Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 128
Bəqərə surəsi, 253-cü ayə
Bəqərə surəsi, 253-cü ayə
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِنْهُمْ مَنْ كَلَّمَ اللَّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِنْ بَعْدِهِمْ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ وَلَكِنِ اخْتَلَفُوا فَمِنْهُمْ مَنْ آمَنَ وَمِنْهُمْ مَنْ كَفَرَ وَلَوْ شَاءَ اللَّهُ مَا اقْتَتَلُوا وَلَكِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ .٢٥٣
Ayənin tərcüməsi
253\. O elçilərin bəzisini bəzilərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik. (Lakin bu peyğəmbərlərin üstünlüyü ümmətlər arasında ixtilafa mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar. (Lakin Allah insanları məcbur etmir və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu. (Döyüşlər baş verdi, qan töküldü. Yenə də) əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmət əsasında) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir).
Ayənin təfsiri.
İnsanların hayatında peyğəmbərlərin rolu.
Bu ayə peyğəmbərlərin dərəcəsinə, onların məqamına və insan cəmiyyətindəki vəzifələrinin bir hissəsinə işarə edir.
Əvvəlcə buyurur: "O elçilərin bəzisini bəzilərindən üstün etdik”.
Ayənin ərəbcə orijinalında işlənmiş (tilkə) sözü uzağı işarə edən işarə əvəzliyidir. Bu ifadə bəzən şəxslərin status və məqamına ehtiram məqsədi ilə də işlədilir. O, peyğəmbərlərin məqamının əl çatmayacaq qədər uca olmasına işarə edir.
Ayənin ərəbcə orijinalında işlənmiş (rusul) (elçilər) sözünün bütün ilahi peyğəmbərlərə və ya bu surənin əvvəlki ayələrində adları qeyd edilənlərə; İbrahim, Musa, İsa, Davud və İşmuil (ə) kimi hekayəti nəql edilənlərə və ya bu ayə nazil olan vaxt artıq adları Quranda qeyd edilmiş peyğəmbərlərə işarə olması barədə təfsirçilər arasında müxtəlif nəzərlər mövcuddur. Lakin çox ehtimal ki, onda məqsəd bütün peyğəmbərlərdir. Çünki (əl-rusul) sözü əvvəlinə “müəyyən bir sinfin bütün nümayəndələrini ehtiva edən müəyyənlik artiklı əlavə edilmiş toplu isim”dir və o, hamıya aid olur.
"Bəzisini bəzilərindən üstün etdik" ifadəsindən belə məlum olur ki, Allah tərəfindən göndərilən elçilərin hamısı nübüvvət və peyğəmbərlik baxımından eyni olsalar da, məqam baxımından eyni olmayıblar. Çünki onların həm məmuriyyət dairələri, həm də göstərdikləri fədakarlıqlar fərqli olub. cino by Sonra onların bəzisinin xüsusiyyətinə işarə edərək buyurur: “Allah onlardan bəzisi ilə danışmış..."
Təbii ki, onda məqsəd "Kəlimullah" (Allahla həmsöhbət olmuş) Həzrət Musadır (ə). “Nisa" surəsinin 164-cü ayəsində onun barəsində belə buyurulub: “Allah Musa ilə danışdı”.
Onda məqsədin İslam peyğəmbəri (s) olması və "onunla danışmaq deyiləndə onunla Merac gecəsi edilən söhbətin və ya "Şura” surəsinin 51-ci ayəsində - "Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır" - "danışmaq" adlandırılan vəhyin nəzərdə tutulması elə də inandırıcı görünmür. Çünki vəhy bütün peyğəmbərlərə aiddir və o, sözügedən ayənin ərəbcə orijinalında işlənmiş (munhum) sözündə “bəzi” mənası ifadə edən (min) şəkilçisi ilə uyğun gəlmir. (Yəni həmin ayədə Allah-taala onların bəzisi ilə danışdığını qeyd edir və əgər biz həmin danışmağın vəhy olduğunu desək, bu, hansısa peyğəmbərə deyil, bütün peyğəmbərlərə aid olan xüsusiyyət olacaq. — tərc.)
