Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 22.02.2025

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır: مسند الإمام أحمد بن حنبل، ج‏1، ص446، حدیث: 648- (و حدثنا أبو بكر بن أبي داود، قال: حدثنا أحمد بن يحيى الصوفي، قال) حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُدْرِكٍ، عَنْ عَبْدِ اللَّهِ بْنِ‏ نُجَيٍّ (الحضرمی)، عَنْ أَبِيهِ: (خرجنا مع علی الی صفین) – «أَنَّهُ سَارَ مَعَ عَلِيٍّ، (وَ كَانَ صَاحِبَ مِطْهَرَتِهِ،) فَلَمَّا حَاذَى نِينَوَى وَ هُوَ مُنْطَلِقٌ إِلَى صِفِّينَ، فَنَادَى عَلِيٌّ: اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، اصْبِرْ (صبرا) أَبَا عَبْدِ اللَّهِ، بِشَطِّ الْفُرَاتِ. قُلْتُ: وَمَاذَا؟ قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ) ذَاتَ يَوْمٍ وَعَيْنَاهُ تَفِيضَانِ. قُلْتُ: يَا نَبِيَّ اللَّهِ، أَغْضَبَكَ أَحَدٌ، مَا شَأْنُ عَيْنَيْكَ‏ تَفِيضَانِ‏؟ قَالَ: «بَلْ قَامَ مِنْ عِنْدِي جِبْرِيلُ قَبْلُ، فَحَدَّثَنِي أَنَّ الْحُسَيْنَ يُقْتَلُ بِشَطِّ الْفُرَاتِ» – (اخبرنی جبریل ان امتی تقتل ابنی الحسین). قَالَ: فَقَالَ (ثم قال لی): «هَلْ لَكَ إِلَى أَنْ أُشِمَّكَ (اریک) مِنْ تُرْبَتِهِ؟». قَالَ: قُلْتُ: نَعَمْ. (قال) فَمَدَّ يَدَهُ، فَقَبَضَ قَبْضَةً مِنْ تُرَابٍ فَأَعْطَانِيهَا، (فلما رایتها) فَلَمْ أَمْلِكْ عَيْنَيَّ أَنْ فَاضَتَا» Abdullah bin Nücəyy əl-Həzrəmi atasından (Nücəyy) ki, İmam Əlinin (ə) su daşıyanı olub, belə nəql edir: “Əli (ə) ilə Siffeyin müharibəsinə gedirdik. O (ə) Neynəva adlanan yerə çatanda belə fəryad etdi: “Səbr et, ey Əba Əbdillah, Səbr et, ey Əba Əbdillah, Fəratın sahilində”. Dedim ki, nə olub, ya Əli, nə baş verib? (Əli) Dedi: Günlərin birində Peyğəmbərin (s) hüzuruna getdikdə gözlərinin yaşardığını gördüm. Dedim: Ey Allahın peyğəmbəri! Səni kimsə qəzəbləndirib? Nə olub ki, gözlərin yaşlıdır? Peyğəmbər (s) buyurdu: Səndən bir az öncə Cəbrayil (ə) yanımdan getdi. O mənə xəbər verdi ki, oğlum Hüseyni (ə) ümmətim Fərat sahilində öldürücəklər. Sonra o mənə dedi ki, istəyirsənmi onun (şəhid ediləcəyi yerin) türbətinin ətrini duyasan? Dedim: Bəli. Və o, əlini uzadıb oranın (Hüseynin öldürüləcəyi yerin) torpağından bir ovuc mənə verdi. O türbəti görəndən sonra göz yaşlarımı saxlaya bilmirəm”. Qeyd: 1). Hədis “əl-Müsnəd” kitabının Qahirədə 1995-ci ildə (1416 hq) Darul-Hədis nəşriyyatı tərəfindən çap və nəşr edilən (birinci çapı) və Əhməd Məhəmməd Şakir tərəfindən 8 cildi araşdırılmış nüsxəsindən götürülmüşdür. 2). Əhməd Məhəmməd Şakir hədisin barəsində belə hökm etmişdir: إسناده صحيح. وهو في مجمع الزوائد 187:9 وقال: “رواه أحمد وأبو يعلى والبزار والطبرانى، ورجاله ثقات، ولم ينفرد نجي بهذا. “Hədisin isnadı səhihdir. Bu hədis Məcməuz-Zəvaiddə c.9, s.187-də (hədis: 15112) keçmişdir. Həmçinin hədisi Əhməd, Əbu Yəla (363), Bəzzar (884) və Təbərani (2811) nəql ediblər. Hədisin “rical”ı (nəql edən kəslər) “siqat”dırlar (yəni sözlərinə etibar edilən insanlardırlar). Bu hədisi təkcə Nucəyy nəql etməyib (yəni digər ravilər də var ki, oxşar məzmunda hədisləri nəql ediblər).

