Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Arşdırmalar 23.02.2025

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti

Həzrət Rüqəyyənin (ə) həyatı və şəhadəti Mənbə: Şeyx Abbas Qummi, Müntəhəl-Amal; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45; Seyid ibn Tavus, əl-Lühuf fi Qətlə’t-Tufuf. İmam Hüseynin (ə) kiçik qızı Həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, Həzrət Rüqəyyə (ə) şəhadətə yetdiyi zaman üç-dörd yaşında idi və hicri-qəməri 61-ci ilin Səfər ayının 5-də Şam şəhərində əsirlikdə ikən şəhadətə çatmışdır. Onun Dəməşq şəhərində yerləşən müqəddəs məqbərəsi şiələrin məşhur ziyarətgahlarındandır. Həzrət Rüqəyyənin (ə) şəhadəti Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə (ə) Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində yuxuda atasını görür. Yuxudan oyandıqdan sonra atasını yanında görmədikdə ağlamağa başlayır və deyir: «Atam haradadır? Mənim atamı gətirin». Nə qədər təsəlli versələr də, sakitləşmir. Əhli-beyt (ə) əsirləri də onun naləsinə qoşularaq ağlayırlar. Mənbə: İmadəddin Təbəri, Kamil Bəhai, c. 2, s. 179–181; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 45. Rəvayətə görə, Yezid hadisədən xəbər tutduqda İmam Hüseynin (ə) mübarək başının Həzrət Rüqəyyənin (ə) yanına aparılmasını əmr edir. Balaca Rüqəyyə (ə) atasının başını bağrına basır, onunla dərdləşərək deyir: «Atacan! Kaş mən sənə fəda olaydım və sənin mübarək saqqalının qana boyandığını görməyəydim». O qədər ağlayır ki, huşunu itirir və az sonra şəhadətə çatır. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş öz köynəyi ilə kəfən edib Şam xarabalığında dəfn edirlər. Mənbə: Nasixut-Təvarix (sonrakı tarix mənbələri). Həzrət Rüqəyyə (ə) dəfn olunan gecə Həzrət Ümmü-Gülsüm çox ağlayırdı. O deyirdi ki, keçən gecə Rüqəyyə (ə) ona belə demişdi: «Bibican! Bu şəhərdə mənim kimi əsir olan başqa uşaq varmı? Nə üçün bizə çörək və su vermirlər?» Mədinədə Həzrət Rüqəyyəyə (ə) əza məclisi Mənbə: Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum; Şeyx Müfid, əl-İrşad. Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıtdıqdan sonra matəm məclisləri təşkil etdilər. Onların qəm və kədəri o qədər böyük idi ki, uzun müddət normal həyatlarına qayıda bilmədilər. Mənbə: İbn Quləveyh, Kamilüz-Ziyarat; Məhəmməd Baqir Məclisi, Biharül-Ənvar, c. 46; Şeyx Abbas Qummi, Nəfəsül-Məhmum. Seyid ibn Tavus İmam Sadiqdən (ə) nəql edir ki, İmam Zeynəlabidin (ə) atasının müsibətinə qırx il ağladı. Hər dəfə qarşısına su və ya yemək gətiriləndə buyururdu: «قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ جَائِعًا، قُتِلَ ابْنُ رَسُولِ اللَّهِ عَطْشَانًا» «Allah Rəsulunun (s) oğlunu ac öldürdülər, Allah Rəsulunun (s) oğlunu susuz öldürdülər.» Bu sözləri deyərək göz yaşları su və yeməyə qarışana qədər ağlayardı. Mənbə: Molla Məhəmməd Təqi Sepihr, Nasixut-Təvarix, s. 507. Mədinə əhalisi hər gün Əhli-beytin (ə) evinə gələrək başsağlığı verirdi. Həzrət Zeynəb (ə) Kərbəla, Kufə və Şam hadisələrini danışarkən Həzrət Rüqəyyəni (ə) xatırlayır və buyururdu: «Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.»

