Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 116
Bəqərə surəsi, 229-cu ayə
Bəqərə surəsi, 229-cu ayə
الطَّلَاقُ مَرَّتَانِ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ .٢٢٩
Ayənin tərcüməsi
229\. (Rici) talaq iki dəfədir. (Hər iki dəfədə) qadını bəyənilən şəkildə saxlamaq (və barışmaq), ya da yaxşılıqla buraxmaq (ayrılmaq) gərəkdir. Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) fidyə (bir əvəz) verməsində ikisi üçün də günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalımdır.
Ayənin nazilolma səbəbi.
Bir qadın Həzrət Peyğəmbərin (s) zövcələrindən birinin yanına gəlib ərindən şikayət edir və deyir ki, o, davamlı olaraq məni boşayır, sonra “qayıdır” və bununla mənə ziyan vurmaq istəyir. Cahiliyyət dövründə kişinin öz həyat yoldaşını boşaması üçün məhdudiyyət yox idi və o, öz arvadını min dəfə boşaya və min dəfə də “qayıda” bilərdi. Bu şikayət Həzrət Peyğəmbərə (s) çatanda sözügedən ayə nazil olur və talaq üç dəfə ilə məhdudlaşdırılır.
Ayənin təfsiri.
Ailə həyatını ya məntiqi şəkildə davam etdirmək, ya da xoşluqla boşanmaq lazımdır!
Bundan əvvəlki #### Ayənin təfsirində qeyd etdik ki, “iddə” və “qayıtmaq" qanunu ailə vəziyyətinin yaxşılaşdırılması, ayrılıq və parçalanmanın baş verməsinin qarşısını almaq üçündür. Lakin İslamı qəbul etmiş bəzi şəxslər cahiliyyət adətlərinə uyğun olaraq, ondan sui-istifadə edir va öz həyat yoldaşlarına təzyiq göstərmək üçün onu dalbadal boşayır, iddə müddəti sona çatmamış isə “qayıdır”dılar və beləcə, qadını böyük sıxıntı içində saxlayırdılar.
Sözügedən ayə nazil oldu və həmin namərd əməlin qarşısını aldı. Buyurur: “(Rici) talaq iki dəfədir”.
Daha sonra buyurur: "(Hər dəfə) qadını bəyənilən şəkildə sax- lamaq (və barışmaq), ya da yaxşılıqla buraxmaq (ayrılmaq) gərəkdir”.
Buna görə də daha üçüncü talaqda "qayıdış" yoxdur. Əgər iki dəfə ixtilaf və talaq, onun ardınca barışıq və “qayıdış” baş versə, iş birdəfəlik sona çatdırılmalıdır. Başqa sözlə desək, əgər həmin iki dəfədə itirilmiş məhəbbət və səmimiyyət yenidən bərpa olarsa, o, həyat yoldaşı ilə yaşaya, sülh və səmimiyyətlə ailə həyatını davam etdirə bilər. Əks-təqdirdə, əgər o, həyat yoldaşını yenidən boşasa, sonrakı ayədə qeyd edilən şərtlər istisna olmaqla, daha “qayıtmaq" haqqı yoxdur. Air Ayənin ərəbcə orijinalında işlənmiş (imsak) sözünün mənası "saxlamaq", (təsrih) sözünün mənası isə “buraxmaq"dır. “talaq iki dəfədir” cümləsindən sonra "yaxşılıqla buraxmaq” ifadəsinin qeyd edilməsi onları insaf və əxlaqi meyarlara riayət etməklə bir-birindən ayıran üçüncü talağa işarədir.
Çoxsaylı hədislərdə "yaxşılıqla buraxmaq" ifadəsində məqsədin üçüncü talaq olması qeyd edilmişdir.
Buna görə də "yaxşılıqla buraxmaq" dedikdə qadının haqqının ödənilməsi, boşanandan sonra ona zərər-ziyan vurmamaq, arxasınca pis sözlər danışmamaq, camaatda ona qarşı bədbinlik yaratmamaq və onun yenidən ailə qurmasına mane olmamaq nəzərdə tutulur.
