcbur etməkdən başqa heç bir çıxış yolu qalmazsa) onları tənbeh edin! Əgər sizə itaət göstərsələr, onları incitmək üçün heç bir yola əl atmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
  3. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman (onların problemini həll etmək üçün) kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif seçin. Əgər onlar barışdırmaq istəsələr, Allah da onlara kömək edər. Həqiqətən, Allah biləndir, (hər kəsin niyyətindən) xəbərdardır!
  4. Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Çünki Allah özünü bəyənənləri, lovğalıq edənləri (başqalarının hüquqlarını tapdalayanları) sevməz!
  5. Onlar özləri xəsislik etməklə yanaşı, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər. (Bu davranış onların küfründən qaynaqlanır.) Biz kafirlər üçün xaredici bir əzab hazırlamışıq!

—————————————————————————————–

  1. Ailənin kişi tərəfindən himayə edilməsi: Təfsirçilər “kişilər qadınların hami və gözətçiləridirlər” cümləsini təfsir edərkən bildirirlər ki, bu cümlə diktatorluq, təcavüz və qəsbkarlığı ifadə etmir. Əslində, ailə kiçik bir ictimai birlikdir. Daha böyük cəmiyyətlərdə olduğu kimi, onun da rəhbər və himayəçisi olmalıdır. Bu məsələ digər dövrlərlə müqayisədə müasir dünyada daha aydındır. Hər hansı bir işi yerinə yetirmək üçün hətta iki nəfərlik bir heyət ezam edilsə belə, onlardan biri mütləq başçı olmalıdır, əks təqdirdə hərc-mərclik yaranar. Ailədə kişinin himayəçi olması da eyni prinsipə əsaslanır. Bu isə kişinin malik olduğu xüsusiyyətlərlə izah edilir: 1. Qadından fərqli olaraq kişidə ağıl və təfəkkür hiss və emosiyadan üstün tutulur. Qadınlar isə hisslərinə üstünlük verirlər. 2. Ailəni idarə etmək və qorumaq üçün kişi yetərli dərəcədə fiziki gücə malikdir. Bundan əlavə, həyat yoldaşı və övladların xərclərinin ödənilməsi, mehriyyənin verilməsi və ailə üzvlərinin təminatının ödənilməsi öhdəliyi kişiyə ailənin himayəçilik vəzifəsini üzərinə götürmək haqqı verir[26].
  2. “Nüşuz” sözü: Ayənin orijinalında işlədilmiş “nüşuz” sözünün leksik mənası özbaşınalıq, təkəbbür və itaətsizlikdir[27]. Qeyd olunan söz ər və ya arvada aid edildikdə onlardan ikisindən birinin üzərinə düşən vəzifədən boyun qaçırması kimi başa düşülür[28]. Qeyd etməliyik ki, ayədə işarə edilmiş fiziki tənbeh özbaşına və inadkar qadına qarşı atılan ən son addımdır. Yəni qadın öz vəzifəsini yerinə yetirməzsə, öncə xoş sözlərlə nəsihət edilməlidir. Əgər nəsihətin təsiri olmazsa və qadın nəsihət qəbul etməzsə, diqqətdən kənarda saxlanılmalıdır, özünə gələnə qədər yatağı ondan ayırmaq lazımdır. Əgər qadın itaətsizliyini davam etdirərsə və davranışları ilə ailənin təməlini sarsıdarsa, zor tətbiq etməkdən başqa heç bir çıxış yolu qalmır. Əlbəttə, fiqh kitablarında da yazıldığı kimi, vurmaq (fiziki tənbeh) yumşaq olmalıdır. Bu vuruş onun bədən üzvlərindən hansınınsa sınmasına, yaralanmasına və göyərməsinə səbəb olmamalıdır[29]. İmam Baqir (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Misvak çöpü ilə vurmaq kimi.” Buna görə də ayənin sonunda “Allah ucadır, böyükdür!” – deyə buyurulmuşdur. Yəni Allah-taala bu cümlə ilə xatırlama vermək istəyib ki, kişilərin fiziki güclü onları öz həyat yoldaşlarına qarşı zülm və haqsızlığa yol verəcək dərəcədə özlərindən çıxarmamalıdır[30]. Əlbəttə, öz vəzifələrini yerinə yetirməyən ərlər haqqında da cəza tədbirləri görülür, hətta fiziki cəzaya layiq görülürlər. Bu cəzalandırma vəzifəsi qadınların səlahiyyətindən kənar olduğu üçün şəriət hakimi ailə qanunlarını pozan kişiləri müxtəlif vasitələrlə, hətta fiziki cəza növü tətbiq etməklə öz vəzifəsi ilə tanış edə bilər[31].
  3. Onlar öz mallarını camaata göstərmək üçün xərcləyən, Allaha və axirət gününə inanmayanlardırlar. Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!
  4. Əgər onlar Allaha və axirət gününə inanıb Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı?! Allah onlardan (onların niyyətlərindən) xəbərdardır.
  5. Allah zərrə qədər də zülm etməz. Əgər yaxşı bir əməl baş versə, onu ikiqat artırar və Öz tərəfindən (bu əməl qarşılığında) böyük mükafat verər!
  6. Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı necə olacaq?
  7. O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!
  8. Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (cənabətli) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza yaxınlaşmayın (durmayın). Xəstələndikdə və ya səfərdə olduqda, ayaq yolundan gəldikdə, yaxud qadınlarla cinsi əlaqədə olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə onu sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!
  9. Məgər sən kitabdan (Tövratdan) bir pay verilənləri görmürsənmi ki, (ondan öz hidayətləri üçün istifadə etmək əvəzinə) zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?

————————————————————————————-

  1. Əməllərin puça çıxması: Riyakarlıq böyük ictimai bəlalardandır. İslama görə hər bir əməl niyyətdən asılıdır. Başqa sözlə desək, hər bir əməlin əsasını niyyət təşkil edir. Niyyət isə xalis (təmiz) olmalıdır. İslamda hər şeydən əvvəl niyyət ölçülür. İslam peyğəmbərinin (s) məşhur bir hədisində belə deyilir: “Hər bir əməl niyyətdən asılıdır. Hər kəsin gördüyü işdəki payı həmin əməlin niyyətinə uyğundur. Allaha görə cihad edən şəxsin Allah yanındakı mükafatı böyükdür. Dünya malından ötrü müharibə aparan şəxsin mükafatı, hətta dəvənin ayağını bağlamaq üçün istifadə edilən ipdən ötrü olsa belə, həmin niyyət qədərdir.” Bu, ona görədir ki, əməli niyyət formalaşdırır. Allah üçün iş görən şəxs həmin əməlin özülünü möhkəm edir və bütün niyyəti insanların ondan istifadə etməsinə yönəlir. Lakin riyakarlıq niyyəti ilə iş görən şəxs gördüyü işin dərinliyinə, mahiyyətinə, özülünə və ehtiyacı olanların mənfəətinə əhəmiyyət vermir. Riyakarlığa adət etmiş cəmiyyət təkcə Allahdan, gözəl əxlaqi davranışlardan və üstün vərdişlərdən uzaq düşmür, həm də ictimai proqramlar məzmunundan məhrum olur, əməllər bir ovuc mənasız görüntülərlə məhdudlaşır. Belə bir insanın, belə bir cəmiyyətin aqibəti nə qədər də ağrılıdır! Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Bir zaman gələcək ki, insanların daxili çirkin və bulaşıq, zahirləri isə gözəl olacaq. Bunun səbəbi insanların tamahkarlığı və ilahi mükafata əhəmiyyət verməməsidir. Onların dini riya olacaq, qəlblərində Allah qorxusu olmayacaq. Allah onları ağır əzaba düçar edəcək. Onlar Allahı bir xilaskar olaraq nə qədər çağırsalar da, duaları qəbul edilməz.”[32]
  2. Yoldan keçən istisnadır: Bu cümlənin təfsiri ilə bağlı iki versiya var. Birinci versiyaya görə “yoldan keçən” deyilərkən səfərdə olan insan nəzərdə tutulur. Yəni bu ayəyə görə, səfərdə olan və su tapmayan şəxs namaz qılmaq üçün təyəmmüm etməlidir. İkinci təfsirdə Əhli-beyt (ə) imamlarının hədisinə istinad eidlmişdir. Həmin hədisə görə, qeyd olunan ifadə ilə cənabətli halda məsciddə dayanmadan keçib getmənin icazəli olması nəzərdə tutulur. Bəzi hədislərə əsasən bu cümlə ilə Peyğəmbər (s) məscidinin ətrafında yaşayan və evlərinin qapısı məscidə açılan səhabə və müsəlmanlara cənabətli halda məscidin içində dayanmadan oradan keçib getməyə icazə verilmişdir[33].
  3. Təyəmmümün mənəvi və maddi təsirləri: Təyəmmüm elə ibadətlərdəndir ki, ibadətin ruhu sözün əsl mənasında özünü onda əks etdirmişdir. Çünki insan Allah qarşısındakı itaət və təvazökarlığını nümayiş etdirmək üçün torpağa vurduğu əlini ən şərafətli üzvü olan alnına sürtür. Bununla təyəmmüm edən insan demək istəyir ki, alnım və əllərim Allah qarşısında son həddə qədər təvazökar və itaətkardır. Bu işi gördükdən sonra insan dəstamaz və qüsllə şərtlənən namaz və digər ibadətləri yerinə yetirmək səlahiyyəti qazanır. Bu şəkildə təyəmmüm təvazökarlıq, bəndəçilik və şükür etmək ruhunun tərbiyələnməsinə təsir göstərir[34].
  4. İncil və Tövratın təhrif edilməsi: Ayənin “sən kitabdan bir pay verilənləri görmürsənmi…?” cümləsini təfsir edərkən təfsirçilər bildirirlər ki, “kitab” dedikdə İncil və Tövrat nəzərdə tutulur. Bu ifadə onu göstərir ki, Peyğəmbərin (s) zamanına qədər İncil və Tövrat məhv edilmiş və onlardan yalnız bir hissəsi toxunulmaz qalmışdı. Əlbəttə, məhz həmin hissədə Peyğəmbərin (s) gələcəyi ilə bağlı müjdə verilmişdi, amma onlar həmin faktı gizlədirdilər[35].
  5. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. (Onlar sizə ziyan vura bilməzlər.) Bir dost və yardımçı kimi Allah sizə kifayət edər!
  6. Yəhudilərin bir qismi sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək Allahın dininə tənə vurmaq məqsədilə sənə: “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və (istehza və kinayə ilə) “raina” (bizi axmaq yerinə qoy)”, – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları küfrlərinə görə rəhmətindən uzaq etmişdir. Buna görə də onların yalnız az bir hissəsi iman gətirmişdir.
  7. Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onları da rəhmətimizdən uzaq etməzdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri, mütləq, yerinə yetəcəkdir!
  8. Allah şirki əsla bağışlamır, amma istədiyi şəxsin bundan kiçik günahlarını bağışlar. Allaha şərik qoşan şəxs böyük günaha yol vermişdir.
  9. Özlərini öyənləri görmürsənmi? (Bu özünü öymələrin heç bir dəyəri yoxdur.) Allah istədiyini öyər və onlara azacıq da zülm olunmaz.
  10. Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! (Onları cəzalandırmaq üçün) bu açıq-aşkar günah kifayətdir!
  11. Kitabdan pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta (büt və bütpərəstlərə) inanır və kafirlər haqqında da: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, – deyirlər.

—————————————————————————————-

  1. Təhrif deyilərkən bu ayədə nə nəzərdə tutulur? Bu suala bir neçə aspektdən cavab verilmişdir: Birinci versiyaya görə “təhrif” deyilərkən Tövratın sözlərinin dəyişdirilməsi, sözlərin yerlərinin dəyişdrilməsi, azaldılması və ya çoxaldılması nəzərdə tutulur. Bildiyimiz kimi, hal-hazırda mövcud olan Tövrat həzrət Musaya (ə) göndərilmiş Tövratdan çox fərqlənir. İkinci versiyaya görə “sözlərin təhrifi” deyilərkən Tövratın və peyğəmbərlərin sözlərinin yanlış izahı və yozumları nəzərdə tutulur. Belə ki, Tövratda İslam peyğəmbəri (s) və Məsihin (ə) gəlişi ilə bağlı müjdə verilmişdir, ancaq yəhudilər müjdələri təhrif etmiş, Musadan (ə) sonra heç bir xilaskarın gəlmədiyini iddia etmişlər. Onlar bu günə qədər də xilaskarın yolunu gözləməkdədirlər. Üçüncü versiyaya görə “sözlərin təhrifi” deyilərkən sözlərin aid olmadığı yerlərdə işlənməsi nəzərdə tutulur. Allah-taala bu ayədə onlardan üçünə işarə etmişdir. Məsələn, “eşitdik” ifadəsi itaət niyyəti ilə deyilməli və ondan sonra “itaət etdik” sözü işlənməlidir. Bu ifadə məsxərə niyyəti lə işlədilərək “eşitdik və qarşı çıxdıq” formasında deyilməməlidir. Bu təfsirə əsasən Allah-taala söz və ifadələrin bu şəkildə yanlış işlədilməsini sözlərin təhrf edilməsi kimi qəbul edir[36].
  2. Söz oyunu və müsəlmanları məsxərəyə qoymaq: “Raina” cümləsinin mənası “bizi nəzərə al və bizə möhlət ver” deməkdir. Müəslmanlar İslamın ilk illərində Allah rəsulunun (s) sözlərini yaxşı eşitmək və yadda saxlamaq üçün ona bu şəkildə müraciət edirdilər. Amma yəhudilər bu müraciət formasını əllərində bayraq tutaraq, Peyğəmbərlə (s) qarşılaşdqıda tez-tez onu təkrar edirdilər. Onlar bu ifadəni işlədərkən onun ibri dilindəki mənasını nəzərdə tuturdular. İbricə bu feilin iki mənası var: 1. Bizi eşit, eşitməz olasan; 2. Bizi axmaq yerinə qoy. Bununla demək istəyirdilər ki, guya Peyğəmbər (s) öz davranışları ilə camaatı axmaq yerinə qoyur. (Allaha sığınırıq.)[37] “Bəqərə” surəsinin 104-cü ayəsində də bu mövzuya işarə edilmişdir.
  3. Yəhudilərin fikri və ruhi cəhətdən məhv olması, mənəvi cəhətdən geriləməsi: Bəzi təfsirçilər ayənin “bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən” ifadəsini şərh edərkən bildirirlər ki, burada ağlın və zəkanın reallığı dərk edə bilməməsi, düz yoldan sapması nəzərdə tutulmuşdur. İmam Sadiqə (ə) aid edilən bir hədisdə belə buyurulmuşdur: “Məqsəd onların hidayət yollarını bağlamaq, azğınlıq və zəlalət yoluna geri qaytarmaqdır.” Kitab əhli, xüsusilə yəhudilər bütün dəlillərə baxmayaraq haqq qarşısında təslim olmadılar, şüurlu surətdə inadkarlıq göstərdilər, müxtəlif məqamlarda bilərəkdən əks mövqedən çıxış edib əks davrandılar. Tədricən inadkarlıq onlar üçün vərdişə çevrildi. Sanki şüurları tamamilə pozuldu, gözləri kor, qulaqları kar oldu. Belə şəxslər həyatda irəliləmək əvəzinə gerilədilər, bataqlığa düşdülər. Haqqı bilərəkdən inkar edənlərin cəzasıdır bu. Buna görə də “taməsə” feilinin bu ayədəki mənası fikri və ruhi cəhətdən məhv etmək, mənəvi cəhətdən geri salmaqdır[38].
  4. Yəhudilərin müşriklərin tərəfini saxlaması: Bu ayənin nazilolma səbəbindən danışarkən qeyd edirlər ki, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra yəhudi böyüklərindən olan Kəb ibn Əşrəf Mədinəni tərk edir, iki dinin tərəfdarları arasındakı mübahisələrdən uzaq durmaq məqsədilə Məkkəyə köçür. O, camaata deyir: “Mən nə Mühəmmədə qarşı kiməsə kömək etmək fikrindəyəm, nə də onun üçün döyüşmək fikrim var.” Müşriklər ondan soruşurlar: “Ey Kəb, bizim dinimiz yaxşıdır, yoxsa Mühəmməd və səhabələrinin dini?” O deyir: “Sizin dininiz yaxşı və daha qədim tarixə malikdir, Mühəmmədin dini isə yenicə meydana gəlib.” Bu ayə onun haqqında nazil oldu[39]. Quranın bu surəsinin 54-cü ayəsində qeyd olunan haqsız mühakiməyə işarə edilərək buyurulur: Bunun kökündə paxıllıq və qısqanclıq dayanır. Çünki İslam peyğəmbərinin (s) göndərilməsi peyğəmbərliyin İshaqın nəslindən İsmayılın nəslinə keçməsindən xəbər verirdi. İshaqın nəslindən olan yəhudilər buna görə paxıllıq edir, utanmaz-utanmaz bütpərəstliyi təkallahlıq dinindən üstün tuturdular.
  5. Onlar Allahın Öz rəhmətindən uzaq saldığı kimsələrdir. Allahın öz rəhmətindən uzaq saldığı kimsəyə heç bir yardımçı tapa bilməyəcəksən!
  6. Yoxsa onların hökmranlıqda bir payları var? Əgər belə olsaydı, (hər şeyi öz inhisarlarına alar və) insanlara azacıq da olsun haqq verməzdilər.
  7. Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara (Peyğəmbərə və onun nəslinə) paxıllıq edirlər? Halbuki Biz (yəhudilərin də mənsub olduğu) İbrahim övladlarına (da) kitab və hikmət vermişdik və onlara böyük hökmranlıq bəxş etmişdik.
  8. Lakin onlardan bir qrupu ona iman gətirdi, bir qrupu isə (insanların) ona tərəf (olan) yolu(nu) bağladı. Cəhənnəmin alovlanmış odu (onlara) kifayət edər!
  9. Ayələrimizi inkar edənləri tezliklə oda atacağıq. Onların dəriləri yandıqca, əzabı dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  10. İman gətirən və yaxşı işlər görən şəxsləri tezliklə (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Onlar orada əbədi qalacaqlar. Orada onları pak zövcələr gözləyir. Biz onları rahatlıq bəxş edən geniş kölgəliklərə yerləşdirəcəyik.
  11. Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Allah sizə gözəl nəsihətlər verir. Allah (hər şeyi) eşidəndir, görəndir!
  12. Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və əmr sahiblərinə (Peyğəmbərin canişinlərinə) itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

