Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 115
Bəqərə surəsi, 228-ci ayə
Bəqərə surəsi, 228-ci ayə
وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ وَلَا يَحِلُّ لَهُنَّ أَنْ يَكْتُمْنَ مَا خَلَقَ اللَّهُ فِي أَرْحَامِهِنَّ إِنْ كُنَّ يُؤْمِنَّ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَبُعُولَتُهُنَّ أَحَقُّ بِرَدِّهِنَّ فِي ذَلِكَ إِنْ أَرَادُوا إِصْلَاحًا وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ .٢٢٨
Ayənin tərcüməsi
228\. Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar). Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil. Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır. Ancaq kişilər onlardan üstündürlər. Allah qüdrətli və hikmatlidir.
Ayələrin təfsiri.
"İddə", yoxsa "evlilik divarı”?
Əvvəlki ayədə talaqdan söz açıldı, burada isə talaqın hökmlərindən və ona aid məsələlərdən danışılır. Burada ümumilikdə beş hökm bəyan edilib:
Əvvəlcə “iddə"dən danışaraq buyurur: “Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar).
Ayənin ərəbcə orijinalında işlənmiş (quru) sözü (qur) sözünün cəmidir və onun mənası həm “aybaşı", həm də “aybaşıdan pak olmaq"dır. Lakin bu iki mənanı ümumi bir mənada bir yerǝ toplamaq olar və o, "həmin iki haldan birindən digərinə keçmək”dir. Rağib özünün “Müfrədat” kitabında belə yazıb: (qur) sözü, əslində, aybaşıdan paklığa daxil olmaqdır. Onda hər iki hal əks olunduğu üçün o, bəzən aybaşı, bəzən də ondan pak olmaq barədə işlədilir.
Bəzi hədislərdən, həmçinin bir çox lüğət kitablarından (qur) sözünün mənasının “cəm olmaq, toplanmaq" olduğu məlum olur. Qadın pak olanda aybaşı qanı onun vücudunda yığıldığı üçün bu söz "paklıq” mənasında işlədilir.
Çoxsaylı hədislərdə ayənin ərəbcə orijinalında işlənmiş və “iddə”nin çərçivəsini müəyyənləşdirən “səlasətə quruvə" ifadəsinin mənasının “qadının heyzdən üç dəfə pak olması” olduğu vurğulanıb.
Təlaq qadının əri ilə cinsi yaxınlıq etmədiyi paklıq zamanı verilməli olduğu üçün bu paklıq "bir paklıq" sayılır. Qadın iki dəfə də aybaşı olub pak olandan sonra - (ümumilikdə) üçüncü paklıq sona çatan və aybaşı olan kimi "iddə" sona çatır və onunla həmin halda evlənmək caizdir. Bu mənanı hədislərdən əlavə ayənin özündən də başa düşmək mümkündür.
Birincisi, ərəb dilində (qur) sözünün iki cəm forması var. Onların biri (quru), ikinci isə (ǝqra) sözüdür. Bəziləri qeyd edir ki, "paklıq" mənasında olan (qur)un cəmi (quru), aybaşı mənasında olan (qur)un cəmi isə (ǝqra)dır və buna görə də sözügedən ayədəki (quru) sözünün mənası “aybaşı günləri” deyil, “qadının pak olduğu günlər”dir."
İkincisi, əslində, (qur) sözünün mənası “cəm olmaq, toplanmaq"dır və "cəm olmaq" paklıq halı ilə daha çox uyğun gəlir. Çünki həmin vaxt qan tədricən uşaqlıqda yığılır və aybaşı zamanı parçalanaraq çölə çıxır.
İkinci hökm belədir: “Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil".
İddə günlərinin nə vaxt başlayıb nə vaxt sona çatmasını adətən qadının özündən başqa heç kəs bilmədiyi üçün bu iş onun öhdəsinə qoyulub və onun sözü dəlil hesab edilib. Buna görə də İmam Sadiq (ə) sözügedən #### Ayənin təfsirində belə buyurub: “Allah-taala üç şeyi qadınların öhdəsinə qoyub (və onlar barəsində əsas dəlil qadının sözünü hesab edib): aybaşı, paklıq (aybaşının qurtarması) və hamilə olmaq"?
