Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 12
Bəqərə surəsi, 27-ci ayə
Bəqərə surəsi, 27-ci ayə
الَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ .٢٧
Ayənin tərcüməsi
27\. O kəslər ki Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır.
Ayənin təfsiri.
Əsl ziyana uğrayanlar.
Əvvəlki ayədə fasiqlərin azdırılmasından söhbət getdiyi üçün bu ayədə Allah-taala fasiqlərin üç xüsusiyyətini sadalamaqla onları aydın şəkildə tanıtdırır. Birinci xüsusiyyətləri odur ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar: "O kəslər ki Allahla ǝhd bağladıqdan sonra onu pozurlar”.
İnsanlar, əslində, Allah-taala ilə müxtəlif əhd-peymanlar bağlamışlar. Bunlara tövhidlə bağlı əhd-peyman, şeytana və nəfsə itaət etməməklə bağlı əhd-peyman və s. daxildir. Fasiqlər bütün bu əhd-peymanları pozur, Allahın itaətindən çıxaraq şeytanın və nəfsin itaətinə boyun əyirlər. Bəs, görəsən, bu əhd-peyman harada və necə bağlanılmışdır? Axı bu, ikitərəfli olan bir məsələdir və biz insanlar belə bir əhd- peyman bağladığımızı xatırlamırıq. Bir məqama diqqət yetirsək, bu məsələyə aydınlıq gələr. O məqam da bundan ibarətdir ki, Allah-taala hər bir insanın ruhunun dərinliyində xüsusi bir dərketmə qabiliyyəti və özəl bir qüvvə yaratmışdır. İnsan həmin dərketmə qabiliyyəti və özəl qüvvənin yönləndirməsi nəticəsində doğru yolu tapıb, şeytana və nəfsə tabe olmayaraq Allahın göndərdiyi peyğəmbərlərin dəvətinə müsbət cavab verə bilər. Quran bu xüsusi dərketmə qabiliyyətini "ilahi ǝhd- peyman" adlandırmışdır. Əslində, bu, dini yox, genetik bir ǝhd- peymandır. Qurani-Kərim bu barədə belə buyurmuşdur:
"Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O, sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin! Doğru yol budur!"
Əmirəlmöminin Əlinin (ə) "Nəhcül-bəlağə"nin ilk xütbəsində buyurduğu cümlə də dediklərimizi təsdiqləyir:
"Allah-taala bir-birinin ardınca peyğəmbərlər göndərmişdir ki, insanlara daxildəki əhd-peymanlarına əməl etməyi xatırlatsınlar".
Daha açıq desək, Allah-taala insana bütün nemətlərini vermişdir. İnsanı xəlq etməklə praktiki olaraq Onunla insan arasında əhd-peyman bağlanmışdır. İnsana göz verir ki, onunla həqiqətləri görüb anlasın, qulaq verir ki, haqqı eşitsin və s. Deməli, insan hər dəfə Allahın verdiyi qüvvələrdən yanlış yolda istifadə etməklə Onunla bağladığı əhd-peymani pozur. Fasiqlər məhz belə insanlardır. Onlar bu əhd-peymanların hamısını, ya da bir qismini pozurlar.
Ayənin davamında fasiqlərin ikinci xüsusiyyətinə toxunularaq deyilir: "Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar".
Təfsirçilərin çoxu bu cümləni sırf qohumluq əlaqələrinin kəsilməsinə aid etsələr də, ayənin ümumi məzmununa diqqət yetirdikdə görürük ki, ayənin əhatə dairəsi daha genişdir. Qohumluq əlaqələrinin kəsilməsi sadəcə onun bir nümunəsidir və ayə təkcə onunla kifayətlənmir. Allahın birləşdirilməsini buyurduğu şeylər qohumluq əlaqələri, dostluq əlaqələri, ictimai əlaqələr, ilahi rəhbərlərlə və Allahın Özü ilə bağlılığa şamil olur. Buna görə də ayənin əhatə dairəsini daraldaraq onu təkcə qohumluq əlaqələri çərçivəsinə salmamalıyıq. Bunu nəzərə alaraq bəzi təfsirçilər “Allahın birləşdirilməsini buyurduğu şeylər” ifadəsini peyğəmbərlər və möminlərlə əlaqəni kəsmək, yaxud da əvvəlki peyğəmbərlər və digər səmavi kitablarla əlaqəni kəsmək kimi izah etmişlər. Lakin qeyd etməliyik ki, bu izah da ayənin ümumi mənasının yalnız bir hissəsinə şamil olur. Bəzi hədislərdə nəql edilmişdir ki, “Allahın birləşdirilməsini buyurduğu şeylər” deyildikdə Əmirəlmöminin (ə) və digər məsum imamlarla (ə) əlaqə nəzərdə tutulmuşdur.
Daha sonra fasiqlərin üçüncü xüsusiyyəti qeyd olunur: “Yer üzündə fitnə-fəsad törədirlər”.
Məlum məsələdir ki, Allahın itaətindən çıxıb hətta öz qohum- əqrəbalarına qarşı mərhəmətli olmayan insanlar başqalarına qarşı daha pis rəftar edəcəklər. Onlar yalnız öz şəxsi mənafelərini güdürlər. Cəmiyyət hara sürüklənirsə-sürüklənsin, bu, qətiyyən onları maraqlandırmır. Öz şəxsi mənafeləri naminə istənilən addımı atmağa razı olar, heç bir itaətsizlikdən, qanun pozuntusundan çəkinməzlər. Təbii ki, belə düşüncəyə sahib olan insanlar cəmiyyətdə istənilən fəsadı törətməyə hazırdırlar.