——————————————————————————————–

  1. Cəhənnəmin şiddətli əzabları: Möminlərin əmiri Əli (ə) canlara lərzə salan cümlələrində bizlərə xitab edərək belə buyurmuşdur: “Bilin ki, bu zəif dərinin Cəhənnəm oduna dözümü yoxdur. Özünüzə rəhminiz gəlsin. Siz bu dünyanın çətinliklərinə qarşı nə qədər dözümlü olduğunuzu sınaqdan keçirmisiniz. Bədəninizə tikan batdıqda, ya titrədikdə, yıxıldıqda, qanadıqda və ya isti qumlar üstündə yandıqda hansı hala düşdüyünüzü görməmisinizmi? Bəs ikiqat od içində olduqda, yataq yoldaşı daş, yoldaşı Şeytan olduqda insanın vəziyyəti necə olacaq? Cəhənnəm sahibi oda qəzəbləndikdə qəzəbinin şiddətindən bəzilərinin onu başlarına çırpacağını, bəzilərinin isə udacağını, nərə çəkdikdə isə fəryadının heybətindən hər tərəfdən püskürəcəyini bilirsinizmi?”[40]
  2. Əmanətin əhəmiyyəti: Əmanət məfhumu geniş mənaları ehtiva edir, istənilən maddi və mənəvi sərmayəyə şamil olur. Bu ayədə açıq şəkildə bildirilir ki, heç bir müsəlman əmanət sahibinin müsəlman və ya qeyri-müsəlman olmasından asılı olmayaraq, heç bir əmanətə xəyanət etməməlidir. İmam Sadiq (ə) dostlarından birinə belə buyurmuşdur: “Əgər bir nəfər qılıncla Əlini (ə) qətlə yetirsəydi və həmin qılıncı yanımda əmanət qoysaydı, ya məndən məsləhət alsaydı və ya mənimlə məsləhətləşsəydi, mən əmanəti qəbul edər, əsla ona xəyanət etməzdim.” İslam mənbələrində heç bir məsələyə əmanət məsələsi qədər əhəmiyyət verilməmişdir. Məsələn, İmam Sadiq (ə) buyurmuşdur: “Fərdlərin rüku və səcdələrinin uzunluğuna baxmayın. Çünki bu, onlar üçün bir adət ola bilər və onu tərk etsələr, narahat olarlar. Siz onların düz danışan olmasına və əmantdar olmasına baxın.”[41]
  3. Əmr sahibləri: Peyğəmbərin (s) xüsusi səhabələrindən olan Cabir ibn Abdullah Ənsariyə aid edilən bir rəvayətdə belə qeyd edilmişdir: “Bu ayə nazil olduqda Peyğəmbərdən (s) soruşdum: “Ey Allahın rəsulu (s), Allah və peyğəmbərini tanıdıq, bəs əmr sahibləri kimlərdir ki, Allah onlara itaəti Öz itaəti ilə yanaşı qeyd etmişdir?” Peyğəmbər buyurdu: “Ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbərləridirlər. Onların birincisi Əli ibn Əbutalib (ə), sonra Həsən (ə), sonra Hüseyn (ə), sonra Əli ibn Hüseyn (ə), sonra Tövratda Baqir adı ilə qeyd edilmiş Muhəmməd ibn Əlidir (ə). Cabir, sən onu tezliklə görəcəksən. Onunla görüşəndə salamımı ona çatdırarsan. Ondan sonra Sadiq Cəfər ibn Muhəmməd (ə), sonra Musa ibn Cəfər (ə), sonra Əli ibn Musa (ə), sonra Muhəmməd ibn Əli (ə), Əli ibn Muhəmməd (ə), sonra Həsən ibn Əlidir (ə). Sonra Həsən ibn Əlinin oğlu, Muhəmməd, mənim adaşım, həmkünyəm[42], Allahın yer üzündəki dəlili və Allahın bəndələri arasında qoruduğudur. O, elə bir şəxsdir ki, Allah onun vasitəsilə Öz adını bütün dünyaya yayacaq. O, elə bir şəxsdir ki, şiələri və dostlarının gözündən uzaq düşəcək. Bu qeyb şəraiti elə olacaq ki, Allah qəlbini iman ilə yoxlamayıncaya qədər heç kəs onun imamətinin inamında sabitqədəm olmayacaq.” Dedim: “Ey Allahın rəsulu (s) o, qeybdə olduğu vaxt şiələr ondan faydalanacaqlarmı?” Buyurdu: “Bəli, and olsun məni peyğəmbər göndərənə, buludlarla örtülməsinə baxmayaraq, insanlar günəş işığından faydalana bildiyi kimi, qeyb dövründə şiələr də onun nurundan nur alacaq, rəhbərliyindən faydalanacaqlar. Cabir, bu, Allahın gizlətdiyi sirlərdən və Allahın gizlətdiyi bilgidir. Buna görə də onu yalnız layiq olana söylə.”[43]
  4. Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə (səmavi kitablara) iman gətirdiklərini güman edən, zalımların və haqq olmayan hakimlər tərəfindən mühakimə olunmaq istəyənləri görmürsənmi? Halbuki onlara həddi aşan zülmkarlardan üz döndərmək əmr olunmuşdu. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istəyir.
  5. Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman münafiqlərin səndən üz döndərdiklərini görərsən.
  6. Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Bizim (onların məhkəməsinə müraciət etməkdə) məqsədimiz yalnız yaxşılıq etmək və (iddiaçılar arasında) barışıq yaratmaq idi”, – deyərək Allaha and içəcəklər.
  7. Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini (yaxşı) bilir. Sən onlardan üz çevir (onları cəzalandırma), onlara öyüd və əməllərinin nəticəsi haqqında xatırlatma ver!
  8. Biz hər bir peyğəmbəri, ancaq ona Allahın əmrilə itaət olunsun deyə, göndərdik. Əgər onlar özlərinə zülm etdikləri (Allahın əmrlərini pozduqları) zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv diləsəydi, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
  9. Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və sənin verdiyin qərara görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirməyəcəklər.

—————————————————————————————-

  1. Hakimlik etməsi üçün zalım hakimlərə müraciətin qadağan edilməsi: Bu ayənin nazilolma səbəbindən bəhs edərkən təfsirçilər bildirirlər ki, Mədinə yəhudilərindən birinin münafiq müsəlmanlardan biri ilə mübahisəsi düşmüşdü. Buna görə də aralarında hakimlik etməsi üçün bir nəfəri seçmək qərarına gəldilər. Yəhudi İslam peyğəmbərinin (s) ədalətli və bitərəf adam olduğuna inandığı üçün dedi: Mən sizin peyğəmbərinizin hakimlik etməsinə razıyam. Lakin münafiq, yəhudi böyüklərindən olan Kəb ibn Əşrəfi seçdi. Çünki o, Kəbə rüşvət verib onun fikrini dəyişə biləcəyini düşünürdü. Buna görə də İslam peyğəmbərinin (s) hakim olması təklifinə etiraz etdi. Bu ayə nazil oldu və ayədə sözügedən şəxslər məzəmmət edildi[44]. İmamlar (ə) öz hədislərində münsiflik etmək üçün zalım hakimlər və ədalətsiz insanlara müraciəti qadağan etmişlər. İmam Sadiq (ə) buyurmuşdur: “Din qardaşı ilə mübahisəsi düşmüş şəxs anlaşılmazlığı həll etmək üçün qarşı tərəfə öz dindaşlarından birinə müraciət etməyi təklif etsə, lakin qarşi tərəf imtina edib hakimlik etməsi üçün zalımlara müraciət etsə, sanki haqlarında “Nisa” surəsinin 60-cı ayəsi nazil olmuş şəxslər kimi olar.”[45] İmam Sadiq (ə) bu ayədə işlənmiş “tağut” sözünü izah edərkən buyurmuşdur: “(Tağut) haqsız hökm çıxaran və camaatın münsiflik etməsi üçün müraciət etdiyi şəxsdir.”[46]
  2. Təvəssül və Quranın təsdiqi: Bu ayə Peyğəmbər və imamlara təvəssül edilməsini şirk hesab edənlərə cavab verir. Ayədə açıq şəkildə deyilir ki, Peyğəmbərin (s) yanına gedib onu Allah dərgahına şəfaətçi salmaq, Peyğəmbərin (s) günahkarların bağışlanması üçün vasitəçilik etməsi və bağışlanma diləməsi tövbənin qəbuluna və ilahi rəhmətə səbəb olur[47]. Əlbəttə, bu cür vasitəçilik zamanı xətaya yol verənlərin həmin vasitəçiliyə hazırlığı və ləyaqəti olmalıdır[48].
  3. Peyğəmbərin (s) əmrinə qeyd-şərtsz itaət tövhidin parlaq göstəricisidir: Bu ayənin nazilolma səbəbindən bəhs edərkən bildirirlər ki, mühacirlərdən olan Zübeyr ibn Əvam Mədinə ənsarlarından biri ilə özlərinin yanaşı olan xurma bağının suvarılması üstündə mübahisə edir. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına gəlirlər. Zübeyrin bağı daha yuxarıda, ənsardan olan müsəlmanın bağı isə aşağıda olduğu üçün Peyğəmbər (s) öncə Zübeyrin, sonra isə ənsardan olan müsəlmanın öz bağını suvarmasına göstəriş verir. Bu, yanaşı olan bağlar haqqında mövcud ənənəyə uyğun bir qərar idi. Amma camaatın gözündə müsəlman obrazı yaratmış ənsardan olan müsəlman Peyğəmbərin (s) ədalətli qərarı ilə razılaşmır və narazılığını belə ifadə edir: Zübeyr sənin əmin oğlu olduğu üçünmü belə hökm çıxardın? Peyğəmbər (s) çox narahat olur, hətta yanaqlarının rəngi dəyişir. Bu vaxt sözügedən ayə nazil olur və ayədə müsəlmanlara xəbərdarlıq edilir[49]. Bu ayəyə əsasən imanın üç əlaməti var: Bütün mübahisələrdə Peyğəmbərə (s) müraciət etmək; çıxardığı hökmə görə əsla narahat olmamaq; ona cani-dildən, tam şəkildə əməl etmək[50]. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insanlar Allaha ibadət etsələr, ona şərik qoşmasalar, namaz qılsalar, zəkat versələr, Allahın evini ziyarət etsələr, Ramazan ayını oruc tutsalar, ancaq Allah və ya Onun peyğəmbərinin (s) işlərinə etiraz etsələr və ya bu etirazı qəlblərindən keçirsələr, həmin miqdarda müşrik olurlar.” Sonra İmam (ə) “Nisa” surəsinin 65-ci ayəsini oxuyub buyurdu: “Allaha və Peyğəmbərinə (s) itaət göstərin!”[51]
  4. Əgər Biz onlara: “Bir-birinizi öldürün, yaxud evlərinizi və yurd-yuvalarınızı tərk edin!” – deyə əmr etsəydik, onlardan yalnız az bir hissəsi bu əmri yerinə yetirərdi. Əgər onlara verilən nəsihətlərə əməl etsəydilər, onlar üçün daha xeyirli olardı və imanlarının möhkəmlənməsinə səbəb olardı.
  5. O halda Biz onlara Öz tərəfimizdən böyük mükafat verərdik.
  6. Və onları düz yola yönəldərdik.
  7. Allaha və Peyğəmbərə itaət edənlər (Qiyamət günü) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (doğru danışanlar, sədaqətli olanlar, etiqadı dürüst olanlar), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar gözəl yoldaşlardır!
  8. Bu mükafat Allah tərəfindəndir. Onun (bəndələrinin vəziyyətindən, niyyət və əməllərindən) xəbərdar olması kifayət edər.
  9. Ey iman gətirənlər! (Düşmən qarşısında) ehtiyatı əldən verməyib düşmən üzərinə ya dəstə-dəstə, ya da hamınız bir yerdə (zaman və məkan şərtlərindən asılı olaraq) hərəkət edin!
  10. Aranızda elələri (münafiqlər) vardır ki, (həm özləri zəifdirlər, həm də) başqalarını ruhdan salarlar və əgər sizə bir müsibət üz versə: “Allah bizə lütf etdi ki, mücahidlərlə birlikdə olub həmin müsibətin şahidi olmadıq”, – deyərlər.
  11. Əgər Allah tərəfindən sizə bir qənimət nəsib olsa, o zaman guya aranızda heç bir dostluq yoxmuş kimi: “Kaş ki, biz də onlarla birlikdə olub böyük bir xilasa (qalibiyyətə) nail olaydıq!”, – deyərlər.
  12. Dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik.