İmam Hüseyn (ə) 22.02.2025

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan bir hədisdə deyilir ki, Həzrət İmam Hüseyn (ə) Kərbəlada olarkən qardaşı Məhəmməd Hənəfiyyəyə çox qısa bir məktubda yazır: «بسم اللّه الرحمن الرحيم. من الحسين بن عليّ‌ إلى محمّد بن عليّ‌ و من قِبَلهُ‌ من بني هاشم: أمّا بعدُ، فكأنّ‌ الدنيا لم تكن! وكأنّ‌ الآخرة لم تزل! والسلام». “Bismillahir-Rəhmanir-Rəhim. Hüseyn ibn Əlidən Məhəmməd ibn Əliyə və onun timsalında Bəni-Haşim camaatına: Amma sonra, sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş. Vəssəlam”. İbn Quləvəyh, “Kamiluz-Ziyarat”, s.76, bab:23, hədis:15, Məhərrəm ayının 6-cı gününün hadisələri. İmam Hüseynin (ə) bu qısa kəlamının izahını Aşura gecəsi ənsarı üçün etdiyi çıxışında görmək olar: “Agah olun! Həqiqətən dünyanın şirini də, acısı da yuxudur, oyanış axirətdə olacaq. Əsl nicat əhli orada nicat tapanlar və əsl bədbəxtlər orada bədbəxt olanlardır”. (“İmam Həsən Əskəriyə (ə) mənsub təfsir”, s.219). Bundan əlavə Qurani-Kərimdə keçən ayələrə görə Həzrət Yəhya (ə) və Həzrət İsaya (ə) üç məqamda salam deyilib: “Anadan olduğu gün, öldüyü gün, Qiyamət günü yenidən dirildiyi gün”. (Məryəm, 15 və 33). Həmçinin bəzi Quran ayələri Qiyamət gününə işarə edərək vurğulayır ki, insanlar həmin səhnədə elə sanacaqlar ki, sanki dünyada bir gecə və ya bir gündüz yaşayıblar və şayəd də günün bir hissəsini dünyada olublar. (Naziat, 46; Yunis, 45). Buna görə də insan bu üç günün övladı hesab edilir. Ömürü üç gün qədər az bir müddətdir. Bu üç gün bir yuxu kimi gəlir keçir və insan bir də ayılır ki, böyük bir məhkəmədə hesab verməli və o hesaba əsasən əbədi bir həyat yaşamalıdır. İmam Hüseyn (ə) qardaşına yazdığı məktubda dünyanı acılı və şirinli bir yuxu hesab edib ki, bir anda gəlib keçir. Və xəbərdarlıq edir ki, məbada, əbədi bir həyatı bir anlıq yuxunun badına verəsiniz! Ağıllı insan bu dünyanın nemətindən keçici bir səfər üçün bəs edər qədərinə kifayət edir, ürək bağlamır. Nəticədə səfəri yüngül keçir, yol üstü şeylərə ilişib qalmır və səfərdə tanış olduqları ilə ayrılıq ona çətin gəlmir. Dünyanın mahiyyəti tez keçən bir yuxu imişsə, bu yuxuya bağlanmaq ağılsızlıqdır. Ağıllı adamlar isə bu yuxunu ən gözəl şəkildə, yəni şəhadətə çataraq Allahın hüzuruna ucalmaqla bitirirlər. İmam Hüseynin (ə) bu qısa kəlamını 11-ci hicri əsrində yaşamış şiə alimi Fəxruddin Türeyhi (vəfat: 1085 hq) “əl-Muntəxəb fi cəm`il-mərasi vəl-xutəb” (kitabın digər adı “əl-Fəxra”dır) adlı əsərində fərqli şəkildə verib ki, bu fərqlilik hədisin başqa bir nəql nüsxəsi, məzmun nəqli və ya müəllifin öz izahı ola bilər. Hədisin mənasını anlamaqda kömək etdiyi üçün həmin mətni də veririk: “Agah olun! Biz dünya həyatını tərk etdik və şəhid olmağa qərar verdik. Belə düşündük ki, sanki dünya heç vaxt yox imiş (və biz bu dünyada yaşamırmışıq) və əzəldən əbədi və baqi diyar olan axirət var imiş (və biz də əbədi yaşayacayıq). Biz axirəti dünyaya tərcih etdik. Vəssəlam”.

