Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 110
Bəqərə surəsi, 219-220-ci ayələr
Bəqərə surəsi, 219-220-ci ayələr
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا وَيَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلِ الْعَفْوَ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ .٢١٩
فِي الدُّنْيَا وَالْآخِرَةِ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَى قُلْ إِصْلَاحٌ لَهُمْ خَيْرٌ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ وَاللَّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ وَلَوْ شَاءَ اللَّهُ لَأَعْنَتَكُمْ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ .٢٢٠
Ayələrin tərcüməsi
219\. Səndən şərab və qumar haqqında soruşurlar. De: "Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: "Ehtiyacınızdan artıq qalanını!" Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz.
220\. (Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz). Səndən yetimlər haqqında soruşurlar. De: "Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır (onlarla bir qardaş kimi davranın)". Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir. Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah belə etmir. Çünki) O, qüdrətli və hikmətlidir.
Ayələrin nazilolma səbəbi.
Birinci ayənin nazilolma səbəbi barədə belə nəql edilir ki, Həzrət Peyğəmbərin (s) səhabələrindən bir dəstə o Həzrətin yanına gəlib dedi: "Ağılı zay və malı məhv edən şərab və qumarın hökmünü açıqla". Həmin vaxt birinci ayə nazil oldu və onlara cavab verildi.
İkinci #### Ayənin təfsiri barədə “Təfsiri-Qumi”də İmam Sadiqdən (ə), "Məcməül-bəyan"da isə İbn Abbasdan belə nəql edilib: “Yetim həddi- büluğa çatana qədər xeyirxahlıq məqsədi istisna olmaqla, onun malına yaxınlaşmayın” və “yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər, əslində, od yeyirlər və tezliklə Cəhənnəm odunda yanacaqlar” ayəsi nazil olandan sonra evində yetim saxlayan şəxslər bu ayələrdə yetim malına ona xeyri olması istisna olmaqla, yaxınlaşmaq və onların malından yemək qadağan edildiyi üçün yetimlərə qəyyumluq etməkdən imtina edib onları özbaşına buraxdılar. Hətta bəziləri yetimləri evindən çıxartdı. Evindən çıxartmayanlar isə elə münasibət göstərdilər ki, o da evdən çıxartmağa yaxın bir şey idi. Çünki yetimin öz malından hazırlanan yeməyini öz yeməklərinə qatmır, hətta onlara ayrı yemək bişirir, yetim evin bir küncündə yeməyini yeyəndən sonra artıq qalan yeməyi gələn dəfə yeməsi üçün saxlayır, əgər yemək qalıb xarab olsaydı, onu çölə atırdılar.
Onların bu əməllərinin məqsədi yetim malı yemək yükünün altına girməmək idi. Bu həm qəyyumlar, həm də yetimlər üçün bir çox çətinliklər yaradırdı. Buna görə də onlar Həzrət Peyğəmbərə (s) müraciət edərək bu cür davranış barədə sual soruşdular və onlara cavab olaraq sözügedən ayə nazil oldu.
Ayələrin təfsiri.
Dörd suala cavab.
Birinci ayə iki - şərab və qumar barəsindəki sualla başlayır.
Buyurur: “Səndən şərab və qumar haqqında soruşurlar”.
Rağibin yazdığına əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (xəmr) sözünün əsl mənası "bir şeyin üstünü örtmək”dir. Buna görə də ərəblər hər hansı bir üstü örtülən şeyə (ximar) deyirlər. Hərçənd ki (ximar) adətən qadınların baş örtüyünə deyilir.
"Möcǝmu məqayisil-lüğət” kitabında da (xəmr) sözünün bir kökünün olması, onun bir şeyin üstünü örtməyə və gizlində qalmağa dəlalət etməsi qeyd edilib. Şərab insanın ağlının üstünü örtdüyü üçün ona (xəmr) deyirlər. Çünki o, məstliyə səbəb olur və məstlik insanın ağlının üstünə pərdə çəkir, onun pisi yaxşıdan ayırmasına imkan vermir.
Dini terminologiyada (xəmr) sözü yalnız üzüm şərabına şamil edilmir, əksinə, o, bütün məstedici mayeləri - istər üzümdən hazırlanmış olsun, istər kişmişdən, istər xurmadan, istərsə də başqa şeydən əhatə edir. Lüğət kitablarında alkoqollu içkilərin hər birinin öz məxsusi adı da qeyd edilib.
