Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 10

Ali-İmran surəsi, 14-cü ayə

Ali-İmran surəsi, 14-cü ayə



زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللَّهُ عِنْدَهُ حُسْنُ الْمَآبِ .١٤


Ayənin tərcüməsi



14\. Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir. (Amma) bunlar (insanın son məqsədinə çevriləcəyi təqdirdə,) aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır.

Ayənin təfsiri.



Maddi zinətlərin cazibədarlığı.

Əvvəlki ayələrdə dünya həyatında mal və övladlarına arxalanan, onlarla öyünən, özlərini Allaha ehtiyacsız güman edən şəxslərdən danışıldı. Bu ayə də onların davamıdır və həmin söhbəti təkmilləşdirərək belə buyurur: "Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir”.

"(Amma) bunlar (insanın son maqsadina çevriləcəyi təqdirdə,) aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır”.

Düzdür, bu vasitələr olmadan yaşamaq mümkün deyil. Hətta maddi vasitələrsiz mənəviyyat və səadət yolunun qət edilməsi mümkünsüzdür. Lakin onlardan bu yolda istifadə etməklə onlara hədsiz bağlanmaq. pərəstiş etmək və onları həyatın məqsədinə çevirmək fərqli anlayışlardır.

İncəliklər:



1\. Bu maddi işləri insanların gözünə gözəl göstərən kimdir? Məchul feil ilə bəyan edilən “insanların gözünə gözəl göstərilmişdir" ayəsində qadın, uşaq, var-dövlət və sərvətin insanların gözündə gözəl göstərildiyi qeyd edilmişdir. Bəs onları insanlara gözəl göstərən kimdir?

Bəzi təfsirçilərin nəzərincə, onları insanların gözünə gözəl göstərən şeytani istəklərdir. Bu nəzər sahibləri öz sözlərini əsaslandırmaq üçün "Nəml” surəsinin 24-cü ayəsinə - “Şeytan əməllərini onların gözündə gözəl göstərib" - və digər ayələrə istinad ediblər. Lakin bu əsaslandırma inandırıcı görünmür. Çünki sözügedən ayədə əməllərdən deyil, var-dövlət, qadın və övladdan danışılır.

Ayənin təfsiri barədə düzgün nəzər həmin şeyləri gözəl göstərənin Allah olmasıdır. Yəni Allah-taala onları yaradılış sistemi, insanın fitrət və təbiəti vasitəsi ilə onun gözünə gözəl göstərib. Çünki Allah insanın fitrətində övlad, mal və sərvət sevgisini onu sınağa çəkmək, təkamül və tərbiyə istiqamətində daha da irəli aparmaq üçün yaradıb.

Quran buyurur: "İnsanların hansının daha yaxşı əməl etdiyini sınaqdan keçirmək üçün yer üzündə olan hər şeyi ona (yerǝ) bəzək etdik”. Yəni onlara həmin sevgi verilib ki, bu eşq və meyildən fəsad və dağıdıcılıq deyil, xoşbəxtlik və quruculuq istiqamətində istifadə etsinlər.

Sözügedən ayədə qeyd edilən ilk şey qadın sevgisidir. Bu gün psixoanalitiklər də qeyd edirlər ki, insanın ən güclü istəklərindən biri cinsi istəkdir. İctimai hadisələrin əksəriyyətinin bu istəkdən qaynaqlanan "tufanlar" nəticəsində baş verdiyini müasir və keçmiş tarix də təsdiqləyir.

Sözügedən ayə mötədil həddə olan qadın, övlad, sərvət və mal sevgisini əsla məzəmmət etmir. Çünki maddi vasitələr olmadan mənəvi hədəflərə çatmaq mümkün deyil.

Bundan əlavə, şəriət qanunları yaradılış qanunları ilə ziddiyyət təşkil edə bilməz. Məzəmmət olunan məsələ həmin şeyləri ifrat dərəcədə sevmək, başqa sözlə desək, onlara pərəstiş etməkdir.