Bu mənanı ümumi şəkildə sözügedən ayədən də çıxarmaq olar. Çünki ayə buyurur ki, qadının Allahın onun bətnində yaratdığını gizlətməsi və həqiqətə zidd danışması caiz deyil. Yəni bu məsələdə onun sözü qəbul edilir.
Bəzi təfsirçilərin nəzərincə, "Allahın onların bətnlərində yaratdığı” ifadəsinin iki mənası - övlad və aybaşı ola bilər. Çünki Allah-taala onların hər ikisini qadının bətnində yaradıb. Yəni o, “iddə” müddətini qısaltmaq üçün hamilə olduğunu gizlədə və aybaşı olacağını deyə bilməz. (Çünki hamilə qadının iddə müddəti uşaq dünyaya gələnə kimidir.) Həmçinin o, aybaşı barəsində - istər onun başlaması olsun, istər qurtarması baxımından həqiqəti əks etdirməyən məlumat verməməlidir. Buna görə də həmin ifadədən hər iki mənanı çıxarmaq mümkündür.
Ayədən çıxan üçüncü hökmə görə isə, “rici talaq” “iddə”sində ərin qayıtmaq haqqı var. Buyurur: “Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar.
Qadın "rici talaq" iddəsində olarkən əri müştərək ailə həyatını davam etdirə bilər. Onun qayıtmaq niyyətini əks etdirən istənilən söz və ya əməl bu mənanın hasil olması üçün kifayətdir. Lakin ayə “barışmaq istəsələr” ifadəsi ilə bəyan etmək istəyir ki, həmin qayıdışda məqsəd yalnız sülh və barışıq olmalıdır. Cahiliyyət dövründəki kimi. kişilər bu haqdan istifadə edərək qadına təzyiq göstərmək və onları evlilik və boşanma arasında saxlamaq niyyətində olmamalıdırlar.
Bu haqq onun öz əməlindən peşman olduğu, ailə həyatını davam etdirmək istədiyi, məqsədi qadına zərər vurmaq və onu naməlum vəziyyətdə saxlamaq olmadığı hala aiddir.
Həmçinin ayənin davamında "qayıtmaq" məsələsindən danışılarkən belə məlum olur ki, ayənin əvvəlində iddə saxlamaq barədə deyilənlər də həmin dəstə qadınlara aiddir. Başqa sözlə desək, ayə bütünlüklə "rici talaq" barəsindədir. Buna görə də talağın bəzi növlərində iddənin olmaması onunla ziddiyyət təşkil etmir.
Sonra dördüncü hökmü bəyan edərək buyurur: “(Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır.
Mərhum Təbərsinin “Məcməül-bəyan"da qeyd etdiyi kimi, bu cümlədə çox maraqlı, heyrətamiz və dolğun sözlərdən istifadə edilmişdir və onlarda çoxlu fayda var. O, ümumilikdə məsələni talaq və iddədən daha mühüm mövzulara yönəldib və kişi ilə qadının ər-arvadlıq hüquqlarına işarə edərək buyurur ki, kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilərin üzərində layiqli haqları var və onlar həmin haqlara riayət etmək məsuliyyəti daşıyırlar. Çünki İslamda birtərəfli haqq mövcud deyil və haqlar həmişə qarşılıqlıdır.
Ayənin ərəbcə orijinalında işlənmiş və “yaxşı, məlum, məntiqi və ağıla uyğun iş" mənasında olan (məruf) sözü bu ayələrdə (sözügedən ayədən 241-ci ayəyə kimi) on iki dəfə təkrar edilib. O, həm kişi, həm də qadınlara xəbərdarlıq edir ki, öz haqlarından sui-istifadə etməsinlər və bir-birinin hüququna qarşılıqlı hörmət göstərməklə ər-arvadlıq əlaqələrinin möhkəmlənməsi və Allahın razılığını qazanmaq istiqamətində çalışsınlar.
Nəhayət, beşinci hökmdə buyurur: "Ancaq kişilər onlardan üstündürlər”.
Bu cümlə kişi ilə qadının qarşılıqlı hüquqları barəsində öncə qeyd edilənləri təkmilləşdirir. Kişi ilə qadının bərabərliyinin mənası onların hər şeydə bərabər olması və hər yerdə birgə addımlaması deyil. Doğrudan da, görəsən, onların hər ikisi hər şeydə bərabər olmalıdırmı?