İmam Hüseyn (ə) 16.02.2025

“ƏRBƏİN” GÜNÜ BAŞ VERMİŞ HADİSƏLƏR

Bu gün – Səfər ayının 20-i “Ərbəin” günüdür, yəni imam Hüseynin (ə) və vəfalı səhabələrinin şəhadətinin 40-cı günüdür. Əlbəttə, unutmaq olmaz ki, imam Hüseynin (ə) əhli-əyalının əsarətindən də 40 gün keçir. Bu böyük müsibət münasibətilə oxucularımıza, Əhli-beyt (ə) ardıcıllarına Allah-Taaladan əcr diləyir və Kərbəla vaqiəsi ilə bağlı Səfər ayının 20-nə, yəni Ərbəin gününə təsadüf edən hadisələri diqqətinizə çatdırırıq: 1. İMAM HÜSEYN (Ə) VƏ KƏRBƏLA ŞƏHİDLƏRİNİN QIRXI 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-i Aşura faciəsi, imam Hüseyn (ə) və dostlarının şəhadəti, eləcə də, o həzrətin əhli-əyalının əsarətinin qırxıncı gününə təsadüf edir. Əhli-beyt dostları və şiələri həmin günü matəm saxlayıb əzadarlıq etməli, Kərbəla şəhdlərinin xatirəsini yaşadıb əziz tutmalıdırlar. Seyid ibn Tavus “Lühuf” kitabında yazır ki, Əhli-beyt əsirləri Şamdan yola düşüb İraqa çatdıqda, karvanın rəhbərindən onları Kərbəlaya aparmasını istədilər. Karvanın rəhbəri onların istəyini yerinə yetirdi. Əsirlər Kərbəlaya çatdıqda, imam Hüseynin (ə) ziyarətinə gələn Cabir ibn Abdullah Ənsari və Haşimilərdən bir dəstə ilə qarşılaşdılar. Onlar birlikdə Kərbəlaya daxil olub, şəhidlərə matəm saхlayaraq əzadarlıq etdilər. Bu əzadarlıq ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələrə çatdı. Onlar da bu matəmə qoşulub, bir nеçə gün yas məclisləri qurdular. (“Lühuf”, Seyid ibn Tavus, səh.142.) 2. CABİR İBN ABDULLAH ƏNSARİNİN KƏRBƏLA ZİYARƏTİ İslam Peyğəmbərinin (s) səhabəsi Cabir ibn Abdullah Ənsari Mədinədən hərəkət edib, 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-də, imam Hüseynin (ə) şəhadətinin 40-cı günü Kərbəlaya daxil olur və Ətiyyə Ovfi adlı bir şəxslə imam Hüseynin (ə) qəbrini ziyarət edir. Ətiyyə Ovfi deyir: “Cabir ibn Abdullah Ənsari ilə birlikdə imam Hüseynin (ə) qəbrini ziyarət etmək məqsədilə Mədinədən hərəkət edib Kərbəla torpağına çatdıqda, Cabir “Fərat” çayında qüsl edib özünü ətirlədi və zikr dediyi halda müqəddəs qəbrə yaxınlaşdı. Mənə dedi: “Əlimi qəbrin üstünə qoy!” Mən Cabirin əlini İmamın (ə) qəbrinin üstünə qoyduqda, huşdan getdi. Mən onun üzünə su səpdim ki, ayılsın. Cabir özünə gəlib üç dəfə “Ya Hüseyn!” dedi. Sonra əlavə etdi: “Dost dosta cavab verməzmi?” Sonra öz-özünə belə dedi: “Cabir, cavabmı gözləyirsən? Bir halda ki, Hüseyn öz qanına boyanmış və başı bədənindən ayrılmışdır.” Cabir imam Hüseynə (ə) və o həzrətin ətrafında dəfn olunan şəhidlərə salam-salavat göndərdikdən sonra dedi: “Mühəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, biz də siz şəhidlərin əməllərinə şərikik!” Mən Cabirə dedim: “Axı biz bir iş görməmişik (Kərbəla şəhidləri ilə birgə döyüşməmişik), onlardır şəhid!” Cabir dedi: “Ey Ətiyyə! Bir gün həbibim Rəsulullahın (s) belə buyurduğunu eşitdim: مَن أحَبَّ قَوماً حُشِرَ مَعَهُم، ومَن أحَبَّ عَمَلَ قَومٍ اُشرِكَ في عَمَلِهِم “Hər kim bir zümrəni sevsə, həmin zümrə ilə məhşur olar və hər kim bir zümrənin əməlini sevsə, həmin zümrənin əməlinə şərik olar!” (“Biharul-ənvar”, c.65, səh.130.) 3. ƏHLİ-BEYT ƏSİRLƏRİNİN KƏRBƏLA VƏ YA MƏDİNƏYƏ QAYIDIŞI Bəzi mənbələrdə Əhli-beyt əsirlərinin “Ərbəin” günü Şamdan Kərbəlaya, bəzi mənbələrdə isə Mədinəyə daxil olduqları göstərilir. Lakin tarixçilər arasında əsirlərin “Ərbəin” günü Kərbəlaya qayıtdıqları ilə bağlı fikirayrılığı mövcuddur. Seyid ibn Tavus “Lühuf” kitabında, Şeyx Abbas Qummi də “Müntəhəl-amal” kitabında imam Hüseynin (ə) əhli-əyalının Şamdan qayıdarkən Kərbəlaya döndükləri haqda məlumat verilir. Qeyd etdiyimiz kimi, əsirlər karvanı Kərbəlaya çatdıqda, Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsarinin bir qrup Haşimi ilə imam Hüseynin (ə) və Kərbəla şəhidlərinin ziyarətinə gəldiklərini də görürlər. (Cabir ibn Abdullah Ənsarinin Səfər ayının 20-də – Ərbəin günü Kərbəlaya daxil olduğunu nəzərə aldıqda, əsirlər karvanının da həmin gün Kərbəlaya daxil olduğunu demək olar.) Şeyx Müfid və Şeyx Tusi kimi digər alimlər isə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər. 4. İMAM HÜSEYNİN (Ə) MÜQƏDDƏS BAŞININ PAK BƏDƏNİNƏ QOVUŞMASI Bəzi mənbələrdə göstərilir ki, Kərbəla şəhidlərinin şəhadətinin 40-cı günü imam Səccad (ə) atası imam Hüseynin (ə) müqəddəs başını Şamdan Kərbəlaya gətirib, o həzrətin qəbrində dəfn edir. ƏRBƏİN VƏ ALİMLƏR ARASINDA FİKİRAYRILIĞI Birinci nəzər: “Həbibüs-siyər” adlı tarix kitabında yazılır: “Yezid Kərbəla şəhidlərinin müqəddəs başlarını Əli ibn Hüseynə (ə) (imam Səccada) verdi və o həzrət də Səfər ayının 20-i – Ərbəin günü şəhidlərin başlarını pak bədənlərinə qovuşdurduqdan sonra Mədinəyə doğru hərəkət etdi. (“Nəfəsül-məhmum”, əsərindən nəqlən, səh.466.) Əbu Reyhan Biruni də “Asarul-baqiyə” əsərində yazır: “Səfər ayının 20-də, “Ərbəin” günü Əhli-beyt əsirləri Şamdan Kərbəlaya çatıb, imam Hüseynin (ə) müqəddəs başını qəbrində dəfn etdilər.” (Məqtəlül-Hüseyn (ə) kitabından nəqlən, Müqərrəm, səh.371.) Seyid ibn Tavus “Lühuf” kitabında (səh.82), İbn Nəma da “Musirul-əhzan” kitabında (səh.107) bu nəzəri irəli sürmüşlər. İkinci nəzər: Şeyx Müfid və Şeyx Tusi kimi bəzi alimlər isə Əhli-beyt əsirlərinin Səfər ayının 20-də Mədinəyə daxil olduqlarını qeyd etmişlər. “Misbah” kitabında yazılır: “İmam Hüseynin (ə) əhli-əyalı imam Səccad (ə) ilə birlikdə Səfər ayının 20-də Mədinəyə çatmışlar. Üçüncü nəzər: Bəzi tarixçilər də imam Hüseynin (ə) əhli-əyalının Aşura faciəsindən bir il sonra, yəni 62-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya gəldikləri və elə həmin ildə imam Hüseynin (ə) müqəddəs başını özləri ilə gətirib o həzrətin qəbrində dəfn etdikləri haqda məlumat vermişlər. İbn Covzi yazır: “Əhli-beyt əsirləri Şamdan qayıdarkən Kərbəlaya dönməmiş və birbaşa Mədinəyə üz tutmuşlar. Onlar imam Hüseynin (ə) müqəddəs başını özləri ilə birlikdə Mədinəyə aparmış və sonradan Kərbəlaya qayıdıb o həzrətin qəbrində dəfn etmişlər.” “Qəmqam-Zəxxar” əsərində (səh.586) yazılır: “Kərbəladan Kufəyə və Kufədən də Şama qədər olan məsafəni nəzərə aldıqda, imam Hüseynin (ə) əhli-əyalının 61-ci hicri-qəməri ilinin Səfər ayının 20-də Kərbəlaya daxil olması mümkünsüz və ağlasığmaz bir məsələ olduğunu demək olar. Əhli-beyt əsirlərinin Kərbəlaya dönüşü növbəti ildə, yəni 62-ci hicri-qəməri ilində baş vermişdir. Cabir ibn Abdullah Ənsari də elə 62-ci ildə imam Hüseynin (ə) ziyarətində olmuşdur.” (Mənbələr: “Təqvimi-şiə”, Əbdülhüseyn Nişapuri-1387; “Lühuf”, Seyid ibn Tavus; “Məfatihi-novin”, Ayətullah Məkarim Şirazi.)

