Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 125
Bəqərə surəsi, 243-cü ayə
Bəqərə surəsi, 243-cü ayə
أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ .٢٤٣
Ayənin tərcüməsi
243\. Ölüm qorxusundan (taun xəstəliyi bəhanəsilə cihadda iştirak etməkdən boyun qaçırıb) yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi? Allah onlara: “Ölün!” dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər). Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi). Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir.
Ayənin nazilolma səbəbi.
Şamın şəhərlərinin birində taun xəstəliyi yayılır və insanlar sürətlə bir-birinin ardınca ölməyə başlayır. Həmin vaxt böyük bir dəstə ölümün çəngindən xilas olmaq ümidi ilə həmin diyarı tərk edir. Onlar ölümün çəngindən xilas olandan sonra özlərini güclü və müstəqil sayır, Allahın istəyinə göz yumub təbii amillərə arxalanaraq qürrələnirlər. Allah da onları elə olduqları çöldə həmin xəstəliklə öldürür.
Bəzi hədislərdən belə məlum olur ki, bu xəstəliyin həmin diyara gəlməsi cəza xarakterli olub. Çünki onların rəhbəri onlardan düşmənlə mübarizəyə getmək üçün hazırlaşıb şəhərdən çıxmalarını istəyir, lakin onlar döyüş meydanında taun xəstəliyinin olmasını bəhanə gətirərək müharibəyə getməkdən boyun qaçırırlar. Allah-taala da onları qorxduqları və müharibədən boyun qaçırmaq üçün bəhanə gətirdikləri şeyə düçar edir və onların arasında taun xəstəliyini yayır. Onlar öz evlərini tərk edir və taundan xilas olmaq üçün baş götürüb diyarlarından gedirlər. Lakin səhrada onların hamısı məhv olur. Bu hadisədən xeyli vaxt keçir və Bəni-İsrail peyğəmbərlərindən olan Hizqil oradan keçərkən Allahdan onları diriltməsini istəyir. Allah onun duasını qəbul edir və onlar yenidən həyata qayıdırlar.
Ayənin təfsiri
Necə öldülər və necə dirildilər?
Nazilolma səbəbində də qeyd edildiyi kimi, bu ayə üstüörtülü şəkildə keçmiş qövmlərdən birinin heyrətamiz və ibrət götürüləsi hekayətinə işarə edir. Onların yaşadığı mühitdə yoluxucu və qorxulu xəstəlik yayılır, minlərlə insan oradan qaçıb çıxır. Allah-taala buyurur: “Ölüm qorxusundan yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi?”
Şübhəsiz, burada “görmədinmi?" ifadəsində məqsəd "bilmirsənmi?"dir. Çünki ərəb dilində hər hansı bir məsələni tam təsvir və aydın təqdim etmək istəyərkən qarşı tərəfə "görmədinmi?" ifadəsi ilə xitab edirlər.
Burada xitab edilən tərəf Peyğəmbər (s) olsa da, məqsəd bütün insanlardır.
Sözügedən ayədə konkret rəqəmin göstərilməməsinə və yalnız “minlərlə” sözündən istifadə edilməsinə baxmayaraq, bəzi hədislərdə onların sayının on min, bəzisində isə yetmiş və ya səksən min olması qeyd edilib.
Sonra onların sonuna işarə edərək buyurur: "Allah onlara: “Ölün!” — dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər)”.
"Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi)".
Şübhəsiz, "ölün!" ifadəsi yalnız quru sözdən ibarət deyil, Allahın bütün varlıq və həyat aləminə hakim olan yaradılış əmridir. Yəni Allah onların ölüm amillərini hazır etdi və onların hamısı sürətlə məhv oldular. Bu əmr "Yasin” surəsinin 82-ci ayəsində qeyd edilən əmrdir.
Buyurur:
"Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!" deyər, o da dərhal olar”.
"Sonra isə onları diriltdi” cümləsi həmin cəmiyyətin ölümdən sonra dirilməsinə işarədir. Ayənin nazilolma səbəbində də gördüyümüz kimi, onlar Hizqil peyğəmbərin duası ilə diriliblər. Onların yenidən həyata qaytarılması (həm onların öz nəzərində, həm də insanların ibrət götürməsi baxımından) Allahın aydın nemətlərindən olduğu üçün ayənin sonunda buyurur: “Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir”.
Allahın lütf, mərhəmət və nemətləri yalnız onlara deyil, bütün insanlara şamil olur.
İncəliklər:
1\. Görəsən, bu hadisə tarixi hadisə olub, yoxsa bir misaldır?
Görəsən, Quranın üstüörtülü şəkildə işarə etdiyi və hədislərdə izah edilmiş bu hadisə həqiqətən tarixdə baş verib, yoxsa əqli həqiqətlərin hiss libasında canlandırılması üçün çəkilən bir misaldır?
