211\. İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr (nemət) verdik. Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Allahın əzabı ağırdır.
Ayənin təfsiri.
Nemətin əzaba çevrilməsi.
Əslində, bu ayə əvvəlki ayələrin nümunələrindən biridir. Çünki əvvəlki ayələrdə mömin, kafir və münafiqlərdən danışılırdı. Həmin kafirlər inadkarlıq nəticəsində ilahi nişanə və dəlillər qarşısında özlərini görməzliyə vurur, müxtəlif bəhanələr gətirirdilər. İsrail oğulları bu mənanın ən bariz nümunələrindəndir. Buyurur: "İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr (nemət) verdik”.
Lakin onlar həmin aydın nişanələr qarşısında özlərini görməzliyə vurur, Allahın nemətlərini yanlış yollara sərf edirdilər. Onun ardınca buyurur: “Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Çünki Allahın əzabı ağırdır”.
“Nemətin dəyişdirilməsi” dedikdə insanın malik olduğu maddi- mənəvi nemətlərdən yanlış və günah yolda istifadə etməsi nəzərdə tutulur. Allah-taala İsrail oğullarına müxtəlif nemətlər - böyük peyğəmbərlər, qüvvətli rəhbərlər, geniş maddi imkan verib. Lakin onlar nə həmin ilahi tərbiyəçilərdən bəhrələniblər, nə də maddi nemətlərdən düzgün istifadə ediblər. Beləliklə, onlar neməti dəyişdiriblər. Və bu sabab dünyada sərgərdan qalıblar, Qiyamətdə də onları ağrılı bir əzab gözləyir. “İsrail oğullarından soruş” göstərişinin verilməsi həm İsrail oğullarına bunları etiraf etdirmək, həm müsəlmanlara ibrət olması, həm də Allahın nemət və bəxşişlərindən düzgün istifadə etməyənlərə xəbərdarlıq məqsədi daşıyır.
Nemətin dəyişdirilməsi və onun acı taleyini yaşamaq yalnız İsrail oğullarına aid deyil. Bunu edən istənilən qövm və xalq həm bu dünyada, həm də axirətdə Allahın əzabına düçar olacaq.
Texnoloji inkişafa nail olmuş müasir dünya da bu böyük bədbəxtliyə düçar olub. Çünki Allah-taala bu gün insana tarixin heç bir dövründə misli görünməmiş nemət, bəxşiş və imkanlar nəsib edib. Lakin bəşəriyyət peyğəmbərlərin ilahi təlimlərindən uzaq düşdüyü üçün “nemətin dəyişdirilməsi” bədbəxtliyinə düçar olub. Həmin nemət və imkanlardan özünün məhvi, yaxud dünyada zülm, istismar və müstəmləkəçiliyin genişlənməsi istiqamətində istifadə edir, onunla dünyanı viran qoyacaq dağıdıcı silahlar istehsal edir və dünyanı bütün cəhətlərdən əmniyyətsiz bir məkana çevirir.
Allahın bu ayədə qeyd edilən "nemət"i ilahi ayələrə, “onun dəyişdirilməsi” isə onların təhrif edilməsinə də işarə ola bilər. Yaxud o, daha geniş məna daşıya və ilahi imkan və bəxşişlərə də şamil ola bilər. İkinci məna daha üstündür.