—————————————————————————————-

  1. Allaha itaət əzmkralığın artmasının səbəbidir: “Əşəddu təsbitən” (imanlarının möhkəmlənməsi) ifadəsindən belə başa düşülür ki, insan Allahın əmrinə itaət yolunda nə qədər addım atarsa, onun əzmkralığı və imanı bir o qədər artar. Əslində, Allaha itaət, bir növ ruhun tərbiyələndirilməsinə xidmət edir. Davam və təkrar etdirildikcə fiziki bədən tərbiyəsində olduğu kimi gün-gündən ruhu möhkəmləndirir, gücləndirir, dözümlülük və əzmkarlığını artırır, insan tədricən elə bir məqama çatır ki, heç bir güc onun iman əzmkarlığını sındıra və onu aldada bilmir. Deyilənə görə bu ayə nazil olduqdan sonra imanlı müsəlmanlardan biri dedi: “And olsun Allaha, əgər Allah tərəfindən bizə belə ağır göstərişlər verilsəydi, hökmən yerinə yetirərdik. Ancaq Allaha şükür olsun ki, bizə belə bir əmr verilməyib.” Bu xəbər Peyğəmbərə (s) çatdıqda buyurdu: “Mənim ardıcıllarımdan bəzisinin qəlbindəki iman sarsılmaz dağlardan da möhkəmdir.”[52]
  2. Allaha itaət dünyanın yaxşıları ilə yoldaşlığa səbəb olur: İmam Əli (ə) bu ayənin nazilolma səbəbindən danışarkən belə qeyd etmişdir: “Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizdən ayrı qala bilmirəm. Evimə gedəndən sonra siz yadıma düşəndə əlim tamamilə işdən soyuyur. Əlimdə nə işim varsa, saxlayıram, sizi görüb rahatlanmaq üçün ziyarətinizə gəlirəm. Bunun səbəbi mənim sizə olan sevgimdir. İndi düşünürəm ki, görəsən Qiyamət günü siz Cənnətə daxil olub ən yüksək dərəcəyə yüksəldikdə mən nə edəcəyəm? Ey Allahın rəsulu, həmin vaxt sizin ayrılığınıza necə dözəcəyəm?” Bu ayə nazil oldu və Peyğəmbər (s) həmin kişini çağırıb bu ayəni oxuyaraq ona müjdə verdi.” İmam Baiqr (ə) buyurmuşdur: “Günahdan uzaq durmaqla bizə yardım edin. Çünki günahlardan çəkinməklə Allahla görüşən şəxs üçün Allah yanında bir qurtuluş var. Çünki Allah buyurmuşdur: “Allaha və Peyğəmbərə itaət edən şəxs…” Bəli, peyğəmbər bizdəndir; siddiq də bizdəndir; şəhidlər və salehlər də bizdəndirlər.”[53]
  3. Hərtərəfli hazırlıqlı və ehtiyatlı olmağa təkid edilməsi: Bu ayədə müsəlmanlara hər zaman öz təhlükəsizliklərini və sərhədlərini qorumaq üçün maddi və mənəvi cəhətdən hərtərəfli hazırlıqlı olmaq göstərişi verilmişdir. “Hizr” (vasitə) sözünün mənası çox genişdr, bütün maddi və mənəvi vasitələrə şamil olur. O cümlədən müsəlmanlar hər bir zaman düşmənin mövqeyindən, silah növlərindən, müharibə taktikasından, hazırlıq səviyyəsindən, silahlarının sayından, funksionallığından xəbərdar olmalıdırlar. Çünki bütün bu mövzular düşmən təhlükəsinin qarşısının alınmasında və “hizr” məzmununun ifadəsində rol oynayır. Digər tərəfdən, müsəlmanlar özlərini qorumaq üçün psixoloji, mənəvi cəhətdən, mədəni, iqtisadi və iqtisadi resursların səfərbər edilməsi, dövrün ən son standartlara cavab verən silah növündən, onun işlədilmə mexanizmindən istifadə baxımından hazırlıqlı olmalıdırlar. Şübhəsiz ki, müsəlmanlar təkcə bu ayəni öz həyatlarına tətbiq etsəydilər, tarix boyu məğlubiyyətə uğramazdılar[54].
  4. Nə üçün “ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən himayəçi göndər, yardımçı yolla!” – deyə dua edən zəiflədilmiş, çarəsiz hala salınmış kişilər, qadınlar və uşaqlar uğrunda Allaha xatir vuruşmursunuz?
  5. İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (büt, zülmkar hökmdarlar) yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla vuruşun! (Onlardan qorxmayın!) Çünki Şeytanın hiyləsi zəifdir!
  6. (Məkkədə): “(Hələlik) cihaddan əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmiş şəxsləri görmədinmi? (Onlar bu əmrə görə narahat olmuşdular). Lakin (Mədinədə) onlara cihad əmri verildikdə içərilərindən bir qismi insanlardan Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə qorxaraq: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin? Nə üçün bu əmri yaxın zamana qədər təxirə salmadın?” – dedilər. Onlara söylə: ”Dünya həyatnın faydası azdır, lakin müttəqilər üçün axirət sarayı daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyinin arasındakı nazik tel qədər belə zülm olunmayacaq!”
  7. Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. Onlara (münafiqlərə) bir xeyir yetişdikdə: “Bu, Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” – söyləyərlər. De: “Bunların hamısı Allahdandır”. Nə üçün bu insanlar söz anlamaq istəmirlər?!
  8. Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması kifayət edər.

—————————————————————————————–

  1. Müsəlmanın zəiflədilmiş, çarəsiz vəziyyətə salınmış insanlarla bağlı vəzifəsi: “Zəiflədilmiş” sözü ilə “zəif” sözü arasında fərq var. “Zəif” çarəsiz, “zəiflədilmiş” isə başqalarının zülm və haqsızlığı nəticəsində fikri, mədəni, iqtisadi, siyasi və ya sosial cəhətdən çarəsiz vəziyyətə düşən şəxsə deyilir[55]. Allah-taala bu ayədə Allaha xatir, zəiflədilmiş insanlar uğrunda vuruşmaq əmri vermişdir. Səmimi və təmizürəkli möminlərin qiyama qalxması üçün onlara təkcə “Allah yolunda qiyam edin” göstərişinin verilməsi kifayət edər. Lakin Allah-taala bu iman dərəcəsində olmayan möminlərə həm də stimulverici bir əmr göndərir, onlara Allah yolunda vuruşmaqla yanaşı Allah düşmənlərinin işkəncələrinə məruz qalmış din qardaşları, qadınlar və uşaqların azad edilməsi uğrunda da vuruşmaq əmri verir və bu vasitə ilə onların qeyrətini coşdurur. İslam qohumluq və yaxınlıq təəssübkeşliyinə qarşı olduğu halda, müsəlman olduqdan sonra qohum və yaxınların qeyrətini və təəssübünü çəkmək göstərişini verir. Bu ayə zalımların təcavüzünə məruz qalmış və Allahdan xilas istəyən, hicrət edə bilməyib Məkkədə müşriklərin işkəncələrinə məruz qalmış məzlumlar haqqındadır. Bu ayəyə istinad edərək məsumların (ə) “zəif və çarəsiz vəziyyətə salınmışlar bizlərik” deməsi xüsusilə diqqət çəkir. Bu hədisdən İslam ümmətinin zalımlarının imamlara (ə) qarşı zülm və haqsızlıqlar etdiyi, zülm və haqsızlığa məruz qalmış imamlara yardım göstərilməsi, onların yolunda cihadın vacibliyi aydın olur[56].
  2. Tağut: “Tağut” kəlməsi leksik mənası həddi aşmaq, təcavüz, zorakılıq etmək, təcavüzkar davranışlar olan “tüğyan” sözündən düzəlmişdir. “Tağut” sözü “tüğyan” sözünün mübaliğə formasıdır. Buna görə də Şeytan, bütlər, zorakı hakimlər, Allahdan başqa bütün məbudlar, haqqa aparmayan istənilən vasitə tağut hesab edilir. Nəzərdən qaçırmaq olmaz ki, bu söz həm tək, həm də cəmdə işlənir[57]. Tüğyan sözü insan haqqında işləndikdə onun ağıl və şəriətlə müəyyən edilmiş sərhədləri aşdığını ifadə edir. Deməli, tağut hər kəsdən üstün olmaq üçün bəndəlik vəzifələrini aşan zülmkar insana deyilir. Bu baxımdan “Allahdan başqa bütün məbudlar” deyilərkən də bu məna nəzərdə tutulur[58].
  3. Cihada səhlənkarlıq edənlərin məzəmmət edilməsi: Bu ayənin nazilolma səbəbindən bəhs edilərkən bildirilir ki, Məkkədə müşriklərin təzyiq və işkəncələrinə məruz qaldıqları zaman bəzi müsəlmanlar Peyğəmbərin (s) yanına gəlib dedilər: “Bizə İslamdan əvvəl hörmət edilirdi, amma İslamdan sonra vəziyyətimiz dəyişdi, hörmətdən düşdük. İndi davamlı olaraq düşmənlərin təzyiq və tənələrinə məruz qalırıq. İcazə verin, əvvəlki mövqelərimizi geri qaytarmaq üçün vuruşaq.” Peyğəmbər (s) isə onların cavabında buyurdu: “Mənə hələ müharibə aparmaq əmri verilməmişdir.” Ancaq müsəlmanlar Mədinəyə getdikdən, silahlı mübarizəyə zəmin yarandıqdan və cihad əmri nazil olduqdan sonra onların bəzisi silahlı mübarizədən boyun qaçırdı, həmin coşqudan heç bir əsər-əlamət qalmadı. Bu ayə nazl oldu, müsəlmanların qiymətləndirilməsi və səhlənkar insanların məzəmmət edilməsi üçün həqiqətlər bəyan edildi[59].
  4. Peyğəmbərə itaət edən şəxs Allaha itaət etmişdir. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni ona gözətçi göndərməmişik.
  5. Onlar sənin yanında “itaət edirik!” – deyir, lakin səndən ayrıldıqdan sonra onların bir qismi sənin dediklərinin əksinə məxfi gecə toplantıları təşkil edir. Allah onların bu toplantılarda dediklərini yazır. Onlara etina etmə (onların planlarından qorxun olmasın), Allaha təvəkkül et! Allahın (sənə) dost və müdafiəçi olması kifayət edər!
  6. Onlar Quran haqqında düşünmürlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.
  7. Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə (araşdırmadan) dərhal onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya (ayırd etməyi bacaran) öndərlərə desəydilər, məsələlərin əsl mahiyyətindən xəbərdar olardılar. Əgər Allahın lütfü və mərhəməti üzərinizdə olmasaydı, az bir qisminiz istisna olmaqla, hamınız Şeytana uyardınız.
  8. Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, ancaq möminləri də (buna) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü azaltmışdır. Allah daha qüdrətlidir, əzabı daha şiddətlidir!
  9. Yaxşı işə vasitəçi olana (onun savabından) bir pay düşür, pis işə vasitəçi olana (da onun günahından) bir pay düşür. Allah hər şeyi hesablamağa və qorumağa qadirdir.
  10. Sizə salam verildiyi zaman cavabını ondan da gözəl verin və ya ən azı eyni şəkildə cavab qaytarın! Allah hər şeyi hesaba alandır.

—————————————————————————————–

  1. Peyğəmbərin (s) hədis və sünnəsinə tabe olmağın vacibliyi: Bu, Peyğəmbərin (s) sünnəsinin dəlil olması və hədislərinin qəbul edilməsinin vacibliyini sübut edən ən parlaq ayələrdəndir. Buna görə də kimsə deyə bilməz ki, Quranı qəbul edirəm, amma Peyğəmbərin (s) hədis və sünnəsini qəbul etmirəm. Bu ayədə açıq şəkildə qeyd edilir ki, Peyğəmbərin (s) hədis və sünnəsinə itaət Allahın əmrinə itaət etməkdir. Bundan əlavə, sünni və şiə mənbəsi olmasından asılı olmayaraq, bütün İslam mənbələrində yer almış “Səqəleyn” hədisində də Peyğəmbər (s) Əhli-beytin (ə) göstərişinə itaəti Allaha itaətə bərabər tutmuş, ondan ayırmamışdır. Heç kəs deyə bilməz ki, mən Quranı qəbul edirəm, amma Əhli-beyt (ə) hədislərini qəbul etmrəm. Çünki bu söz bu və oxşar ayələrə ziddir. İmamların (ə) bu ayə ilə bağlı əlimizə çatan hədislərində Allah-taalanın əmr və qadağa haqqını Peyğəmbərə (s), Peyğəmbərin (s) isə eyni haqqı Əli (ə) və məsum imamlara (ə) verdiyini oxuyuruq. Buna görə də onların əmr və qadağalarından boyun qaçırmaq olmaz. Çünki onların əmr və qadağası onların özləri deyil, birbaşa Allah tərəfindəndir[60].
  2. Quranda ixtilaf və ziddiyyətin olmaması: Bu ayədə Quran ayələrində ixtilaf və ziddiyyətin olmaması onun vəhyə əsaslanmasının dəlili kimi təqdim edilmişdir. Belə ki, Allahdan başqa bütün varlıqlar hərəkətdə, dəyişməkdə və təkmilləşməkdədirlər. Bu təkmilləşmə özünü onların, xüsusilə də insanların yaratdıqlarında göstərir. İnsanlığın təkamül tarixinə nəzər salsaq, bu dəyişikliyi, inkişafı və təkamülün özünü elm, sənaye və sair sahələrdə daha yaxşı nümayiş etdirdiyinin şahidi olarıq. Əgər bir insan həyatına diqqətlə nəzər salsaq, onun müxtəlif yaş dövrlərindəki təkamülünü və fərqli-fərqli düşüncələrə malik olduğunu görərik. Hətta davamlı şəkildə aparılan bir işə, məsələn, bir kitaba diqqətlə nəzər salsaq, yazıçının həmin işdə necə inkişaf etdiyini və təkmilləşdiyini görərik. Belə ki, kitabın sonunun əvvəlindən, bəzi hissələrinin bəzisindən daha yaxşı olduğu məlum olacaq. Lakin Quranda belə deyil. Tarixi qaynaqların yazdığına görə Quran 23 ilə tədrici şəkildə, müxtəlif zaman və məkanlarda, müharibə, sülh, xəstəlik və sağlamlıq, qüdrət və zəiflik, məğlubiyyət və qələbə dövründə nazil olmuşdur. Amma bütün bunlara baxmayaraq, orada heç bir təzad və ixtilaf yoxdur, kitab başdan sona qədər yüksək ilahi maariflə doludur, misilsiz fəashət və bəlağətə malikdir. Onda heç bir ixtilaf yoxdur, orada hər hansı təzada rast gəlmək qeyri-mümkündür. Bunun özü onun insan beyninin məhsulu olmadığını, hərəkət və təkmilləşmənin fövqündə duran, bütün kamilliklərin mənbəyi olan bir varlığın kəlamı olduğunu sübut edən bir faktordur[61].
  3. Təhiyyət (salam vermək): “Təhiyyət” ərəb dilində “həyat” sözündən götürülmüş, başqasına həyat və sağlamlıq diləmək mənasını ifadə edir. Bu, həm “səlam əleyk” (Allah səni salamat etsin), həm də “həyyakəllah” formasında ola bilər. Bəzi hədis və təfsirlərdə əməldə sevgi göstərilməsinin “təhiyyət” məzmununa aid edilməsinə rast gəlinir. İmam Baqir (ə) buyurmuşdur: “Ayədə “təhiyyət” deyilərkən salam və istənilən növ yaxşılıq nəzərdə tutulmuşdur.” Deyilənə görə kənizlərindən biri İmam Həsənə (ə) bir gül hədiyyə edir. İmam (ə) bu hədiyyə müqabilində onu azad edir. Bunun səbəbini soruşduqda İmam (ə) buyurur: “Bu ədəb-ərkanı bizə Allah-taala “sizə salam verildiyi zaman cavabını ondan da gözəl verin”, – deyə buyuraraq öyrətmişdir.” Deməli, ayədə istənilən növ yaxşılığa ondan daha yaxşı və ya ən azı həmin yaxşılığın özü qədərində cavab verilməsi ilə bağlı ümumi qanun müəyyən edilmişdir[62]. Deyilənə görə bir kişi Peyğəmbərə (s) “əssəlamu əleykə”, – deyə salam verir. Peyğəmbər (s) ona “əleykəssəlam və rəhmətullahi və bərəkatuh”, – deyə cavab verir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Salam vermək müstəhəb, cavabını almaq isə vacibdir.”[63]
  4. Allahdan başqa heç bir məbud yoxdur. Olacağına şübhə edilməyən Qiyamət günü hamınızı O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!
  5. Siz nə üçün münafiqlər barəsində iki qrupa bölünmüsünüz? (Bəziləri onlarla müharibə aparılmasının tərəfdarı, bəziləri isə onlarla müharibə aparılmasına qarşıdır.) Halbuki Allah onları əməllərinə (fikirlərinə) görə əvvəlki hallarına qaytarmışdır. Siz Allahın (çirkin əməllərinə görə) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir yol tapmayacaqsan.
  6. Onlar sizin də onlar kmi kafir və bir-birinizə bərabər olmanızı istərlər. Buna görə də onlar (tövbə edib) Allah yolunda hicrət etməyənə qədər onlardan (özünüzə) dost seçməyin! Əgər bundan imtina etsələr (və sizə qarşı fəaliyyətlərindən əl çəkməsələr), onları harada görsəniz, tutun, (təhlükə hiss etdikdə) öldürün. Onların arasından özünüzə nə bir dost, nə də bir köməkçi seçin!
  7. Ancaq sizinlə müqaviləsi olanlarla müqaviləsi olan, yaxud sizinlə və ya öz qövmlərilə vuruşmaqdan təngə gələrək yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizə onların əleyhinə çıxmağa icazə verməz.
  8. Tezliklə siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar.) Hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə cani-dildən bu işə qoşularlar. Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, əsir alın və (ya) öldürün. Biz sizi onlara açıq-aşkar qalib etdik.

