Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 114
Bəqərə surəsi, 226-227-ci ayələr
Bəqərə surəsi, 226-227-ci ayələr
لِلَّذِينَ يُؤْلُونَ مِنْ نِسَائِهِمْ تَرَبُّصُ أَرْبَعَةِ أَشْهُرٍ فَإِنْ فَاءُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .٢٢٦
وَإِنْ عَزَمُوا الطَّلَاقَ فَإِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ .٢٢٧
Ayələrin tərcüməsi
226\. Qadınları ilə yaxınlıq etməməyə dair and içənlər dörd ay gözləyə bilərlər. (Eyni zamanda bu dörd ay ərzində talaq vermək və ya birgə yaşamağa davam etmək baxımından öz qadınları ilə bağlı vəziyyəti aydınlaşdırmalıdırlar.) Əgər (bu müddət ərzində) dönsələr, (onların üzərinə bir şey düşmür. Çünki) Allah bağışlayan və mehribandır.
227\. Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda bunun da eybi yoxdur). Allah eşidən və biləndir.
Ayələrin təfsiri.
Çirkin cahiliyyət ənənəsi ilə mübarizə.
Cahiliyyət dövründə cəmiyyətdə qadının heç bir dəyər və statusu olmayıb. Buna görə də qadından ayrılmaq və ya ona təzyiq göstərmək üçün müxtəlif çirkin üsullardan istifadə edilib. Onlardan biri də “ila” - cinsi yaxınlığı tərk etmək üçün and içmək olub. Belə ki öz həyat yoldaşına nifrət edən kişi onunla cinsi yaxınlığa girməmək barədə and içər və bu qeyri-insani yolla həyat yoldaşına təzyiq göstərərdi. Beləliklə, o, həmin qadını nə rəsmi şəkildə boşayar və ona azad ər seçmək imkanı yaradar, nə də onunla barışıb normal həyatını davam etdirərdi. Təbii ki, kişilər bu işdən narahat olmurdular. Çünki onların bir neçə arvadı olurdu.
Sözügedən ayələr bu yanlış adətlə mübarizə aparır və həmin anddan çıxmağın yolunu bəyan edərək buyurur: "Qadınları ila yaxınlıq etməməyə dair and içənlər dörd ay gözləyə bilərlər”.
Bu dörd ay onların həmin müddət ərzində həyat yoldaşları ilə münasibətlərini aydınlaşdırmaları və onları həmin qarışıq vəziyyətdən çıxarmaları üçün verilmiş möhlətdir.
Daha sonra buyurur: “Əgər (bu müddət ərzində) dönsələr, Allah bağışlayan və mehribandır”.
Allah-taala onun bu məsələdə yol verdiyi günahı, həmçinin bu andı pozmasının günahını bağışlayır. Əlbəttə, həmin andın kəffarəsi öz yerində qalır.
Sonrakı ayədə buyurur: "Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda bunun da eybi yoxdur). Allah eşidən və biləndir”.
Əgər kişi bu iki yoldan birini seçməsə, yəni nə normal ər-arvad münasibətini bərpa etsə, nə də həmin qadını boşasa, bu halda şəriət hakimi məsələyə müdaxilə edir və kişini həbs etdirir və ona dörd ay müddətində iki yoldan birini seçməsi və qadının müqəddəratını aydınlaşdırması üçün təzyiq göstərir.
İslam “ila" (həyat yoldaşı il dörd ay cinsi yaxınlıq etməməyə and içmək) hökmünü ləğv etməsə də, onun doğurduğu mənfi nəticələri aradan qaldırıb. Çünki İslam heç kəsə öz həyat yoldaşını bu yolla sərgərdan qoymaq icazəsi vermir. İslamın bu iş üçün dörd ay vaxt müəyyənləşdirməsinin səbəbi ər-arvadlıq haqqının müəyyən hissəsinin bu yolla zay edilməsinin caiz olması deyil. Bunun səbəbi şəriətin cinsi yaxınlığın tərk edilməsinə maksimum dörd ay vaxt verməsidir. (Əlbəttə, bu, qadının həmin müddətin uzun olması nəticəsində günaha düşmədiyi hala aiddir. Buna görə də əgər həmin qadın günaha düşmək ehtimalı olan gənc qadın olarsa, həmin zaman fasiləsi daha az olmalıdır.)
