Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 129
Bəqərə surəsi, 254-cü ayə
Bəqərə surəsi, 254-cü ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ .٢٥٤
Ayənin tərcüməsi
254\. Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən qabaq sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər özləri zalımdırlar.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləmək Qiyamət günü qurtuluşa səbəb olan ən mühüm amillərdəndir.
Keçmiş ümmətlərin bəzi hekayətləri, cihad, ilahi hökumət və peyğəmbərlərdən sonra yaranmış ixtilaflardan söz açan əvvəlki ayələrin ardınca Allah-taala bu ayədə müsəlmanlara xitab edir və cəmiyyətdə vəhdətə, hökumətin güclənməsinə, müdafiə və cihadın sütunlarının möhkəmlənməsinə səbəb olan vəzifələrdən birinə işarə edərək buyurur: "Ey iman gətirənlər! Sizə verdiyimiz ruzidən (Allah yolunda xərcləyin”.
"Sizə verdiyimiz ruzidən” ifadəsinin mənasının geniş olmasına, onun həm vacib və müstəhəb maddi ianələrə, həm də elm kimi mənəvi yardımlara şamil olmasına baxmayaraq, ayənin davamındakı təhdidi aldıqda məqsədin zəkat və sairə kimi vacib ödənişlər olması həqiqətə daha uyğundur. Bundan əlavə, beytülmal və hökumətin təməlinin möhkəmlənməsinə də vacib ianələr səbəb olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (mimma) ifadəsindən vacib ianələrin həmişə malın hamısından deyil, yalnız bir hissəsindən ibarət olması məlum olur.
Mərhum Təbərsi "Məcməül-bəyan" kitabında ayənin həm vacib, həm də müstəhəb ianələrə şamil olması nəzərini tərcih edib. Onun nəzərincə, ayənin davamı təhdid deyil, sadəcə, Qiyamət gününün qorxulu hadisələrindən xəbər verilib.
Lakin ayənin kafirləri zalımlardan hesab edən son cümləsini nəzərə aldıqda Allah yolunda mal xərcləməyin və ianə verməyin tərk edilməsinin bir növ küfr və zülm olması məlum olur. Bu da yalnız vacib ianələrin tərk edilməsinə aid ola bilər.
Ayənin davamında buyurur: “Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməzdən qabaq”.
Yəni əgər bu gün Allah yolunda ianə vermək imkanınız varsa bunu edin. Orada dünyada mövcud olan maddi qurtuluş yollarının heç biri mövcud deyil. Nə əzabdan xilas olmaq və səadətə qovuşmaq üçün alış-veriş etmək mümkündür, nə də bu dünyada öz sərmayənizlə qazandığınız maddi dostluqların sizə bir xeyri olacaq. Çünki onların özləri də əməllərinə görə dərd-sər içində olacaqlar və başları özlərinə elə qarışacaq ki, başqası yadlarına düşməyəcək. Orada sizə şəfaətin də bir xeyri olmayacaq. Çünki ilahi şəfaət ilahi işlərə görə baş verir və insanı şəfaətə layiq edir. Siz də layiqli iş görməmisiniz. Orada bu dünyada mal və sərvətlə əldə edilən maddi şəfaət və vasitəçilik də yoxdur.
Buna görə də siz Allah yolunda mal xərcləməyi tərk etməklə, malları üst-üstə yığmaqla və xəsislik göstərməklə özünüz öz üzünüzə bütün qurtuluş qapılarını bağlamısınız. m declan ev dipay men nu Ayənin sonunda buyurur: “Kafirlər özləri zalımdırlar".
Bu cümlə Allah yolunda mal xərcləməyi və zəkat verməyi tərk edənlərin həm özlərinə, həm də başqalarına zülm etməsinə işarədir.
Quran bu cümlədə bir neçə həqiqəti bəyan etmək istəyir. Birincisi, kafirlər özlərinə zülm edirlər. Çünki onlar dini ianə və digər dini və insani vəzifələri yerinə yetirməməklə özlərini ən böyük səadətdən məhrum edirlər. Axirətdə onlar öz əməllərinə görə cəzalandırılacaqlar, Allah onlara zülm etməyəcək.
İkincisi, kafirlər öz cəmiyyətlərinə də zülm edirlər. Ümumiyyətlə, küfr daşürəklilik, qəddarlıq, maddiyyat və dünyapərəstlikdir və bunlar zülmün əsas mənbəyi sayılırlar.
Bu ayədə “küfr” sözü “Allah yolunda mal xərcləmək” ifadəsindən sonra gəldiyi üçün “Allahın əmrini yerinə yetirməkdən boyun qaçırmaq və günah” mənasındadır. Həm Quran, həm də hədislərdə "küfr" sözünün bu mənada işlədilməsinə çox rast gəlinir.