Arşdırmalar 22.02.2025

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində Qədim şiə mənbələrindən əlavə bir çox əhli-sünnə kitablarında İmam Hüseynin (ə) Kərbəla müsibətindən danışılmış, bu barədə yazılan və deyilən mərsiyə və şerlər barədə məlumat verilmişdir ki, aşağıda bunlardan birinə işarə edəcəyik: Hicri-Qəməri tarixi ilə 3-4-cü əsrlərdə yaşamış əhli-sünnə alimi, ravi və şair Əbulfərəc Əli ibn Hüseyn İsfahani (284-362 hq) özünün “əl-Əğani” (təranə, nəğmə, avazla oxunan hər şey) adlı əsərinin müxtəlif yerlərində İmam Hüseyn (ə) barədə yazılan mərsiyələrə və bu mərsiyələrin müsibət məclislərində oxunmasına və İmam Hüseynin (ə) qatillərinin lənətlənməsinə işarə etmişdir. Bax: c.1, 16, s.362; c.17, s.188, 302 və 446. Əbulfərəc İsfəhani “Həzrət İmam Hüseynin (ə) xəbərləri” adı ilə açdığı fəsldə (c.16, s.359) xanım Rübab İmruul-Qeys qızının Kərbəla şəhidlərinə mərsiyə deməsi barədə yazır: “… Əmim mənə xəbər verdi Əl-Kənanidən, o da Qənəb ibn Mühriz Bahilidən, o da Məhəmməd ibn Həkəmdən, o da Əvanədən ki, Səkinənin anası Rübab bint İmruul-Qeys əri şəhid edildikdən sonra belə mərsiyə deyərdi: إنَّ الَّذي كانَ نوراً يُستَضاءُ بِهِ – بِكَربَلاءَ قَتيلٌ غَيرُ مَدفونِ سِبطُ النَّبِيِّ جَزاكَ اللّهُ صالِحَةً – عَنّا وَجُنِّبتَ خُسرانَ المَوازينِ قَد كُنتَ لي جَبَلاً صَعباً ألوذُ بِهِ – وكُنتَ تَصحَبُنا بِالرَّحمِ وَالدّينِ مَن لِليَتامى ومَن لِلسّائِلينَ ومَن – يُغني ويَأوي إلَيهِ كُلُّ مِسكينِ وَاللّهِ لا أبتَغي صِهراً بِصِهرِكُمُ – حَتّى اُغيَّبَ بَينَ الرَّملِ وَالطّينِ Tərcüməsi: O şəxs ki, nur idi və insanlar onun nurundan faydalanırdılar Kərbəlada öldürüldü və dəfn edilmədi Ey Peyğəmbərin (s) nəvəsi, Allah bizim tərəfimizdən sənə yaxşı mükafat versin Və səni əməl tərəzisinin ziyanlarından uzaq etsin Sən həqiqətən də mənim üçün möhkəm bir dağ idin ki, sənə sığınırdım Sən bizimlə mehribanlıq və dindarlıqla rəftar və yoldaşlıq edərdin Bundan sonra yetimlərin dadına kim çatsın, yoxsulların harayına Bundan sonra kim ehtiyacsızlıq qapısı olsun və yoxsullar ona güvənsin And olsun Allah ki, səndən sonra özümə ər seçmərəm Qumlar və torpaqlar altında dəfn olunan günədək @mirmehemmed_beshir #imamhüseynəhlisünnəmənbələrində

Arşdırmalar 21.02.2025

‘Mübahilə’ ayəsi və onun qısa izahı

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” “Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir. Bu sözü “həlakət”, “qarğış”, “lənət” və “insanın Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılması” kimi də mənalandırmışlar. “Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə, “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəm (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran xristianları Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə de: Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz dəqadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib(yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik. Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi dedi: “Əgər sabah Mühəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təmtəraqla, öz mürid və tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.” Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Mühəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (“Məcməül-bəyan”, 2-ci cild, səh. 452 (ixtisarla). Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, “mübahilə” ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin arası təqribən iki kilometrdir. “MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ “Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz! Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar. Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd Əlidir (ə)!” “Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun Abbasi imam Rzadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).” Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)” İmam Rza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!” Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rzanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-Taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir. Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir. İmam Rza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil. (“Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.) “Biharul-ənvar” kitabında nəql olunur ki, Məmun imam Rzaya (ə) dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.” İmam Rza (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) də çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!” (“Biharul-ənvar”, 10-cu cild, səh. 350)

