Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 106
Bəqərə surəsi, 214-cü ayə
Bəqərə surəsi, 214-cü ayə
أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَأْتِكُمْ مَثَلُ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ مَسَّتْهُمُ الْبَأْسَاءُ وَالضَّرَّاءُ وَزُلْزِلُوا حَتَّى يَقُولَ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ مَتَى نَصْرُ اللَّهِ أَلَا إِنَّ نَصْرَ اللَّهِ قَرِيبٌ .٢١٤
Ayənin tərcüməsi
214\. Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır.
Ayənin nazilolma səbəbi.
Bəzi təfsirçilər qeyd edir ki, bu ayə Əhzab müharibəsində çox bərk qorxu keçirən və mühasirəyə düşən müsəlmanlar barəsində nazil olub və onları səbirli və dözümlü olmağa çağırıb, onlara yardım və kömək vədi verib.
Həmçinin yazırlar: "Müsəlmanlar Ühüd müharibəsində məğlubiy- yətə uğrayandan sonra Abdullah ibn Übeyy onlara belə deyir: "Nə vaxta kimi özünüzü ölümə verəcəksiniz? Əgər Muhəmməd peyğəmbər olsaydı, Allah onun yoldaşlarını əsirlik və ölümə düçar etməzdi”. Həmin vaxt sözügedən ayə nazil olub.
Ayənin təfsiri.
Sınaqsız Cənnətə daxil olmayacaqsınız!
Bəzi möminlər elə bilirlər ki, Cənnətə daxil olmağın əsas və yeganə yolu Allaha iman gətirməkdir, ondan sonra heç bir narahatlıq və əziyyətə qatlaşmaq lazım deyil və onlar heç bir səy göstərməsələr də, Allah-taala işləri öz yoluna qoyacaq və onların düşmənlərini məhv edəcək.
Quran bu yanlış düşüncə qarşısında Allahın ənənəvi qanunlarına işarə edərək buyurur: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?" - dedilər".
Onlar həmin hadisələr qarşısında müqavimət göstərdikləri və Allahın lütfündən yardım dilədikləri üçün onlara belə deyildi: “Bilin ki, Allahın köməyi yaxındır".
Ayənin ərəbcə orijinalında işlənmiş (bǝsa) sözünün kökü (bǝs) sözüdür və "Möcǝmu məqayisil-lüğət" kitabının müəllifinin yazdığına görə, əslində, onun mənası “çətinlik və ona bənzər şey"dir və o, istənilən çətinlik, əzab və narahatlıq barəsində də işlədilir. Döyüş meydanında güclü müqavimət göstərən şücaətli şəxslərə (bəis) və (zul-bəs) deyilir.
Rağibin “Müfrədat” kitabında yazdığına əsasən, (zərra) sözü mənası “sevinc mənbəyi və mənfəət amili" olan (sərra) sözünün tam əksidir. Buna görə də insanın can, mal, abır-hǝya və sairədə düçar olduğu istənilən ziyana şamil olur.
Peyğəmbərlər və möminlərin çətinliyin son anında dediyi “Allahın köməyi nə vaxt gələcək?" cümləsi bu məsələyə şəkk, etiraz və ya irad etmək kimi deyil, istək və arzu kimi deyilib. Buna görə də onun ardınca Allah tərəfindən onlara müjdə verilir ki, Allahın yardımı yaxındır. Bəzi təfsirçilər isə "Allahın köməyi nə vaxt gələcək?" cümləsinin möminlər, "bilin ki, Allahın köməyi yaxındır" cümləsinin isə Həzrət Peyğəmbər (s) tərəfindən deyilməsi ehtimalını qeyd ediblər. Lakin bu, elə də inandırıcı görünmür.
Sözügedən ayə Allahın bütün qövmlər barəsində həyata keçmiş Ənənəvi qanunlarına işarə edir və bütün əsrlərin möminlərinə müjdə verir ki, qələbə qazanmaq, müvəffəqiyyət əldə etmək və Cənnət nemətlərinə nail olmaq üçün çətinliklərin pişvazına getmək, fədakarlıq göstərmək lazımdır. Əslində, həmin çətinliklər möminləri tərbiyə edən sınaqdır və o, həqiqi iman sahibləri ilə özünü imanlı göstərən şəxsləri bir-birindən ayırır.
"Sizdən əvvəlkilərin...” ifadəsi ilə müsəlmanlara başa salmaq istəyir ki, düşmənlər tərəfindən müxtəlif çətinliklərə məruz qalan tək siz deyilsiniz, sizdən əvvəlki qövmlər də həmin çətinlik və narahatlıqlara düçar olub, hətta bəzən "bıçaq sümüyə dirənib” və onlar yalvarıb-yaxararaq Allahdan kömək diləyiblər.
İnsanların təkamül və inkişafının sirri də budur. Fərd və ümmətlər çətin hadisə “kürə”lərində bişməli, polad kimi cilalanmalı, daxili istedadları üzə çıxmalı, Allaha imanları güclənməlidir. Bununla yanaşı, həmin sınaq zamanı ləyaqətli, möhkəm və imanlı şəxslər digər şəxslərdən seçilir, ayrılır. Bu mövzunu Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədislə sona çatdırırıq.
İslamın erkən dövrünün mücahidlərindən olan Xǝbbab ibn Ərətt deyir: “Həzrət Peyğəmbərin (s) yanında müşriklərin işgəncələrindən şikayətləndikdə o Həzrət (s) belə buyurdu: “Sizdən əvvəlki ümmətlərə müxtəlif bəlalarla işgəncə verilirdi, lakin bu, onları dinlərindən əsla döndərmədi. Hətta mişarı onların bəzisinin başına qoyur və onların bədənini iki yerə bölürdülər... And olsun Allaha, Onun dininin təlimləri kamilləşəcək, qələbə çalacaq və elə bir vəziyyət yaranacaq ki, bir nəfər Səna ilə Həzrəmut (Ərəbistanın vahiməli çöllərinin) arasını miniklə qət edəcək və Allahdan başqa heç nədən qorxmayacaq... Amma siz tələsirsiniz.