Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 123
Bəqərə surəsi, 238-239-cu ayələr
Bəqərə surəsi, 238-239-cu ayələr
حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلَاةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ .٢٣٨
فَإِنْ خِفْتُمْ فَرِجَالًا أَوْ رُكْبَانًا فَإِذَا أَمِنْتُمْ فَاذْكُرُوا اللَّهَ كَمَا عَلَّمَكُمْ مَا لَمْ تَكُونُوا تَعْلَمُونَ .٢٣٩
Ayələrin tərcüməsi
238\. Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allahın qarşısında mütiliklə durun.
239\. Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin (Namazı adi qaydada qılın).
Ayələrin nazilolma səbəbi.
Münafiqlərin bəzisi havanın isti olmasından müsəlmanlar arasında təfriqə və parçalanma yaratmaq məqsədilə istifadə edir, camaat namazında iştirak etmirdi. Bəzi möminlər də onlara baxıb camaat namazında iştirak etmir, beləcə, camaat namazında iştirak edən müsəlmanların sayı azalırdı. Həzrət Peyğəmbər (s) bu barədə çox narahat idi və hətta onları ağır cəza verməklə də hədələmişdi.
Zeyd ibn Sabitdən nəql edilmiş hədislərin birində belə deyilir: “Həzrət Peyğəmbər (s) yayın hədsiz istisində (zörh) namazını camaatla qılırdı. Bu namaz səhabələr üçün ən çətin namazlardan idi. Həmin vaxt Həzrət Peyğəmbərin (s) arxasında bir və ya iki sıra adam olardı. Bu zaman Həzrət Peyğəmbər (s) belə buyurdu: “Camaat namazında iştirak etməyənlərin evini yandırmaq qərarına gəlmişəm". Bu zaman sözügedən ayə nazil oldu və camaata zöhr namazının (camaatla qılınmasının) əhəmiyyətini bəyan etdi".
Bu təhdiddən belə məlum olur ki, camaat namazında iştirak etməməyin səbəbi yalnız havanın isti olması deyil, həm də bu bəhanə ilə İslam və Peyğəmbərin (s) nüfuzunu zəiflətmək, müsəlmanlar arasında parçalanma yaratmaq olub. Buna görə də Həzrət Peyğəmbər (s) onlara sərt reaksiya göstərib.
Ayələrin təfsiri.
Namazın, xüsusilə “orta” namazın əhəmiyyəti.
Namaz insanın Allahla olan ən təsirli əlaqəsidir və o, düzgün yerinə yetirilsə, qəlbi ilahi eşq və məhəbbətlə doldurar. İnsan onun sayəsində özünü günahlardan daha yaxşı təmizləyə bilər. Quran ayələrində namaza çox təkid edilib. Onlardan biri də öncə qeyd edilən ayədir. Buyurur: “Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allah qarşısında mütiliklə durun".
Mǝbada isti və soyuq, dünyanın müxtəlif çətinlikləri, başın dünya malına qarışması, arvad-uşaq sizi bu mühüm işdən yayındırsın.
Ayədə qeyd edilən "orta namaz'da məqsədin nə olması barədə təfsirçilər müxtəlif nəzərlər irəli sürüblər. “Məcməül-bəyan" kitabında bu barədə altı, Fəxr Razinin təfsirində yeddi, Qurtubinin təfsirində iki, "Ruhul-mǝani" təfsirində isə on üç nəzər nəql edilib.
Bəziləri onda məqsədin zöhr namazı, bəziləri əsr namazı, bəziləri məğrib namazı, bəziləri işa namazı, bəziləri sübh namazı, bəziləri cümə namazı, bəziləri gecə namazı, xüsusilə vitr namazı olduğunu deyiblər. Bu nəzərlərin hər biri barəsində müəyyən izahlar da verilib.
Lakin əldə olan dəlillərdən onda məqsədin zöhr namazı olması məlum olur. Çünki onu zöhr namazının günün "orta"sında yerinə yetirilməsindən əlavə, ayənin nazilolma səbəbi də təsdiqləyir. Məsumlardan (ə) nəql edilmiş hədislərdə də bu nəzər vurğulanmışdır.
Bu namaza xüsusi təkid edilməsinin səbəbi yayda havanın isti olması və ya iş-gücün çox olması səbəbindən ona az əhəmiyyət verilməsi olub. Sözügedən ayə də "orta namaz"ın əhəmiyyətini və ona xüsusi diqqət yetirilməsini vurğulayıb.
Ayənin ərəbcə orijinalında işlənmiş (qanitin) sözünün kökü (qunut) sözüdür. Onun iki mənası var:
1\. Tabe olmaq və itaət etmək
2\. Pərəstiş, sitayiş və özünü kiçiltmək
Bu ayədə məqsəd bu mənaların hər ikisi ola bilər. Hədislərin birində İmam Sadiqin (ə) “və Allah qarşısında mütiliklə durun” cümləsinin təfsiri barəsində belə buyurduğu nəql edilib: "Burada məqsəd namazın Allaha pərəstiş hissi ilə və diqqəti Ona yönəldərək qılınmasıdır”.