İmam Hüseyn (ə) 16.02.2025

Ərbəin , İnsanları birləşdirən dəyər

Kərbəla Təkəbbürlüyü mərifət sayan insan modeli qarşısında yeni bir mədəniyyət yüksəlir. Fədakar, təvazökar və əliaçıq iam Hüseyn aşiqləri, dünyaya böyük dərslər verir. Ərbəin – yəni 40-cı gün. İmam Hüseynin şəhadətinin 40-cı günü. 14 əsrdir davam edən bir həqiqət. Səddamın dövründə gizli baş verən hadisər, son günlər dünya miqyasında misli bərabəri görünməyən bir atmosferə büründü. İrqindən asılı olmayaraq insanlar Kərbəlanı könüllər fatehi bilərək, dünyanın dörd bir yanından İraqa axın edir. Nəcəf və Kərbəla arasındakı məsafəni təqribən 3 günə piyada gedib, İmam Hüseynin türbəsinə yetişirlər. Bu insanların sayı 20 milyonu keçir. Yəni Kərbəla zəvvarları İraq əhalisinin sayına bərabərdir. Təsəvvür edin ki, kiçik bir şəhər ölkə əhalisinin sayı qədər insana ev sahibliyi edir. Bu eşq yolçuluğunda bir loxma çörək almaq üçün deyil, bir loxma ehsan edə bilmək üçün milyonlarla insan sanki yarışır. Hər kəs bir-birinə xidmət göstərməyə can atır. Dahi Nəsimi gözəl deyir: “Güldən tərəzi düzəldərlər, gülü, gül ilə çəkərlər.” Amma bu sadəcə bir beyt deyil, həqiqətdir. Kərbəla yolunu anladıb bizə Nəsimi. Öncədən bir-birlərini görməmiş milyonlarla insan dövlətin təhlükəsizlik xidmətindən başqa heç bir dəstək olmadan gecə-gündüz yol gedir, yeyib üçür, öz ehtiyaclarını belə, özləri qarşılayırlar. Ziyarətin ilk illərində xidmətləri ev sahibi iraqlılar etsələr də, son illərdə ölkə xaricindən gələnlərin də qurduğu xidmət çadırları bəzi çatışmamazlıqları aradan qaldırıb. xidmət edənlərin sayı o qədər çoxdur ki, bəziləri xidmət göstərə bilmədikləri üçün oturub ağlayırlar. Bura Kərbəladır. Burada kimsənin dilinə, irqinə, məzhəbinə, yaşına və dininə baxmazlar. bu yola düşmüş hər kəs dəyərlidir, əzizdir. “Şərəfdir aşiqə canan yolunda yanmaq” deyən aşiqlər, minlərlə kilometr uzaqlıqdan, hətta uzaq qitələrdən də gəlib, bu eşq yolçuluğuna qoşulurlar. İnsanlıq tarixində bunun bənzəri yoxdur, olmayacaq da. Say baxımından bura gələn insanların 4-də birinə çatan 2-ci bu cür hadisə tapa bilməzsiniz. təəssüflər olsun ki belə bir hadisə, xəbərlərdə və gündəmdə olmağı artıqlaması ilə haqq etdiyi halda, dünyanın marağını özünə cəlb edən eşq yürüşü, ölkə və dünya mətbuatında yetərincə işıqlandırılmır. Çünki bu insanlar sadəcə türbəyə getmirlər. Gələcəyə üz tuturlar. Kapitalist, fərdçi, istismarçı sarayların dirəklərini yıxıb, ədalət, bərabərlik, fədakarlıq mədəniyyəti qururlar. Müharibələrin mərkəzi olan bir coğrafiyada yüksələn bu Ərbəin atəşi, bir möcüzədir, bir həqiqətdir.

İmam Hüseyn (ə) 04.02.2025

İmam Hüseynin (ə) həyatı

https://ia904706.us.archive.org/34/items/imam-huseynin-hyati/İmam%20Hüseynin%20ə%20həyatı.mp3 Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi mətləbləri nəzərinizə çatdırırıq: Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü, xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar”. PEYĞƏMBƏRİN (S) HÜSEYNƏ (Ə) MƏHƏBBƏTİ Peyğəmbərin (s) səhabəsi Salman Farsi bu barədə belə deyir: ”Peyğəmbəri (s) oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini və belə buyurduğunu gördüm: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir”. Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”. (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYN (Ə)-İN İMAMƏTDƏN QABAQKI MÜBARİZƏLƏRİ İmam Hüseyn (ə) elə gənclik dövründən siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir. “Cəməl” döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseynin (ə) öhdəsində idi. “Siffeyn” döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. (“Siffeyn döyüşü”, səh.144, 249, 530.) İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbəri imam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında imam Hüseyn (ə) imam Həsənlə (ə) bir olmuşdur. Müaviyə imam Həsənə (ə) sülh təklif etdikdə, o həzrət imam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb, bu təklif barədə onlarla məsləhətləşdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birgə Mədinəyə qayıtdılar. (“Sireyi-Pişvayan”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası imam Əli (ə) ilə birgə yaşamış və imam Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. İmam Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı imam Həsənlə (ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin 50-ci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə islami vəzifələr imam Hüseynin (ə) öhdəsinə düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəla çölündə şəhadətə yetmişdir.

İmam Hüseyn (ə) 21.01.2025

İmam Hüseynə (ə) ağlamağın savabının böyüklüyünə Qurandan dəlil

Mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir. Həzrət İmam Hüseynin (ə) əzadarlığı və o həzrətə ağlamaq və yas saxlamaq barədə verilən mükafat vədələri də inkar ediləsi və ağıl və məntiqdən kənar bir məsələ deyil. Mömin insan ismət və təharət Əhli-Beytinin (ə) vədələri qarşısında inkar, təəccüb və istib`ad mövqeyində durmamalıdır. İstib`ad yəni bir şeyi həqiqətdən kənar və mənfi mənada təəccüblü hesab etmək. Təharət və ismət sülaləsi olan Əhli-Beyt (ə) imamları barədə verilən vədələr və onların buyurduqları məsələləri mömin insan qəbul etməlidir, nə ki,  təəccüblənməli və həqiqətdən uzaq saymalıdır. Bundan da daha pisi mömin insanın inkar mövqeyində olmasıdır. Buna görə mərifət və irfan əhli deyirlər ki, bir şeyi dəlilsiz inkar etmək, şübhə etmək, həqiqətdən kənar saymaq və ağıl və məntiqdən uzaq bilmək (istib`ad) insanın mənəvi inkişafı və kamalı yolunda ən böyük maneədir, çünki insanı süst və motivasız edir. Və nəticədə insan Allahın İmam Hüseyni (ə) yad etmək barədə verdiyi mükafatları əldə edə bilmir və kamilliyə gedən yoldan azır. Buna görə də İmam Hüseynin (ə) əzadarlığına veriləcək mükafatlar barədə hətta istib`ad etmək olmaz, nə ki inkar. Çünki əvvələn bu barədə kifayət qədər hədis və rəvayətlər var. Bu hədislər mütəvatir həddədir və inkar və istib`ad üçün yer saxlamır. İkincisi, öz fərdi və ictimai həyatımızda İmam Hüseyni (ə) və əshabını yad etməyin təsir və nəticələrinə baxsaq, vədər verilən mükafatlar elə də çox və təəccüblü deyil. Üçüncüsü, İmam Hüseyn (ə) və ənsarının Allah yolunda etdikləri və göstərdikləri fədakarlıqlar hədislərdə deyiləndən daha çox mükafata və daha böyük məqama layiqdir. Bundan əlavə, biz Allaha aid olan işləri öz tərəzimizlə ölçməməliyik. Allah yanında olan ölçü meyarları bizim düşüncəmizdəkindən çox fərqlidir. Məsələn, Qurani-Kərim bir buğda dənəsi infaq edənə bir neçə bərabərini verirsə, bunda təəccüb yeri varmı? İmam Hüseynin (ə) məsələsi də belədir. İnfaq edilən və sədəqə verilən bir buğda dənəsinin 700 bərabər mükafatı varsa, hər şeyini Allah yolunda verən şəhidlərə axıdılan bir damla göz yaşına bu qədər mükafat verilməsi niyə təəccüblü olsun ki? /shia.az