Arşdırmalar 10.02.2025

Hədis elmi

Cərh lüğətdə “yaralamaq, təsir etmək, bir yaranı deşmək” mənalarını ifadə edir. Hədis termini olaraq “cərh” müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s. Hafiz “əzbərləyən, muhafizə edən” mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. Hakim lüğəti mənası “hökm edən, hakim olan”. Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Həsən Luğətdə “gözəl, xoş” mənalarını ifadə edir. İstilahi mənası barədə müxtəlif fikirlər var. Həsən hədis ədalət şərtini daşımaqla bərabər zəbt baxımından səhih hədis ravilərindən aşağı dərəcədə olan ravilərin müttəsil sənədlə rəvayət etdikləri, o cümlədən şazz və illətdən uzaq hədisdir. (İbn Həcər, Nuxbətul-fikr, s.24) Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir. Höccət lüğətdə “dəlil, bürhan” mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə “höccət” deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir. Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. “Hafiz” mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. Müvəssəq hədis Əhli-beyt (ə.s) məktəbinin hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır. Mühəddis rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir. “Müsnəd”dən yüksək, “hafiz”dən aşağı dərəcədir. Ravi bir xəbəri, rəvayəti danışan, nəql edən şəxsdir. Rical hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadədir. “Bu hədisin ricalı siqədir” dedikdə, hədisin sənədini təşkil edən ravilər qəsd edilir. Səduq “doğrudanışan” deməkdir. Siqə hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir. Bir hədisin səhih hesab edilməsi üçün ilk əvvəl ravilərinin ədalət və zəbt cəhətdən güvənilən, etibarlı olması lazımdır. Buna görə də ravilərin siqə olub-olmaması böyük əhəiyyət kəsb edir. Səbt sabit və sağlam mənalarını verən kəlmədir. Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir. “Səbtun” şəklində tək işlədildikdə tədilin üçüncü mərtəbəsinə, “səbtun-səbtun” şəklində təkrarən işlədildikdə tədilin ikinci mərtəbəsinə dəlalət edir. Tədil ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hğkmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir.Məsələn: siqə, səduq, mutqin və s. Azərbaycanca qarşılığının “tərifləmək” olduğunu söyləmək mümkündür.  

Arşdırmalar 02.02.2025

İmanı öyrət, şirki öyrətmə!

Famil Burxanoğlu yazır : İmanı öyrət, şirki öyrətmə! İmam Sadiq (ə) buyurur: “Əməvilər imanın öyrədilməsinə icazə versələr də, şirkin öyrədilməsinə imkan vermədilər ki, insanlar əməvilərin onları şirkə sövq etdiklərini anlamasınlar”. Hədisdə diqqət çəkən bir, ondan da çox diqqət çəkən başqa bir nüans var. Əməvilər din, iman, tövhidin təbliğinə və öyrədilməsinə imkan verir, şərait yaradırdılar. Ancaq küfrün və şirkin tanıtdırılmasına imkan vermirdilər. Bunu ona görə edirdilər ki, insanlar şirk və küfrün mahiyyətindən xəbərdar olub kafir və müşrik rəhbərləri tanıyıb onları şirkə sürükləyənlərə qarşı çıxmasınlar. İş o yerə gəlmişdi ki, insanlar imanın zövq və səfasında qərq olduqları vaxt əməvilərin onları şirkə necə sürüklədiklərindən xəbərsiz qalıb, əməvilərə dinin təbliğinə şərait yaratdıqları, məscidlər tikdirdikləri üçün dua edirdilər. Onları mömin, ədalətli rəhbərlər adlandırırdılar. Əməvi sultanı Qurandan ayə deyəndə hayıl-mayıl olurdular. Peyğəmbərdən (s) yuxu danışanda, onun qəbrini ziyarət edəndə qəlblərinə su səpilirdi… Hədisdə başqa bir incə məqam “öyrətmə” ilə bağlıdır. Hədisdə insanların “öyrənməsi” yox, məhz “öyrətmə” ilə bağlı icazə və qadağanın olduğu vurğulanır. Bəli, əməvilər məhz təbliğatçı və öyrədicilərə nəyi deyib, nəyi deməməyi əmr edirdilər. “Öyrənmənin” qarşısını almaq olmaz, amma “öyrətmənin” olar. Öyrədəni proqramlaşdırsan, o, cəmiyyəti həmin proqram üzrə yetişdirər. Bu, birbaşa yox, dolayı da ola bilər. Cəmiyyət münbit torpaqdır, hansı toxumu səpsən, onu cücərdər. Əməvilərin zəkası bunda idi. Onların icazə və qadağaları məhz təbliğatçılara idi. Vaiz irfan danışıb auditoriyanı məst etsin, imandan gen-bol vəz edib irfana susamış qəlbləri sirab etsin. Beləcə, (nəzəri) irfanın və imanın zövqü-səfasında qərq olmuş qəlb küfrü, şirki unutsun. Hələ üstəlik, kafirə, müşrikə, fasiqə, facirə bu estetik zövqü almağa imkan yaratdığı üçün dua etsin. Vaiz və mübəlliğ də sevgi ilə dolub daşsın, dinin sevgi və şəfqəti ilə coşsun, amma mülayim ahəngi aşmasın ki, cəmiyyət diksinər…