—————————————————————————————

  1. Müsəlmanların münafiqlərlə bağlı ixtilafı: Allah-taala 85-ci ayədə pis işə vasitəçi olana (onun günahından) bir pay düşür, – deyə buyurduqdan sonra möminlərə xitab edərək buyurur: Nə üçün münafiqlər barəsində iki qrupa bölünmüsünüz? Buradan belə başa düşülür ki, bir qrup müsəlman münafiqlərlə müharibə aparılmaması üçün vasitəçilik etmək niyyətində idi. Başqa bir qrup isə ciddi şəkildə etiraz edir və hesab edirdi ki, münafiqlərə qarşı döyüşmək və onları məhv etmək lazımdır. Quran birinci qrupu münafiqləri və zərərli nifaq ağacını müdafiə etdiyi üçün məzəmmət edir. Çünki Allah onları (münafiqləri) haqq yoldan sapdırmışdır. Allahın sapdırdığı adamların hidayət olunmasını necə istəmək olar? İmam Baqir (ə) bu ayənin nazilolma səbəbi ilə bağlı belə buyurmuşdur: “Bu ayə Məkkədən Mədinəyə hicrət edib müsəlman olduqlarını elan etdikdən sonra Məkkəyə qayıdan insanlar haqqındadır. Onlar Mədinənin ab-havasından xoşlanmadıqları üçün Məkkəyə dönmüş və müşrik olduqlarını elan etmişdilər. Bundan sonra müşriklərin ticarət mallarını yükləyib Yəmaməyə gedərkən müsəlmanlar onların yolunu kəsərək döyüşmək istəmişlər. Bu zaman müsəlmanlar arasında fikir ayrılığı yaranmış, bəziləri onların mömin olduqlarını söyləyib müharibəyə etiraz etmiş, bəziləri isə onların müşrik olduğunu söyləmişdir. Allah ona görə bu ayəni nazil etmişdir.”[64]
  2. Nə müsəlmanlarla, nə də onlara qarşı olan qrup: İmam Sadiq (ə) bu ayənin naziolma səbəbi haqqında belə buyurmuşdur: “Bu ayə Bəni-Mudlic qəbiləsi haqqında nazil olmuşdur. Bu qəbilə Peyğəmbərin (s) yanına gələrək ona belə demişdir: “Biz sənin peyğəmbərliyinə şahidlik edə bilmirik. Biz gəlmişik ki, səninlə olmadığımızı, eyni zamanda sənə qarşı olmadığımızı, öz qövmümüzlə əməkdaşlıq etdiyimizi elan edək.” Hədisin ravisi bu sözlərdən sonra “Peyğəmbər (s) onlarla necə davrandı?”,- deyə soruşduqda İmam Sadiq (ə) belə cavab vermişdir: “Peyğəmbər (s) buyurdu: “Ərəb müşriklərinin işlərini başa vurana qədər onlarla işiniz olmasın. Bundan sonra onları dəvət edin. Əgər İslamı qəbul etsələr, işiniz olmasın, əgər qəbul etməsələr, onlarla döyüşün.”[65]
  3. İkiüzlülüyə qarşı kəskin mövqe seçilməsi: Bu ayənin naziolma səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Ən məşhur versiyaya görə bir qrup məkkəli Peyğəmbərin (s) yanına gəlib hiylə işlədərək müsəlman olduqlarını elan edir. Lakin qüreyşlilərin yanına qayıtdıqdan və onların bütləri qarşısında dayandıqdan sonra bütlərə ibadət etməyə başlayırlar. Bu vasitə ilə özlərini həm müsəlmanlar, həm də qüreyşlilər tərəfindən gözlənilən təhlükədən sığortalamaqla hər iki tərəfdən mənfəət əldə etməyə nail olurlar. Bu ayə nazil oldu və burada müsəlmanlara bu dəstəyə qarşı sərt mövqe tutmaq göstərişi verildi.[66] Onu da qeyd etmək lazımdır ki, ayələrin mənaları onların nazilolma səbəbi ilə məhdudlaşmır, bütün zaman və məkanlarda öz aktuallığını qoruyur.
  4. Heç bir mömin başqa bir mömini öldürə bilməz. Bu işin səhvən baş verdiyi hal müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını bağışlamadıqda onlara qanbahası ödəməlidir. Öldürülən şəxs (özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa (mənsub olduğu tayfa kafirdirsə), o zaman (öldürən şəxs) mömin bir qul azad etməlidir (qanbahası ödəmək lazım deyil). Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə yanaşı mömin bir qul da azad etmək lazımdır. (Azad etməyə qul) tapa bilməyən şəxs bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Bu, (bir növ güzəşt və) ilahi tövbədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  5. Mömin bir şəxsi qəsdən öldürən adamın cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük bir əzab hazırlayar!
  6. Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman axtarış aparın! Sizə müsəlman olduğunu bildirən və sülh təklif edən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mömin deyilsən!” deməyin! Çünki Allah yanında (sizin üçün) çoxlu qənimətlər var. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə minnət qoydu (və siz haqq yola gəldiniz). Elə isə, siz də (bu böyük nemətə şükür əlaməti olaraq) araşdırma aparın! Allah bütün etdiklərinizdən xəbərdardır!

————————————————————————————-

  1. Bilmədən törədilən qətlin hökmlərinin fəlsəfəsi: Deyilənə görə, hicrətdən öncə Haris ibn Yezid ibn Nübeyşə adlı bir nəfər Əbu Cəhllə birlikdə müsəlmanlardan olan Əyyaş ibn Əbu Rəbiəyə işkəncə verirlərmiş. Sonra həmin bu Haris Məkkədən Mədinəyə, Peyğəmbərin (s) yanına hicrət edərək müsəlman oldu. Bir gün Haris yolla gedərkən Əyyaşla qarşılaşır. Əyyaş Harisin hələ də kafir olduğunu güman edib onu qətlə yetirir, sonra İslam peyğəmbərinin (s) yanına gəlib hadisəni ona danışır. Həmin vaxt bu ayə nazil olur. Peyğəmbər (s) ayəni Əyyaşa oxuyaraq buyurur: “Dur və bir qul azad et!”[67] Bu ayədə bilmədən törədilən qətlin fəsadlarının aradan qaldırılması istiqamətində üç həll yolu təqdim edilmişdr. Əslində, bu həll yollarının hər biri sözügedən hadisə nəticəsində dəymiş ziyanın bir növ aradan qaldırılmasına xidmət edir. Həmin həll yolları bunlardır: 1. Mömin bir şəxsin öldürülməsi nəticəsində yaranan ictimai ziyanın bir növ aradan qaldırılması üçün bir qul azad edilməsi; 2. Bir nəfərin ölümü ilə ailəyə dəymiş iqtisadi ziyanın bir növ aradan qaldırılması üçün qanbahası verilməsi. Əslində, qanbahası bir insanın qanının həqiqi qiymətini əsla ifadə edə bilməz. Çünki günahsız bir insanın qanı hər bir qiymətdən yüksəkdir; 3. Səhvən qətl törətmiş adamın ara vermədən iki ay ardıcıl oruc tutması onun əxlaqi və mənəvi zərərinin aradan qaldırılmasına xidmət edir. Əlbəttə, oruc mömin bir qul azad etməyə imkanı olmayan və ya bu vasitədən yararlana bilməyən şəxsə aiddir[68].
  2. Qəsdən törədilən qətlin cəzası: Adam öldürmək ən böyük cinayətlərdən və ən təhlükəli günahlardan olduğu üçün ona qarşı mübarizə aparılmadıqda sağlam cəmiyyətin ən mühüm şərtlərindən olan təhlükəsizlik və əmin-amanlıq tamamilə pozulur. Quranın müxtəlif ayələrində onun mühüm əhəmiyyətindən söz açılmışdır. Hətta bir adamın səbəbsiz yerə öldürülməsi yer üzünün bütün sakinlərinin öldürülməsi kimi təqdim edilmişdir. “Maidə” surəsinin 32-ci ayəsində belə buyurulmuşdur: “Hər kəs yer üzündə qətl və fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur.”[69] Buna görə də bu ayədə mömin bir şəxsi qəsdən öldürən adam üçün dünya cəzası hesab edilən qisasla yanaşı dörd axirət cəzası da qeyd edilmişdir: 1. Cəhənnəm oduna əbədi məhkum olmaq; 2. Allahın qəzəb və nifrəti; 3. Allahın lənəti və ilahi rəhmətdən uzaq düşmək; 4. Böyük bir əzab hazırlanması.

Qəsdən törədilmiş qətl hadisəsi üçün maksimum dərəcədə kəskin axirət əzabı müəyyən edilmişdir. Belə ki, Quranın heç bir yerində heç bir günah üçün belə bir şiddətli əzab qeyd edilməmişdir. Qətlin dünyadakı cəzası qətldir. Peyğəmbər (s) belə buyurmuşdur: “Dünyanın məhv olması Allahın nəzdində bir müsəlmanın ölümündən daha kiçikdir.”[70]

  1. Müsəlman olduğunu deyən şəxsə: “Sən müsəlman deyilsən” deməyin: Mənbələrin yazdığına görə Peyğəmbər (s) Fədəkdə məskunlaşmış yəhudiləri İslama dəvət etmək üçün Üsamə ibn Zeydin rəhbərliyi altında həmin ərazinin kəndlərindən birinə qoşun göndərir. Həmin kəndlərin birində Mirdas adlı bir kişi yaşayırmış. O, Peyğəmbərin (s) göstərişi ilə bir dəstənin oraya gəldiyini eşidib ailəsini və əmlakını toplayıb həmin ərazidəki dağlara çəkildi. Ailəsini və özü ilə apardıqlarını yerbəyer etdikdən sonra özü “əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyə-deyə Üsaməyə tərəf yola düşdü. Üsamənin yanına çatan kimi Üsamə həmin kişinin kəlmeyi-şəhadət dediyini eşitdiyi halda ona ağır bir qılınc zərbəsi vurub öldürdü. Qayıtdıqdan sonra vəziyyəti Peyğəmbərə (s) danışdı. Peyğəmbər (s) buyurdu: “Kəlçeyi-şəhadət deyən bir kişinimi öldürdün?” Üsamə belə cavab verdi: “O, kəlmeyi-şəhadəti qorxusundan deyirdi.” Peyğəmbər (s) buyurdu: “Sən onun ürəyindən keçəənlərdən xəbərdar deyildin, dili ilə dediyini də qəbul etmədin. Sənin onun batinindən xəbərin yox idi.” Üsamə bu sözləri eşitdikdən sonra and içir ki, bir daha kəlmeyi-şəhadət deyənləri öldürməyəcək. Məhz elə bu bəhanə ilə o, İmam Əlinin (ə) müsəlman adı daşıyan zülmkar və üsyankar firqələrə qarşı döyüşlərinin heç birində iştirak etməyib, əmrə itaət etməkdən boyun qaçırdı[71].
  2. Xəstəlik və narahatçılığı olmadan (üzrsüz səbəbdən) cihada getməyən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən mücahidlər bir deyillər. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən (cihada getməyənlərdən) üstün tutmuşdur. Allah bunların hər birinə (gördükləri yaxşı əməllərə görə) mükafat vəd etsə də, mücahidləri daha böyük mükafatla əyləşənlərdən üstün etmişdr.
  3. (Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. (Əgər kiçik xətaları olsa,) Allah bağışlayandır, rəhm edəndir.
  4. Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən (onlara) dedilər: “Siz nə iş görürdünüz? (Nə üçün müsəlman olduğunuz halda, kafir sıralarında yer almışdınız?)” Onlar söylədilər: “Biz öz ölkəmizdə təzyiq altında olan və zəif hala salınmış şəxslər idik.” (Mələklər də onlara) dedilər: “Hicrət etməyiniz üçün Allahın yeri geniş deyildimi?”. Onların yeri Cəhənnəmdir. O, necə də pis sonluqdur!
  5. Yalnız, həqiqətən təzyiq altında olan (aciz hala salınmış), heç bir çarəsi və (bu mühitdən xilas olmaq üçün) çıxış yolu olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.
  6. Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!
  7. Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sayda geniş və əmin-aman yerlər tapar. Allah və onun Peyğəmbərinə doğru hicrət edərək evindən çıxan şəxsi (mənzil başına çatmamış) ölüm haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!
  8. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndirlər.

——————————————————————————————-

  1. Canı kim alır? Bu ayədə canın mələklər tərəfindən alındığı qeyd edilmişdir. Halbuki “Zümər” surəsinin 42-ci ayəsində belə buyurulmuşdur: Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman alır. “Səcdə” surəsinin 11-ci ayəsində isə belə buyurulur: De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alır. Təfsirçilər bu məsələyə açıqlama verərkən bildirirlər ki, mələklər ölüm mələyinin, yəni həzrət Əzrayılın (ə) əmrinə tabedirlər. Əzrayıla (ə) da can almaq vəzifəsi Allah tərəfindən verilmişdir. Deməli, canın alınmasını bu üçündən hər birinə aid etmək düzgündür. Məsələn, binanın tikintisində həm fəhlələri, həm mühəndisi, həm də əsl sahibi həmin binanı tikən hesab etmək olar[72].
  2. Yalancı və həqiqi zəiflər: Allah-taala əvvəlki və bu ayədəki zəifləri yalançı və həqiqi olmaqla iki qrupa bölmüşdür. 97-ci ayədə birinci qrupdan söz açılmışdır. Yalançılar öz seçimləri ilə küfr və müşrik ölkəsində qalan, müşriklərin təzyiqləri nəticəsində öz dini vəzifələrinə əməl edə bilməyən şəxslərdir. Buna görə də mələklər üzrlərini qəbul etməyib onlara deyirlər: “Nə üçün hicrət etmədiniz?” Lakin bu ayədə də işarə edilən ikinci dəstə xəstəlik, əlillik, yoxsulluq və sair kmi müxtəlif səbəblərdən hicrət etməyə imkanı olmayan və ya ümumiyyətlə, din çağırışı qulaqlarına çatmayan, ondan əsla xəbər tutmayan, eyni zamanda şərait yarandıqda iman gətirən və inadkarlıq göstərməyən şəxslərdir. Allah-taala sonrakı ayədə ikinci dəstənin ilahi nemətdən bəhrələnəcəyini buyurmuşdur. Bir nəfər İmam Kazimdən (ə) zəif və çarəsiz vəziyyətə salınmışlar haqqında soruşduqda belə buyurmuşdur: “Zəif və çarəsiz vəziyyətə salınmışlar Allahın höccətindən məhrum qalmış, müxtəlif etiqad və inancları fərqləndirə bilməyənlərdir. Lakin haqla batili bir-birindən ayıra biləcək qədər zəkaya malik olan şəxsə artıq zəif və çarəsiz demək düzgün deyil.” Bu açıqlama ilə məlum olur ki, zəif və çarəsizlər də iki qrupa bölünürlər. Birinci qrup haqq dini tanıyıb ondan xəbərdar olanlar, lakin küfr mühitindən xilas olmağı və öz dini vəzifələrinə əməl etməyi bacara bilməyənlərdir. İkinci qrup isə haqq dinin çağırışından xəbərsiz olanlardır. Əgər bu çağırış onlara çatsaydı, qəbul edərdilər. Deməli, küfr və günah mühitindən xilas olmağı bacaran və ya dini maarifə yiyələnə bilən, lakin zamanında ixtiyari şəkildə zəiflik göstərən şəxsin Allah yanında heç bir üzrü olmayacaq[73].
  3. Hicrət və onun vacib olduğu məqamlar: Bu və bir çox digər ayələrə əsasən İslam müxtəlif səbəblərdən vəzifəsini icra edə bilməyənlərə başqa bir mühitə, başqa bir yerə hicrət etməyi açıq şəkildə göstəriş vermişdir. Məlumdur ki, hicrət təkcə Peyğəmbərin (s) zamanı ilə məhdudlaşan bir hökm olmamışdır. Nə zaman və harada eyni şərait yaranarsa, müsəlmanların vəzifəsi hicrət etməkdir. Quranda hicrət azadlıq və asayiş səbəbi kimi təqdim edilir. Belə ki, bu və “Nəhl” surəsinin 41-ci ayəsində belə buyurulmuşdur: Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə dünyada gözəl bir yer nəsib edəcəyik. Axirət mükafatı isə daha böyükdür. Kaş biləydilər! Allah rəsulu (s) hicrətin üstünlüyü haqqında belə buyurmuşdur: “Öz dinini qorumaq üçün bir ölkədən başqa bir ölkəyə hicrət edən şəxs hətta bir qarış da getmiş olsa, Cənnəti qazanmış, Mühəmməd (s) və İbrahimlə (ə) qonşu olmağa layiq görülmüş olur.” Çünki bu iki böyük peyğəmbər mühacirlərin öndərləri sayılır[74].
  4. Sən onların arasında olub (döyüş meydanında) onlara namaz qıldırdığın vaxt onlardan bir dəstəsi (namaza) qalxsın və silahlarını özü ilə götürsün. Səcdə etdikdən (və namazı bitirdikdən) sonra sizin arxanıza (döyüş meydanına, düşmənin önünə) keçsinlər. Sonra namaz qılmamış (döyüşdə olan) dəstə öz müdafiə vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! (Çünki) kafirlər sizin öz silahlarınızdan və mallarınızdan xəbərsiz qalmanızı və onların da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın etməyi arzu edirlər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin (zireh və dəbilqə kimi) müdafiə vasitələrini özünüzlə götürün! Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!
  5. Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda (qorxu olmadıqda) isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərin sabit və müəyyən edilmiş vəzifəsidir.
  6. Düşməni təqib etməkdə zəiflik göstərməyin! Çünki siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
  7. Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə öyrətdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edənlərdən olma!

