Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 112
Bəqərə surəsi, 222-223-cü ayələr
Bəqərə surəsi, 222-223-cü ayələr
وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ وَلَا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ فَإِذَا تَطَهَّرْنَ فَأْتُوهُنَّ مِنْ حَيْثُ أَمَرَكُمُ اللَّهُ إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ .٢٢٢
نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُوا لِأَنْفُسِكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ .٢٢٣
Ayələrin tərcüməsi
222\. Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: "Heyz əzab-əziyyətli bir haldır. (Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın". Allah tövbə edənləri və pak olanları sevir.
223\. Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin. (Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver.
Ayələrin nazilolma səbəbi.
Qadınlar hər ayın ən azı üç, ən çoxu isə on gününü heyz olurlar. Heyz qadının uşaqlığından xüsusiyyətləri fiqh kitablarında qeyd edildiyi kimi, qanın gəlməsindən ibarətdir. Həmin vaxt qadına “haiz”, həmin qana isə "heyz qanı" deyirlər. Müasir yəhudilik və xaç-pərəstlikdə kişilərin heyz halında olan qadınlarla cinsi yaxınlıq etməsi barədə bir-birinə zidd və hər bir kəsdə sual doğuran hökmlər var.
Yəhudilərin bir dəstəsi kişilərin bu cür qadınlarla ünsiyyətdə olmasını, hətta onlarla bir süfrədə oturub yemək yeməsini və ya bir otaqda yaşamasını birmənalı şəkildə haram hesab edir. Məsələn, onların nəzərinə görə, kişi heyz halında olan qadının oturduğu yerdə oturmamalıdır, əgər otursa, paltarını yumalıdır. Əgər o, paltarını yumasa, murdar sayılır. Həmçinin kişi həmin qadının yatağında yatsa, həm paltarını, həm də bədənini yumalıdır.
Xülasə, onlar həmin müddətdə qadını napak və uzaq durulmalı varlıq hesab edirlər.
Onların əksinə olaraq, xaçpərəstlər hesab edir ki, qadınların heyz halında olması ilə heyzli olmaması arasında heç bir fərq yoxdur və heyz halında onlarla bütün ünsiyyət, hətta cinsi yaxınlıq caizdir.
Ərəb müşriklər, xüsusilə Mədinədə yaşayanlar yəhudilərin bu xüsusiyyətindən müəyyən qədər təsirlənmişdilər və heyz halında olan qadınlarla yəhudilər kimi davranır, aybaşı vaxtı onlardan ayrılırdılar. Dinlərdə olan bu fərqlər, həmçinin göz yumulması mümkün olmayan ifrat və təfritlər bəzi müsəlmanların Həzrət Peyğəmbərdən (s) bu barədə sual soruşmalarına səbəb oldu. Onların cavabında da bu ayə nazil oldu.
Ayələrin təfsiri.
Aybaşı zamanı qadınların hökmü.
Birinci ayədə qadınların aybaşı olması barəsindəki suala toxunulub. Buyurur: “Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: “Heyz əzab-əziyyətli bir haldır”.
Daha sonra buyurur: “(Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri və pak olanları sevir.
Ayənin ərəbcə orijinalında işlənmiş (məhiz) sözü “məsdəri- mimi"dir və onun mənası “aybaşı"dır. “Möcəmu məqayisil-lüğət” kitabında belə yazılıb: "Əslində, bu sözün mənası “səmurǝ" adlı ağacdan qırmızı suyun axmasıdır" (və sonradan qadınların aybaşı olması barədə işlədilməyə başlayıb)". Lakin Fəxr Razi öz təfsrində belə yazıb: “Əslində, (heyz) sözünün mənası “sel”dir. Buna görə də ərəblər selin axması barədə (hazǝs-sǝylu) ifadəsi işlədirlər. Hovuza (hauz) deyilməsinin də səbəbi suyun ona tərəf axmasıdır".
Lakin Rağib özünün “Müfrədat" kitabında bunun əksini deyir: “Əslində, bu sözün mənası “aybaşı"dır (və o, sonradan digər mənalarda işlədilib)".