İmam Hüseyn (ə) 21.01.2025

LUHUF İMAM HÜSEYN (Ə)-IN HƏYATI

İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜNDƏN KARBALAYA GƏLDİYİ GÜNƏ QƏDƏRKİ DÖVR İMAM HÜSEYN (Ə)-IN TƏVƏLLÜDÜ İmam Hüseyn (ə) hicri ilinin dördündə, şəban ayının beşinci gününün gecəsində; başqa sənədə əsasən, həmin ayın üçündə dünyaya göz açıbdır. Bəzi alimlərin dediyinə əsasən, o Həzrət hicrətin üçüncü ilində rəbiül-əvvəl ayının axırlarında anadan olub. İmam Hüseyn (ə)təvəllüd tarixi haqqında başqa rəvayətlər də mövcuddur. İmam Hüseyn (ə) anadan olan zaman Cəbrail min mələklə göz aydınlığa vermək və təbrik etmək üçün Allahın Rəsulunun (s) hüzuruna gəldilər. Fatimə (s.ə)[1] övladını atasının[2] yanına gətirdi. Peyğəmbər (s) uşağı görən kimi sevindi və onun adını Hüseyn qoydu. ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə nəql edir ki, Abbas ibn Əbdülmütəllibin həyat yoldaşı Ümmül-Fəzl dedi:«İmam Hüseyn (ə) təvəllüdündən qabaq, bir gecə yuxuda gördüm ki, Peyğəmbər (s) bədənindən bir tikə ət ayrılıb mənim ətəyimə düşdü. Bu yuxunun təbirini Allahın Rəsulundan (s) soruşdum. O Həzrət buyurdu: «Əgər gördüyün yuxu doğru yuxulardan olsa, tez bir zamanda qızım Fatimənin (ə) bir oğlu olacaq və süd vermək üçün onu sənə tapşıracam». Bir müddət keçdi. Günlərin bir günü Fatimə (s.ə)-ın oğlu oldu. Onu mənə tapşırdılar. Onu Allahın Rəsulunun (s) yanına apardım. O Həzrət uşağı öz dizi üstünə qoyub öpməyə başladı. Bu zaman uşağın idrarından bir damcı Peyğəmbər (s) paltarına dəydi. Mən uşağı Peyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Allahın Rəsulu (s) qəzəbli şəxslər kimi buyurdu: «Yavaş ey Ümmül-Fəzl!Mənim paltarım yuylub təmizlənəcək. Amma sən övladımı narahat etdin». Mən Hüseyn yerə qoydum. Su gətirmək üçün otaqdan çıxdım. Qayıdandan sonra gördüm ki, Allahın Rəsulu (s) ağlayır. Dedim: «Ey Allahın Rəsulu niyə ağlayırsınız?»Peyğəmbər (s) buyurdu: «Bir az bundan qabaq Cəbrail gəlib mənə xəbər verdi ki, ümmətim bu övladımı öldürəcək». Mühəddislər[3] belə rəvayət edirlər: İmam Hüseyn (ə) ömründən bir il keçmişdir. Qanadlarını açmış müxtəlif sürətlərə və qırmızı çöhrəyə malik olan on iki mələk Allahın Rəsulunun (s) hüzrüna gəldilər. Onlar Peyğəmbər (s) ərz etdilər: Ya Mühəmməd (s) Qabilin Habilə zülm etdiyi kimi övladın Hüseynə də zülm edəcəklər. Habilə verilən savab kimi ona da savab veriləcək. Həmçinin, onu öldürənlərin əzabı Qabilin əzabı kimi olcaq. Bu zaman asimanlardaolan bütün mələklərAllahın Rəsulunun (s) hüzuruna gəlib, Hüseyn (ə)-ın gələcəkdə öldürdüyü üçün o Həzrətə baş sağlığı verirdilər. Mələklər İmam Hüseyn (ə) şəhadətinin əvəzində Allah-Təalanın o Həzrət üçün təyin etdiyi savabı Peyğəmbərlərə (s) xəbər verir və İmam Hüseyn (ə) qəbrinin türbətini o Həzrətə göstərdilər. Peyğəmbər (s) həmin zaman buyurdu: «Ey Allah! Oğlum Hüseyni xar edənləri zəlil və xar et! Hüseynimi öldürənləri öldür və onu öz məqsədinə çatdırma!» CƏBRAİLİN İMAM HÜSEYN (Ə)-IN ŞƏHADƏTİNİ XƏBƏR VERMƏSİ İmam Hüseyn (ə) iki yaşı var idi. Peyğəmbər (s) səfərə gedirdi. O Həzrət yolda birdən ayaq saxlayıb buyurdu: إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ[4] Peyğəmbər (s) bunu deyib ağladı. Peyğəmbərdən (s) ağlamağın səbəbini soruşdular. O Həzrət buyurdu: «İndi Cəbrail Fərat çayının yaxınlığında olan yeri mənə xəbər verdi. O yerin adı Kərbaladır. Orada oğlum Hüseyn (ə) öldürəcəklər». Soruşdular: «Ey Allahın Rəsulu (s) onu kim öldürəcək?» Buyurdu: «Oğlum Hüseyn (ə) Yezid adında bir şəxs öldürəcək. Elə bil ki, indi Hüseynin (ə) öldürülən yeri və dəfn olunan məkanını öz gözümlə görürəm». Allahın Rəsulu (s) həmin səfərdən qəm-qüssə içində qayıtdı. Peyğəmbər (s) səfərdən