Deməli, qadının saxlanılması və onunla barışmaq bəyənilən şəkildə, gözəl və səmimi olmalı olduğu kimi, ondan ayrılmaq da yaxşılıq və xoşluqla olmalıdır.
Buna görə də ayəninin davamında buyurur: "Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil”.
Buna görə də ər boşananda arvadına verdiyi mehriyyəni geri ala bilməz. Bu, xoşluqla ayrılmağın nümunələrindən biridir. ("Nisa" surəsinin 20-21-ci ayələrində bu məsələnin hökmü geniş şəkildə bəyan edilib və biz həmin #### Ayələrin təfsirində onu ətraflı izah edəcəyik.)
Bəzi təfsirçilər həmin cümlənin mənasının mehriyyədən daha geniş olduğunu qeyd edərək belə yazıblar: "O, arvadına bağışladığı digər şeyləri də geri almamalıdır”.
Ayədə "qayıdış" və barışıq barəsində (məruf), yəni “ürf baxımından xoşagəlməz sayılmayan bəyənilən" sözündən, ayrılıq barəsində isə (məruf)dan daha üstün sayılan (ehsan) (yaxşılıq) sözündən istifadə edilib ki, bu yolla ayrılığın acılığını qadın üçün qismən də olsa, aradan qaldırsın.
Ayənin davamında “xül talağ”ına işarə edərək buyurur ki, yalnız bir halda mehriyyəni geri almaq olar və o, qadının müştərək ailə həyatını davam etdirmək istəmədiyi haldır: "Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır”.
Daha sonra buyurur: "Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) fidyə (bir əvəz) verməsində ikisi üçün də günah yoxdur” (və qadın belə edib boşana bilər).
Əslində, burada ayrılığın səbəbkarı qadındır və bu işin cəriməsini o ödəməli, onunla yaşamaq istəyən kişiyə həmin mehriyyə ilə başqa bir həyat yoldaşı seçmək şəraiti yaratmalıdır.
Maraqlıdır ki, ayənin ərəbcə orijinalındakı (hər ikisinin yerinə yetirməyəcəklərindən ...) ifadəsində iki nəfərə dəlalət edən birləşik şəxs əvəzliyindən istifadə edilib və onda məqsəd ərlə arvaddır. Lakin "Əgər ... qorxsanız” ifadəsində üçüncü şəxsin cəminə dəlalət edən birləşik şəxs əvəzliyindən istifadə edilib. Bu fərq şəriət hakiminin bu cür talaqlara nəzarət etməsinin gərəkliliyinə, yaxud da müştərək ailə həyatının ilahi hədlər çərçivəsində davam etdirilməsinin mümkünsüzlüyünün təyin edilməsinin ər ilə arvadın öhdəsində qoyulmamasına işarə ola bilər.
Çünki bəzən onlar əsəbi olduqları üçün xırda məsələləri müştərək ailə həyatının davam etdirilməsinin mümkünsüzlüyünün dəlili hesab edirlər. Buna görə də vəziyyətin həqiqətən həmin cür olub-olmaması ürf, camaat və həmin ər-arvadla tanış olan şəxslər tərəfindən müəyyənləşdirilməlidir və “xül talağ"ına bu halda icazə verilir.
Sonda ayədə qeyd edilmiş bütün hökmlərə işarə edərək buyurur: "Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalimdir”.
İncəliklər:
1\. Talaq hər dəfə bir-birindən ayrı məclislərdə olmalıdır.
"Talaq iki dəfədir” cümləsindən belə məlum olur ki, birdəfəyə iki və ya üç dəfə talaq vermək olmaz və onlar ayrı-ayrı məclislərdə həyata keçirilməlidir. Talağın sayının bir neçə olması "qayıdış" fürsəti yaratmaq, yaranmış ixtilaf və çəkişmədən sonra barışıq və səmimiyyətin yaranması məqsədi daşıyır. Yəni birinci mərhələdə sülh və barışıq yaranmazsa, ikincidə yaransın. Lakin bir neçə talağın birdəfəyə oxunması bu yolu tamamilə bağlayır, onları bir-birindən həmişəlik ayırır və talağın sayının bir neçə olmasının nəzərdə tutulan xeyrini əməldə sıfıra endirir.