Daha sonra buyurur: “Bəzisinin isə dərəcələrini yüksəltmişdir”.
Bu ayənin əvvəlində də peyğəmbərlərin dərəcələrinin fərqli olması qeyd edilmişdi. Buna görə də, ola bilər ki, burada qeyd edilən fərqlilik hansısa fərd və ya fərdlərin dərəcəsinin fərqli olması olsun. Onun ən bariz nümunəsi Həzrət Peyğəmbərdir (s). Onun dini dinlərin ən kamili və sonuncusudur. Təbii ki, dinlərin ən kamilini gətirmək vəzifəsini icra edən şəxsin özü də hamıdan üstün olmalıdır. Xüsusilə ona görə ki, hər bir peyğəmbər öz ümmətinin şahidi olmasına baxmayaraq, "Nisa" surəsinin 41-ci ayəsində İslam Peyğəmbərinin (s) Qiyamət günü bütün peyğəmbərlərə şahidlik edəcəyi qeyd edilib:
"Hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı necə olacaq?!"
Bu məsələnin digər bir dəlili əvvəlki cümlədə Həzrət Musanın (ə), növbəti cümlədə isə Həzrət İsanın (ə) yüksək məqama malik olmasına işarə edilməsidir. Belə olan halda, şərait bu cümlənin İslam Peyğəmbərinə (s) işarə olmasını tələb edir. Çünki bu üç peyğəmbərin hər biri dünyanın üç böyük dininin rəhbəri olub. Həzrət Peyğəmbərin (s) adının onların adının ortasında qeyd edilməsi təəccüb doğurmur. Məgər onun dini dinlər arasında orta din deyil və onda hər şey mötədillik üzərində qurulmayıb?! Quran buyurur: "Sizi orta (mötədil) bir ümmət etdik”.
Lakin bu ayənin növbəti cümlələrindən belə məlum olur ki, "bəzisinin isə dərəcələrini yüksəltmişdir" cümləsində məqsəd keçmiş peyğəmbərlərin bəzisi, məsələn, Həzrət İbrahim (ə) və başqalarıdır. Çünki ayələrdə keçmiş zaman feili formasında belə buyurulur: "Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar”.
Sonra Həzrət İsaya (ə) işarə edərək buyurur: "Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik”.
“Aydın nişanələr" dedikdə əlacsız xəstələri sağaltmaq, ölüləri diriltmək kimi möcüzələr və ülvi dini təlimlər nəzərdə tutulur.
"Müqəddəs Ruh" dedikdə Allahın vəhy qasidi, yəni Cəbrail, yaxud Allah övliyalarında fərqli şəkildə mövcud olan mənəvi və sirli qüvvə bu barədə “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində geniş danışdıq – nəzərdə tutulur. Burada Həzrət İsanın (ə) müqəddəs Ruh vasitəsi ilə qüvvətləndirilməsinin qeyd edilməsinin səbəbi bunun digər peyğəmbərlərlə müqayisədə onun barəsində daha çox baş verməsidir.
Ayənin davamında ümmətlərin vəziyyətinə və peyğəmbərlərdən sonrakı ixtilaflarına işarə edərək buyurur: "Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar”.
Yəni Allah istəsəydi, onları icbari şəkildə vuruşmaqdan və ziddiyyətdən saxlayardı. Lakin Allahın ənənəvi qanunu insanları seçimlərində azad buraxmaqdır. Lakin onlar azadlıqdan sui-istifadə və "ixtilaf etdilər". Bunun da nəticəsində: “Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu”.
Şübhəsiz, bu ixtilaflar insanların özlərindən və onların nəfsi istəklərindən qaynaqlanırdı. Yoxsa ki Allah tərəfindən göndərilən peyğəmbərlərin arasında ixtilaf yox idi və onların hamısının məqsədi eyni idi.