Ayənin ərəbcə orijinalında işlənmiş (məysər) sözünün kökü mənası “yüngül və asan" olan (yusr) sözüdür. Qumar bəzilərinə görə mal və sərvət əldə etməyin asan yolu olduğu üçün ona “məysər" deyilib.
Ayənin davamında sual soruşanlara cavab olaraq belə buyurulur: "De: "Onlarda böyük günah və insanlar üçün (zahiri və maddi baxımdan) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”.
Cahiliyyət dövrünün ərəbləri şərab və qumara çox aludə olduğu üçün onların haram edilməsi tədricən və bir neçə mərhələdə baş verib. Ayənin bəyan tərzində hiss olunan nisbi yumşaqlığın səbəbi də budur.
Bu ayədə sözügedən iki şeyin xeyir və ziyanları bir-biri ilə müqayisə edilib, onun ziyan və günahının xeyir və mənfəətindən çox olması vurğulanıb. Şübhəsiz, bəzən şərab satışından və ya qumardan əldə edilən maddi mənfəət; şərabın məstliyindən yaranan və qəm- qüssənin unudulmasına səbəb olan xəyali mənfəət onun çox böyük əxlaqi, ictimai və gigiyenik ziyanları ilə müqayisədə olduqca cüzidir. Buna görə də hər bir ağıllı insan həmin cüzi xeyrə görə o böyük ziyanın altına girməz.
"Möcəmu məqayisil-lüğət” kitabında yazılana əsasən, (ism) sözünün mənası, əslində, “lənglik və geri qalmaq"dır. Günah insanı xeyrə nail olmaqdan geri saldığı üçün ona "ism" deyilib. Hətta bəzi Quran ayələrində onu "lənglik və geri qalmaq"dan başqa mənaya yozmaq düz gəlmir. Buna misal olaraq, bu ayəni göstərmək olar:
"Ona: "Allahdan qorx!" - deyildiyi zaman (inadı çoxalır,) məğrurluq və mövhum məqamlar onu təqvaya çatmaqda ləngidir"."
İnsanın ruh və ağlında onun yaxşılıq və kamala nail olmasına mane olan istənilən işə və ya şeyə (ism) deyilir. Buna görə də şərabda böyük “ism"in olması onun insanın təqvaya, mənəvi və insani kamala çatmasına mənfi təsir göstərməsinə dəlalət edir. Biz "#### İncəliklər” başlığı altında bu barədə geniş izah verəcəyik.
Sözügedən ayədə verilən üçüncü sual Allah yolunda mal xərcləmək barəsindədir. Buyurur: "Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!
“Əd-Durrul-mənsur” kitabında ayənin bu hissəsinin təfsirində onun nazilolma səbəbi barədə İbn Abbasdan belə nəql edilib: "Həzrət Peyğəmbərin (s) səhabələrindən bir dəstəsi dedi: "(Allah yolunda mal xərcləməkdən danışırsınız, amma) biz malımızın nə qədərinin xərclənməli olduğunu bilmirik. Malımızın hamısını Allah yolunda ehtiyacı olanlara verək, yoxsa bir hissəsini?”
Sözügedən ayə onlara cavab olaraq nazil oldu və buyurdu ki, Allah yolunda mal xərcləməkdə ayənin ərəbcə orijinalında işlənmiş ifadə ilə desək, "əfv"ə riayət etsinlər. İndi isə burada həmin "əfv" sözünün mənasının nə olmasına baxaq.
Rağibin "Müfrədat" kitabında yazdığına əsasən, ayənin ərəbcəsində işlənmiş (əfv) sözünün mənası “bir şeyi götürmək niyyəti” və ya “götürülməsi asan olan şey"dir.
Bu sözün mənası geniş olduğu üçün o, müxtəlif şeylər, o cümlədən bağışlamaq, bir şeyin izinin itirilməsi, mötədillik, hər hansı bir şeyin artığı və malın ən yaxşı hissəsi barəsində işlədilib.
Zahirən qeyd edilən ilk iki məna ayəyə uyğun deyil və çox ehtimal ki, məqsəd son üç mənadan biridir. Yəni Allah yolunda mal xərcləyərkən mötədilliyə riayət edin və ya Allah yolunda öz ehtiyaclarınızdan artıq qalanını verin, ya da Allah yolunda mal xərcləyərkən malın dəyərsiz hissəsindən deyil, özünüz üçün götürdüyünüz xoşa gələn yaxşı hissəsindən verin.
