Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 122
Bəqərə surəsi, 236-237-ci ayələr
Bəqərə surəsi, 236-237-ci ayələr
لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُحْسِنِينَ .٢٣٦
وَإِنْ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ وَقَدْ فَرَضْتُمْ لَهُنَّ فَرِيضَةً فَنِصْفُ مَا فَرَضْتُمْ إِلَّا أَنْ يَعْفُونَ أَوْ يَعْفُوَ الَّذِي بِيَدِهِ عُقْدَةُ النِّكَاحِ وَأَنْ تَعْفُوا أَقْرَبُ لِلتَّقْوَى وَلَا تَنْسَوُا الْفَضْلَ بَيْنَكُمْ إِنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٢٣٧
Ayələrin tərcüməsi
236\. Qadınları yaxınlıqdan və ya mehriyyə təyin etməzdən əvvəl boşamanızda sizin üçün heç bir günah yoxdur. (Bu zaman) onlara (uyğun bir) hədiyyə verin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində layiqli bir hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır.
237\. Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz). Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır. Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür.
Ayələrin təfsiri.
Mehriyyənin verilmə qaydası.
Bu iki ayədə də talaq mövzusu davam etdirilib və onun başqa hökmləri bəyan edilib.
Əvvəlcə buyurur: "Qadınları yaxınlıqdan və ya mehriyyə təyin etməzdən əvvəl boşamanızda sizin üçün heç bir günah yoxdur”.
Əgər kişi və ya kişi ilə qadın kəbin kəsiləndən sonra və cinsi yaxınlıq baş verməmişdən əvvəl birgə yaşaya bilməyəcəklərini başa düşsə(lər), həmin vaxt boşanmaları daha yaxşıdır. Çünki sonrakı mərhələlərdə iş daha da çətinləşir.
Bu cümlə cinsi yaxınlıq baş verməmişdən və ya mehriyyə təyin edilməmişdən əvvəl boşanmanın səhih olmadığını düşünənlərə cavabdır. Quran bu boşanmanın günah olmadığını və səhih olduğunu buyurur. (Hətta o, bəzən bir çox fəsadların qarşısını ala bilər.)
Bəziləri ayənin ərəbcə orijinalında işlənmiş (cunah) sözünün kişinin boynunda olan "mehriyyə” mənasında işləndiyini deyiblər. Yəni cinsi yaxınlıqdan və mehriyyə təyin edilməmişdən əvvəl talaq verilərkən onların öhdəsinə heç bir mehriyyə düşmür.
Bəzi təfsirçilər bu barədə geniş şərh versələr də, (cunah) sözünün "mehriyyə” mənasında işlənməsi insanlara tanış deyil.
Bəziləri də həmin cümlənin mənasının belə olması ehtimalını verib: "Qadınlara cinsi yaxınlıqdan əvvəl talaq vermək bütün hallarda (istər aybaşı günlərində olsun, istərsə də yox) caizdir. Lakin cinsi yaxın- lıqdan sonra talaq mütləq qadının aybaşıdan pak olduğu günlərdə verilməlidir".
Bu təfsir inandırıcı görünmür. Çünki o, "və ya mehriyyə təyin etməzdən əvvəl" ifadəsi ilə uyğun gəlmir.
Sonra bu barədə bir başqa hökmü bəyan edərək buyurur: “(Bu zaman) onlara (uyğun bir) hədiyyə verin".
Deməli, mehriyyə təyin edilməyibsə və cinsi yaxınlıq da baş verməyibsə, kişi talaqdan sonra həmin qadına onun statusuna uyğun münasib hədiyyə verməlidir. Əlbəttə, həmin hədiyyə verilən zaman ərin güc və imkanı da nəzərə alınmalıdır. Buna görə də ayənin davamında buyurur: "Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində layiqli bir hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır”.