Hər halda, burada məqsəd Quranın (əza) (murdar və əzab- əziyyətli şey) adlandırdığı qandır. Əslində, bu cümlə qadınlar aybaşı olan zaman onlarla cinsi yaxınlıqdan çəkinməyin sonrakı cümlədə qeyd edilən fəlsəfəsini açıqlayır. Çünki həmin vaxt cinsi yaxınlıq ikrah doğurmaqdan əlavə, həm də bir çox zərərlərə səbəb olur. Bunu müasir tibb elmi də təsdiqləyir. Buna misal olaraq, kişi ilə qadının sonsuz qalma ehtimalını, (sifilis və süzənək kimi) cinsi xəstəliklərin yaranmasına səbəb olan mikrobların yetişməsinə münasib şəraitin yaranmasını, həmçinin qadının cinsiyyət üzvünün iltihabını, çirkli qanın kişinin cinsiyyət orqanına daxil olmasını və tibbi kitablarda qeyd edilən digər fəsadları göstərmək olar. Buna görə də həkimlər heyz halında olan qadınla cinsi yaxınlıq etməyi qadağan edirlər.
Heyz qanı uşaqlıq damarlarının tutulması və qanla dolması, sonra onun örtük hissəsinin qabıq-qabıq olub tökülməsi və mövcud qanların axmasından ibarətdir. Həmin qan əvvəlcə qeyri-sabit və rəngsiz halda ifraz olur, lakin tez bir zamanda sabitləşir və rəngi qırmızılaşır, sonda yenə rəngi solur və qeyri-sabit hala düşür.
Ümumiyyətlə, aybaşı zamanı ifraz olunan qan hər ay uşaqlığın daxili damarlarına rüşeymin qidalanması üçün yığılan qandır. Çünki qadının uşaqlığı hər ay bir yumurtahüceyrə istehsal edir və bununla yanaşı, uşaqlığın daxili damarları spermanın qidalanması üçün hazır vəziyyətə gələrək qanla dolur.
Əgər yumurtahüceyrə uşaqlığa daxil olarkən orada kişi sperması mövcud olsa, mayalanma baş verir və rüşeym yaranır və uşaqlığın damarlarında olan qan onun qidalanmasına sərf olunur. Əks-təqdirdə, uşaqlığın örtük hissəsinin qabıq-qabıq olub tökülməsi və damarların divarlarının yarılması nəticəsində qan çölə çıxır. Bu, həmin aybaşı qanıdır. Buradan aybaşı zamanı cinsi yaxınlığın qadağan edilməsinə başqa bir dəlil də əldə edilir. Çünki həmin qanlar dəf edilən zaman qadının uşaqlığı spermanı qəbul etməyə hazır olmur və buna görə də ondan ziyan görür.
Təfsirçilərdən bəzisinin nəzərinə görə, ayədəki (yǝthurnǝ) sözünün mənası "qadının aybaşı qanından təmizlənməsi"dir. Amma çoxları" (faizə tətəhhərnə) ifadəsinin mənasının "qüsl etmək" olduğunu deyiblər. Buna görə də birinci cümləyə əsasən, qadın qandan təmizləndikdən sonra, hətta qüsl etməmiş olsa belə, onunla cinsi yaxınlıq etmək caizdir. Lakin ikinci cümlǝyǝ əsasən, o, qüsl etməyincə cinsi yaxınlıq etmək caiz deyil.
Belə olan halda, ayədə anlaşılmazlıq yaranır. Lakin biz ikinci cümlənin birinci cümlənin təfsiri olduğunu və elə bu səbəbdən özündən əvvələ ərəb qrammatikasında nəticə bildirən "fa" hərfi il bağlandığını nəzərə alsaq, (tətəhhǝrǝ) sözünün də "qandan təmizlənmək” olduğunu deyə bilərik. Buna görə də aybaşıdan təmizlənəndən sonra cinsi yaxınlıq etmək caizdir. Ona görə ki, ayənin əvvəlində qüslun vacib olması barəsində heç nə danışılmayıb. Fiqh alimləri də buna əsaslanaraq qandan təmizlənəndən sonra qüsl edilməmiş cinsi yaxınlıq etməyin caiz olması fitvasını veriblər. Lakin bu işin qüsldan sonra edilməsi daha yaxşıdır.
"Allahın sizə əmr etdiyi yerdən" ifadəsi əvvəlki cümləyə təkid ola bilər. Yəni qadınlarla başqa vaxt deyil, yalnız təmizlənəndən sonra cinsi yaxınlıq edin.
Ondan daha geniş məna da çıxarmaq mümkündür. Yəni onlar təmizlənəndən sonra da cinsi yaxınlıq Allahın əmri çərçivəsində olmalıdır. Həmin əmr Allahın yaradılış əmri də ola bilər, şəriət qanunları əmri də. Çünki Allah-taala insan nəslinin davam etməsi üçün bu iki əks cins arasında xüsusi cazibə yaradıb və buna görə də cinsi yaxınlıqdan hər iki tərəf xüsusi həzz alır.