Sözügedən ayə hədislərdə də həmin mənada təfsir edilib.
İmam Sadiqdən (ə) nəql edilmiş hədislərin birində belə oxuyuruq: "(Sözügedən ayədəki) “əfv” sözündə məqsəd mötədillikdir”.
Əli ibn İbrahimin təfsirində belə oxuyuruq: "Nə xəsislik edilsin, nə də israf”.
"Məcməül-bəyan"da İmam Baqirdən (ə) belə nəql edilib: "əfv"in mənası illik ərzaqdan artıq qalandır".
(Təfsir alimlərinin heç biri qeyd etməsə də,) bu #### Ayənin təfsiri barədəki ehtimallardan biri də "əfv"in mənasının onun "başqalarının səhvlərini bağışlamaq və onlara güzəştə getmək” olmasıdır. Bu mənaya əsasən, #### Ayənin təfsiri “Allah yolunda xərcləniləcək ən yaxşı şey etmək və bağışlamaqdır" olur.
Cahiliyyət ərəblərinin ictimai vəziyyətini, Quranın nazil olduğu yeri, xüsusilə düşmənçilik, ədavət və güzəştə getməmək baxımından acınacaqlı vəziyyətdə olan Məkkə və Mədinənin həmin dövrdəki şəraitini nəzərə aldıqda #### Ayənin təfsiri barəsində qeyd edilən ehtimal həqiqətdən uzaq görsənmir. Xüsusilə ona görə ki, Həzrət Peyğəmbər (s) bu mənanın ən bariz nümunəsi olub və onun İslamın ən qəddar düşmənləri olan Məkkə müşriklərinə qarşı ümumi əfv elan etməsi bunun göstəricisidir. Buna görə də, ola bilər ki, onlar Allah yolunda mal xərcləmək barədə soruşublar, lakin Quran onların əfv etmək hissinə daha möhtac olmalarını nəzərə alaraq cavabda lazım olanı qeyd edib. Bu, fəsahət və bəlağətin qaydalarından biridir. Belə ki sual soruşan şəxs bir şey soruşur, lakin cavab verən şəxs ondan daha mühüm olan məsələni qeyd edir.
Əlbəttə, qeyd edilən təfsirlərin arasında ziddiyyət yoxdur və ayǝ onların hamısının mənasını əhatə edə bilər.
Nəhayət, ayənin sonunda buyurur: "Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz”.
Sonrakı ayədə dərhal fikir və düşüncənin əsas mərkəzinə işarə edərək buyurur: “Dünya və axirət barəsində”.
Maddi və mənəvi həyatın bütün işləri fikir və düşüncəyə əsaslanmalıdır. Bu ifadədən iki məsələ aydın olur:
Birincisi, insan Allah və Peyğəmbər qarşısında təslim olmalı olsa da, onun bu itaəti kor-koranə olmamalıdır. İtaǝt agahlıqla birgə olmalıdır və o, ilahi hökmlərdə olan sirlərdən - yalnız şərab və qumarın haram olması barədə deyil, bütün sahələrdə - hətta ümumi şəkildə də olsa, xəbərdar olmalı və onları dərk edərək yerinə yetirməlidir.
Əlbəttə, bunun mənası ilahi hökmlərə əməl edilməsinin onların fəlsəfəsinin dərk edilməsi ilə şərtlənməsi deyil. Məqsəd budur ki, Allahın hökmlərinə əməl etməklə yanaşı, onların sirr və ruhu ilə tanış olmaq istiqamətində çalışmaq lazımdır.
Həmçinin bu düşüncə və təfəkkür bütün sahələrdə həyata keçirilməli, cisim və can, ruh və bədənin ehtiyacı olan şeyləri əhatə etməlidir. Çünki dünya ilə axirət bir-biri ilə əlaqəlidir və onlardan hər hansı birinin korlanması digərinə də təsir edir. Ümumiyyətlə, onlardan yalnız biri barəsində fikirləşmək bu aləmin həqiqətlərini insana düzgün əks etdirə bilməz. Çünki onların hər biri bu aləmin bir hissəsidir: dünya kiçik, axirət isə böyük hissəni təşkil edir. Buna görə də onların biri barəsində fikirləşənlər varlıq aləmi barəsində düzgün təfəkkürə malik ola bilməzlər.
