Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 113
Bəqərə surəsi, 224-225-ci ayələr
Bəqərə surəsi, 224-225-ci ayələr
وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .٢٢٤
لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا كَسَبَتْ قُلُوبُكُمْ وَاللَّهُ غَفُورٌ حَلِيمٌ .٢٢٥
Ayələrin tərcüməsi
224\. Yaxşılıq etmək, təqvalı olmaq (pis əməllərdən çəkinmək) və insanların arasını düzəltmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir.
225\. Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir.
Ayələrin nazilolma səbəbi.
Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Abdullah ibn Rəvahə adlı bir şəxsin qızı ilə kürəkəni arasında ixtilaf yaranır və o, onların arasını düzəltmək üçün heç bir iş görməyəcəyinə dair and içir. Bu vaxt sözügedən ayələr nazil olur və bu cür andları qadağan edir və əsassız adlandırır.
Ayələrin təfsiri.
Mümkün qədər and içməyin.
Ayələrin nazilolma səbəbində də oxuduğumuz kimi, sözügedən iki ayə anddan sui-istifadəyə aiddir və onlar qarşıdakı ayələrdəki “ila" məsələsi, yəni həyat yoldaşı ilə cinsi yaxınlığa girməyi tərk etmək barədə içilən and üçün müqəddimə hesab edilir.
İlk ayədə buyurur: "Yaxşılığı, təqvalı olmağı və insanların arasını düzəltməyi tərk etmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir”.
Lakin bəzilərinə görə, #### Ayənin təfsirində məqsəd Allahı andlarınızın hədəfinə çevirməyin və yaxşılıq etmək, islahat aparmaq və insanların arasını düzəltmək üçün (and içməyin)dir. Allah eşidən və biləndir. Yəni böyük və kiçik olmasından asılı olmayaraq, yaxşı işlər üçün and içməyin, Allahın adını kiçiltməyin. Buna görə də ortada mühüm hədəf olmayınca and içmək bəyənilən iş deyil.
Bu məsələyə çoxsaylı hədislərdə də işarə edilib. O cümlədən İmam Sadiq (ə) hədislərin birində belə buyurub:
"Doğru və ya yalan danışmağınızdan asılı olmayaraq, heç vaxt Allaha and içməyin. Çünki pak olan Allah buyurur: "Allahı andlarınıza hədəf etməyin".
Bu halda onun ayənin nazilolma səbəbi ilə əlaqəsi belə olur: İnsanın nəinki yaxşı işləri tərk etməyə görə, hətta yaxşı işləri yerinə yetirməyə görə də and içməsi bəyənilmir.
Ayənin ərəbcə orijinalında işlənmiş (ǝyman) sözü (yəmin) sözünün cəmidir və onun mənası "and"dır. (urzǝt) sözünün mənası "bir şeyi nümayiş etdirmək”dir. Məsələn, bir şeyi bazara aparıb satış üçün nümayiş etdirməyə (urzǝt) deyilir. Bəzən maneələrə də (urzət) deyirlər. Maneənin (urzət) adlandırılmasının səbəbi onun insanın gözünün qabağında və ya yolunun üstündə yerləşməsidir.
Sonrakı ayədə andın xeyir işə mane olmamasını daha mükəmməl bəyan etmək üçün buyurur: “Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir”.
Allah-taala bu ayədə iki növ anda işarə edir: onlardan biri heç bir təsiri olmayan və etina edilməməli olan bihudə andlardır. Bu növ andlar insanların diqqətsizlik ucbatından hər sözünün ardınca gətirdiyi, adət etdiyi və hər iş üçün “vallah, yox", "vallah, hə" dediyi andlardır. Bu növ andlar "bihudə və puç andlar" adlanır.
Çünki ayənin ərəbcə orijinalında işlənmiş (ləğv) sözünün mənası “müəyyən hədəfi olmayan, yaxud məqsədsiz deyilmiş söz”dür. Buna görə də insanın əsəbi halda içdiyi and (əgər qəzəb onun adi haldan çıxmasına səbəb olarsa,) bihudə andlardan sayılır. Sözügedən ayəyə əsasən, Allah-taala həmin andlara görə cəza verməyəcək və onlara etina etmək lazım deyil. (Insan özünü elə tərbiyə etməlidir ki, ümumiyyətlə, bu cür andlar içməsin.) Bu cür andlara əməl etmək vacib deyil və onların pozulmasının kəffarəsi yoxdur. Çünki onlar düşünülmüş və məqsədli and deyil.
"Allah bağışlayan və həlimdir" cümləsi bu mənaya işarə ola bilər.
Andın ikinci növü düşünülmüş və məqsədli şəkildə içilən - Quranın dili ilə desək, "insanın qəlblərinin kəsb etdiyi" andlardır. Bu andlar isə mötəbər sayılır və onlara əməl etmək lazımdır. Onlara əməl edilməməsi - sonra işarə edəcəyimiz yerlər istisna olmaqla, həm günahdır, həm də insanın kəffarə ödəməsinə səbəb olur. "Maida" surəsinin 89-cu ayəsində bu and barədə “məqsədli şəkildə möhkəmləndirilmiş and" ifadəsi işlədilmişdir.
İncəlik:
Dəyərsiz andlar.
İslam baxımından and içmək yaxşı əməl olmasa da, haram da deyil. Əlbəttə, əgər o, mühüm tərbiyəvi, ictimai hədəf və islahat məqsədi daşısa, vacib və ya müstəhəb ola bilər. Lakin bir sıra andlar İslam baxımından, ümumiyyətlə, dəyərsiz hesab edilir.
1-Allahdan başqasının adına içilən andlar. Hətta Peyğəmbər (s) və məsum İmamların (ə) adına içilən andlara əməl etmək vacib deyil. Yəni kimsə Allahdan başqasının adına and içərsə, onu yerinə yetirmək məsuliyyəti daşımır və onun yerinə yetirilməməsinə görə kəffarə yoxdur.
2-Haram və ya məkruh işin yerinə yetirilməsinə, yaxud vacib və ya müstəhəb əməlin tərk edilməsinə görə içilən andlar da dəyərsiz hesab edilir. Buna kiminsə borcunu qaytarmamağa, qohumlarla əlaqəni kəsməyə, iki nəfərin arasını düzəltməməyə görə and içməsini misal göstərmək olar. Bu, çox rast gəlinən hallardandır. Bəzi şəxslər iki nəfərin arasını düzəldərkən hansısa xoşagəlməz hadisə ilə qarşılaşır və bir də heç vaxt belə iş görməyəcəyinə dair and içir. Bu cür andlara, hətta Allahın adına içilmiş olsa belə, əhəmiyyət verilməməlidir. “Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq" ayəsinin təfsirlərindən biri də budur. Lakin Allahın adına içilən, mövzusu yaxşı iş və ya ən azı mübah iş olan andlara əməl etmək vacibdir, əgər kimsə onu pozsa, kəffarəsi var.
Onun kəffarəsi on yoxsulu yedirtmək, on möhtacı geyindirmək və ya bir qul azad etməkdir. (Bu, “Maidə” surəsinin 89-cu ayəsində qeyd edilib.) Müasir dövrdə qul olmadığı üçün ilk iki işdən biri yerinə yetirilməlidir.