Sonda bir daha vurğulayır ki, icbari şəkildə ixtilafların qarşısını almaq Allah üçün asandır. "Əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmətə əsaslanan, insanın yaradılış hədəfi, yəni azadlıq və ixtiyara malik olmaq prisipi ilə uyğun olanı) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir)".
Bəziləri bu azadlıqdan mənfi nəticə əldə edir, lakin ümumilikdə azadlıq insanın təkamülünün sütunlarındandır və icbari təkamül, əslində, təkamül hesab olunmur.
Həmçinin iki dəfə icbar məsələsinə toxunulan bu ayədən “cəbr” (insanın iradə azadlığına malik olmaması) etiqadının batil olması məlum olur. O, Allahın insanları azad buraxmasını və onların bir dəstəsinin imanı, başqa bir dəstəsinin isə küfrü seçməsini sübut edir.
İncəlik:
Dinlərin davamçıları arasındakı ixtilafın mənşəyi.
Bəzi qərb yazıçıları dinlərə irad tutaraq onların insanlar arasında təfriqə və parçalanmaya səbəb olduğunu, bu yolda çoxlu qan axıdılmasına gətirib çıxardığını deyiblər. Onlar bunu tarixdə qeyd edilən çoxsaylı dini müharibələrlə əsaslandırıblar. Onlar bununla dinləri tənqid etmək və onları müharibə və çəkişmə mənbəyi kimi təqdim etmək istəyiblər.
Lakin qeyd etmək lazımdır ki, birincisi, ixtilaflar dinlərin həqiqi davamçıları arasında deyil, davamçılarla din əleyhdarları arasında baş verib. Həmçinin müxtəlif din davamçıları arasında da müharibə və çəkişmələr baş verirsə, bunun səbəbi dini təlimlər deyil, dinlərin təhrif edilməsi, yersiz təəssübkeşlik, ilahi dinlərin xurafatla qarışmasıdır.
İkincisi, bu gün din bəşər cəmiyyətinin bəzi hissələrinə öz təsirini itirib, lakin buna baxmayaraq, biz dünyanın müxtəlif yerlərində müharibələrin daha qorxulu hal almasının, daha geniş dairəni əhatə etməsinin, daha qızğın aparılmasının şahidi oluruq. Bütün bunlar dinə görədir, yoxsa həmin müharibələrin əsl mənşəyi bəzi insanların dikbaş ruhudur?!
Bəli, əsl mənşə budur, sadəcə, bu iş bir gün din adı altında, bir gün siyasi və iqtisadi məktəblər libasında, bir başqa gün də digər adlar altında görülür. Buna görə də bu məsələdə dinlərin heç bir günahı yoxdur, günahkar müxtəlif bəhanələrlə müharibə alovunu qızışdıran həmin dikbaş insanlardır.
Üçüncüsü, səma dinləri, xüsusilə İslam irqçilik və millətçilik əleyhinə olduğu üçün irqi, coğrafi və etnik sərhədlərin aradan qaldırılmasına və onlardan doğan müharibələrin kökünün kəsilməsinə səbəb olub. Buna görə də bəşəriyyət tarixində baş verən müharibələrin bəzisi məhz dinlərin sayəsində yığışıb.
Bundan əlavə, bütün dinlərin əhəmiyyət verdiyi sülhsevərlik, əxlaq və insani hisslər müxtəlif tayfalar arasında düşmənçilik və nifrət hisslərinin azalmasına olduqca böyük təsir göstərib və göstərir.
Dördüncüsü, səma dinlərinin vəzifələrindən biri məhrumiyyət içində yaşayan və əzab çəkən siniflərin azad edilməsidir. Buna görə də peyğəmbərlər və onların davamçıları ilə Firon və Nəmrud kimi zalım və istismarçılar arasında müharibələr baş verib. Əslində, insanları xilas etmək üçün olan bu müharibələr dinlər üçün nəinki eyib deyil, əksinə, onların müsbət cəhətlərindən sayılır. İslam Peyğəmbərinin (s) həm ərəb müşrikləri və Məkkə sələmçiləri ilə, həm də hökmdar və imperatorlarla qarşıdurması bu qəbildən olub.