qayıdandan sonra minbərə çıxıb xütbə oxudu. Xalqa moizə etdi. Sonra sağ əlini İmam Həsən (ə) və sol əlini İmam Hüseynin (ə) başına qoydu, üzünü göyə tutaraq dedi: «Ya Allah! Mühəmməd sənin bəndən və Peyğəmbərindir. Bu iki nəfər isə mənim Əhli-Beytimin pakları və nəslimin seçilmişləridir. Bunlar ümmətin arasında mənim canişinlərimdir. Cəbrail mənə xəbər verdi ki, bu övladımı məzlumcasına öldürəcəklər. Ya Allah, şəhadəti onun üçün mübarək et! Onu şəhidlərin ağası et! Önu öldürənlər və xar edənlər üçün mübarək etmə!» Allahın Rəsulu (s) öz sözünü bura çatdıranda məclisdə olanların nalə şivəni ucaldı. Peyğəmbər (s) buyurdu:«Siz onun üçün (İmam Hüseyn (ə) üçün) ağlayırsınız, amma ona kömək etməyib günah edəcəksiniz?» Sonra Peyğəmbər (s) məsciddən xaric oldu. Bir neçə an keçdi. O Həzrət yenə də məscidə qayıtdı. Amma bu dəfə rəngi dəyişmiş, halı pozulmuşdu. Başqa bir xütbəni ağlar gözlərlə qiraət edib buyurdu: «Ay camaat! Mən sizin aranızda iki böyük şeyi əmanət qoyuram, biri Quran, o birisi isə mənim Əhli-Beytimdir. Onların hər ikisi mənim qəlbimin meyvəsi, həmçinin çanımdır və onları çox istəyirəm. Quran və Əhli-Beytim«Kövsər» hovuzunun kənarımda mənə qovuşana qədər bir-birindən ayrılmayacaqlar. Bilməlisiniz ki, mən qiyamət günü bu iki böyük əmanətin yolunu gözləyəcəyəm. Mən sizdən yalnız Allahın göstərişinə əsasən, Əhli-Beytimin sevməyinizi tələb edirəm. Bəs çalışmalısınız ki, qiyamət günü mənimlə gördüyünüz zaman Əhli-Beytimin düşmənçiliyi ürəyimizdə olmasın və onlara zülm edənlərdən olmayın. Agah olun! Qiyamət günü üç dənə bayrağın hər birinin altında ümmətimin bir dəstəsi yanıma gələcəklər. Birinci bayraq qara bayraqdır. Mələklər onu görəndə fəryad çəkəcəklər. Həmin bayraqların sahibləri mənim qarşımda duracaqlar. Mən onlardan soruşacağam: Siz kimsiz? Onlar mənim adımı yaddan çıxartdıqları halda deyəcəklər: Mən ərəb və qeyri-ərəblərin Peyğəmbəri Əhmədəm[5]. Onlar deyəcəklər: «Biz sənin ümmətindənik» Onlardan soruşacağam: «Məndən sonra Əhli-Beytim və Quranla necə rəftar etdiniz?» Deyəcklər: «Qurana əhəmiyyət verməyib, onun göstərişlərinə əməl etmədik; Əhli-Beytini də nabud edib, yer üzündən götürmək istəyirik». Bu zaman mən onlardan üz döndərəcəyəm. Onlar da susuz və qara simalarla məndən uzqlaşacaqlar. İkinci bayraq irəli gələcək. Birinci bayraqdan daha çox qara olcaq. Mən onlara deyəcəyəm: «Məndən sonra iki böyük əmanətimlə(Quran və Əhli-Beytimlə) necə rəftar etdiniz?» Cavab verəcəklər: «Quranla müxalifətçilik və Əhli-Beytini isə xar edib, onların əsir-yesir etdik». Onlara deyəcəyəm: «Məndən uzaqlaşın!» Onlar qara simalar və susuz dodaqlarla gedəcəklər. Üçüncü bayraq mənim yanıma gələcək. Bu bayrağın sahiblərinin sifətlərindən nur saçacaq. Mən onlardan soruşacağam: «Siz kimsiniz?» Deyəcəklər: «Biz tövhid kəlməsini deyənlər, təqvaəhli və Mühəmmədin (s) ümmətindənik. Biz haqq əhlinin davamçılarıyıq, bizim dinimizdə şəkk-şübhə olmayıbdır. Öz Allahımızın əziz kitabı Quranı əlimizdə tutub, onun haramını haram və halalını halal bildik. Peyğəmbərimiz Mühəmmədin (s)Əhli-Beytini sevib, onların köməyində əlimizdən gələni əsirgəməyib Əhli-Beytin düşmənləri ilə vuruşduq». Mən onlara deyəcəyəm: «Sizə bəşarət veririm ki, mən sizin Peyğəmbəriniz Mühəmmədəm (s). Siz indi bəyan etdiyiniz kimi dünyada həyat sürübsünüz. Sonra «Kövsər» hovuzundan onları sirab edəcəyəm. Onlar açıq və sevinclə dolu simalarla behiştə tərəf gedib, orada əbədi qalacaqlar». [1]İmam Hüseyn (ə)-ın anası. [2]Mühəmməd (s) peyğəmbər Fatimənin atasıdır. [3] Hədis rəvayət edənlər. [4] Hamımız Allahdan gəlmişik və Allaha tərəfinə qayıdacıq. [5] Məhəmməd peyğəmbərin asimandakı adı Əhməddir.