Nəhayət, ayənin sonunda fasiqlərin əsl ziyana uğrayan şəxslər olduğu bildirilir: "Məhz onlar ziyana uğrayanlardır". Həqiqətən də, insanı səadətə çatdıra biləcək bütün maddi və mənəvi imkanlarını əldən verməklə özünü bədbəxt etməkdən böyük ziyan ola bilməz. Fasiqliyin tələbinə uyğun olaraq Allahın itaətindən çıxan insanların bundan başqa aqibəti yoxdur.
İncəliklər:
1\. İslamda qohumluq münasibətlərinin əhəmiyyəti.
Yuxarıdakı ayə Allah-taala ilə bağlanmış bütün əhd-peymanlara şamil olsa da, qohumluq münasibətlərini qorumaq onun ən bariz nümunələrindən biridir. İslam dinində qohumluq münasibətlərinə, habelə qohumlara əl tutmağa, baş çəkməyə, rəğbət və sevgi göstərməyə olduqca böyük önəm verilmiş, onlarla əlaqələrin kəsilməsinə şiddətli qadağa qoyulmuşdur. Qohumluq əlaqələrini qorumaq o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, bu barədə Həzrət Peyğəmbər (s) belə buyurmuşdur:
"Qohumluq əlaqələrini qorumaq diyarları abad edib ömrü uzadar. Hərçənd bu işi görənlərin özü yaxşı insanlar olmasa belǝ".! İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
"Bir qurtum su verməklə olsa belə, qohumluq münasibətlərini qoru. Qohumluq münasibətlərinin qorunmasının ən gözəl yolu odur ki, onları incitməyəsən".
Qohumluq əlaqələrini kəsməyin günahı o dərəcədə böyükdür ki, İmam Zeynül-abidin (ə) oğluna nəsihət verərkən beş qrup insandan, o cümlədən qohumluq əlaqələrini kəsmiş şəxsdən uzaq durmağı tövsiyə etmişdir:
"Qohumluq əlaqələrini kəsmiş insandan uzaq dur! Quran onu lənətləyərək Allahın rəhmətindən uzaq bilmişdir".
"Muhəmməd” surəsinin 22-23-cü ayələrində deyilir:
"Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə yalnız fitnə- fəsad törədəcəyiniz və qohumluq əlaqələrini kəsəcəyiniz gözləniləcək. Onlar Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını kar və gözlərini kor etdiyi adamlardır".
Ayədən də göründüyü kimi, Quran qohumluq əlaqələrini kəsən insanlara qarşı çox sərt mövqe tutmuş, onları olduqca sərt ifadələrlə təhdid etmişdir. Hədislərdə də bu cür insanların pislənildiyini görürük. Həzrət Peyğəmbərdən (s) soruşdular: “Allah dərgahında ən pis əməl hansıdır?" O Həzrət (s) cavab verdi: "Allaha şərik qoşmaq". Soruşdular: "Ondan sonra hansıdır?" Peyğəmbər (s) buyurdu: "Qohumluq əlaqǝlərini kəsmək".!
İslam dininin qohumluq əlaqələrinin qorunmasına həddən artıq önəm verməsinin səbəbi odur ki, böyük bir cəmiyyətin istər iqtisadi, istər hərbi, istərsə də əxlaqi və mənəvi baxımdan islahı və tərəqqisi üçün, ilk növbədə, kiçik toplumlardan başlamaq lazımdır. Kiçik toplumların islahı nəticəsində böyük cəmiyyət öz-özünə islah olunacaq. İslam dini müsəlmanlara əzəmət bəxş etməkdən ötrü bu metoddan çox gözəl şəkildə istifadə etmişdir. Belə ki insanlara öz dəstək və yardımını əsirgəmədiyi şəxslərlə (qohum-əqrəba ilə) münasibətləri yüksək səviyyədə saxlamağı əmr etmişdir. Elə insanlara yardım etməyi, əl tutmağı göstəriş vermişdir ki, qanları bir, canları birdir, eyni ailənin, eyni nəslin nümayəndələridirlər. Məlum məsələdir ki, kiçik dairədə qohumluq münasibətləri yüksək səviyyədə olarsa, həmin münasibətlər geniş dairədə də yüksək səviyyədə olacaq. Bəlkə də, “Qohumluq əlaqələrini qorumaq diyarları abad edər" hədisi də məhz bu önəmli məqama işarə edir.
2\. Əlaqələri qorumaq əvəzinə onları kəsmək.
Haqqında danışdığımız ayədə belə bir ifadə işlədilmişdir ki, fasiqlər Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırlar. Burada belə bir sual yaranır ki, Allahın birləşdirməsini buyurduğu şeyləri birləşdirməzdən qabaq onları parçalamaq necə mümkündür? Cavab olaraq qeyd edək ki, burada "birləşdirmək” dedikdə Allah-taala ilə bəndələr, yaxud da bəndələrin bir-biri ilə təbii və fitri olaraq davam etməli olduğu əlaqələrin qorunması nəzərdə tutulmuşdur. Başqa sözlə desək, Allah-taala göstəriş vermişdir ki, təbii və fitri əlaqələr qorunub- saxlanılsın. Lakin fasiqlər bu əlaqələri pozurlar. (Diqqət edin!)