Qeyd edilən hadisə qeyri-adi məqamlara malik olduğu üçün və bəzi təfsirçilər də onları "həzm edə” bilmədikləri üçün belə bir hadisənin baş verməsini inkar ediblər və ayənin məqsədinin misal çəkmək olduğunu deyiblər. Onların nəzərincə, ayə düşmənlə vuruşmaq və mübarizə aparmaqda süstlük göstərmiş və məğlub olmuş, sonra bundan ibrət götürüb qəflət yuxusundan oyanmış, yenidən mübarizəyə qalxmış və sonda qələbə qazanmış bir cəmiyyətin vəziyyətini təsvir edən misaldır.
Bu təfsirə əsasən, ayədəki “ölün!" ifadəsi süstlük və tənbəllikdən sonra məğlubiyyətə uğramaq barədə məcazdır. Həmçinin "onları diriltdi" ifadəsi onların özlərinə gəlib oyanmalarına və ardınca da qələbə qazanmalarına işarədir. Bu təfsirə əsasən, bu hadisə barədə nəql edilən və onu tarixi hadisə kimi izah edən hədislərin hamısı uydurma və yəhudi hədisləridir.
Ayədən süstlüyün arxasınca məğlubiyyətin və oyaqlığın ardınca qələbənin gəlməsi mənasının çıxarılması maraqlı olsa da, ayənin zahirinin misal deyil, tarixi bir hadisənin təsviri olduğunu inkar etmək mümkün deyil.
Ayə qorxulu bir hadisədən qaçıb ölümə düçar olan, sonra Allah tərəfindən dirildilən keçmiş qövmlərdən bir dəstənin halını nəql edir. Hər hansı bir hadisənin qeyri-adi olması onun başqa cür yozulmasına əsas verirsə, onda gərək peyğəmbərlərin bütün möcüzələri başqa mənaya yozulsun.
Xülasə, əgər Qurana bu cür yozum və təfsirlərlə yanaşsaq, peyğəmbərlərin möcüzələrini inkar etməkdən əlavə, Quranın tarixi bəhslərinin çoxunu da inkar etmək və onları misal adlandırmaq və ya indiki dillə desək, simvolik şəkildə yozmaq olar. Məsələn, Habil ilə Qabilin hekayətini haqq-ədalətin qəddarlıqla mübarizəsi barədə misal hesab etmək olar. Belə olan halda, Quranın bütün tarixi bəhsləri öz dəyərini itirmiş olacaq.
Bundan əlavə, “uydurmadır" deyib bu #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərə göz yummaq mümkün deyil. Çünki onların bəzisi mötəbər mətnlərdə nəql edilib və onların uydurma və yəhudi hədisi olmasını demək rəva deyil.
2\. İbrət dərsi.
Sözügedən ayǝ İsrail oğullarından cihad məsuliyyətindən qaçmaq üçün bəhanə gətirən və Allahın taun xəstəliyinə düçar edərək hamısını ildırım sürəti ilə - hətta heç bir təhlükəli düşmənin döyüş meydanında bacarmayacağı şəkildə məhv etdiyi bir dəstəyə işarə edir. Yəni məsuliyyətdən qaçmaqla və müxtəlif bəhanələr gətirməklə amanda qalacağınızı güman etməyin. Həmçinin Allahın qüdrəti qarşısında müqavimət göstərə biləcəyinizi də güman etməyin. Allah-taala çox kiçik bir düşmənlə - hətta gözlə görülməyən taun və ya vəba mikrobu ilə sizi məhv etməyə qadirdir.
3\. "Rəcət" və dünyaya qayıdış məsələsi.
Burada diqqət çəkən məqamlardan biri də rəcət məsələsinin mümkünlüyüdür. Bu ayədən rəcətin mümkün olması çox aydın şəkildə məlum olur.
Belə ki biz keçmiş ümmətlərin tarixində dünyasını dəyişmiş şəxslərin ölümdən sonra dünyaya qayıtması halları ilə rastlaşırıq. Buna İsrail oğullarından Həzrət Musa (ə) ilə Tur dağına gedən dəstəni misal göstərmək olar. Həmin məsələyə "Bəqərə" surəsinin 55-56-ci ayələrində işarə edilmişdir. Üzeyir və İrmiyanın bu surənin 259-cu ayəsində qeyd edilən hekayəti, həmçinin sözügedən ayədə qeyd edilən hadisə də həmin nümunələrdəndir. Buna görə də həmin hadisənin gələcəkdə də təkrarlanmasına heç bir maneə yoxdur.
Məşhur şiə alimi Şeyx Səduq həmin ayəni rəcətin mümkünlüyünə dəlil gətirərək deyib: "Bizim etiqadlarımızdan biri rəcətdir. (Yəni keçmişdə yaşamış insanların bir dəstəsinin bir daha bu dünyaya qayıdacağına etiqad bəsləmək.)"
Bu ayə məadın və Qiyamətdə insanların dirildilməsinin də dəlili ola bilər.