Sonra dördüncü sual və onun cavabına toxunaraq buyurur: "Səndən yetimlər haqqında soruşurlar. De: Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır".
Beləliklə, Quran müsəlmanlara yetimlərin məsuliyyətini öhdəyə götürməkdən yayınıb onları özbaşına buraxmağın düzgün iş olmaması barədə xəbərdarlıq edir. Quran buyurur ki, onların qəyyumluğunu öhdəyə götürmək, işlərini sahmana salmaq daha yaxşıdır və məqsədiniz işləri sahmana salmaq və qaydasına qoymaq olduğu təqdirdə, onların malının sizin malınıza qarışmasının eybi yoxdur. Buna görə də onlarla qardaş kimi davranın. Daha sonra buyurur: "Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir”.
Bəli, O, sizin hamımızın niyyətindən xəbərdardır. Yetimlərin malından sui-istifadə etmək niyyətində olan və yetimlərin malını öz mallarına qatmaqla onların malını mənimsəmək istəyənləri də tanıyır, pak qəlbli və yetimlərə həqiqətən ürəyiyanan şəxsləri də.
Ayənin sonunda buyurur: “Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah bela etmir. Çünki) O, qüdrətli və hikmətlidir”.
İncəliklər:
1\. Yuxarıda qeyd edilən dörd hökmün bir-biri ilə əlaqəsi Sözügedən iki ayədə şərab, qumar, Allah yolunda xərclənən mal və yetimlər barəsindəki dörd sual cavabı ilə qeyd edilmişdir. Bu dörd sualın bir-birinin yanında qeyd edilməsinin səbəbi, bəlkə də, insanların həmin dörd məsələ ilə rastlaşması və buna görə də bir-birinin ardınca bu dörd məsələ barəsində sual verməsidir. (Qeyd etmək lazımdır ki, ayənin ərəbcə orijinalında işlənmiş “yəsəlunəkə" feili hər hansı bir işin davamlı baş verməsinə dəlalət edən indiki-gələcək zaman feili- "müzare"dir.)
Bu sualların bir-biri ilə əlaqəsi barəsindəki bir ehtimal da onların hamısının müəyyən mənada mal ilə əlaqəli olmasıdır. Belə ki şərab və qumar malın məhvinə, malın Allah yolunda xərclənməsi isə bərəkətlənməsinə səbəb olur. Yetimlərə qəyyumluq isə (şəxsin yetimin malı ilə necə davranmasından asılı olaraq,) həm faydalı, həm də ziyanlı ola bilər.
Malın Allah yolunda xərclənməsi ümumi, ictimai, axirət və islah xarakteri daşıyır, şərab ilə qumar isə fərdi, maddi və fəsad xarakterlidir. Yetimlərin işinin sahmana salınması isə həm ümumi, həm də fərdi xarakter daşıyır və dünya və axirət barəsində fikirləşmək nümunəsidir.
Buradan şərab və qumar arasındakı əlaqə də məlum olur. Çünki onların hər ikisi malın məhv, cəmiyyətin fəsada düçar olma mənbəyi, insanın həm ruh, həm də cisminin müxtəlif xəstəliklərə tutulma amilidir.
2\. Alkoqollu içkilərin zərərləri.
Alkoqollu içkilərin çoxsaylı zərərləri var və biz indi onların bəzisinə işarə edəcəyik:
a) Alkoqolun insan ömrünə təsiri: Məşhur qərb alimlərindən birinin sözlərinə əsasən, 21-23 yaşlı gənclər arasında spirtli içki aludəçilərindən 51 nəfər öldüyü halda, həmin içkilərə aludə olmayan gənclərdən heç 10 nəfər də ölmür.
Digər bir məşhur alim sübut edib ki, 50 il yaşamaq ehtimalı olan 20 yaşlı gənclər spirtli içki qəbul etdikləri üçün 35 ildən çox yaşamırlar.
"Həyat sığortası" şirkətlərinin apardığı araşdırmalardan belə məlum olur ki, alkoqollu içkilərə aludə olan şəxslərin ömrü digər şəxslərlə müqayisədə 25-35 faiz qısa olur.