Kişi ilə qadının fiziki və ruhi potensialı arasındakı böyük fərqi nəzərə alsaq, bu sualın cavabı aydın olur. Qadın kişidən fərqli vəzifələrin yerinə yetirilməsi üçün yaradılıb. Buna görə də o, fərqli hisslərə malikdir. Yaradılış qanunları həssas analıq vəzifəsini, güclü nəsil yetişdirilməsini onun öhdəsinə qoyub və ona daha güclü duyğu və hissiyyat verib. Həmin qanun daha sərt və ağır ictimai vəzifələri kişi cinsinin öhdəsinə qoyub və onun təfəkkür payını daha çox edib.
Buna görə də ədalətə riayət etmək üçün daha çox düşüncə, müqavimət və çətinliklərə qatlaşmaq qüvvəsi tələb edən işlər kişilərin, daha çox duyğu və hiss tələb edən işlər isə qadınların öhdəsinə qoyulmalıdır. Bu səbəbdən ailənin idarəçiliyi kişinin, müavinlik vəzifəsi isə qadının öhdəsinə qoyulub. Əlbəttə, bu, qadınların cəmiyyətdə onların fiziki və ruhi imkanları ilə uyğun gələn işləri öhdələrinə götürmələri və analıq vəzifəsilə yanaşı digər həssas işlərlə də məşğul olmaları ilə ziddiyyət təşkil etmir.
Həmçinin qeyd edilən fərq bəzi qadınların mənəvi məqamlar, elm və təqva baxımından bir çox kişilərdən üstün olması ilə ziddiyyət təşkil etmir.
Bəzi qərbpərəstlərin bu iki cinsin bütün cəhətlərdən bərabər olmasına təkid etməsi bu gerçəkliklə uyğun gəlməyən mənasız isrardır. Onu müxtəlif elmi araşdırmalar da inkar edir. Hətta bütün cəhətlərdə bərabərliyin olması şüarının hər yerdə səsləndiyi cəmiyyətlərdə reallıq həmin iddiaların əksini göstərir. Məsələn, dünyanın hər yerində insanların siyasi və hərbi idarəçiliyi -istisnaları çıxmaq şərti ilə kişilərin əlindədir. Biz hətta əsas şüarın bərabərlikdən ibarət olduğu qərb cəmiyyətlərində aydın şəkildə bu gerçəkliyin şahidi oluruq.
Hər halda, talaq, “iddə” müddəti ərzində “qayıtmaq” və qəzavət etmək haqqının kişilərin əlində olması (talaq icazəsinin qadına və ya şəriət hakiminə verildiyi hallar istisnadır) buradan qaynaqlanır və birbaşa bu gerçəkliyin nəticəsidir.
Bəzi təfsirçilər isə qeyd edib ki, "ancaq kişilər onlardan üstündürlər” cümləsi yalnız talaq iddəsi ərzində qayıtmaq məsələsinə aiddir. Lakin bu təfsir ayənin zahiri ilə uyğun gəlmir. Çünki ondan əvvəl "(kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır" cümləsi ilə qadının hüququ və ədalətə riayət edilməsi barədə ümumi qayda bəyan edilib, onun da ardınca deyilən cümlə ümumi qanun şəklində qeyd edilib.
Nəhayət, ayənin sonunda buyurur: "Allah qüdrətli və hikmətlidir”.
( وَاللَّه ُعَزِيزٌحَكيمٌ )
Əslində, bu cümlə bu barədə irad tutanlara cavabdır. Allah-taala həmin cümlə ilə bu məqama işarə edir ki, Onun hikmət və tədbiri hər bir kəsin yaradılış qanununun onun üçün müəyyənləşdirdiyi, fiziki və ruhi imkanları ilə uyğun gələn vəzifəni yerinə yetirməsini tələb edir. Allahın hikməti qadınların öhdəsinə qoyulan vəzifələrə uyğun olaraq onların bir sıra inkaredilməz haqlara da malik olmalarını tələb edir ki, həmin vəzifələrlə haqlar arasında tarazlıq yaransın.
İncəliklər:
1\. “İddə” barışıq və qayıdış vasitəsidir.
Bəzən müxtəlif səbəblər insanda elə psixoloji gərginlik yaradır ki, cüzi və xırda bir ixtilaf onun intiqam hissini alovlandırır və bu hiss onun ağıl və vicdanının işığını söndürür.