Şübhəsiz, son hədəf nəslin davam etməsi, bu cazibə və həzz isə onun müqəddiməsidir. Buna görə də cinsi həzz insan nəslinin davam etməsi istiqamətində olmalıdır. Bu səbəbdən də onanizm, homo- seksualizm və sairə yaradılış əmrindən sapıntı sayılır və qadağandır.
Ola da bilər ki, məqsəd şəriət qanunu olsun. Yəni qadınlar qandan təmizlənəndən sonra şəriətdə müəyyənləşdirilmiş halal-haram qanunlarına riayət etməlidir.
Bəziləri bu cümlənin kişinin öz həyat yoldaşı ilə adi yoldan deyil, başqa yolla cinsi yaxınlığa girməsinin qadağan edilməsinə işarə olduğunu deyir. Lakin əvvəlki ayələrdə bu məsələdən söz açılmadığı üçün bu təfsir elə də münasib görünmür.
İkinci ayədə incəliklə cinsi yaxınlığın son hədəfinə işarə edilmişdir. Buyurur: "Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin”.
Burada qadınlar tarlaya bənzədilib. Ola bilər ki, bu bənzətmə bəzilərinə xoş gəlməsin və onlar: “Nə üçün İslam bəşəriyyətin yarısını təşkil edən insanlar barəsində belə ifadə işlədib?" - deyə sual versinlər. Lakin bu bənzətmədə incə bir məqam var. Əslində, Quran qadının cəmiyyətdə mövcudluğunun zəruriliyini bəyan etmək istəyir. Qadın kişinin şəhvətini yatırmaq və şəhvətpərəstlik vasitəsi deyil, insan nəslinin qorunması vasitəsidir. Bu ifadə qadına şəhvətpərəstlik vasitəsi və aləti kimi baxanlara xəbərdarlıq hesab edilir.
Ayənin ərəbcə orijinalında işlənmiş (hərs) sözü məsdərdir və onun mənası "toxum səpmək”dir. O, bəzən "tarla”ya da deyilir. (ənna) sözü şərt isimlərindəndir və çox vaxt "zaman” mənası verən (mǝta) mənasında işlədilir və o zaman ona “zaman ənna”sı deyirlər. O, bəzən də məkan mənasında işlədilir. Buna “Ali-İmran" surəsinin 37-ci ayəsini misal göstərmək olar:
“Ondan: “Məryəm, bunu haradan gətirmisən?” – deyə soruşduqda o: "Bu, Allah tərəfindəndir!" - deyə cavab verərdi. Allah istədiyi şəxsə saysız-hesabsız (və ya heç bir sorğu-sualsız) ruzi verər”.
Əgər sözügedən ayədə (ənna) "zaman" mənasında olsa, o, cinsi yaxınlığın zaman genişliyini bəyan edir. Yəni gecə və gündüzün istənilən vaxtı bu işi görmək icazəniz var. Əgər o, "məkan” mənasında olsa, cinsi yaxınlığın məkan baxımından genişliyini və onun növlərini bəyan edir.
Onun hər iki cəhətə işarə olması ehtimalı da var. Belə olan halda, ərlə arvad istədikləri kimi, istədikləri zaman və məkanda bir-birindən cinsi həzz ala bilər (əlbəttə, şəriət qanunlarında qadağan edilən zaman, məkan və formalar istisnadır).
Sonra ayənin davamında buyurur: "(Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz”.
Bu cümlə cinsi yaxınlığın son hədəfinin ləzzət və həzz almaq olmamasına işarədir. Yəni bu işdən saleh övlad dünyaya gətirmək və tərbiyə etmək üçün istifadə etmək və onu Qiyamətdə mənəvi azuqə olması üçün Allahın hüzuruna göndərmək lazımdır.
Bu ifadə həm də həyat yoldaşı seçimində bir sıra məqamlara diqqət etməyin gərəkliyi barədə xəbərdarlıqdır. Yəni bu məsələyə diqqət etmək lazımdır ki, ondan saleh övlad və ləyaqətli insan nəsli yetişdirmək nəticəsini almaq mümkün olsun.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərdən birində belə oxuyuruq:
"İnsan öldükdən sonra onun ümidi üç şeydən başqa hər şeydən kəsilir: sədəqeyi-cariyə (xeyrindən davamlı istifadə edilən mal), insanların bəhrələndiyi elm və ona dua edən saleh övlad".!