İmam Hüseyn (ə) 21.01.2025

İmam Hüseyni (ə) hər gün ziyarət etmək lazımdır

Siqətul-İslam Şeyx Məhəmməd bin Yəqub Kuleyninin qələmə aldığı “əl-Kafi” adlı dəyərli hədis məcmuəsində Həzrət İmam Hüseynin (ə) hər gün, olmasa həftədə bir dəfə, olmasa ayda bir dəfə, o da olmasa ildə bir dəfə və heç olmasa ömürdə bir dəfə ziyarətinin təkid edildiyini yetirən bir hədis nəql edilib ki, bu hədis Həzrət İmam Hüseynin (ə) ziyarətinin İslami dini və məzhəbimiz üçün necə də əhəmiyyətli olduğunu yetirir. Həmin hədisi sizin diqqətinizə çatdırırıq. Hədisin sənədi مُحَمَّدُ بْنُ يَحْيى‏، عَنْ سَلَمَةَ بْنِ الْخَطَّابِ، عَنْ عَبْدِ اللَّهِ‏ بْنِ الْخَطَّابِ، عَن‏ عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدِ بْنِ سِنَانٍ، عَنْ مَنِيعٍ (بن الحجاج)‏، عَنْ يُونُسَ بْنِ عَبْدِ الرَّحْمنِ، عَنْ حَنَانٍ، عَنْ أَبِيهِ. Məhəmməd ibn Yəhya nəql edir Sələmət bin əl-Xəttabdan, o da Abdullah bin əl-Xəttabdan, o da Abdullah bin Məhəmməd bin Sinandan  – (Abdullah bin Məhəmməd əl-Yəmani olmalıdır əslində), o da Məniidən (bəzi nüsxələrdə “Müsmə” yazılıb ki, səhv olduğu ehtimal edilir), o da Yunis ibn Əbdür-Rəhmandan, o da Hənnandan, o da atası Sədirdən. Hədisin mətni Sədir deyir: İmam Sadiq (ə) mənə buyurdu ki, ey Sədir, İmam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsən? قَالَ: قَال‏ أَبُو عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ: «يَا سَدِيرُ، تَزُورُ قَبْرَ الْحُسَيْنِ‏ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ يَوْمٍ؟» قُلْتُ: جُعِلْتُ فِدَاكَ‏، لَا. Dedim: Sənə qurban olum, ağa! Xeyr. قَالَ: «فَمَا أَجْفَاكُمْ!» İmam Sadiq (ə) buyurdu: Siz necə də cəfakarsız! قَالَ: «فَتَزُورُونَهُ فِي كُلِّ جُمْعَةٍ؟» Sonra buyurdu: Belə isə hər Cümə günü ziyarət edirsiz? قُلْتُ: لَا. Dedim: Xeyr, ağa. قَالَ‏: «فَتَزُورُونَهُ فِي كُلِّ شَهْرٍ؟» Yenə buyurdu: Belə isə ayda bir dəfə ziyarət edirsiz? قُلْتُ: لَا. Dedim: Xeyr, ağa. قَالَ: «فَتَزُورُونَهُ‏ فِي كُلِّ سَنَةٍ؟» İmam (təəccüblə yenidən) buyurdu: Onda (yəqin ki, heç olmasa,) ildə bir dəfə ziyarət edirsiniz? قُلْتُ: قَدْ يَكُونُ ذلِكَ. Dedim: Bəli, bəzən belə olur – (yəni bəzi illərdə bir dəfə ziyarət edirik). قَالَ: «يَا سَدِيرُ، مَا أَجْفَاكُمْ لِلْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ، أَمَا عَلِمْتَ أَنَّ لِلَّهِ- عَزَّ وَ جَلَّ- أَلْفَ أَلْف مَلَكٍ شُعْثٌ غُبْرٌ، يَبْكُونَ، وَ يَزُورُونَ، لَايَفْتُرُونَ‏. İmam (ə) buyurdu: Ey Sədir! Siz Hüseynə (ə) qarşı necə də cəfakarsınız! Bilmirsən ki, Allah-Taala saçları pərişan və toza bulaşmış min-min mələk yaradıb və onlar İmam Hüseynə (ə) ağlayırlar, onu ziyarət edirlər və bu işdən yorulmurlar. وَ مَا عَلَيْكَ يَا سَدِيرُ أَن‏ تَزُورَ قَبْرَ الْحُسَيْنِ عَلَيْهِ السَّلَامُ فِي كُلِّ جُمْعَةٍ خَمْسَ مَرَّاتٍ، وَ فِي‏ كُلِّ يَوْمٍ مَرَّةً؟». İmam sonra buyurdu: Nə olub sənə ey Sədir?! Nə üçün İmam Hüseynin (ə) qəbrini hər Cümə günü beş dəfə və (digər günlərdə) hər gün bir dəfə ziyarət etmirsən?! قُلْتُ: جُعِلْتُ فِدَاكَ، إِنَّ بَيْنَنَا وَ بَيْنَهُ فَرَاسِخَ كَثِيرَةً. Dedim: Sənə qurban olum, ağa, İmam Hüseynin (ə) məzarı ilə bizim aramızda çoxlu fərsəxlər var – (yəni məsafə uzaqdır və kilometrlər yol var). فَقَالَ لِي: «اصْعَدْ فَوْقَ سَطْحِكَ (دارک)، ثُمَّ تَلْتَفِتُ‏ (التفت) يُمْنَةً وَ يُسْرَةً، ثُمَّ تَرْفَعُ رَأْسَكَ إِلَى السَّمَاءِ، ثُمَّ تَنْحُو (انح او تتحری) نَحْوَ الْقَبْرِ، وَ تَقُولُ: “السَّلَامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ، السَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ”، تُكْتَبُ لَكَ زَوْرَةٌ، وَ الزَّوْرَةُ حَجَّةٌ وَ عُمْرَةٌ». İmam (ə) mənə buyurdu: Evinin damına çıx (yəni hündür bir yerə çıx), sonra sağa və sola bax. Sonra İmam Hüseynin (ə) məzarı səmtinə (Kərbəlaya tərəf) dön və üzünü səmaya tutaraq de: “əs-Səlamu Ələykə ya Əba Əbdillah, əs-Səlamu ələykə və rəhmətullahi və bərəkatuhu”. Bununla sənə İmam Hüseynin (ə) ziyarəti savabı, həmçinin Həcc və Ümrə savabı yazılacaqdır. قَالَ سَدِيرٌ: فَرُبَّمَا فَعَلْتُ ذلِكَ‏ فِي الشَّهْرِ أَكْثَرَ مِنْ عِشْرِينَ مَرَّةً. Sədir dedi: Mən bunu çox vaxtlar hər ayda iyirmi dəfədən çox edirəm.” *Hədisin sənədi güclüdür və səhihə yaxındır. Və mənbə baxımından da şiə hədis qaynlarının ən mötəbər kitablarında keçmişdir. Hədisin mənbələri: Şeyx Kuleyni, “əl-Kafi”, c.9, s.348, hədis: 8/8198. Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, c.2, s.599, hədis:3203. Şeyx Tusi, “Təhzibul-Əhkam”, c.6, s.116, hədis:21. t.me/mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Ərbəin günündə İmam Hüseynin (ə) ziyarətinin sirri nədir?

İmam Hüseynin (ə) Ərbəin günü yaxınlaşdıqca Həzrət Əba Abdullahı (ə) sevənlərin arasında xüsusi bir həyəcan və şövq meydana gəlir. Bəs İmamı (ə) məhz bu gündə ziyarət etməyin sirri nədədir? Bu batini meyl və istək – adi bir istək deyildir. Din alimləri bizə bir çox şeyləri tövsiyə edirlər, ancaq Ərbəin günündə Seyyidi-şühədanı (ə) ziyarət etməyin hesabı başqadır. bəs niyə məhz bu ziyarəti din alimlərimiz çox tövsiyə edirlər? Quran bizlərə göstəriş verir ki, möminlər Əyyamullahda gərək yada salınsınlar ki, Allahın bu böyük günləri unudulmasın. Ərbəin – Aşura hadisəsinin davamıdır. Ona görə də Aşura gününü əziz tutmaq üçün ən böyük Əyyamullahdır. Ərbəin günündə Hüseyn (ə) aşiqləri İmamın (ə) hərəminə tərəf hərəkət edərək, onunla əhdlərini təzələyirlər. Bu əhdi təzələməyin ən yaxşı yolu – Kərbəlaya getməkdir. Ona görə də İmam Həsən Əsgəri (ə) Ərbəin günündə İmam Hüseyni (ə) ziyarət etməyi – möminlərin nişanələrindən hesab etmişdir. İmam Həsən Əsgəri (ə) buyurur: “5 şey möminin nişanələrindəndir: onlardan biri Ərbəin ziyarətidir”. İmam Hüseyni (ə) Ərbəin günündə ilk ziyarət edən insan Cabir Ənsari olmuşdur. Dövrün ən böyük alimlərindən olan Ətiyyə ibni Səyid ibni Cənadə Uvfi də onunla bir yerdə idi. Cabir bizlərə İmamı (ə) necə ziyarət etməyin yolları öyrətdi və sonra da şəhid olmuş əziz dostu ilə dərdləşdi. Gah özündən getdi, gah da hönkürüb ağladı. Aşura İslam dinini ayaqda saxladığı kimi, Ərbəin də Aşuranı ayaqda saxlamışdır. Ərbəin gələn zaman Həzrət Zeynəbdən (s.ə) danışmaq lazımdır. Onun yaralarından və əyləşən halda qıldığı namazlardan. Həzrət Zeynəb (s.ə) – o əzəmətli xanımdır ki, öz xütbəsi ilə Şam camaatını ağlatmışdı. Ərbəin gələn zaman əsirlər karvanı yada düşür. Aşura hadisəsindən 40 gün keçir və 40 gün göz yaşı tökülmüşdür. Hər bir göz yaşı fəthin və qələbənin xəbərini verir. Sən də əlini sinənə qoy və bu günü Aşuralı ol! 40 gün əza və göz yaşından sonra İmama (ə) uzaqdan da olsa, salam göndər! Əssəlamu əleykə, ya Əba Abdullah! Əssəlamu əleykə və rahmətullahi və bərakətuh!