Statistikaya əsasən, alkoqollu içki aludəçisi olan şəxslərin orta ömür müddəti 35-50 yaş arasıdır. Halbuki gigiyenik tövsiyələrə riayət ediləcəyi təqdirdə, insanların orta ömür müddəti 60 yaşdan yuxarıdır.
b) Alkoqolun insan nəslinə təsiri: Əgər mayalanma zamanı şəxs sərxoş olarsa, onun kəskin alkoqolizmi öz övladına keçirtmək ehtimalı 35 faizdir. Əgər kişi ilə qadının hər ikisi sərxoş olarsa, kəskin alkoqolizmin uşaqda özünü biruzə vermə ehtimalı 100 faizdir. Alkoqolun uşaqlara təsirini daha yaxşı başa düşmək üçün aşağıda təqdim edilən statistikaya diqqət edin:
Öz təbii vaxtından tez dünyaya gələn uşaqların 45 faizinin ata- anası, 31 faizinin anası, 17 faizinin isə atası spirtli içki aludəçisi olur. Dünyaya gəldikdən sonra yaşamını itirən uşaqların 6 faizinin atası, 45 faizinin isə anası spirtli içki aludəçisidir.
Boyu qısa olan uşaqların 75 faizi ata-anası, 45 faizi isə anası spirtli içki aludəçisi olan uşaqlardır.
Əqli və ruhi cəhətdən lazımi sağlamlığa malik olmayan uşaqların 5 faizinin ata-anası spirtli içki aludəçisi olan şəxslərdir.
c) Alkoqolun insan əxlaqına təsiri:
Spirtli içki aludəçisi olan şəxsin ailə sevgisi, həyat yoldaşına və övladlarına məhəbbəti az olur. Hələ atanın övladını öz əli ilə öldürməsi dəfələrlə rast gəlinən hadisədir.
d) Alkoqolun ictimai fəsadları: Nyon şəhərinin Məhkəmə-Tibb spertiza İnstitunun 1961-ci ildə hazırladığı hesabata əsasən, spirtli içki aludəçisi olan şəxslərin törətdiyi ictimai cinayətlər bunlardır: Ümumi qətl hadisələri: 50 faiz
Alkoqollu içki qəbulu nəticəsində baş verən dava və yaralama hadisələri: 77,8 faiz
Spirtli içki aludəçisi olan şəxslərin törətdiyi oğurluq hadisəsi: 3,5 faiz
Spirtli içki aludəçisi olan şəxslərin törətdiyi cinsi cinayət: 88,8 faiz
Bu statistikadan belə məlum olur ki, böyük cinayətlərin mütləq əksəriyyəti sərxoşluq zamanı baş verir.
e) Alkoqollu içkilərin iqtisadi zərərləri:
Məşhur həkimlərdən biri belə deyir: "Təəssüf ki, hökumətlər şərabdan əldə edilən rüsum gəlirlərini düşünür, lakin şərabın törətdiyi fəsadların aradan qaldırılasına sərf edilən böyük xərcləri nəzərə almırlar. Əgər hökumətlər cəmiyyətdə yaranan ruhi xəstəlikləri, cəmiyyətin tənəzzülünü, çox qiymətli vaxtın hədərə getməsini, sərxoş şəxslərin törətdiyi qəzaları, nəsillərin pozulmasını, tənbəllik, laqeydlik və işsizliyi, mədəniyyətin geriləməsini, polisin qarşılaşdığı çətinlikləri, spirtli içki düşkünü olan şəxslərin övladlarının saxlanıldığı uşaq evlərini, xəstəxanaları, onların törətdiyi cinayətləri araşdıran ədliyyə orqanlarını, onların saxlanıldığı həbsxanaları, həmçinin spirtli içki nəticəsində dəyən digər yanları hesablasalar görərlər ki, şəraba görə alınan rüsum həmin zərərlərin müqabilində olduqca azdır”.
Bundan əlavə, alkoqollu içkilərin mənfi nəticələrini yalnız pul ilə ölçmək də düz deyil. Çünki insanın əzizlərinin ölməsini, ailələrin dağılmasını, arzuların puç olmasını, düşünən beyinlərin məhv olmasını pul ilə ölçmək mümkün deyil.
Xülasə, alkoqolun zərərləri o qədər çoxdur ki, alimlərin birinin dili ilə desək, əgər hökumətlər şərab evlərinin yarısının bağlanmasına zəmanət versələr, xəstəxana və dəlixanaların da yarısının bağlanacağına zəmanət vermək olar.