—————————————————————————————-

  1. Qorxu namazı: Bu ayədə qorxu namazının forması geniş şəkildə izah edilməmişdir. Ümumiyyətlə, qanunları ümumi şəkildə söyləyib şərhini sünnəyə həvalə etmək Quranın spesifik metodlarındandır. Sünnədən məlum olduğu kimi, qorxu və təhlükə zamanı dörd rükətli namazlar iki rükətə çevrilir. Birinci qrup bir rükəti imamla birlikdə qılır və imam birinci rükətdən sonra dayanır. Birinci qrup ikinci rükəti ayrı qılıb döyüş meydanına yollanır. Sonra ikinci qrup birincinin yerini tutur, namazlarının birinci rükətini imamla birlikdə, ikinci rükəti isə tək qılır. Qorxu namazının forması ilə bağlı müxtəlif fikirlər var, amma qeyd etdiyimiz forma ən məşhur formadır. Ayədən çıxarılan nəticələr: 1. Namaz heç bir halda, hətta qorxu halında və döyüş meydanında da tərk edilmir;. 2. Camaat namazının əhəmiyyəti o qədər böyükdür ki, hətta döyüş meydanında və düşmən qarşısında da ona riayət etmək lazımdır; 3. Döyüşçü heç bir halda döyüş vasitəsini tərk etməməli, onu özündən uzaq tutmamalıdır[75].
  2. Namazın əhəmiyyəti: Möminlərin əmiri Əli (ə) namaz haqqında belə buyurur: “Namazı boynunuza götürün, onu qorumağa çalışın, onu çox-çox yerinə yetirin, onunla Allaha yaxınlaşın: “Çünki o, möminlərin sabit və müəyyən edilmiş vəzifəsidir”. Cəhənnəm əhlinin cavabını eşitmirsinizmi? Onlardan “sizi bu oda nə saldı?”, – deyə soruşulduqda “namaz qılanlardan deyildik”, – deyə cavab verirlər.”[76]
  3. Günahsız müsəlmanların bəraəti: Bu və sonrakı bir neçə ayənin nazilolma səbəblərindən danışılarkən belə qeyd edilmişdir: Bəşir adlı münafiq Rüfaə adlı müsəlmanın evinə oğurluğa girir, onun qılıncını, zirehini və və bir qədər də yeməyini oğurlayır. Rüfaə bu barədə qardaşı oğlu Qətadəyə danışır. Bədr döyüşçülərindən olan Qətadə hadisə haqqında Peyğəmbərə (s) məlumat verir. Ancaq Bəşir və iki qardaşı bu işdə Rüfaə ilə birlikdə yaşayan Lübeyd adlı imanlı bir müsəlmanı ittiham edirlər. Lübeyd insafsızcasına atılmış bu böhtana görə bərk əsəbləşir, qılıncını sıyırıb onların üzərinə hücum çəkərək: “Məni oğurluqda ittiham edirsiniz? Halbuki özünüz buna daha layiqsiniz. Siz Peyğəmbərə (s) həcv yazıb satirik şeirlərinizin qüreyşlilərə aid olduğunu deyən həmin münafiqlərsiniz. Ya bu ittihamınızı sübuta yetirməlisiniz, ya da qılıncımın zərbəsinə tuş gələcəksiniz!”, – deyə fəryad qoparır. Oğru qardaşlar vəziyyəti belə görüb onu yola gətirməyə çalışırlar. Digər tərəfdən də Qətadənin bu hadisəni Peyğəmbərə (s) çatdırdığından xəbərdar olduqları üçün qəbilələrinin məharətli danışıq qabiliyyəti olan nümayəndələrindən birini bir dəstə ilə birlikdə Peyğəmbərin (s) yanına göndərirlər və Peyğəmbərdən (s) oğruları bağışlamasını, Qətadəni isə böhtan atmaqda ittiham etməsini istəyirlər. Peyğəmbər (s) zahiri vəzifəsinə əməl edərək, həmin dəstənin şahidliyini qəbul edərək Qətadəni qınayır. Heç bir günahı olmayan Qətadə bu hadisəyə görə çox narahat olur, əmisinin yanına qayıdıb hadisəni böyük təəssüf hissi ilə ona danışır. Əmisi ona təskinlik verərək deyir: “Narahat olma, Allah bizimlədir.” Bu zaman bu və sonrakı ayə nazil olur, günahsız kişi (Lübeyd) bəraət qazanır, həqiqi xainlər kəskin şəkildə məzəmmət edilir[77].
  4. Allahdan bağışlanmaq dilə! Allah bağışlayan və rəhm edəndir!
  5. Özlərinə xəyanət edənləri müdafiə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!
  6. Onlar öz çirkin əməllərini insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Gecə məclislərində Allahın razı olmadığı sözləri danışanda Allah onlarla idi. Allah onların əməllərini əhatə edir (etdiklərindən xəbərdardır).
  7. Bəli, siz həmin adamlarsınız ki, bu dünyada onları müdafiə etdiniz, bəs Qiyamət günü onları Allah qarşısında kim müdafiə edəcək? Yaxud onların vəkil və hamisi kim olacaq?
  8. Pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmaq diləyən şəxs Allahın bağışlayan, mərhəmətli olduğunu görər.
  9. Günaha batmış şəxs özünə ziyan vurmuşdur. Allah hər şeyi biləndir, hikmət sahibidir!
  10. Etdiyi xəta və ya günahı günahsız bir adamın boynuna atan şəxs boynuna böhtan və açıq-aşkar günah yükü götürmüş olur.
  11. Əgər sənə Allahın lütfü (mərhəməti) olmasaydı, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Allah sənə kitab və hikmət göndərdi, bilmədiklərini öyrətdi. Allahın sənə qarşı olan lütfkarlığı böyükdür!

——————————————————————————————–

  1. Peyğəmbərə (s) bağışlanma diləməklə bağlı göstəriş verilməsi: Əllamə Təbatəbai yazır ki, burada “bağışlanmaq dilə” deyilərkən Peyğəmbərə (s) Allahdan başqalarının hüquqlarını pozmaq, insan təbiətindəki ehtirasa meyl imkanının tamamilə aradan qaldırılmasını və onu tamamlə bağışlamasını istəməsi ilə bağlı göstəriş nəzərdə tutulmuşdur. Yəni Peyğəmbər (s) günah etməyib ki, ona görə də bağışlanma diləsin. Peyğəmbər (s) Allahdan nəfs və ehtirasa olan meyillilik imkanını ondan alınmasını istəyir. Buna görə də ayənin mənası belə olur: xainlərin tərəfini saxlama, onlara meyl göstərmə, Allahdan bu mövzuda uğur istə və Ondan istə ki, xainlərin xəyanətinə meyilliliyi və nəfsin nüfuzunu sənin ruhundan və canından alsın[78].
  2. Peyğəmbərin (s) məsum olmasına başqa bir dəlil: 105-ci ayədə qeyd edildi ki, xain bir dəstə öz hiylə və kələkləri ilə mühakimə zamanı Peyğəmbərin (s) səhvə yol verməsinə çalışırdı. Lakin Allah vəhy vasitəsilə Öz peyğəmbərinə kömək etdi, ona əsl həqiqəti göstərdi. Bu ayə mövzunun davamıdır. Bu ayə əsasında ilahi peyğəmbərin səhv və xətaya yol verməməsi qənaətinə gəlmək olar. Sözügedən ayədə üç cümləyə xüsusilə diqqət yetirmək lazımdır: 1. “Allah sənə kitab və hikmət göndərdi”. Bu cümlədə Peyğəmbərin (s) mühakimələrinin əsasını təşkil edən mənbələrə, yəni Quran və sünnəyə (hikmət) işarə edilmişdir. Bu iki böyük qanunverci mənbədən xəbərdar olmaq ilahi hökmlərdə məsumluq səbəbi hesab edilir. Nəticədə, Peyğəmbər (s) Allahın hökmlərini bəyan edərkən əsla səhvə və tərəddüdə yol vermir. Çünki Qiyamətə qədər bəşəriyyətin ehtiyac duyduğu hər şey bu iki mənbədə yer almışdır. Əlbəttə, məlumdur ki, ümumi qanunları bilmək mövzular, konkret qanunlar və onların müvafiq sahələrə tətbiqi zamanı səhvdən sığortalanmaya səbəb olmur. Əslində, səhvdən qorunmaq üçün başqa bir vasitəyə ehtiyac vardır ki, sonrakı cümlədə belə qeyd edilir: 2. “Bilmədiyini sənə öyrətdi.” Bu hansı elmdir ki, Peyğəmbərin (s) o haqda məlumatı yox idi, amma onu Allah öyrətdi? Görəsən bu, Allahın kitab və sünnədə öz əksini tapmış ümumi hökmlərlə bağlı bilgidir, yoxsa hadisələrin xüsusiyyətləri və həqiqətləri ilə bağlı bilgidir? Şübhəsiz ki, birinci ehtimal tamamilə əsassızdır. Çünki ümumi hökmlərlə bağlı bilgiyə əvvəlki ayədə açıq şəkildə işarə edilmişdir. Buna görə də artıq təkrara ehtiyac yox idi. Heç kəs peyğəmbərin öz şəriətinin hökmlərindən məlumatsız olduğunu ehtimal edə bilməz. Buna görə də burada təkid və gücləndiriciyə ehtiyac yoxdur. Deməli, cümlədə nəzərdə tutulan məna ikinci ehtimala aiddir. Yəni Allah hadisələrin üzərindən pərdəni çəkmiş və Peyğəmbəri (s) onun səhvə yol verməsi və günahsız bir insana iftira atmasına çalışanların hiyləsindən xəbərdar etmişdir. 3. Allahın sənə qarşı olan lütfkarlığı böyükdür! Məsumluq və günahsızlıq mövzusunun yalnız bir hadisə və ya məhkəmə məsələsi ilə məhdudlaşdığı, başqa heç bir yerə aid olmadığı təsəvvürü yaranmasın deyə, Allah ayədə bu cümləni qeyd etmişdir. Allahın böyük adlandırdığı, bizim böyük hesab etdiklərimizdən fərqlənir. Üstünlük və lütfkarlığın əlaməti budur ki, Peyğəmbər (s) həyat tərzində, mühakimlərində, qərarlarında, münasibət və davranışlarında səhvə yol verməmişdir. Qeyd etməliyik ki, peyğəmbərlik missiyasına xas olan cəhətlərə əsasən, Peyğəmbərin (s) nümunə və meyar olması səbəbilə o, elə həyat sürməlidir ki, ümmət onun səhv və xətaya yol verdiyini ehtimal edə bilməsin, davranış və danışıqlarına itaət göstərərkən tərəddüddə qalmasın[79].
  3. Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq başqalarına yardım göstərməyi, yaxud yaxşılıq etməyi əmr edənin və ya insanlar arasında sülh yaradan kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə böyük mükafat verəcəyik!
  4. Haqq aşkar olduqdan sonra Peyğəmbərə qarşı çıxan, möminlərdən qeyrisinin yolunu izləyən şəxsi Biz istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə daxil edərik. Çox pis aqibətdir.
  5. Allah Ona şərik qoşulmasını əsla bağışlamaz. Bundan kiçik olan günahları isə dilədiyi (layiq bildiyi) kimsə üçün bağışlayar. Allaha şərik qoşan şəxs (haqq yoldan) çox azmışdır.
  6. Allahı qoyub çağırdıqları, əslində, heç bir təsiri olmayan bütlər, asi və dağıdıcı şeytanlardır.
  7. Allah onu (Şeytanı) Öz rəhmətindən məhrum etdi. O isə dedi: “Bəndələrindən müəyyən bir qismini ələ alacağam.
  8. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın (pak) yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Allahı qoyub Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.
  9. Şeytan onlara (yalançı) vədlər verir, başlarını arzularla qarışdırır. Belə ki, onlara yalnız yalan vədlər verir.
  10. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir və heç bir qaçış yolları yoxdur.

—————————————————————————————-

  1. Gizli söhbətlərin qadağan edilməsi və yalnız istisna hallarda ona icazə verilməsi: Ümumiyyətlə, gizli danışıqlar, qulağa söz demək və gizli toplantılar keçirilməsi Quranda Şeytan əməli kimi təqdim edilmişdir. Belə ki, “Mücadələ” surəsinin 10-cu ayəsində belə qeyd edilmişdir: “Məxfi danışma (pıçıldaşma) Şeytan əməlidir.” Məlumdur ki, bu davranışdan adətən, doğru olmayan əməllər üçün istifadə edilir. Çünki xeyirli və faydalı işlər görmək üçün, adətən, gizli danışmağa lüzum yoxdur. Təbii ki, bəzən zərurətin insanı yaxşı işlər görmək üçün məxfi danışıqlardan istifadə etməyə məcbur etdiyi hallar istisnadır. Bu istisnaya Quranın bir çox yerində işarə edilmişdir. Belə ki, “Mücadələ” surəsinin 9-cu ayəsində belə buyurulmuşdur: Ey iman gətirənlər! Bir-birinizlə xəlvət danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərin əleyhinə çıxmaq barədə danışmayın; yaxşı işlər, Allahdan qorxmaq barədə danışın… İnsanlar arasında qulağa söz deyilməsi şübhə və bədgümanlıq yaranmasına səbəb olar, hətta dostlar arasında da xoşagəlməzliklər yaradar. Buna görə də zəruri hallar istisna olmaqla, bu davranışdan istifadə edilməsə, daha yaxşı olar. Quranda qeyd olunan hökmün fəlsəfəsi də elə budur. Əlbəttə, bəzən insanın abrının qorunması üçün gizli danışıqdan istifadə edilməsi də lazımdır. Bu ayədə sədəqə adı ilə qeyd edilmiş maliyyə yardımları və ya yaxşıya dəvət aşkarda ediləcəyi təqdirdə qarşı tərəfin utanmasına səbəb olacaqsa və bu səbəbdən də onları qəbul etməkdən boyun qaçıracaqsa, həmçinin insanlar arasında sülh yaradılması cəhdi aşkarda bir nəticə verməsə, qeyd olunan addımlar gizlində atılmalı, sülh yaradılması üçün tərəflərlə ayrı-ayrılıqda söhbət aparılmalıdır. Qeyd etməliyik ki, insanları yaxşı işlərə dəvət etmək və onlar arasında sülh yaradılması sədəqənin nümunələrindən hesab edilir. Allah rəsulunun (s) Əbu Əyyuba belə buyurduğu nəql edilmişdir: “Sənə Allah və peyğəmbərinin sevdiyi sədəqənin nə olduğunu söyləyimmi? İnsanlar bir-birinə qarşı düşmən münasibəti bəslədikdə onları barışdır, bir-birindən uzaqlaşdıqda onları yaxınlaşdır.”[80]
  2. Şirkdən başqa bütün günahların bağışlana bilməsi: Bu ayənin məzmunu az fərqlə eyni surənin 48-ci ayəsində də qeyd edilmişdir. Bu, tək və misli olmayan Allaha inanan insanları Allahın lütfkarlığı və mərhəməti ilə ruhlandıran, onlarda ümid yaradan ayələrdəndir. Çünki bu ayədə şirkdən başqa bütün günahların bağışlana biləcəyi bildirilmişdir. İmam Əli (ə) buyurmuşdur: “Heç bir ayə mənim üçün bu ayədən ümidverici ola bilməz.” İbn Abbas belə qeyd edir: “Bu ayə mömin üçün Günəşin işıq saldığı hər şeydən yaxşıdır.” Çünki çox insan var ki, törətdiyi böyük günahlara görə Allahın rəhmət və mərhəmətindən məyus olur. Bu da onların ömürlərinin qalan hissəsini günah içində keçirməsinə səbəb olur. Lakin Allahın rəhmət və mərhəmətinə olan ümid onların günah və yanlışdan çəkinməsində rol oynayır. Əlbəttə, bağışlanmanın da şərti vardır. Bu bağışlanma layiq olanlara şamil olur. Allahın istəyi Onun hikməti ilə müşayiət olunur. Şübhəsiz ki, ilahi hikmət layiq olmayanın bağışlanmasına icazə verməz. Bu ayədə qeyd edilməsi lazım olan mühüm nüanslardan biri də budur ki, ayənin tövbə ilə heç bir əlaqəsi yoxdur. Çünki tövbə bütün günahların, hətta şirkin də yuyulmasına səbəb olur. Ayədə ilahi rəhmətin tövbə etməyə imkan tapmamış şəxslərə şamil olması nəzərdə tutulmuşdur. Yəni ilahi rəhmət öz əməllərindən peşman olmazdan əvvəl və ya peşman olduqdan, lakin pis əməllərinin nəticələrini hələ aradan qaldırmağa imkan tapmadan dünyadan köçmüş şəxslərə aid olur[81].
  3. İman gətirib yaxşı işlər görənləri isə Biz tezliklə ağacları altından çaylar axan bağlara daxil edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Bu) Allahın haqq vədidir. Danışığında və vədlərində Allahdan daha doğruçu kim ola bilər?!
  4. (Üstünlük) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!
  5. Kişi və qadın olmasından asılı olmayaraq yaxşı işlər görən insanlar mömin olacaqları təqdirdə Cənnətə daxil olarlar. Onlara azacıq da olsa, haqsızlıq edilməz!
  6. Özünü Allaha təslim edən, yaxşı əməl sahibi olan, İbrahimin xalis və pak dininə tabe olan şəxsdən din etibarilə daha üstün kim ola bilər? Allah İbrahimi Özünə dost seçmişdir!
  7. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.
  8. Səndən qadınlar barəsində hökm verməyini istəyirlər. De: “Sizin onlarla bağlı sualınıza Allah cavab verir. Verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə Kitabda məlumat verilmişdir”. Sizin etdiyiniz bütün xeyirli işlərdən Allah xəbərdardır!