Ayənin ərəbcə orijinalında işlənmiş (musi) sözünün mənası "varlı", (muqtir) sözünün mənası isə "kasıb”dır. (Onun kökü (qətr) sözüdür. Bu söz “xəsislik və simiclik” mənasında da işlənmişdir. Buna "Çünki insan xəsisdir" ayəsini misal göstərmək olar.)
Buna görə də həmin hədiyyəni varlılar öz səviyyələrinə uyğun, kasıblar da öz imkanları daxilində verməlidirlər. Bu işdə qadının statusu da nəzərə alınmalıdır.
"Layiqli bir hədiyyə" ifadəsi onların hamısına işarə ola bilər. Yəni o, layiqli - israf və xəsislikdən uzaq həm verənin, həm də alanın vəziyyətinə uyğun bir hədiyyə olmalıdır.
Bu hədiyyə intiqam və qisas hissinin qarşısının alınmasında, həmçinin qadının ailə bağlarının qırılmasından yaranan kindən xilas olmasında mühüm rol oynadığı üçün o, xeyirxahlıq və yaxşılıq ruhiyyəsi ilə əlaqələndirilib. Buyurur: "Bu, yaxşılıq edənlər üzərində bir haqdır".
Qeyd etmək lazımdır ki, "yaxşılıq edənlər" ifadəsinin işlədilməsi qeyd edilən hökmün zəruri olmamasına işarə deyil. O, insanların öz vəzifələrini yerinə yetirməsi üçün onların hisslərini təhrik etmək məqsədi daşıyır. Yoxsa ki bu hökmə əməl etmək zəruridir.
Ayədə olan digər bir maraqlı məqam Quranın kişinin qadına verməli olduğu hədiyyə barəsində (məta) sözündən istifadə etməsidir. (məta) sözünün leksik mənası “insanın bəhrələndiyi şey"dir. O, adətən nağd puldan başqa şeylər barəsində işlədilir. Çünki pulun özündən birbaşa bəhrələnmək bəhrələnmək mümkün deyil və və o, bəhrələniləcək bir şeyə çevrilməlidir. Buna görə də Quran hədiyyə barəsində (məta) sözündən istifadə etmişdir.
Bu, psixoloji baxımdan mühüm təsirlərə malikdir. Çünki bir çox hallarda bir şəxsə qiymət baxımından elə də yüksək olmayan ərzaq, geyim və sairə kimi hədiyyələr aparılır və onlar həmin şəxsin ruhiyyəsinə böyük təsir göstərir. Əgər onlar pul şəklində verilərsə, həmin təsirə malik olmur. Buna görə də məsum İmamlardan (ə) nəql edilmiş hədislərdə hədiyyənin nümunəsi kimi paltar, ərzaq və ya əkin sahəsi kimi şeylər göstərilmişdir.
Həmçinin ayədən belə məlum olur ki, daimi evlilikdə mehriyyənin əvvəlcədən təyin edilməsi vacib deyil və tərəflər onun barəsində kəbindən sonra da razılığıa gələ bilərlər. Eyni zamanda ayədən bu da məlum olur ki, əgər talaq mehriyyə təyin edilməmişdən və cinsi yaxınlıqdan əvvəl baş verərsə, mehriyyə vermək vacib deyil və sözügedən hədiyyə mehriyyəni əvəz edir.
Qeyd etmək lazımdır ki, “layiqli bir hədiyyə”nin miqdarının nə qədər olmasında zaman və məkan da rol oynayır.
Növbəti ayədə mehriyyə təyin edilən, lakin cinsi yaxınlıq baş verməmişdən əvvəl ayrılan qadınlardan söz açılıb. Buyurur: “Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz)".
Bu, qeyd edilən məsələnin qanuni hökmüdür və o, qadına hətta cinsi yaxınlıq baş verməsə belə, mehriyyənin tam yarısını almaq haqqı verir.
Sonra məsələnin əxlaqi və psixoloji cəhətinə işarə edərək buyurur: “Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır”.