Bütün bu deyilənləri nəzərə aldıqda, sözügedən ayənin mənası daha yaxşı aydın olur. Yəni spirtli içkilərin ticarətində insan üçün müəyyən qazanc olsa da, yaxud o, bir neçə anlıq insanın qəm-qüssəsini unutmasına kömək etsə də, vurduğu ziyan qat-qat çox, böyük və uzun- müddətlidir və onları bir-biri ilə əsla müqayisə etmək mümkün deyil.
3\. Qumarin nifrətəlayiq nəticələri.
Qumarın zərərlərindən xəbərsiz olan çox az adam tapmaq olar. Biz onun nifrətəlayiq və evləri dağıdan acı nəticələrinin bəzisinə işarə etmək üçün qısa şəkildə bəzi məqamlara toxunacağıq:
a) Qumar ən böyük stress amilidir: Bütün psixoloqların nəzə- rincə, xəstəliklərin çoxunun əsas səbəbi stresdir. Məsələn, vitamin çatışmazlığı, mədə xorası, dəlilik, kəskin sinir sistemi xəstəlikləri və sairənin çoxu stresdən yaranır. Qumar stress yaradan ən böyük amillərdəndir. Amerikalı alimlərdən biri belə deyir: "Bu ölkədə hər il iki min nəfər ancaq qumar stressi nəticəsində ölür. Poker oynayan şəxsin ürəyi dəqiqədə orta hesabla yüz dəfədən çox vurur. Qumar bəzən ürək infarktı və insulta, həmçinin erkən qocalmaya səbəb olur".
Bundan əlavə, alimlərin nəzərincə, qumar oynayan şəxsin yalnız ruhu stress keçirmir, bədəninin bütün orqanları böyük həyəcan içində olur. Yəni onun ürək döyüntüsü artır, qanda şəkərin miqdarı düşür, daxili sekresiya vəzilərinin hormon ifrazı pozulur, üzünün rəngi qaçır, iştahasızlığıa düçar olur və oyun qurtarandan sonra əsəbləri gərgin halda yuxuya gedir. Qumar oynayan şəxs adətən əsəblərini sakitləşdirmək və özündə aramlıq yaratmaq üçün spirtli içki və narkotik maddələrə üz tutur. Bu halda onlardan yaranan zərərlər də qumarın birbaşa zərərlərindən sayılır.
Başqa bir alim isə belə deyir: "Qumar oynayan şəxs xəstədir və onun daimi nəzarətə ehtiyacı var. Çalışıb ona başa salmaq lazımdır ki, onu bu nalayiq işə psixoloji bir boşluq sövq edir. Bu halda o, özünü müalicə etdirmək fikrinə düşə bilər".
b) Qumar ilə cinayətlərin əlaqəsi: Dünyanın ən böyük hesablama mərkəzlərindən biri sübut edib ki, cinayətlərin 30 faizi ilə qumar arasında birbaşa əlaqə var və o, digər 70 faiz cinayətlərin də yaranma amillərindən sayılır.
c) Qumarın iqtisadi zərərləri: İl ərzində insanların milyon, bəlkə də, milyardlarla dollar həcmində sərvəti qumar vasitəsi ilə məhv olur. Hələ bu, insanların enerjisinin saatlarla bu yolda itməsindən və insanın növbəti saatlardakı əmək qabiliyyətinin aşağı düşməsindən əlavə olan zərərdir. Məsələn, hesabatlarda deyilir ki, dünyanın məşhur qumar mərkəzlərindən olan Monte Karlo şəhərində bir şəxs 19 saat qumar oynayaraq sərvətinin 4 milyon tümənini uduzub və qumarxana bağlanandan sonra meşəyə gedərək öz beyninə güllə çaxaraq intihar edib. Həmin hesabatda Monte Karlo şəhərinin meşələrinin dəfələrlə qumarda uduzmuş bu cür şəxslərin intiharına şahid olduğu qeyd edilir.
d) Qumarın ictimai zərərləri: Qumarbazların çoxu bəzən bir saatın içində başqalarının minlərlə tümən pulunu udub öz ciblərinə qoyduqlarına görə istehsal fəaliyyəti və iqtisadi işlərlə məşğul olmaq istəmirlər. Bunun da nəticəsində istehsal və iqtisadiyyatda lənglik yaranır. Əgər diqqət etsək, görərik ki, bütün qumarbazlar və onların ailələri cəmiyyətə yükdür və onlar cəmiyyətə kiçicik xeyir vermədən başqa insanların əməyinin bəhrəsindən istifadə edir, hətta bəzən qumarda uduzanda oğurluğa əl atırlar.