—————————————————————————————-

  1. Həqiqi və yalançı imtiyazlar: Müsəlmanlar və kitab əhli mübahisə edir və birinin digərindən üstün olduğunu iddia edirmişlər. Kitab əhli deyirmiş ki, bizim peyğəmbərimiz sizin peyğəmbərdən daha əvvəl yaşayıb, kitabımız da kitabınızdan daha əvvəl göndərilib. Müsəlmanların isə cavabı belə olurdu: Bizim peyğəmbərimiz sonuncu peyğəmbərdir, kitabı sonuncu, ən kamil səmavi kitabdır. Buna görə də biz sizdən üstünük. Bu və sonrakı ayələrdə insanların dəyərinin, mükafat və cəzasının heç də bu arzu və iddialarla ölçülmədyi, dəyər, mükafat və üstünlüyün iman və saleh əməldən asılı olduğu bildirildi. Bu, bütün xalqların eyni olduğunu ifadə edən sabit və dəyişməz qanundur. Quran təkcə bir məzhəblə əlaqələndirilən xəyali, sosial, irqi və sair asılılıqların faydasız olduğunu, fərdin mənsub olduğu məktəbin əsaslarına imanı və onun proqramlarına əməl edilməsini başlıca prinsip hesab edir. Deyilənə görə, bu ayə nazil olduqdan sonra bəzi müsəlmanlar elə qorxuya düşdülər ki, qorxularından ağlamağa başladılar. Çünki onlar insanın bəzən səhvə yol verə biləcəyini, günah edəcəyini bilirdilər. Əgər bağışlanma və əfv olmasaydı və insan etdiyi bütün pis əməllərinn cəzasını çəkməli olsaydı, vəziyyət çox çətin olardı. Buna görə də Peyğəmbərə (s) “bu ayə bizim üçün heç bir çıxış yolu qoymayıb”, – deyə müraciət etdikdə Allah rəsulu (s) buyurmuşdu: “And olsun canım əlində olana! Vəziyyət ayədə buyurulduğu kimidir. Amma müjdə verim ki, sizin Allaha yaxınlaşmanıza və yaxşı işlər görməyə təşviq edlmənizə səbəb olur. Başınıza gələn müsibətlər, hətta ayağınıza batan tikan belə, günahlarınızın kəffarəsidir.”[82]
  2. İbrahim Xəlil: “Xəlil” sözü mənası “ehtiyac” olan “xullət” sözündən törəmişdir. Xəlil öz ehtiyaclarını yalnız Allaha deyən və ehtiyaclarının aradan qaldırılmasını yalnız Allahdan istəyən şəxsə deyilir. İmam Rza (ə) belə buyurmuşdur: “Allah-taala İbrahimi ona görə xəlil seçdi ki, heç bir ehtiyaclını geri qaytarmadı Allahdan başqa heç kimə ağız açmadı.”[83] Əlbəttə, bəzi təfsirçilər hesab edirlər ki, “xəlil” sözü mənası “dost” olan “xəllət” sözündən törəmişdir. Buna görə də ayənin mənası belə olur: “Allah İbrahimi Özünə dost seçdi”.

Bəs görəsən İbrahim hansı imtiyazın sahibi olmuşdu ki, Allah ona belə bir məqam bəxş etmişdi? Bu barədə müxtəlif hədislər qeyd edilmişdir. Bəzi hədislərdən belə məlum olur ki, o, çox səcdə etdiyi, acları yedizdirdiyi, gecə yarısı namaz qıldığı, Allahın itaəti yolunda çox canfəşanlıq göstərdiyi üçün  bu məqama layiq görülmüşdür[84].

  1. Qadınların və yetimlərin İslamdan əvvəlki və sonrakı vəziyyəti: Bəzi hədislərə görə, bu ayə surənin əvvəlində yetimlər, miras və qadınlardan bəhs edən ayələrdən sonra nazil olmuşdur. Cahiliyyət dövründə, miras və varislik ayələri nazil olmazdan əvvəl qadınlar, qızlar və həddi-büluğ yaşına çatmamış uşaqlar miras payından məhrum idilər. Yalnız həddi-büluğ yaşına çatmış, döyüşçü və süvari oğlanlar mirasda pay sahibi idilər. Miras ayələri nazil olduqdan sonra Peyğəmbərdən (s) qadınların, qızların və yetim uşaqların miras hökmləri haqqında soruşuldu. Bu ayə nazil oldu və onlara bu barədə surənin əvvəlində izahat verildiyi bildirildi[85].
  2. Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında sülh bağlamasının heç bir eybi yoxdur. (Bu zaman kişi və ya qadın sülhə xatir bəzi hüquqlarına göz yumur.) Sülh daha yaxşıdır. Baxmayaraq ki, insanlar xəsis və qısqancdırlar. (Bu, onların özlərini sevməsindən irəli gəlir.) Əgər yaxşılıq etsəniz və təqvalı olsanız (bağladığınız sülhə görə güzəştə getsəniz), Allah etdiyiniz hər bir işdən xəbərdardır (və sizə layiqli mükafat verəcəkdir)!
  3. Siz nə qədər çalışsanız da, (sevgi baxımından) arvadlar arasında əsla ədalətli davrana bilməzsiniz. Ancaq meylinizi tamamilə birinə salmayın ki, digəri ərini itirmiş bir qadın vəziyyətinə düşsün. Əgər islah və təqva yolunu tutsanız, (Allah sizi bağışlar). Allah bağışlayandır, rəhm edəndir!
  4. Əgər onlar (yola getməyib) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Allah lütf, kərəm və hikmət sahibidir!
  5. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı (Onun əmrindən çıxmamağı) tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, göylərdə və yerdə nə varsa, Allahındır. Allah ehtiyacsızdır, tərifə layiqdir.
  6. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allahın onları qoruması kifayət edər.
  7. Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. Allah buna qadirdir!
  8. Hər kəs dünya savabını (mükafatını) istərsə (axirət nəticələrini düşünməzsə, yanılır), (bilməlidir ki,) dünyanın da, axirətin də mükafatı Allahın yanındadır. Allah eşidəndir, görəndir!

——————————————————————————————

  1. Qaba kişi ilə yola getmək boşanmaqdan daha yaxşıdır: Bu ayənin nazilolma səbəbindən bəhs edilərkən qeyd edilir ki, Rafi ibn Xüdeycin iki həyat yoldaşı var idi. Onlardan biri yaşlı, digəri isə gənc idi. Aralarında yaranan mübahisə üzündən yaşlı arvadını boşadı və hələ iddə tamam olmamış ona dedi: “Əgər istəyirsənsə, səninlə barışaram, amma o biri arvadımı səndən üstün tutsam, gərək dözəsən və öz haqqına göz yumasan. Yox, əgər razı deyilsənsə, iddə tamam olana qədər gözləyək, sonra ayrılaq.” Qadın birinci təklifi qəbul etdi və onlar barışdılar. Bu ayə nazil oldu və bu mövzunun hökmü müəyyən edildi[86]. Bu surənin 34-cü ayəsində də qeyd edildi ki, “nüşuz” sözünün mənası qadının və ya kişinin ailə məsələlərində üzərinə düşən vəzifəni yerinə yetirməməsidir. Həmin ayədə üzərinə düşən vəzifəsini yerinə yetirməyən qadının hökmü müəyyən edilmişdi. Bu ayə və onun nazilolma səbəbini ifadə edən hədisdən belə başa düşülür ki, ailə məsələlərində kişi ailə hüquqlarını pozarsa, qadın boşanmanın qarşısını almaq üçün bəzi hüquqlarına göz yuma və onları güzəştə gedə bilər. Bu sülh və barışıq ailə münasibətlərində ayrılmaqdan daha yaxşıdır[87]. Əlbəttə, qadın da şəriət hakiminə müraciət etməklə yoldaşından şikayət edə və şəriət hakimi onların məsələlərinə aydınlıq gətirə bilər[88].
  2. Ər və arvadın öz hüquqlarına xəsislik etməsi: “Belə məsələlərdə insanlar xəsisdirlər” cümləsini izah edərkən bildirirlər ki, xəsislik insanın öz maraqlarını qoruması və şəxsiyyətinin alçalmasının qarşısını almaq üçün Allahın insana bəxş etdiyi bir instinktdir. Ər və arvad öz hüquqlarına və maraqlarına qarşı xəsisdirlər və haqlarının pozulmasına razı deyillər. Amma ailə həyatları dağılmaq təhlükəsi ilə qarşılaşdıqda barışıq və bəzi hüquqlara güzəştə gedilməsi, xəsislik və qısqanclığın bir kənara qoyulması daha yaxşıdır[89].
  3. Bütün zövcələrə qarşı eyni sevgini bəsləmək mümkün deyil: Ayənin arvadlar arasında əsla ədalətli davrana bilməzsiniz hissəsinə gəlincə, İmam Sadiq (ə) buyurmuşdur: “Burada “ədalət” deyilərkən istək və sevgidəki ədalət nəzərdə tutulur”. Başqa hədislərdə bu ayənin çoxarvadlılıqla heç bir təzad təşkil etmədiyi qeyd edilmişdir. Əslində, burada söhbət ondan gedir ki, bir kişi bütün həyat yoldaşlarını eyni səviyyədə sevə bilməz. Amma ardınca göstəriş verilir ki, bu reallıq həyat yoldaşlarından hansınasa qarşı haqsızlıq edilməsinə səbəb olmamalıdır[90]. Hədislərdə həyat yoldaşları arasında ədalətli davranmağın əhəmiyyəti ilə bağlı göstərişlər yer almışdır ki, bu da sözügedən qanunun böyüklüyündən xəbər verir. Hətta deyilənə görə İmam Əli (ə) xanımlarından hər hansısa birinə aid olan günündə hətta dəstamazını da digər xanımının evində almazmış[91]. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İki xanımı olub günlərini və mallarını onların arasında ədalətli şəkildə bölməyən şəxs Qiyamət günü sürünə-sürünə oda girənlərdən olacaq.”[92]
  4. Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, çox-çox ədalətli olun, Allah üçün şahidlik edin! (Əleyhinə şahidlik etdikləriniz) istər dövlətli olsunlar, istərsə də kasıb, Allah onlara hamilik etməyə daha layiqdir. Buna görə də nəfsinizin istəyinə uymayın ki, haqq yoldan saparsınız. Əgər haqqı təhrif etsəniz və ya onu söyləməkdən boyun qaçırsanız, (bilin ki,) Allah etdiyiniz işlərdən xəbərdardır!
  5. Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba və ondan əvvəl nazil etdiyi (səmavi) kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, peyğəmbərlərini və axirət gününü inkar edən şəxs (doğru yoldan) çox azmışdır.
  6. (Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlamayacaq və doğru yola yönəltməyəcək!
  7. Munafiqlərə, onları şiddətli əzab gözləməsi ilə bağlı müjdə ver.
  8. O münafiqlər ki, möminləri qoyub kafirləri dost seçdilər. İzzət (güc, qüdrət və elm) bütünlüklə Allaha məxsus olduğu halda, izzəti onların yanındamı axtarırlar?
  9. Allah Quranda sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Yoxsa, siz də onların tayı olarsınız. Allah münafiq və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!

——————————————————————————————-

  1. Şahidlik və onun əhəmiyyəti: Quranın çox yerində doğru şahidliyə təkid edilmişdir. Bu ayədə də şahidliyin insanın özü və əzizlərinin ziyanına olsa belə, Allahın razılığını qazanmaq üçün doğru şahidlik etməsi ilə bağlı göstəriş verilmişdir. Məsum öndərlərimiz (ə) də bu məsələyə çox önəm vermişlər. Peyğəmbərin (s) hədislərinin birində belə buyurulmuşdur: “Hakimin qarşısında yalandan şahidlik edənin sözü bitməmiş Cəhənnəmdə yeri hazır olar. Doğru şahidliyi gizlədənin də aqibəti eynidir.”[93] Allah rəsulunun (s) başqa bir hədisində belə buyurulur: “Kiminsə zərərinə yalandan şahidlik edənin yeri Cəhənnəmin ən aşağı təbəqəsidir; orada münafiqlərlə birlikdə dilindən asılacaq.”[94]
  2. Güc, qüdrət və elm Allah düşməninin yox, Allahın yanındadır: Bu ayədə müsəlmanlara iqtisadi, mədəni, siyasi və sair sahələrdə güc və qüdrəti İslam düşmənləri ilə dostluqda arxtarmamaq, yalnız Allaha arxalanmaq göstərişi verilir. Çünki bütüngüc və qüdrətin mənbəyi Allahdır. İslam düşmənlərində kiməsə verilərəcək bir qüdrət yoxdur, əgər qüdrət sahibi olsalar da etimad olunası deyillər, maraqlarına uyğun olaraq istənilən vaxt ən səmimi müttəfiqlərini tərk edir və özlərini elə aparırlrar ki, sanki müsəlmanlarla əsla münasibətdə olmayıblar. Hətta əksər hallarda öz dostlarını maraqlarına qurban verməyə hazırdırlar. Müasir tarix bu reallığı daha parlaq şəkildə əks etdirir[95].
  3. Günah məclisində iştrakın qadağan edilməsi: Təfsirçilər hesab edirlər ki, Allah Quranda (bu hökmü) sizə nazil etmişdir cümləsi ilə “Ənam” surəsinin 68-ci ayəsi nəzərdə tutulmuşdur. Həmin ayədə Peyğəmbərə (s) xitabən belə buyurulmuşdur: “Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə birlikdə oturma.” Bu ayədə bir neçə nüans öz əksini tapmışdır: 1. İştirakçı sakit dayansa belə, günah məclisində iştirak həmin günahı etmək kimidir. Çünki bu növ sükutlar bir növ əməli razılıq və təsdiqdir; 2. Günah məclisinin qarşısını almaq mümkün olmasa, ən azı oranı tərk etmək lazımdır; 3. Kafir və günahkarlarla oturub-durmaq, onların məclislərində iştirak etmək münafiqlik əlamətidir. Çünki həqiqi müsəlman Allahın ayə və hökmlərinin təhqir olunduğu məclisdə əsla iştirak etməz, etiraz etmədən dura bilməz, ən azı öz narazılığını oranı tərk etməklə bildirər[96].
  4. Sizə hər zaman göz qoyanlar (münafiqlər) Allah tərəfindən sizə bir qələbə bəxş edildikdə: “Məgər biz də sizinlə deyildikmi? (Deməli, biz də qənimətlərə ortağıq)” deyərlər. Kafirlərə bir zəfər nəsib olduqda isə: “Məgər biz sizi möminlərə qarşı mübarizə aparmağa və onlara təslim olmamağa həvəsləndirmədikmi? (Deməli, biz də sizinlə şərik olacağıq)” – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah kafirləri möminlər üzərində əsla qalib etməmişdir!
  5. Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki O (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxır, camaat qarşısında riyakarlıq edir və Allahı olduqca az yad edirlər.
  6. Onlar nə bunlar (möminlərə), nə də onlar (kafirlərə) tərəfə yönələn məqsədsizlərdir. (Nə möminlərin, nə də kafirlərin sırasında yer alırlar.) Allahın azdırdığı şəxs üçün heç bir yol (nicat yolu) tapa bilməyəcəksən!
  7. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost, hami, arxa və dayaq seçməyin! Məgər Allahın hüzurunda öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?
  8. Münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmayacaqsan! (Buna görə də münafiqlik əlaməti sayılan Allah düşməni ilə dostluqdan çəkinin.)
  9. Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha xatir xalisləşdirənlər istisnadırlar. Onlar möminlərlə olacaqlar. Allah imanlı şəxslərə böyük mükafat verəcəkdir!
  10. Siz şükür edəcəyiniz və iman gətirəcəyiniz təqdirdə Allahın sizi cəzalandırmasına nə ehtiyac var? Allah şükürə qiymət verəndir, (hər şeyi) biləndir!