İmam Sadiqdən (ə) nəql edilmiş digər bir hədisdə belə oxuyuruq:
"Ölümündən sonra insanın arxasınca üç şeydən başqa heç bir savab və mükafat gəlmir: "Onun öz sağlığında cari etdiyi və ölümündən sonra da axıcılığı davam edən sədəqə (məsələn, xeyriyyə məqsədli tikililər), təməlini qoyduğu və ölümündən sonra da əməl edilən hidayət ənənəsi (insanların doğru yola istiqamətlənməsinə səbəb olan ənənə) və onun üçün Allahdan bağılanma diləyən saleh övlad".
Bu məna digər çoxsaylı hədislərdə də qeyd edilmişdir. Bəzi hədislərdə birincisi saleh övlad olmaqla altı şey qeyd edilib.
Beləcə, saleh övlad, elmi əsərlər, insanları doğru yola istiqamətləndirən kitabların yazılması, məscid, xəstəxana və kitabxana kimi xeyriyyə məqsədli tikililər onların sırasında qeyd edilib.
Ayənin sonunda təqvalı olmaq göstərişi verərək buyurur: “Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver”.
İlahi mərhəmət müjdəsi, xoşbəxtlik və qurtuluş təqvadadır.
Cinsi yaxınlıq mühüm və insanın təhrikedici hislərindən olduğu üçün Allah-taala son cümlədə möminləri bu məsələdə diqqətli olmağa, günah və sapıntıdan çəkinməyə dəvət edir və onlara xəbərdarlıq edir ki, bilin, hamınız Onunla görüşəcəksiniz və yeganə qurtuluş yolu iman və iman kölgəsində olan təqvadır.
İncəliklər:
1\. Keçmiş qövmlərin qadınlarla davranışı.
Öncə də qeyd etdiyimiz kimi, keçmiş qövmlərin hər biri aybaşı olan qadınlar barəsində müxtəlif əqidəyə malik olub. Yəhudilər bu məsələdə olduqca sərt mövqe nümayiş etdiriblər və həmin vaxt qadınlardan bütün işlərdə, hətta bir yerdə yemək yeməkdən, bir şey içməkdən, eyni məclisdə iştirak etməkdən və bir otaqda yatmaqdan uzaq durublar. Hal-hazırda mövcud olan Tövratda da bu barədə sərt hökmlər görmək mümkündür.
Onlardan fərqli olaraq, xaçpərəstlər həmin günlərdə qadınlarla davranışa heç bir məhdudiyyət qoymayıblar. Bütpərəst ərəblərin isə bu barədə hansısa özəl ənənə və qanunu olmayıb. Sadəcə, Mədinə və onun ətraf bölgələrinin sakinləri yəhudilərin bu barədəki qanunlarını əxz etmişdilər və aybaşı olan dövrdə qadınlarla sərt davranırdılar. Halbuki digər ərəblər belə deyildilər və hətta həmin vaxt qadınlarla cinsi yaxınlığa girməkdə maraqlı idilər. Çünki onlar düşünürdülər ki, həmin dövrdə baş verən cinsi yaxınlıqdan övladları dünyaya gəlsə, həmin uşaq çox qan tökən olacaq. Bu da qan tökən bədəvi ərəblərin nəzərində yaxşı və bəyənilən sifətlərdən hesab edilirdi.
2\. Paklıqla tövbənin bir yerdə qeyd edilməsi.
Sözügedən ayələrdə paklıqla tövbənin bir yerdə qeyd edilməsi, bəlkə də, paklığın zahiri təmizliyə, tövbənin isə batini təmizliyə aid olmasına işarədir.
Burada "paklıq” günaha batmamaq mənasında da ola bilər. Yəni Allah həm günaha batmayanları sevir, həm də günaha batdıqdan sonra tövbə edib pakların sırasına daxil olanları.
Həmçinin burada tövbə bəzilərinin cinsi istəyin təzyiqinə məruz qalıb özünü cilovlaya bilməməsinə və Allahın əmrinə qarşı çıxmasına, lakin sonra öz əməlindən peşman və narahat olmasına işarə ola bilər. Yəni Allah-taala həmin şəxslərin dönüş qapısını bağlı hesab etməmələri və Onun mərhəmətindən məyus olmamaları üçün onlara tövbə qapısını göstərir.