İncəliklər:
1\. "İla" istisnai hökmdür.
Əvvəlki ayələrdə bihudə və heç bir təsiri olmayan andlardan danışıldı və biz orada qeyd etdik ki, şəriət qanunlarına zidd olan istənilən and bihudə və puç andlardan sayılır və onları pozmağın eybi yoxdur. Həmin hökmə əsasən, ər-arvadlıq vəzifəsinin tərk edilməsi barədə içilən andın da heç bir mənfi nəticəsi olmamalıdır. Lakin bildiyimiz kimi, “ila”ya görə kəffarə müəyyən edilib.' (Onun kəffarəsi ötən bəhslərdə andın pozulması barədə qeyd etdiyimiz kəffarələrdir.) Əslində, bu, inadkar kişilər üçün nəzərdə tutulmuş cəzadır ki, onlar bir də bu namərd üsulla qadının hüququnu pozmasınlar və bu işi təkrar etməsinlər.
2\. İslam və qərbdə mövcud olan qanunun müqayisəsi Qərbdə də cahiliyyət adətlərində olan "ila"ya bənzər ənənə olub və onlar onu "fiziki ayrılıq" adlandırıblar.
Bildiyimiz kimi, xaçpərəstlərdə boşanma yoxdur. Böyük Fransa inqilabından sonra bir-biri ilə yaşamaq istəməyən kişi ilə qadının ayrılması üçün təsdiq edilmiş qanunlardan biri də “fiziki ayrılıq” qanunu olub.
Həmin qanuna əsasən, kişi ilə qadın müvəqqəti olaraq bir- birindən ayrılır və ayrı evlərdə yaşayırdılar. (Həmin vaxt kişi qadının dolanışığını təmin etmək, qadın da kişinin cinsi istəyini təmin etmək məsuliyyəti daşımırdı, lakin onların arasında ər-arvad əlaqəsi öz qüvvəsində qalırdı.) Bu müddətdə nə kişi başqa arvad ala bilər, nə də də qadın başqasına ərə gedə bilərdi. Həmin ayrılıq üç ilə kimi davam edə bilərdi. Həmin müddətdən sonra onlar bu ayrılıqdan əl çəkib yenidən birgə yaşamaqla razılaşmağa məcbur olurdular.
Qərbdə bu ayrılığa üç ilə kimi icazə verilsə də, İslam bu və qarışıq naməlum vəziyyətin dörd aydan artıq davam etməsinə icazə vermir. Ər dörd aydan sonra məsələyə aydınlıq gətirməlidir və əgər boyun qaçırsa, Islam hökuməti ona məsələni həll etməsi üçün təzyiq göstərmək haqqına malikdir.
3\. Allahın hər ayənin sonunda qeyd edilən sifətləri.
Quran ayələrinin çoxunun sonunda sözügedən məsələ Allahın sifətlərinin qeyd edilməsi ilə sona çatır. Həmin sifətlər birbaşa ayənin mövzusuna aid olur və onların seçimi ayə ilə əlaqəsiz və təsadüfi deyil.
Sözügedən ayələrdə də “ila”dan və bu günah andın pozulmasından danışılarkən ayə "Allah bağışlayan və mehribandır" cümləsi ilə sona çatır. Bu, həmin düzgün hərəkətin (şəxsin sözügedən yanlış andı pozması) onun günahının Allah tərəfindən bağışlanmasına işarədir. Həmçinin söhbət boşanma qərarından gedərkən "Allah eşidən və biləndir" sifətlərinə istinad edilir. Yəni Allah sizin sözlərinizi eşidir, sizin talaq və boşanma niyyətinizdən xəbərdardır və sizə ona görə qarşılıq verəcək.