Xülasə, qumarın zərərləri o qədər çoxdur ki, hətta qeyri-müsəlman ölkələrin çoxu onu qanunla qadağan edib. Əlbəttə, qeyri-qanuni şəkildə o, geniş miqyasda oynanılır. Məsələn, İngiltərədə 1853-cü ildə, ABŞ- da 1855-ci ildə, Rusiyada 1854-cü ildə, Almaniyada isə 1873-cü ildə qumar oynamaq qadağan edilib.
Bəzi tədqiqatçıların hazırladığı hesabata əsasən, oğurluğun 90, pozğunluğun 10, fiziki zədələrin 40, cinsi cinayətlərin 15, boşanmaların 30 və intiharların 15 faizi qumardan qaynaqlanır. Əgər biz qumarın bütün cəhətlərini əhatə edən tərifini yazmaq istəsək, belə deməliyik: Qumarın mənası başqasının malını hiylə və şirnikləndirmə yolu ilə, bəzən də əyləncə adı ilə əldə etmək üçün mal və şərəfi qurban vermək, sonda isə onların heç birini əldə etməməkdir.
Şərab və qumarın əlacsız zərərlərinin bir qismi ilə tanış olduq. Burada diqqət edilməsi lazım olan başqa bir məqam da var: Nə üçün Allah-taala şərabın ziyanının onun xeyri ilə müqayisədə olduqca az olmasına baxmayaraq, şərab içməyi qadağan və məzəmmət edərkən onun mənfəətinə də işarə edib? Bəlkə də, bunun səbəbi cahiliyyət dövründə də şərab ticarətindən və qumardan gəlir əldə etməyin geniş yayılması olmuşdur. Əgər ona işarə edilməsəydi, bəzi dar düşüncəli insanlar məsələnin birtərəfli araşdırıldığını iddia edərdilər.
Bundan əlavə, insanın düşüncəsi həmişə xeyir və ziyan ətrafında dövr edir və onu böyük əxlaqi fəsadlardan xilas etmək üçün bu məntiqdən istifadə etmək lazımdır.
Sözügedən ayə alkoqolu bəzi xəstəliklərlə mübarizədə faydalı hesab edən həkimlərin sözlərinə də cavab verib. Yəni bu cür ictimai xeyirlər heç vaxt ondan yaranan ziyanlarla müqayisə edilə bilməz. Əgər o, hansısa bir xəstəliyə müsbət təsir göstərsə belə, başqa təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Bəlkə də, bəzi hədislərdə Allah-taalanın şərabda heç bir şəfa qoymamasının qeyd edilməsi bu həqiqətə işarə etmək üçündür.
4\. Allah yolunda mal xərcləməkdə mötədillik.
Allah yolunda mal xərcləmək İslamın və Quranın xüsusi vurğuladığı mühüm məsələlərdən olsa da, bu işdə ifrata varmağa, hesab- kitabsız davranmağa icazə verilmir. Yəni o, malını Allah yolunda xərcləyən şəxsin həyatının nizamını pozmamalıdır. Bəzi təfsirlərə əsasən, sözügedən ayə həmin mənanı nəzərdə tutur. Həmçinin o, bəzi şəxslərin İslamın bu mühüm göstərişindən boyun qaçırmaq üçün öz ehtiyaclarını qabartmasına da işarə ola bilər. Quran buyurur ki, sizin çoxunuzun dolanışığınızdan artığınız olur və həmin artıqları Allah yolunda başqalarına verin.
5\. Hər şey barəsində fikirləşmək.
“(Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz)” cümləsi müsəlmanlara mühüm bir dərs verir ki, heç bir işi – istər maddi həyata aid olsun, istər mənəvi həyata fikirləşmədən və düşünmədən yerinə yetirməsinlər. Hətta Allahın ayələrinin bəndələrə bəyan edilməsi düşüncələri oyatmaq və onları fikirləşməyə sövq etmək üçündür. Həqiqətən, nə dini, nə də dünya işləri fikir və düşüncəyə əsaslanmayan insanlar necə də yazıqdırlar!