Bu məsələ şiələr baxımından belədir. Lakin bu barədə əhli-sünnə arasında fikir ayrılığı var. Onların əksəriyyəti üç talağın birdəfǝyǝ verilməsini düzgün hesab edir.
Lakin "əl-Mənar" təfsirinin müəllifi əhli-sünnənin mühüm kitablarından sayılan Əhməd ibn Hənbəlin “Müsnəd” kitabından, həmçinin “Səhihi-Müslim”dən belə nəql edir: “Həzrət Peyğəmbərin (s) zamanından ikinci xəlifə Ömərin xəlifəliyinin ikinci ilinə kimi bütün səhabələr yekdilliklə birdəfəyə üç talaq verilməsini bir talaq hesab ediblər. Lakin ondan sonra ikinci xəlifə üç talağın birdəfəyə verilməsi hökmünü verib”.
2\. Talaq məsələsində əhli-sünnənin böyük müftisi və şiənin nəzəri.
Birdəfəyə üç talağın verilməsinin caiz olması hökmünün ikinci xəlifə tərəfindən verilməsi məşhur bir məsələ olmasına baxmayaraq, bu barədə əhli-sünnə alimləri arasında fikir birliyi yoxdur. Digər əhli- sünnə alimlərindən fərqli olaraq, bu məsələdə şiənin nəzərini qəbul etmiş alimlərdən biri də əl-əzhər Universitetinin keçmiş rektoru və əhli-sünnənin böyük müftisi Şeyx Mahmud Şəltut olub. O yazır: "Xeyli vaxt bundan əvvəl Şərq Universitetində müxtəlif məzhəbləri araşdırıb onlar arasında müqayisə apardığım zaman müxtəlif məsələlərdə şiələrin dəlil və əsaslandırmasını daha möhkəm və tutarlı gördüyüm üçün onların nəzərini seçdiyim hallar çox olub".
O, sonra şiələrin nəzərini qəbul etdiyi yerlərdən bir neçəsini qeyd edir. Onlardan biri də bir neçə talağın birdəfəyə verilməsi məsələsidir. O, bu barədə belə yazır: “Birdəfəyə və bir ifadə ilə üç talağın verilməsi əhli-sünnənin dörd məzhəbi baxımından üç talaq sayılır. Lakin imamiyyə şiələrinin nəzərincə, o, yalnız bir talaq hesab edilir. Şəriət qanunları (və Quran ayələrinin zahiri) baxımından şiələrin nəzəri düz olduğu üçün əhli-sünnənin nəzəri özünün fitva dəyərini itirmiş sayılır"?
3\. İlahi sərhədlər.
Qurani-Kərimin bu və buna bənzər digər ayələrində ilahi qanunlar barədə incə bir ifadə işlədilib və o, "hədd" və sərhəd sözüdür. Buna görə də günah etmək və həmin qanunlara qarşı çıxmaq hədd və sərhədləri aşmaq hesab edilir.
Həqiqətən insanın işləri arasında bəzi ərazilər "qadağan olunmuş zona" sayılır və onlara daxil olmaq olduqca təhlükəlidir. İlahi qanunlar həmin əraziləri müəyyənləşdirib və həmin qanunlar qeyd edilən ərazilərə qoyulmuş xəbərdarlıq nişanlarına bənzəyir.
Buna görə də “Bəqərə” surəsinin 187-ci ayəsində həmin sərhədlərə yaxınlaşmaq belə qadağan edilib. Buyurur:
"Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın". Çünki həmin sərhədlərə yaxınlaşmaq insanı uçurumun kənarına aparır.”
Həmçinin Əhli-beyt (ə) vasitəsi ilə nəql edilmiş hədislərdə insanlar hətta şübhəli yerlərdən çəkindiriliblər. Həmin hədislərdə belə deyilir: "Bu iş sərhədə yaxınlaşmaq kimidir və ola bilər, sərhədə yaxınlaşmış insan bir anlıq unutqanlıq səbəbindən ayağını o tərəfə qoysun və məhv olsun".