Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 101
Bəqərə surəsi, 208-209-cu ayələr
Bəqərə surəsi, 208-209-cu ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ .٢٠٨
فَإِنْ زَلَلْتُمْ مِنْ بَعْدِ مَا جَاءَتْكُمُ الْبَيِّنَاتُ فَاعْلَمُوا أَنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٢٠٩
Ayələrin tərcüməsi
208\. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir.
209\. Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız, o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir.
Ayələrin təfsiri.
İslam sülh və səmimiyyət dinidir.
Bundan əvvəlki ayələrdə iki dəstəyə (çox xalis möminlər və fəsad törədən münafiqlərə) işarə etdikdən sonra möminlərə xitab edərək buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin!"
Ayənin ərəbcə orijinalında işlənmiş (silm) (və (səlam) sözünün leksik mənası "sülh və sakitlik"dir. Bəziləri onu “itaət” mənasında təfsir ediblər. Bu ayə bütün imanlı şəxsləri sülhə və Allahın əmri qarşısında təslim olmağa dəvət edir. Bu ayənin mənasından belə məlum olur ki, sülh və sakitlik ancaq iman sayəsində mümkün ola bilər. Yalnız maddi qanunlara istinad etməklə dünyadan əmniyyətsizlik və gərginliyi yox etmək mümkün deyil. Çünki maddi aləm və maddiyyata meyil həmişə çəkişmə və toqquşmaların yaranmasına səbəb olur və əgər insanı mənəvi iman gücü idarə etməsə, sülhün yaranması mümkün deyil.
Bu ayənin dil, irq, coğrafi bölgə və ictimai sinfindən asılı olmayaraq, istisnasız bütün möminləri sülh və səmimiyyətə dəvət etməsindən belə məlum olur ki, Allaha iman sayəsində hər yerdə sülhü bərqərar edəcək vahid cahanşümul hökumətin qurulması mümkündür. Ümumiyyətlə, parçalanma amilləri (dil, irq və sairə) qarşısında insanların qəlbini bir-birinə bağlayacaq möhkəm birləşdirici halqaya ehtiyac var. Həmin birləşdirici halqa yalnız Allaha imandır və o, bu parçalanma və ixtilafların fövqündə durur. Allaha iman və Onun əmrləri qarşısında təslim olmaq insan cəmiyyətinin vəhdət nöqtəsi, müxtəlif qövm və xalqların birlik simvoludur. Onun bariz nümunəsini həcc mərasimində görmək olar. Orada fərqli irqə mənsub, müxtəlif dillərdə danışan, ayrı-ayrı tafya və coğrafi bölgələrə mənsub insanlar qardaş kimi bir-birinin yanında dayanır, o böyük mənəvi mərasimdə iştirak edir və bir-birinə sülh və səmimiyyətlə yanaşırlar. Əgər biz bunu Allaha imanın mövcud olmadığı və insanların can, mal, abır və namusunun təhlükədə olduğu ölkələrə hakim olan sistemlərlə müqayisə etsək, imanı olan cəmiyyətlərlə imansız cəmiyyətlər arasında sülh, asayiş və sakitlik baxımından nə qədər böyük fərqin olduğunu aydın şəkildə görərik.
Bu #### Ayənin təfsiri barəsindəki ehtimallardan biri də onun İslamı qəbul etmiş, lakin öz əvvəlki etiqad və proqramlarını davam etdirən kitab əhlinə (yəhudi və xaçpərəstlərə) aid olmasıdır. Yəni İslama bütün vücudları ilə daxil olmaları və onun bütün göstərişləri ayǝ onlara qarşısında təslim olmaq göstərişini verir.
Daha sonra buyurur: "Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir”.
Bu surənin 168-ci ayəsində də qeyd etdiyimiz kimi, sapıntılar və şeytani vəsvəsələrin çoxu tədrici baş verir və hər bir mərhələ şeytanın addımlarından biridir.
Ayənin ərəbcə orijinalında işlənmiş (xutuvat) sözü (xutvət) sapmanın, düşmənçilik, ədavət, müharibə amillərinin qarşısında təslim olmanın sadə və kiçik mərhələlərdən başlayıb sonda təhlükəli mərhələlərə çatması burada da təkrar edilib. Məşhur ərəb zərbi-məsəlində - "müharibənin başlanğıcı bir şillədir" deyildiyi kimi, bəzən ədavət üzündən edilən kiçik hərəkət dağıdıcı bir müharibə alovunun şölələnməsinə səbəb olur. Buna görə də gərək bu ayənin xitab etdiyi imanlı şəxslər ayıq-sayıq olsunlar, kiçik ədavət və düşmənçilik qığılcımlarını əvvəldən söndürsünlər.
Qeyd etmək lazımdır ki, bu ifadə Quranda beş dəfə təkrar edilib və müxtəlif yerlərdə ona təkid edilib.
Bəzi təfsirçilər belə nəql edib: "Abdullah ibn Salam və onun yəhudi dostları İslamı qəbul etdikdən sonra Həzrət Peyğəmbərdən (s) namazda Tövratı oxumaq və onun bəzi göstərişlərinə əməl etmək icazəsi istəyiblər. Lakin yuxarıdakı ayə nazil olaraq onları şeytanın izi ilə getməkdən çəkindirib".
Bu nazilolma səbəbindən də şeytanın insana addım-addım nüfuz etməsi məlum olur. Buna görə də ilk addımdan onun qarşısında dayanmaq lazımdır ki, iş daha çətin mərhələlərə gedib çıxmasın.
"O, sizin açıq-aydın düşməninizdir” cümləsi tutarlı və aydın bir əsaslandırmanı ehtiva edir. Demək istəyir ki, şeytanın sizinlə olan düşmənçiliyi gizli bir şey deyil. O, Adəmin yaradılışının əvvəlindən onunla düşmənçilik edib və nüfuz edə bilmədiyi ixlaslı və seçilmiş bəndələrdən başqa hamını azdıracağına and içib. Belə olan halda, siz onun vəsvəsələrinə necə təslim olursunuz?!
Sonrakı ayədə möminlərə xəbərdarlıq edir: "Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız (şeytanın vəsvəsələrinə tabe olub sülh və asayiş əleyhinə addım atsanız), o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir”.
Proqram məlum, yol aydın, məqsəd bəllidir. Bütün bunlardan sonra büdrəməyə və şeytanın vəsvəsələrini qəbul etməyə heç bir əsas yoxdur. Əgər yolunuzu azsanız, şübhəsiz, günahkar özünüzsünüz Buna görə də bilin ki, qüdrət və hikmət sahibi olan Allah sizi ədalətlə mühakimə edəcək.
Ayənin ərəbcə orijinalında işlənmiş (bəyyinat) sözünün mənası “aydın dəlillər”dir. Onun mənası genişdir və o, həm əqli dəlilləri, həm də vəhy və ya möcüzə yolu ilə insanlara bəyan edilən dəlilləri ehtiva edir.