Ailə münaqişələri çox vaxt belə şəraitdə baş verir. Lakin əksər hallarda həmin çəkişmədən bir müddət keçdikdən sonra kişi ilə qadın özünə gələrək peşman olur. Onlar ailə ocağının dağılması ilə müxtəlif narahatlıqlara düçar olacaqlarını dərk edirlər.
Buna görə də sözügedən ayə qadınların “iddə” saxlamalı olduğunu buyurur. Yəni onlar bu müvəqqəti dalğanın ötüb keçməsini, həyat səmalarından qara buludların çəkilib getməsini gözləməlidirlər. Xüsusilə də İslamın qadının “iddə” müddətində ər evindən çıxmaması barədə verdiyi göstəriş qadında müsbət fikir oyadır və onun əri ilə münasibət- lərinin yaxşılaşmasına böyük təsir göstərir. Buna görə də “Təlaq” surəsinin 1-ci ayəsində buyurur:
"...onları evlərindən çıxartmayın... Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin".
Adətən talaqdan əvvəlki şirin və səmimi anların yada salınması itirilmiş sevgi və səmimiyyətin geri qayıtmasına və zəifləmiş məhəbbət İşığının güclənməsinə səbəb olur.
2\. "İddə” nəslin qorunma vasitəsidir.
“İddə”nin fəlsəfələrindən biri də qadının hamiləlik baxımından vəziyyətinin aydınlaşmasıdır.
Düzdür, qadının bir dəfə aybaşı olması onun hamilə olmamasına dəlalət edir. Lakin bəzən də qadın hamilə olmasına baxmayaraq, hamiləliyinin əvvəllərində aybaşı olur. Buna görə də sözügedən məsələnin tam aydınlaşması üçün qadının üç dəfə aybaşı olub təmizlənməsi göstərişi verilib ki, onun əvvəlki ərindən hamilə olmaması yəqinliklə məlum olsun və o, yenidən ailə qura bilsin. Əlbəttə, "iddə"nin başqa faydaları da var və öz yerində onlara da işarə ediləcək.
3\. Haqq ilə vəzifə bir-birinə bağlıdır.
Quran burada əsas prinsiplərdən birinə işarə edib və o, vəzifənin olduğu yerdə haqqın da mövcud olmasıdır. Yəni vəzifə heç vaxt haqdan kənar deyil. Məsələn, ata ilə ananın övlad barədə bir sıra vəzifələri var və bu, onların övladın üzərində bir sıra haqlarının olmasına səbəb olur.
Hakim ədalətin bərqərar edilməsi və yayılması üçün maksimum çalışmaq vəzifəsi daşıyır. Bununla yanaşı, onun da çoxsaylı haqları var. Bu məsələ hətta peyğəmbərlər və ümmətlər barəsində də belədir.
Sözügedən ayədə də bu həqiqətə işarə edərək buyurur ki, qadınların öhdəsinə düşən vəzifə qədər haqları da var və onlar barəsində ədalət bu hüquqların həmin vəzifələrlə balanslaşdırılması ilə gerçəkləşir. Məsələnin əksi də elədir. Yəni bir şəxs üçün hər hansı haqq müəyyən edilibsə, bunun müqabilində onun öhdəsinə bir sıra vəzifələr də qoyulub. Buna görə də bir məsələ barəsində haqqı olub, lakin heç bir vəzifəsi olmayan şəxs tapmaq mümkün deyil.
4\. Qadınların tarix boyu keçdiyi acı həyat yolu.
Qadın tarix boyu acı və ağrılı həyat yolu keçib. Bu, müasir sosiologiya elminin ən mühüm bəhslərindəndir. Ümumilikdə qadının həyat dövrünü iki hissəyə bölmək olar:
Birinci dövr eramızdan əvvələ aid olan dövrdür ki, qadının həmin dövrdəki vəziyyəti barədə əlimizdə elə də dəqiq məlumat yoxdur və bəlkə də, onlar həmin dövrdə daha çox təbii hüquqlara malik olublar.
