Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 108
Bəqərə surəsi, 216-cı ayǝ
Bəqərə surəsi, 216-cı ayǝ
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَكُمْ وَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَكُمْ وَعَسَى أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ .٢١٦
Ayənin tərcüməsi
216\. (Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Çox zaman xoşlamadığınız bir şey sizin üçün xeyirli, çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Ayənin təfsiri.
Can və maldan keçmək.
Əvvəlki ayə, əsasən, Allah yolunda mal xərcləmək barədə idi, lakin bu ayədə Onun yolunda can verməkdən söz açılır. Bunların hər ikisi fədakarlıq baxımından eynidir. Buyurur: "(Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi”.
Ayənin ərəbcə orijinalında işlənmiş və hərfi mənası “yazıldı” olan (kutibə) sözü bu ilahi əmrin mütləq və qəti olmasına işarədir. Həmçinin (kurhun) sözü məsdər mənasında olsa da, burada ismi-məful, yəni "xoşa gəlməyən” mənasındadır. Adi insanların müharibəni, hətta düşmənə qarşı və Allah yolunda olsa belə, xoşlamaması təbiidir. Çünki müharibədə həm mallar, həm də canlar məhv olur, insanlar müxtəlif yaralar alır, çətinliklərə düçar olurlar. Lakin Allah yolunda şəhid olmaq eşqi ilə yaşayan və daha yüksək mənəvi idraka malik şəxslər üçün haqq düşmənləri ilə müharibə susuz insanların axtardığı şərbət kimidir. Buna görə də onlar, xüsusilə İslamın erkən dövründə yaşayanları ümumi kütlədən istisnadırlar.
Sonra Allahın yaradılış və şəriət qanunlarına hakim olan ümumi və əsas qanunlarından birinə işarə edərək buyurur: "Çox zaman xoşlamadığımız bir şey sizin üçün xeyirli ola bilər”.
Həmçinin onun əksinə, müharibədən uzaq durmaq və rahatlıq axtarmaq sizə xoş gələ bilər, lakin elə deyil: “Çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər”.
Sonda buyurur: “(Onu) Allah bilir, siz bilməzsiniz”.
Aləmlərin Rəbbi bu qətiyyətli ifadə ilə buyurur ki, insanlar talelərinə aid məsələlərdə öz seçim və qənaətlərini hakim etməməlidirlər. Çünki onların elmi bütün cəhətlərdən məhdud və cüzidir, bilmədikləri ilə müqayisədə bildikləri dənizlə damcının müqayisəsi kimidir. İnsanlar Allah-taalanın yaradılış qanunlarından və bütün əşyaların yaradılış sirlərindən xəbərdar deyillər. Onlar bəzən bir şeyi faydasız hesab edir, lakin elmin inkişafı onun mühüm faydasını üzə çıxarır. Həmçinin onlar şəriət qanunlarında olan xeyir və ziyanların çoxunu bilmirlər. Ola bilər ki, bir şey onların xoşuna gəlməsin, lakin onların xoşbəxtliyi həmin şeydə olsun. Və ya ola bilər ki, onların nədənsə xoşu gəlsin, lakin bədbəxtlikləri həmin şeydə olsun.
Onlar Allahın sonsuz elmi qarşısında çox məhdud elmə malik olduqları üçün ilahi hökmlər qarşısında üz turşutmamalı və bilməli- dirlər ki, əgər Rəhman və Rəhim olan Allah cihad, zəkat, oruc, həcc və sairə əməlləri vacib edibsə, deməli, bunların hamısı onların öz xeyrinədir.
Bu həqiqətin nəzərə alınması insanda ilahi qanunlar qarşısında nizam-intizamlı olmağa və təslimçilik ruhunun yaranmasına səbəb olur, onun məhdud dərk və baxış dairəsini genişləndirir və onu sonsuza, yəni Allahın sonsuz elminə birləşdirir.
İncəliklər:
1\. Cihad nə üçün xoşa gəlmir?
Burada belə bir sual yarana bilər ki, bu, ilahi hökmlərin fitri olması ilə necə uzlaşır? Əgər cihad və ya bu qəbildən olan başqa məsələlər fitridirsə, insan təbiəti onu necə xoşlamaya bilər?
Bu suala cavab vermək üçün bir məqama diqqət etmək lazımdır. Fitri məsələlər idrak və agahlıqla birgə olduqda insanda təzahür edir. Məsələn, insan fitri olaraq xeyir axtarır, ziyana qarşıdır. Lakin bu, o halda baş verir ki, o, xeyir və ziyanın nümunələrini tanısın. Əgər insan xeyir və ziyanın nümunələrinin müəyyənləşdirilməsində səhvə yol versə, xeyirli bir şeyi zərərli saysa, şübhəsiz, bu səhv onun fitrətini də azdıracaq və onun həmin xeyirli şeydən xoşu gəlməyəcək. Bunun əksi də belədir.
Cihada da səthi yanaşan şəxs cihadın ancaq zərbə vurmaq, yaralanmaq və digər çətinliklərini görərsə, onu xoşlamayacaq. Amma insanın şərəf, əzəmət, iftixar və azadlığının fədakarlıq və cihadda olduğunu bilən uzaqgörən şəxslər qollarını açaraq onun pişvazına gedirlər. Bu, məlumatsız insanların məsələyə səthi yanaşması nəticə- sində acı və pis dadı olan dərmanlara nifrət etməsinə bənzəyir. Lakin onlar sağlamlıqlarının və həyatlarının xilasının ondan asılı olduğunu düşünüb dərk etsələr, onu cani-dildən qəbul edərlər.
2\. Ümumi qanun.
Sözügedən ayədə toxunulan məsələ yalnız cihada və düşmənlə müharibəyə aid deyil, ümumi qanundur və o, Allahın əmrinə itaət yolunda çəkilən bütün acı və çətinlikləri şirinləşdirir. Çünki o, “Allah bilir, siz bilməzsiniz” cümləsinə əsaslanaraq bilir ki, hər şeydən xəbərdar, Rəhman və Rəhim olan Allah verdiyi hər bir göstərişdə bəndələrinin xeyrini nəzərə alıb və onlar bəndənin qurtuluş və xoşbəxtlik amilidir. Buna görə də mömin bəndələr bu göstərişlərə şəfalı dərman kimi baxır və onları cani-dildən qəbul edirlər.