Təbii ki, qəyyum azyaşlı uşağın haqqından yalnız uşağın xeyrinə olduğu təqdirdə, vaz keçə bilər. Buna görə də mehriyyənin yarısının ödənilməsi "bağışlama"nın nəzərə alınmadığı hala aiddir.
Deyilənlərdən belə məlum olur ki, "nikah bağı əlində olan” deyildikdə uşaq və ya səfehin qəyyumu nəzərdə tutulur. Çünki həmin şəxslərin evlənməsinə icazəni o verir. Lakin bəzi təfsirçilərin nəzərincə, onda məqsəd ərdir. Yəni ər mehriyyənin hamısını əvvəlcədən ödəyibsə (ərəblərdə belə bir adət olub), onun yarısını geri almaq haqqına malikdir. Əlbəttə, onun həmin hissəni də bağışlaması və ondan vaz keçməsi istisnadır.
Lakin ayəyə diqqət etsək, birinci təfsirin daha düzgün olduğunu görürük. Çünki ayə ərlərə xitabdır və onlara birinci şəxsin cəmində xitab edərək “boşasanız” deyə buyurur. Halbuki “və ya nikah bağı əlində olanın bunu bağışlaması” ifadəsi üçüncü şəxsin təkindədir və onda məqsədin “ərlər” olması münasib deyil. Sonrakı cümlədə buyurur: “Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür”.
Şübhəsiz, bu ayədə xitab ərlərədir. Deməli, əvvəlki cümlədə qəyyumların, bu cümlədə isə ərlərin bağışlayıb güzəştə getməsindən danışılır.
"Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın” cümləsi bütün müsəlmanlara xitabdır və onlara bu halların heç birində güzəşt və alicənablıq ruhiyyəsinin unudulmamasını tövsiyə edir.
Məsum İmamlardan (ə) nəql edilmiş hədislərdə də ayə qeyd edildiyi kimi təfsir edilib. Şiə təfsirçiləri də ayənin mənasını və Əhli- beytdən (ə) nəql edilmiş hədisləri nəzərə alaraq həmin nəzəri qəbul ediblər. Onlar həmin ifadədə məqsədin qadının qəyyumları olduğunu deyiblər. Bəzən mehriyyənin – həm də zifafdan əvvəl yarısının alın- masında israrlı olmaq həm ər, həm də onun qohumlarının hisslərinə toxunur və onlarda intiqam hissi yaradır. Bu da qadının heysiyyət və abırına təhlükə yarada bilər. Bəzən ata bu kimi yerlərdə qızının xeyrini nəzərə alaraq onun haqqından vaz keçməyi lazım bilir.
"Sizin güzəştə getməyiniz təqvaya daha yaxındır” cümləsi talağı verilmiş qadınlar barədə kişilərin boynuna düşən vəzifəni bəyan edir. Demək istəyir ki, əgər mehriyyənin hamısını vermisinizsə, onun yarısını geri almayın və əgər verməmisinizsə, hamısını verin və öz haqqınız olan digər yarısından vaz keçin. Çünki kəbindən sonra və ya toy və cinsi yaxınlıqdan əvvəl ərindən ayrılan qız və ya qadın mənəvi zərbəyə məruz qalır, həm ictimai, həm də ruhi cəhətdən bir sıra problemlərlə qarşılaşır. Şübhəsiz, ərin güzəştə gedib mehriyyəni tam ödəməsi bu yaraları az da olsa, sağaldır.
Ayənin ümumi bəyan tərzi sözügedən məsələdə layiqli və yaxşı davranılmasını tələb edir. Talaq və ayrılığın qalmaqal, çəkişmə və intiqam hissinin təhrik edilməsi ilə deyil, alicənablıq, yaxşılıq, əfv və bağışlama ilə müşayiət edilməsinin gərəkliliyini vurğulayır. Kişi ilə qadının bir yerdə yaşaya bilməmələri və hər hansı bir səbəbdən bir- birindən ayrılmalı olması onların arasında ədavət və düşmənçiliyin hakim olmasına səbəb olmamalıdır.