——————————————————————————————-

  1. Allah kafirləri möminlər üzərində əsla qalib etməmişdir: Bəzi təfsirçilər bu cümləyə əsaslanaraq hesab edirlər ki, kafirlər təkcə elmi cəhətdən deyil, hərbi, siyasi, mədəni, iqtisadi və sair cəhətlərdən də möminlərə qalib gələ bilməzlər. Ayrı-ayrı sahələrdə və müxtəlif cəbhələrdə onların müsəlmanlar üzərində qələbə çalmasının səbəbi müsəlmanların çoxunun həqiqi mömin olmaması, imandan uzaq düşməsi, öz vəzifələrini, məsuliyyətlərini və missiyalarını tamamilə unutmasıdır. Müsəlmanlar arasında vəhdət və qardaşlığın olmaması, cihadın öz həqiqi hədəflərindən uzaq salınması, beşikdən qəbrə qədər əldə edilməsi hər kəsə vacib edilən zəruri elm və bilik əldə edilməməsi də bu səbəblərdəndir[97].
  2. Münafiqlər Allahı aldatmaq istəyirlər: Təfsirçilər ayənin bu cümləsini izah edərkən bildirirlər ki, münafiqlərin təsəvvüründə hiyləgər fikirlər yarandığı andan özləri bir növ həmin hiylənin qurbanına çevrilmiş olurlar. Çünki çox dəyərsiz sərmayə əldə etmək üçün varlıqlarının böyük sərmayəsini, yəni imanlarını itirirlər. Bu, müdriklərdən birinin sənətkar və tacirlərlə söhbətini əks etdirən bir dastana bənzəyir. Bir müdrik üzünü sənətkar və tacirlərə tutaraq deyir: “Ehtiyatlı olun ki, qərib qonaqlar sizi aldatmasınlar”. Onlardan biri deyir: “Onlar sadəlövhdürlər, əksinə, biz onlara kələk gələrik”. Müdrik deyir: “Elə mən də bunu demək istəyirəm. Siz bu yolla çox cüzi qazanc əldə edib, əvəzində böyük sərmayənizdən, imanınızdan olarsınız.”[98] Deyilənə görə, bir gün bir nəfər Peyğəmbərdən (s) “Qiyamət gününün sabahkı əzabından xilas olmaq”, – nə deməkdir?” – deyə soruşduqda, Allah rəsulu (s) buyurur: “Xilas bundadır ki, Allahı aldatmağa çalışmayın ki, O, sizi aldadar. Çünki Allah Onu aldatmağa çalışanı aldadar və imanı onun qəlbindən silər. Allahı aldadan şəxs, əslində, özünü aldadır, ancaq başa düşmür.” Başqa bir nəfər soruşur: “Bəndə Allaha qarşı necə hiylə işlədir?” Peyğəmbər (s) buyurur: “Allahın göstərişinə əməl edib niyyətində Allahdan qeyrisini tutmaqla. Buna görə də riyakarlıqdan qorunun ki, bu, Allaha şərik qoşmaqdır. Riyakar Cəhənnəmdə dörd adla çağırılacaq. Ona deyiləcək: “Ey kafir, ey facir, ey hoqqabaz, ey riyakar, əməlin puç oldu, mükafatın yox oldu, bu gün sənə mükafat yoxdur. İndi mükafatını kimə görə əməl etmişdinsə, kimin xoşuna gəlmək üçün etmişdinsə, ondan istə.”[99]
  3. Allahı yalnız az sayda adam yad edir: İmam Əli (ə) ayənin camaat qarşısında riyakarlıq edir və Allahı olduqca az yad edirlər cümləsini izah edərkən buyurmuşdur: “Allahı xəlvətdə və gizlində yad edən Onu daha çox xatırlamış olur. Münafiqlər Allahı aşkarda xatırlasalar da xəlvətdə onu yad emtirlər. Buna görə də Allah-taala buyurmuşdur: Camaat qarşısında riyakarlıq edir və Allahı olduqca az yad edirlər. Peyğəmbər (s) bu ayə haqqında belə buyurmuşdur: “Münafiqin namazı belədir, oturur, gözünü günəşə zilləyir ki, nə vaxt batacaq. Sonra ayağa qalxır, sonra başını qarğa kimi dörd dəfə yerə vurur, Allahı isə olduqca az yad edir.”[100]
  4. Allah pisliklərin (başqalarının eyiblərinin) açılıb söylənməsini sevmir. Yalnız zülm olunmuş şəxslər istisnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!
  5. Əgər yaxşılıqları aşkara çıxarsanız, yaxud gizlətsəniz və ya pislikləri əfv etsəniz (Allah onları bilər), Allah bağışlayandır, qüdrət sahibidir!
  6. Allahı və peyğəmbərlərini inkar edənlər, Allah və peyğəmbərləri arasında fərq qoyanlar, “biz (peyğəmbərlərin) bəzisinə inanır, bəzisinə isə inanmırıq”,- deyənlər və bu ikisi arasında özlərinə bir yol seçmək istəyənlər…
  7. Onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!
  8. Lakin Allaha və peyğəmbərlərinə iman gətirən və onlar arasında heç bir fərq qoymayan şəxslərin mükafatını Allah verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
  9. Kitab əhli (yəhudilər) sənin onlara göydən (tam) bir kitab endirməyini istəyirlər. (Əslində, bu, bir bəhanədir.) Onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: “Bizə Allahı aşkar göstər!” – demişdilər. Bu zülm və haqsızlıqları üzündən onları ildırım vurmuşdu. Sonra onlara gələn bütün açıq-aydın dəlillərə baxmayaraq, buzova sitayiş etmişdilər. Biz bundan da (onların bu günahından da) keçdik və Musaya açıq-aşkar dəlil verdik.
  10. Tur dağını başları üzərinə qaldırdıq, həmin vəziyyətdə onlardan əhd alıb dedik: “(Tövbə etmək üçün) qapıdan (Beytül-müqəddəsin qapısından) təvazökarcasına daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” Və onlardan möhkəm əhd aldıq.

—————————————————————————————–

  1. Qeybətin icazəli olduğu yerlərdən biri: Təfsirçilər bu ayəni qeyd edərkən bildirirlər ki, Allahın bu ayədə “yalnız zülm olunmuş şəxslər istisnadır (zülmə məruz qalmış şəxs zalımın pisliklərini danışa bilər)”, – deyə buyurduğu cümlə zülmə məruz qalmış şəxsin bütün pisliklərini danışmasına icazə vermir, yalnız zülmə məruz qaldığı mövzularda sükut etməməsinə, haqqını tələb etmək üçün zalımın pis davranışlarını faş etməsinə, zülmlə birbaşa bağlılığı olan xüsusiyyətlərini dilə gətirməsinə icazə verir[101]. Fəqihlər və təfsirçilər bu ayəyə istinad edərək bildirirlər ki, qeybətin icazə verildiyi yerlərdən biri zülmün dilə gətirilməsi və insanın öz haqqını tələb etməsidir[102].
  2. İmanla küfrün qarışdırılması: Bu ayədə yəhudi və xristianların mövqeyinə aydınlıq gətirilir. Yəhudilər İsanı (ə) rəsmən peyğəmbər kimi tanımırdılar, eyni zamanda hər iki din mənsubları İslam peyğəmbərini (s) qəbul etmirdilər. Halbuki onların səmavi kitablarına əsasən bu peyğəmbərlərin peyğəmbər olması sübuta yetmşidi. Nəfsani istəklərdən, nadancasına təəssüblərdən, paxıllıq, əsassız dar düşüncələrdən qaynaqlanan həqiqətlərin qəbulundakı bu ayrıseçkilik Allah və peyğəmbərinə imanın olmamasının əlaməti idi. Çünki iman insanın meyl və istəyinə uyğun olanı deyil, nəfsani istəklərinin əksinə olanı qəbul etməsidir. Meyl və istəklərə uyğun olanı qəbul etmək allahpərəstlik deyil, nəfspərəstlikdir[103]. Əgər bu gün də diqqətlə baxsaq, bu ayə səmavi dinlərin tərəfdarlarının çoxuna, hətta bir çox müsəlmanlara şamil olur. İlahi dinin həqiqətindən çox-çox uzaq düşmüş yəhudi və xristianları bir kənara qoyub müsəlmanlara nəzər salsaq, sözügedən ayənin onların da çoxuna şamil olduğunu görərik. Çünki əməl meydanında onların istəkləri ilə üst-üstə düşməyən ilahi hökmlərin çoxunu qəbul etmədiklərini görürük. Hicab, sələm, haram musiqi, xums, qadın və kişilərin qarışıq həyat tərzi və dinin təkid etdiyi bir çox digər hökmlər müsəlmanların çoxunun diqqətdən kənarda saxladığı hökmlərdir. Halbuki İslamın mühüm şərtlərindən biri ilahi peyğəmbərlər və məsum imamların (ə) əmr etdiyi bütün hökmləri təsdiq etmək və vacib saymaqdır. “Bəqərə” surəsinin 285-ci ayəsində belə buyurulmuşdur: “…Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər (və dedilər:) “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)”. Onlar dedilər: “Eşitdik və itaət etdik!…[104]
  3. Quranın tam şəkildə nazil edilməsini istəmək: Bu ayənin nazilolma səbəbindən danışılarkən qeyd edilir ki, bir qrup yəhudi Peyğəmbərin (s) yanına gəlib deyir: “Əgər sən Allahın peyğəmbərisənsə, Musa (ə) Tövratı tam şəkildə təqdim etdiyi kimi, sən də öz səmavi kitabını bizə tam şəkildə təqdim et.” Bu ayə nazil oldu və onlara cavab verildi[105].
  4. Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, peyğəmbərləri haqsız yerə öldürdükləri və: “Qəlblərimiz pərdə ilə örtülüb! (Peyğəmbərin söylədiklərini başa düşmürük!)” – dedikləri üçün (Allah dərgahından qovuldular). Bəli, küfrləri ucbatından Allah onların qəlblərinə möhür vurmuşdur. Buna görə də onların yalnız az bir hissəsi iman gətirər.
  5. Onlar həm də küfr etdikləri və Məryəmə qarşı böyük bir iftira atdıqları üçün (lənətə düçar oldular).
  6. (Onların Allah dərgahından qovulmasının bir səbəbi də: ) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük”, – demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa (xaça) çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Onun (qətlə yetirilməsi) haqqında ixtilafda olanlar şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatları yoxdur, ancaq zənnə qapılırlar. Əlbəttə, onu öldürmədilər.
  7. Allah onu Öz dərgahına qaldırdı. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!
  8. Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona (İsaya) iman gətirməsin, lakin o, (İsa) Qiyamət günündə onların (kitab əhlinin) əleyhinə şəhadət verəcəkdir.
  9. Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə onlara halal edilmiş gözəl (təmiz, halal) nemətlərin bir hissəsni haram etdik.
  10. Habelə qadağan olunmasına baxmayaraq, sələm aldıqları, haqsız yerə xalqın malını yedikləri üçün (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!
  11. Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və (İslam ümmətindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl göndərilənə inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!

——————————————————————————————-

  1. Kitab əhlinin həzrət Məryəmə (ə) iftira atması: “Böyük iftira” deyilərkən burada zina iftirası nəzərdə tutulur. Belə ki, “Məryəm” surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: (Məryəm) uşağı (İsanı) qucağında tutmuş halda tayfasının yanına gəldi. Onlar dedilər: “Ey Məryəm! Sən çox qəribə və pis bir iş tutdun! Məryəm (ə) haqqında olan bu inanc həm küfrdür, həm böhtan, həm də iftira. Çünki elə beşikdəcə həzrət İsa (ə) camaata dedi: Mən Allahın quluyam. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. (“Məryəm” surəsi, ayə-30). Sonra İsa (ə) elə beşikdəcə danışaraq özünün pak olduğunu və pak bir anadan dünyaya gəldiyini sübuta yetirdi. Allah-taala “Nur” surəsinin 23-cü ayəsində bu iftiranın çirkinliyi və acı aqibəti ilə bağlı belə buyurmuşdur: (İstənilən çirkinlikdən) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları çox böyük bir əzab gözləyir[106]
  2. Həzrət İsanın (ə) çarmıxa çəkilməsi iddiasının rədd edilməsi: Bu ayədə İsanın (ə) çarmıxa çəkilməsi və qətlə yetirilməsi inancı tam qətiyyətlə rədd edilr. Müxtəlif tarixi sübutlar da İsanın (ə) xaça çəkilməsinin və öldürülməsinin əsassız olduğunu sübut edir. Xristianların öz yazılarında səhvə yol verilməsi ehtimalının yüksək olduğu qeyd edilir. Dəlil və sübutların bəzilərinə nəzər salaq: 1. İsanın (ə) çarmıxa çəkildiyi qeyd edilən dörd İncil İsadan (ə) illər sonra onun şagirdləri və ya şagirdlərinin şagirdləri tərəfindən yazılmışdır. Bunu xristian tarixçiləri özləri etiraf edirlər. 2. İncillərdə yazılana görə düşmənlər İsaya (ə) hücum çəkərkən şagirdləri qaçmışlar. Deməli, onlar İsanın (ə) çarmıxa çəkilməsi qənaətinə camaat arasında gəzən şayiələr əsasında gəliblər. 3. İsanın (ə) başqa bir adamla səhv salınması faktını təsdiq edən amillərdən biri də budur ki, İsanı (ə) tutmaq üçün şəhər kənarındakı Cestmani bağına gedənlər ordu dəstələrində xidməti vəzifə yetirən Roma əsgərləri idilər. Bu qrup nə yəhudiləri tanıyırdı, nə onların adət-ənənələrindən xəbərdar idi, nə də İsanı (ə) öz şagirdlərindən fərqləndirə bilirdi. Qeyd olunanlardan əlavə, onların səhvə yol verdiyini təsdiq edən başqa dəlil və sübutlar da var. İslam hədislərində Allahın başqa bir şəxsi İsanın (ə) şəklinə saldığı, bu səbədən də məhz həmin şəxsin tutularaq qətlə yetirildiyi qeyd edilmişdir. Hər halda Qurana və İslam hədislərinə görə həzrət İsa (ə) ölməmiş, Allah onu göylərə qaldırmışdır. Lakin bu qaldırılmanın forması və onun hansı həyat tərzinə malik olması bizə məlum deyil[107].
  3. Ölümündən əvvəl kitab əhlinin İsaya (ə) iman gətirməsi: Bu ayə ilə bağlı müxtəlif izahlar verilmişdir. Həzrət İsanın (ə) həyatda olduğunu, axırzamanda onun yenidən dünyaya qayıdacağını nəzərə alsaq (hədislərdə qeyd edilir ki, İmam Mehdi (ə) zühur etdiyi vaxt həzrət İsa (ə) da göydən enəcək və İmamın (ə) arxasında namaz qılacaq, yəhudi və xristianlar onu gördükdən sonra ona və İmam Mehdiyə (ə) iman gətirəcəklər), ayənin izahı belə olur: Bütün kitab əhli İsa (ə) vəfat etməzdən əvvəl ona iman gətirəcək, amma yerə enməzdən əvvəl əcəli çatmış və gözləri önündən dünyanın maddi pərdələri qalxmış bütün şəxslər həqiqəti dərk edəcəklər. Peyğəmbərliyini inkar edənlər ona iman gətirəcək, Allah hesab edənlər səhvlərini başa düşəcəklər. Əlbəttə, qeyd etməliyik ki, bu qaçılmaz imanın heç bir faydası yoxdur. İsanın (ə) yer üzünə qayıdacağı zaman həyatda olan insanlar ona iman gətirəcəklər. Həmin vaxt iman gətirməyənlər ölərkən qeyri-ixtiyari iman gətirəcəklər. Allah-taala bu ayə ilə bildirir ki, İsa (ə) diridir və o, kitab əhli hamılıqla ona iman gətirdikdən sonra vəfat edəcək. Bu şəkildə İsanın (ə) çarmıxa çəkilməsi və qətlə yetirilməsi rədd edilir[108].
  4. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına (İsrailin övladlarına), İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik; Davuda da Zəburu verdik.
  5. Daha öncə sənə haqlarında danışdığımız və danışmadığımız peyğəmbərlər (göndərdik). Allah Musa ilə danışdı. (Bu, ona məxsus olan bir imtiyaz idi)
  6. Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan olaraq göndərdik ki, daha bu peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət, hikmət sahibidir!
  7. Lakin Allah sənə nazil etdiyi ilə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Baxmayaraq ki, təkcə Allahın şahid olması yetərlidir!
  8. Kafir olanlar və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, çox uzaq bir zəlalətə uğramışlar.
  9. Kafirləri və (özlərinə və başqalarına) zülm edənləri, Allah əsla bağışlamayacaq və onları heç bir yola yönləndirməyəcək!
  10. Əbədi, həmişəlik qalacaqları Cəhənnəm yolundan başqa! Bu, Allah üçün çox asandır!
  11. Ey insanlar! (Yolunu gözlədiyiniz) Peyğəmbər haqqı Rəbbiniz tərəfindən gətirdi. (Ona) iman gətirin ki, bu, sizin üçün xeyirlidir. Siz (onu) inkar etsəniz də, (Allaha heç bir ziyanı yoxdur, çünki) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