Başqa bir hədisdə belə buyurulub: "Yəni müticəsinə durun". Namaz ən çətin şəraitlərdə, hətta döyüş meydanında belə unudulmamalıdır. Lakin həmin şəraitdə namazda üzü qibləyə olmaq, rüku və səcdələrin normal qaydada yerinə yetirilməsi kimi şərtlər boyundan götürülür. Buna görə də sonrakı ayədə belə buyurur: “Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın və rüku və səcdələri işarə ilə yerinə yetirin”.
"Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin”.
Namazı adi qaydada qılın və onun bütün şərtlərinə riayət edin. İnsana həm təhlükə olanda, həm də təhlükəsizlik şəraitində namaz qılmağın yollarını öyrədən bu ilahi təlimin şükrü onlara əməl etməkdir.
Ayənin ərəbcə orijinalında işlənmiş (rical) sözü (racil) sözünün cəmidir və onun mənası “piyada”, (rukban) sözü isə (rakib) sözünün cəmidir və onun mənası “süvari”dir. Yəni məqsəd düşmənin hücumundan qorxduğunuz zaman namazınızı miniyin üzərində, piyada olduğunuz zaman isə hərəkət və fəaliyyətdə olarkən qıla bilərsiniz. Hədislərin birində Əmirəl-möminin Əlinin (ə) müharibələrin birində namazı "subhanǝllah", "Allahu əkbər" və "la ilahə illəllah" ilə qılmaq göstərişi verməsi nəql edilmişdir.
Başqa bir hədisdə belə oxuyuruq: “Həzrət Peyğəmbər (s) Əhzab müharibəsində işarə ilə namaz qıldı”.
Həmçinin hədislərin birində belə nəql edilib: "İmam Kazim (ə): "Əgər bir şəxs yırtıcı heyvanla qarşılaşarsa və həmin vaxt namaz vaxtı olarsa, lakin yırtıcı heyvanın qorxusundan hərəkət edə bilməzsə, namazını necə qılsın?" sualının cavabında belə buyurmuşdur: "Namazını hətta arxası qibləyə olsa belə, olduğu vəziyyətdə qılsın, rüku və səcdələri işarə ilə yerinə yetirsin".
Bu, alimlərin fiqh kitablarında barəsində geniş söz açdıqları "xof (qorxu) namazı"dır. Deməli, ayə buyurur ki, namaz yalnız təhlükəsizlik zamanı deyil, həmçinin bəndələrin dünyanın yaradanı ilə əlaqəsinin həmişə mövcud olması üçün bütün hallarda yerinə yetirilməlidir. Belə olan halda, insan özünə bir arxa hiss edir, onda ümid yaranır və bu hiss onu çətinliklərə qalib edir.
İncəlik:
Namazın ruhiyyənin güclənməsinə təsiri.
Ola bilər ki, bəziləri namaza bu qədər təkid edilməsini ifrat tələbkarlıq və insanı həmin anlarda özünü qorumaq kimi mühüm vəzifənin yerinə yetirilməsindən yayındıran əməl hesab etsinlər.
Lakin belə düşünənlər böyük səhvə yol verirlər. İnsanın həmin anlarda ruhiyyəsinin gücləndirilməsinə daha çox ehtiyacı olur, əgər ona qorxu, vahimə və süstlük hakim olarsa, məğlubiyyət, şübhəsiz, qaçılmaz olacaq.
Mücahid əsgərlərin və ya təhlükə ilə qarşılaşmış digər şəxslərin ruhiyyəsini namazdan və Allahla ünsiyyətdən daha yaxşı nə gücləndirə bilər?!
İslamın erkən dövrünün mücahidlərinin əməlində bunun nümunələri çoxdur. Bundan əlavə, hicri-qəməri təqvimi ilə 1393-cü ilin ramazan ayında müsəlmanlarla sionistlər arasında baş vermiş dördüncü müharibə barəsindəki xəbərlərdə də müsəlman əsgərlərin namaza və İslamın digər hökmlərinə diqqətlə yanaşmasının onların ruhiyyəsinin güclənməsinə və düşmən üzərində qələbə çalmasına olduqca böyük təsir göstərməsi xüsusi qeyd edilib.
Namazın əhəmiyyət və təsiri o qədər böyükdür ki, bizim bu müxtəsər şərhdə onu tam izah etməyimiz mümkünsüzdür. Şübhəsiz, əgər namaz bütün qaydalarına riayət edilərək, xüsusilə fikrin cəmlənməsi və diqqətin Allaha yönəlməsi ilə yerinə yetirilərsə, həm fərd, həm də cəmiyyətə müsbət təsir göstərər, problemlərin çoxunu həll edər, cəmiyyəti fəsadlardan təmizləyər, çətin və mürəkkəb hadisələrdə insanın yardımçısı olar.
Namazın faydaları barədə daha geniş izahla tanış olmaq üçün "Ənkǝbut" surəsinin 16-cı ayəsinin təfsirinə müraciət edin.