İmam Hüseyn (ə) 21.01.2025

AŞURA iqtisadiyyatı

AŞURA iqtisadiyyatı Kufə şiələrinin ağsaqqallarının İmam Hüseynə (ə) yazdıqları məktublarda deyilir: «وَ جَعَلَ مالَ اللهِ دولَةً بینَ جبابِرَتها و اغنیائها» “(Yezidin İslam və müsəlmanlara etdiyi xəyanətlərdən biri də budur ki,) Beytül-malın (yəni, xalqın büdcəsinin) hamısını bir dəstə zalim, oliqarx və sərvətli kapitalistin ixtiyarına verib”. İslami cəmiyyətlərdə iqtisadiyyat iki yerə bölünür: “Hüseyni (ə) iqtisadiyyat” (Quran və Əhli-Beyt iqtisadiyyatı) və “Yezidi iqtisadiyyat” (cahiliyyət dövrünün Qüreyş iqtisadiyyatı və müasir kapitalizm). Aşuranın canlı saxlanılmasının da hədəfi cəmiyyətdə “Hüseyni (ə) ədalət”in bərqərar və bərpa edilməsidir. “Hüseyni (ə) ədalət”, yəni xalqın sərvətinin bütün təbəqələr arasında ədalətli bölünməsi, hamının öz haqqına çatması, hamının inkişaflı həyat tərzi yaşaması. Necə ki, İmam Əli (ə) buyurur: “Ədalət həyatdır” (العدل حیاة). “Yezidi iqtisadiyyat” isə kapitalizmin praktiki tətbiqi, fəsad, rüşvətxorluq, bahaçılıq, kontrolsuz qiymətlər, insanları müflisləşdirən xüsusiyyətçilik, oliqarxları müdafiəsiz camaatın canına düçar etmək, sənaye istehsalı və xidmətlərinin monopoliyasıdır. AŞURA qiyamının yaşadılmasının hədəfi isə “Hüseyni (ə) iqtisadiyyat”ın bərqərar edilməsi və yuxarıda qeyd edilən “yezidi iqtisadiyyat” növü ilə mübarizədir. Əllamə Məhəmmədrza Həkimi (telegram kanalından xülasə və  tərcümə) @mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

İcazə verin İmam Hüseyn (ə) bəşəriyyətlə danışsın!

İcazə verin İmam Hüseyn (ə) bəşəriyyətlə danışsın! AŞURA günü İmam HÜSEYN (ə) Yezid qoşunundakı aldanılmışlarla danışmaq istədikdə onları ora sürükləyənlər hay-küy salmağa başladılar ki, aldanılmış kütlə İmam Hüseynin (ə) sözünü eşitməsinlər. Bu gün də aldanmış toplumu idarə edənlər çalışırlar ki, bütün vasitələrdən istifadə edərək İmam Hüseyni (ə) danışmağa, səsini dünyanın şousuna aldanmış bəşəriyyətə çatmağa qoymasınlar. Əgər siz düz deyirsinizsə, əgər AŞURA həqiqətən bəşəriyyətin inkişafı üçün zərərlidirsə, əgər İslam dini tərəqqinin qarşısını alırsa, icazə verin İmam Hüseynin (ə) Aşuradakı səsi bəşəriyyətə çatsın. İcazə verin İmam Hüseyn (ə) danışsın! … Amma onun sükutu belə sizi qorxudur! @mirmehemmed_beshir

İmam Hüseyn (ə) 21.01.2025

Mədinədən Kərbəlaya hər “mənzil” (düşərgə) bir məktəb

Mədinədən Kərbəlaya hər “mənzil” (düşərgə) bir məktəb Sonuncu mənzildə ki, Qəsri Bəni-Məqatil adlanır, İmam Hüseyn (ə) Əmr ibn Qeys Məşriqi və onun əmisi oğlu ilə rastlaşır. Əmr ibn Qeys deyir: İmam Hüseynin (ə) qafiləsini gördükdə onlara yaxınlaşdıq. Gedib İmam (ə) salam etdik. Əmioğlum imam (ə) dedi: “Saqqalınızda gördüyüm bu siyahlıq hənadır, yoxsa, sizin saqqalınız tükünün öz rəngidir?”. İmam (ə) buyurdu: “Hənadır. Biz Bəni-Haşimin saçı-saqqalı tez ağarır”. Sonra İmam (ə) soruşdu: Siz mənim köməyimə gəlirsiz? Mən dedim: انا رجل كبیر السن ! كثیر العیال ! وفی یدی بضایع للناس Mən qoca kişiyəm, ailəm çoxdur, əlimdə insanların malları var və borcum da çoxdur. Bilmirəm sizin işinizin axırı necə olacaq. Xoşum gəlmir ki, camaatın mənim yanımdakı əmanəti zay olsun. İbn Qeys deyir: Əmioğlum da mənim kimi cavab verdi. İmam (ə) buyurdu: انـطـلـقـا فـلا تـسمعا لی واعیه ولا تریا لی سوادا, فانه من سمع واعیتنا اورای سوادنا فلم یجبنا واعیتنا, كان حقا علی اللّه ان یكبه علی منخریه فی نار جهنم “Belə isə buradan uzaqlaşın. Çünki hər kəs mənim kömək istəmək səsimi eşidə və ya məni meydanda tək görə və kömək etməyə, “ləbbeyk” deməyə, Allah-Taala onu üzü üstə cəhənnəmə atacaq”. (Həyatu İmamil-Hüseyn (ə), Qərşi, c.3, s.88). P.S: Baxmayaraq ki, İbn Qeysin əmisi oğlu həssas bir məqamda çox axmaq sula verir, amma İmam (ə) onu bu yersiz suala görə məlamət etmir və təmkinlə cavabını verir. Daha sonra isə imam (ə) onları hidayət etməyə, cəhənnəm odundan xilas etməyə və əbədi səadətə qovuşmağa çalışır. Amma onlar nəfsi istək və dünya sevgisinə yenilir və bəhanə gətirərək azğınlıq yolunu tuturlar. Buna baxmayaraq imam (ə) yenə də onları təkfir etmir, yamanlamır və çalışır ki, dünya şəhvətinə bulaşmış bu insanların axirət əzabını yüngülləşdirsin: “buradan uzaqlaşın ki, səsimə səs verməsəniz üzü üstə cəhənnəmə atılacaqsınız”. @mirmehemmed_beshir

1 2 3 4 5 6