Bəşər tarixinin başlanması ilə növbə ikinci dövrə çatır. Bu dövrdə qadın bəzi cəmiyyətlərdə iqtisadi, siyasi və ictimai baxımdan tam asılı bir şəxsiyyət kimi yaşayıb və bu vəziyyət bəzi ölkələrdə son əsrlərə kimi davam edib. Qadın barəsindəki bu təfəkkür tərzinə hətta Fransanın dırnaqarası mütərəqqi mülki məcəlləsində də rast gəlmək mümkündür. Biz indi nümunə üçün ərlə arvad arasındakı maliyyə münasibətlərindən bəhs edən bir neçə maddəyə işarə edəcəyik:
215 və 217-ci maddələrdə qeyd edilir ki, ərli qadın ərinin icazəsi və imzası olmadan heç bir hüquqi iş görə bilməz və bütün əməliyyatlarda ərinin icazəsi tələb edilir. (Əlbəttə, bu, ərin öz gücündən sui- istifadə etmək niyyətində olmadığı və səbəbsiz yerə icazə verməkdən imtina etmədiyi hala aiddir.)
1242-ci maddəyə əsasən, ər onunla arvadı arasında şərikli olan mal barəsində təkbaşına istədiyi işi görə bilər və bunun üçün arvadın icazəsinə ehtiyac yoxdur. (Əlbəttə, qadının razılıq və icazəsi idarəçilik çərçivəsindən xaric əməliyyatda tələb olunmur.)
1428-ci maddədə isə qeyd edilib ki, qadının özünə məxsus mallarının idarə edilmək haqqı kişiyə həvalə edilib. (Əlbəttə, o şərtlə ki, idarəçilik çərçivəsindən kənar əməliyyatlarda qadının razılıq və imzası tələb edilir.)
İslamın zühur etdiyi mühitdə, yəni Hicazda da Həzrət Peyğəmbərin (s) gəlişindən əvvəl qadınla asılı insan kimi davranılıb. Onların qadınla rəftarı yarımvəhşi insanların davranışına daha çox bənzəyirdi. Çünki onlar qadından rüsvayçı və alçaq şəkildə istifadə edirdilər.
Həmin mühitdə qadın elə iradə və ixtiyarsız bir varlıq idi ki, bəzən sahibinin dolanışığını təmin etmək üçün kirayə verilirdi. Mədəniyyətdən uzaqlıq və yoxsulluğa düçar olmaq onları heyrətamiz qəddarlığa sövq etmişdi və onlar (vəd) adlanan məşhur cinayətə (qızların diri-diri torpağa basdırılması cinayətinə) mürtəkib olmuşdular.
5\. Qadının həyatının yeni mərhələsi.
İslamın və onun xüsusi təlimlərinin zühurundan sonra qadın yeni həyat mərhələsinə qədəm qoydu və bu mərhələ ilk iki mərhələdən çox fərqli idi. Qadın bu dövrdə müstəqil şəxsiyyət oldu və fərdi, ictimai və insani hüquqlar əldə etdi. Qadın barəsində İslam təlimlərinin əsası sözügedən ayədə qeyd edilən məsələdir:
"(Kişilərin) qadınlar üzərində haqları olduğu kimi, onların da (kişilər üzərində) layiqli haqları vardır. Yəni qadının cəmiyyətdə ağır vəzifələri olduğu kimi, bir sıra vacib haqları da var. İslam qadını da kişi kimi kamil insani ruh, irada va ixtiyar sahibi hesab edir və onu yaradılış hədəfi olan təkamül yolunda görür. Buna görə də o, kişi ilə qadının hər ikisinə eyni gözlə baxır və onların hər ikisinə (ey insanlar) və (ey iman gətirənlər) deyə müraciət edir.
İslam onlar üçün tərbiyəvi, əxlaqi və əməli proqramlar müəyyənləşdirib və “qadın və kişi olmasından asılı olmayaraq, yaxşı iş görən hər bir kəs mömin olarsa, Cənnətə daxil olar" kimi ayələrlə hər iki cinsin kamil səadətdən bəhrələnəcəyi vədini verib. Həmçinin (kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik) kimi ayələrdə də kişi ilə qadının hər birinin İslamın proqramlarını və ilahi vəzifələri yerinə yetirməklə mənəvi və maddi təkamülə nail ola və başdan-başa səadət və nurdan ibarət olan gözəl və pak həyata qədəm qoya biləcəyini buyurmuşdur.
İslam kişi kimi qadını da tam mənada müstəqil və azad hesab edir. Quran - "hər kəs öz əməllərinin girovundadır” və – “hər kim yaxı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar” kimi ayələrlə kişi və qadınlığından asılı olmayaraq, hamıya belə bir azadlıq verib.”
"Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun" və sairə ayələrdə də gördüyümüz kimi, cəza qanunlarında da onların hər ikisini eyni cəzaya məhkum edir.
Digər tərəfdən müstəqillik iradə və ixtiyarın tələbi olduğu üçün İslam müstəqilliyi bütün iqtisadi hüquqlara şamil edib və qadının müxtəlif iqtisadi əlaqələrini maneəsiz hesab edir. İslam qadını öz qazanc və sərmayəsinin sahibi sayır. “Nisa” surəsinin 32-ci ayəsində belə buyurur:
"Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır”.
Bu ayənin ərəbcə orijinalında (kəsb) deyil, “nəticəsi onu əldə edənə aid olan malın əldə edilməsi" mənası verən (iktisab) sözünün işlədilməsindən, həmçinin “insanlar öz mallarının ağasıdırlar" qanunundan İslamın qadının iqtisadi müstəqilliyinə necə hörmətlə yanaşması və kişi ilə qadın arasında heç bir fərq qoymaması məlum olur.
Xülasə, İslamda qadın cəmiyyətin əsas sütunlarından biri hesab edilir və onunla iradəsiz, asılı və qəyyuma möhtac bir varlıq kimi davranılmamalıdır.
6\. Bərabərlik, yoxsa ədalət?
Diqqət edilməsi vacib olan məsələlərdən biri qadın ilə kişinin həm ruhi və fiziki, həm də vəzifələri baxımından olan fərqləridir ki, (İslamda bu məsələyə xüsusi diqqət yetirilib, lakin) bəziləri ifrat və düşünülməmiş hisslərə qapılaraq onu inkar edirlər.
Biz bu iki cins arasında həm fiziki, həm də ruhi baxımdan fərqlərin olmasını inkar edə bilmərik. Həmin fərqlər müxtəlif kitablarda qeyd edildiyi üçün biz burada onları yenidən qeyd etməyə ehtiyac duymuruq. Sadəcə, burada qısa şəkildə onların bəzisinə işarə edəcəyik.
Qadın insanın vücud və yaranışının qərargahıdır və körpələrin vücudu onun qoynunda inkişaf edir. Qadın fiziki baxımdan körpəni bətnində daşımaq, tərbiyə etmək və sonrakı nəsilləri formalaşdırmaq imkanına malik bir varlıq olaraq yaradıldığı kimi, ruhi baxımdan da daha çox duyğu və hissə malikdir.
Bu qədər böyük fərqdən sonra kişi ilə qadının bütün cəhətlərdə eyni olduğunu və bütün işlərdə şərik olduğunu demək mümkündürmü?! Məgər cəmiyyətdə ədalətin tərəfdarı olmaq lazım deyilmi?! Məgər ədalət hər bir kəsin öz vəzifəsini yerinə yetirməsini və öz vücudunun məziyyət və imkanlarından istifadə etməli olduğunu tələb etmirmi?!
Belə olan halda, qadına onun ruhi və fiziki quruluşu ilə uyğun gəlməyən işləri həvalə etmək ədalətlə ziddiyyət təşkil etmirmi?!
Biz burada İslamın ədalət tərəfdarı olmaqla yanaşı, kişini ailə başçılığı və sairə kimi daha çox sərtlik və diqqət tələb edən bir sıra işlərdə önə çəkməsinin və qadını ona müavin təyin etməsinin şahidi oluruq.
Həm evin, həm də cəmiyyətin idarəçiyə ehtiyacı var və idarəçilik sonda bir nəfərin əlində olmalıdır. Əks-təqdirdə, hərc-mərclik və qarışıqlıq yaranar.
Belə olan halda, bu işə kişinin namizəd olması daha yaxşıdır, yoxsa qadının?!
Təəssübkeşlikdən uzaq bütün araşdırmalar kişinin fiziki quruluşunun ailənin idarəçiliyini öz öhdəsinə götürməyə daha münasib olduğunu, qadının isə müavin olmasını göstərir.
Bəziləri bu reallığı qəbul etmək istəməsə də, həyat, hətta müasir dünya və qadınlara tam azadlıq və bərabərlik verən ölkələrin vəziyyətindən belə məlum olur ki, onlar dildə başqa şey desələr də, məsələnin həqiqəti yuxarıda qeyd edilən kimidir.