—————————————————————————————-

  1. Yaxşıların hamılıqla malik olduğuna sən təklikdə maliksən: Bəzi təfsirçilər bu ayəni şərh edərkən bildirirlər ki, Quran bu ayədə Peyğəmbərə (s) onun dininin bütün keçmiş dinlərin malik olduğu imtiyazlara malik olduğunu bəyan edir. Əhli-beytə (ə) aid edilən bəzi hədislərdə də bu mənaya işarə edilmişdir. Əslində, təfsirçilərin yuxarıda qeyd edilən qənaəti bu hədislərin məzmununa əsaslanır[109].
  2. Davudun kitabı: Bu ayədə Allahın Davuda (ə) göndərdiyi Zəburun səmavi kitab olmasına işarə edilmişdir. Bu fakt şəriət, səmavi kitab və din sahibi olan peyğəmbərlərin beş nəfərdən ibarət olması faktı ilə təzad təşkil etmir. Çünki həm Quran ayələrindən, həm də hədislərdən peyğəmbərlərə nazil edilmiş kitabların iki qrupa bölündüyü məlumdur: 1. Qanunverici hökmləri ehtiva edən və yeni din elan edən kitablar. Bunların sayı isə beşdir və beş peyğəmbərə göndərilmişdir. 2. Yeni hökmlər deyil, öyüdlər, nəsihətlər, istqamətləndiricilər, tövsiyələr və dualardan ibarət olan kitablar. Zəbur da məhz belə kitablardan olmuşdur. Bu kitab digər qədim kitablar kimi təhriflərə məruz qalsa da, deyə bilərik ki, müəyyən həddə qədər öz formasını qoruya bilmişdir. Zəbur əvvəldən sona qədər nəsihət, dua və münacatlardan təşkil olunmuş “məzmur” adlanan 150 (yüz əlli) fəslə malikdir[110].
  3. Adları Quranda qeyd edilmiş peyğəmbərlər: İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Peyğəmbərlərin bəzisi öz peyğəmbərliyini camaatdan gizlədirdi. Buna görə də onların adı gizli saxlanılmış və Quranda qeyd edilməmişdir. Amma bəzi peyğəmbərlər öz peyğəmbərlik missiyasını aşkar şəkildə elan etmişdir. Quranda adları çəkilmiş peyğəmbərlər də məhz onlardır. Bu ayə həmin mənaya işarə edir.”[111]
  4. Allahın Musa (ə) ilə danışmasının bir nümunəsi: Quranın müxtəlif yerlərində Allahın Musa (ə) ilə danışmasına işarə edilmiş və həmin söhbətlərin bəzi fraqmentləri bəyan edilmişdir. Hədislərdə də bir çox məqamlara toxunulmuşdur. İmam Əlinin (ə) bir hədisində Allahın Musaya (ə) belə buyurduğu qeyd edilmişdir: “Sənə dörd tapşırıq verirəm, onlara riayət etməyə çalış: Birincisi, nə vaxta qədər ki günahlarını bağışlatdırmamısan, başqalarında eyib axtarma. İkincisi, nə qədər ki xəzinələrimin tükəndiyini görməmisən, ruzinə görə narahat olma. Üçüncüsü, nə qədər ki hakimiyyətimin süquta uğradığını görməmisən, Məndən başqasına ümid bəsləmə. Dördüncüsü, nə qədər ki Şeytanın öldüyünü görməmisən, onun hiyləsindən, kələyindən, planlarından arxayın olma.”[112]
  5. Ey kitab əhli! Öz dininizdə ifrata varmayın! Allah barəsində yalnız haqqı deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi, Məryəmə bəxş etdiyi bir söz (Məryəmin bətninə atdığı kəlmə) və Allah tərəfindən olan bir ruhdur. Buna görə də Allaha və peyğəmbərlərinə iman gətirin və “(Allah) üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu,) sizin üçün daha yaxşı olar. Allah yeganə məbuddur. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onlara rəhbərlik və hamilik etmək üçün Allah yetər!
  6. İsa Məsih də, yaxın mələklər də Allahın qulu olmaqdan əsla imtina etməzlər. Allah Ona ibadət etməkdən üz çevirən və təkəbbür göstərənlərin hamısını tezliklə Öz hüzuruna toplayacaqdır!
  7. İman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını tam şəkildə verəcək, üstəlik Öz nemətindən onlar üçün artıracaqdır. İmtina edənləri və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!
  8. Ey insanlar! Sizə Rəbbiniz tərəfindən aşkar bir dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik.
  9. Allah Ona iman gətirən və ondan (səmavi kitabdan) möhkəm yapışanların hamısını tezliklə Öz mərhəməti, lütfü altına alar və Özünə tərəf gedən düz yola yönəldər.

—————————————————————————————–

  1. İfrat: Öndər və rəhbərlər mövzusunda ifrata varmaq səmavi dinlərdə haqq yoldan sapmanın ən mühüm səbəblərindən biri kimi qiymətləndirilir. İnsan özünü sevdiyi üçün rəhbər və öndərlərini olduqlarından daha üstün təqdim edir və bununla da əslində, daha çox özünü böyük və əzəmətli göstərməyə çalışır. Bəzən öndərləri şişirtmənin və mübaliğədə ifrata varmanın onlara qarşı inam, sevgi və məhəbbət göstəricisi hesab edilməsi insanın qorxulu uçuruma yuvarlanmasına səbəb olur. Buna görə də İslamda ifratçılara qarşı sərt mövqe sərgilənmiş, həm fiqh, həm də etiqad və inanc əsasları ilə bağlı olan kitablarda ifratçılar ən aşağı dərəcəli kafirlər hesab edilmişlər[113]. İmam Əli (ə) buyurmuşdur: “İki dəstə mənə olan mövqeyinə görə həlak olacaq: mənə qarşı sevgisində ifrata varan; mənimlə düşmənçilikdə həddi aşan.”[114] Deyilənə görə bir nəfər İmam Əlini (ə) tərifləməkdə ifrata varır. İmam (ə) onun dili ilə qəlbinin bir olmadığını görüb deyir: “Mən dediklərindən aşağı, qəlbində olandan yüksəkdəyəm.”[115]
  2. Xristianlıqda ən böyük sapma: Xristianlıqda mövcud olan sapmalar arasında “üçlük” inancından böyük sapma yoxdur. Onlar açıq şəkildə deyirlər ki, Allah təkdir, eyni zamanda üçdür. Yəni həm təkliyi, həm də üçlüyü düzgün hesab edirlər. Bu inanc xristian araşdırmaçıları üçün böyük çətinliklər yaratmışdır. Əgər Allahın təkliyini məcazi, üçlüyünü isə həqiqi, yaxud da üçlüyünü məcazi, təkliyini isə həqiqi hesab etsəydilər, məsələ çox sadə olardı. Ancaq maraqlısı budur ki, bu inancların hər ikisini həqiqi və gerçək hesab edirlər. Buna görə də xristianlar dərk edilməsi mümkün olmayan bir məsələ ilə qarşılaşmalı olurlar. Çünki 3=1 bərabərliyini heç məktəbli uşaq da qəbul etmir. Nəticədə, deyirlər ki, bu inancı ağıl miqyası ilə deyil, bəndəçilik və qəlb miqyası ilə qəbul etmək lazımdır. Məhz elə buradan da dinlə rasional məntiqin bir-birindən ayrılması baş verir. Bəzi xristianlar elə bir təhlükəli vadi seçirlər ki, orada dinin heç bir rasional yönü yoxdur, yalnız inam və bəndəçilik yönü var. Elm və dinin bir-birinə yad olması və bu ikisinin təzad təşkil etməsi müasir dövrün xristian məntiqi ilə də aşkardır. Çünki elm 3 ilə 1-in bərabər olmadığını dediyi halda, müasir xristianlıqda onların bərabər olduğu iddia edilir[116].
  3. Dəlil (bürhan) və nur: Bəzi alimlər hesab edirlər ki, “bürhan” (dəlil) sözünün mənası ağarmaq deməkdir. Düzgün əsaslandırma haqqın üzünə işıq saldığı və onu dinləyicinin gözü önündə ağardıb aşkar etdiyi üçün ona “bürhan” deyilir. Bu ayədə “bürhan” deyilərkən İslam peyğəmbəri (s), nur deyilərkən isə Qurani-məcid nəzərdə tutulmuşdur[117]. Quranın işıqlı və nurlu olması onunla izah edilir ki, maarifi aydındır, istənilən anlaşılmazlıq və müəmmadan kənardır, eyni zamanda bəşəriyyəti istənilən batil etiqad və davranışdan xilas edir, yol seçimindəki tərəddüdə son qoyur, zülmətlərə işıq salır, düz yola və Allahın Cənnətinə doğru yönləndirir[118]. Hədislərin birində “bürhan” deyilərkən Peyğəmbərin (s), “nur” deyilərkən isə Əlinin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir. Bu təfsir əvvəlki təfsirlə heç də təzad təşkil etmir. Çünki nurun mənası genişdir, həm Qurana, həm də onun hafizi, həqiqi təfsirçisi və müdafiəçisi olan İmam Əliyə (ə) şamil ola bilər[119].
  4. Səndən (bacı və qardaşların miras payı haqqında) soruşsalar, de: “Allah atabir-anabir və ya atabir qohumlarınız (qardaş və bacılarınız) haqqında sizə belə buyurur: Övladı olmayan bir şəxs vəfat etdikdə, onun bir bacısı varsa, qoyub getdiyi malın yarısı ona çatır. Övladı olmayan bir qadın vəfat etdikdə (yəni varisi yalnız bir qardaşı olan bacı vəfat etdikdə), malının hamısı qardaşın payına düşür. Əgər vəfat edən şəxsin iki bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu (Öz hökmlərini) sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

[1] Nümunə, c.3, səh.274

[2] Əl-Mizan, c.4, səh.145

[3] Nümunə, c.3, səh.298

[4] Nümunə, c.3, səh.302; Əl-Mizan, c.4, səh.175

[5] Əl-Mizan, c.4, səh.155-157

[6] Nümunə, c.3, səh.317

[7] Nümunə, c.3, səh.329

[8] Əl-Mizan, c.4, səh.228

[9] Nümunə, c.3, sh.336

[10] Nümunə, c.3, səh.343

[11] Nümunə, c.3, səh.349

[12] Müstədrəkül-vəsail, c.14, səh.249

[13] Vəsailüş-şiə, c.20, səh.171, 88-ci fəsil

[14] Vəsailüş-şiə, c.20, səh.171, 88-ci fəsil

[15] Nümunə, c.3, səh.358

[16] Əl-Mizan, c.4, səh.265

[17] Nümunə, c.3, səh.361

[18] Nümunə, c.3, səh.365

[19] Nümunə, c.3, səh.373

[20] Əl-Mizan, c.4, səh.334

[21] Əl-Mizan, c.4, səh.327 və 329

[22] Nümunə, c.3, səh.398

[23] Əl-mizan, c.4, səh.333

[24] Nümunə, c.3, səh.401

[25] Nümunə, c.3, səh.410

[26] Nümunə, c.3, səh.413

[27] Əl-Mizan, c.4, səh.453

[28] Müstələhatül-fiqh, səh.537

[29] Nümunə, c.3, səh.414

[30] Əl-Mizan, c.4, səh.357

[31] Nümunə, c.3, səh.416

[32] Nümunə, c.27, səh.363

[33] Nümunə, c.3, səh.439

[34] Nümunə, c.3, səh.442

[35] Ətyəbül-bəyan, c.4, səh.91

[36] Əl-Mizan, c.4, səh.373

[37] Nümunə, c.3, səh.447

[38] Nümunə, c.3, səh.450

[39] Əl-Mizan, c.4, səh.393

[40] Nəhcül-bəlağə, 182-ci xütbə

[41] Nümunə, c.3, səh.476

[42] “Künyə” – Ərəb dilində kişinin öz böyük oğlunun, qadının isə böyük övladının adının qarşısına “əb” (kişilərdə) və “ümm” (qadınlarda) sözləri əlavə edilərək adlandırılması bir ənənə olmuşdur. Ərəb qəbilələri arasında şəxslər üçün künyə formasında ad qoymaq ənənəsi o şəxs üçün hörmət və ehtiram əlaməti sayılır. Məsələn, Əbülqasim, Əbülhəsən, Ümmi-Sələmə, Ümmi-Gülsüm və s.

[43] Kəmalüddin və təmamünnemə ,c.1, səh.253

[44] Nümunə, c.3, səh.491

[45] Ətyəbül-bəyan, c.4, səh.118

[46] Nümunə, c.3, səh.492

[47] Nümunə, c.3, səh.499

[48] Nümunə, c.3, səh.500

[49] Nümunə, c.3, səh.502

[50] Quranın xəbəri, c.3, səh.366

[51] Əl-Mizan, c.4, səh.424

[52] Nümunə, c.3, səh.506

[53] Əl-Mizan, c.4, səh.425

[54] Nümunə, c.4, səh.3

[55] Nümunə, c.3, səh.9

[56] Əl-Mizan, c.4, səh.431

[57] Nümunə, c.3, səh.280

[58] Əl-Mizan, c.4, səh.413

[59] Nümunə, c.4, səh.14

[60] Nümunə, c.4, səh.25

[61] Əl-Mizan, c.5, səh.20

[62] Nümunə, c.4, səh.42

[63] Əl-Mizan, c.5, səh.36

[64] Əl-Mizan, c.5, səh.31-37

[65] Əl-Mizan, c.5, səh.39

[66] Nümunə, c.4, səh.57

[67] Əl-Mizan, c.5, səh.43

[68] Əl-Mizan, c.5, səh.43

[69] Nümunə, c.4, səh.63

[70] Nümunə, c.4, səh.67

[71] Əl-Mizan, c.5, səh.46

[72] Ətyəbül-bəyan, c.4, səh.179

[73] Əl-Mizan, c.5, səh.53

[74] Nümunə, c.4, səh.90

[75] Nümunə, c.4, səh.103

[76] Nəhcül-bəlağə, 190-cı xütbə

[77] Nümunə, c.4. səh.110

[78]Təfsiri-mövzui, c.3, səh.4

[79] Mənşuri-cavid, c.7, səh.275

[80] Nümunə, c.4, səh.126

[81] Nümunə, c.3, səh.453

[82] Nümunə, c.4, səh.140

[83] Əl-Mizan, c.5, səh.98

[84] Nümunə, c.4, səh.145

[85] Əl-Mizan, c.5, səh.100

[86] Nümunə, c.4, səh.149

[87] Əl-Mizan, c.5, səh.108; Ətyəbül-bəyan, c.4, səh.229

[88] Bax: Fiqh terminləri kitabı, səh.537

[89] Əl-Mizan, c.5, səh.103

[90] Əl-Mizan, c.5, səh.108

[91] Nümunə, c.4, səh.103

[92] Vəsailüş-şiə, c.21, səh.342

[93] Kafi, c.7, səh.383, “Yalandan şahidlik edən şəxs” fəsli

[94] Vəsailüş-şiə, c.27, səh.325, “Saxta şahidliyin cəzası” fəsli

[95] Nümunə, c.4, səh.170

[96] Nümunə, c.4, səh.172

[97] Nümunə, c.4, səh.175

[98] Nümunə, c.4, səh.177

[99] Əl-Mizan, c.5, səh.133

[100] Əl-Mizan, c.5, səh.123

[101] Əl-Mizan, c.5, səh.125

[102] Ətyəbül-bəyan, c.4, səh.253

[103] Nümunə, c.4, səh.189

[104] Ətyəbül-bəyan, c.4, səh.256

[105] Nümunə, c.4, səh.192

[106] Ətyəbül-bəyan, c.4, səh.262; Əl-Mizan, c.5, səh.134; Təfsiri-mövzui, c.7, səh.356

[107] Nümunə, c.4, səh.201; Əl-Mizan, c.5, səh.134

[108] Əl-Mizan, c.5, səh.136

[109] Nümunə, c.4, səh.214

[110] Əl-Mizan, c.5, səh.148

[111] Nümunə, c.18, səh.182

[112] Nümunə, c.18 ,səh.182

[113] Nümunə, c.4, səh.221

[114] Nəhcül-bəlağə, 117-ci hikmət

[115] Nəhcül-bəlağə, 83-cü hikmət

[116] Nümunə, c.4, səh.224

[117] Nümunə, c.4, səh.234

[118] Təfsiri-mövzui, c.1, səh.356

[119] Nümunə, c.4, səh.234

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.