2\. “الْقَنَاطِيرِالْمُقَنطَرَةِ” (yığın-yığın (qızıl-gümüş və)) “الْخَيْل ِالْمُسَوَّمَةِ” (yaxşı cins atlar) ifadələrində məqsəd nədir?

Ayənin ərəbcə orijinalında işlənmiş (qənatir) sözü (qintar) sözünün cəmidir və onun mənası “möhkəm şey”dir. Sonra o, "çoxlu mal" barəsində işlədilib. Körpüyə (qəntərə), ağıllı şəxslərə (qintir) deyilməsinin səbəbi körpünün bünövrəsinin, ağıllı adamın isə düşüncəsinin möhkəm olmasıdır. (muqəntərət) sözü də həmin kökdən düzəlmiş məchul növ feili sifətdir və onun mənası həmin şeyin neçə qatıdır. Bu iki sözün bir-birinin ardınca qeyd edilməsi təkid məqsədi daşıyır. Buna bənzər ifadələr başqa dillərdə də var və məqsəd "çoxlu sərvət"dir.

Hətta (qintar) sözü üçün hədd də müəyyənləşdirilib. Bəziləri onun yetmiş min dinar, bəziləri yüz min dinar, bəziləri on iki min dirhəm, bəziləri isə bir kisə qızıl və ya gümüş olduğunu deyiblər.

İmam Baqir və İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə (qintar)ın bir inək dərisinin içini dolduracaq qədər qızıl olması qeyd edilib.

Hər halda, onların hamısı geniş məna ifadə edir və o, "çoxlu mal”dır.

Həmçinin ayənin ərəbcə orijinalında işlənmiş (xəyl) sözü toplu isimdir və onun mənası "atlar", yaxud "süvarilǝr'dir. O, bu iki mənanın hər ikisində işlədilir, lakin sözügedən ayədə məqsəd birinci mənadır. (musəvvəmət) sözünün mənası “nişan qoyulmuşdur. Onların nişanlanması ya gözəl bədən quruluşuna malik olmalarına və görünüşcə seçilmələrinə görədir, ya da onlara təlim keçilməsinə və döyüş meydanında minilməyə hazır olmalarına görə.

Sözügedən ayədə insan həyatının sərmayələrindən olan altı şeyə işarə edilib: qadın, övlad, nağd pul, cins minik atlar, heyvandarlıqda istifadə edilən heyvanlar (ənam) və əkin sahələri (hərs). İnsanın maddi həyatının əsas sütunları bunlardan ibarətdir.

3\. "Aşağı həyat sərmayəsi" deyiləndə nə nəzərdə tutulur? Ayənin ərəbcə orijinalında işlənmiş (məta) sözünün mənası “insanın bəhrələndiyi şey", (əl-həyatud-dunya) ifadəsinin mənası isə “aşağı və alçaq həyat”dır. Buna görə də (bunlar aşağı həyat sərmayəsidir) cümləsinin mənası belə olur: Əgər kimsə həmin altı şeyə son hədəf kimi eşq bəsləsə və onlardan bir "nərdivan" (yüksəliş vasitəsi) kimi istifadə etməsə, aşağı və alçaq həyata qatlaşıb.

"Aşağı həyat" ifadəsi həyatın təkamül istiqamətində hərəkətdə olmasına işarədir. Bu dünya həyatı onun ilk mərhələsi hesab edilir. Buna görə də ayənin sonunda insanı qarşıda gözləyən daha üstün və ali həyata işarə edərək buyurur:

“Gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır".

4\. Öncə də qeyd edildiyi kimi, maddi nemətlər arasında əvvəl qadınların adı çəkilir. Çünki qadın dünyapərəstlərin diqqətini cəlb etmək və onların qorxulu cinayətlərə əl atmasına səbəb olmaq baxımından digər nemətlərlə müqayisədə daha böyük rol oynayır.