Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 13
Ali-İmran surəsi, 19-cu ayə
Ali-İmran surəsi, 19-cu ayə
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ .١٩
Ayənin tərcüməsi
19\. Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaq)dır. Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir.
Ayənin təfsiri.
Dinin ruhu haqq qarşısında təslim olmaqdır.
Bu ayə məbudun tək olduğunu bəyan etdikdən sonra dinin təkliyinə işarə edərək buyurur: "Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaqdır).
Ayənin ərəbcə orijinalında işlənmiş (din) sözünün leksik mənası “əvəz və mükafat"dır. O, "itaət və tabe olmaq" mənasında da işlədilir. Dini terminologiyada isə din insanın Allaha yaxınlaşdığı, hər iki dünya səadətinə nail olduğu, əxlaq və tərbiyə baxımından düzgün yolda addımlaya bildiyi qanun və qaydalar toplusundan ibarətdir.
(İslam) sözünün mənası “təslim olmaq"dır. Buna görə də “إِنَّ الدِّينَ عِندَالله ِالإِسْلام” cümləsinin mənası Allah dərgahında həqiqi din Onun əmrləri qarşısında təslim olmaqdır”dır.
Əslində, bütün əsr və zamanlarda dinin ruhu haqq qarşısında təslim olmaqdan başqa bir şey olmayıb. Sadəcə, İslam Peyğəmbərinin (s) dini dinlərin ən sonuncusu və ən üstünü olduğu üçün ona “İslam” adı verilmişdir. Yoxsa ki bu cəhətdən bütün ilahi dinlər "İslam"dır. Səma dinlərinin əsasları birdir, sadəcə, bəşər cəmiyyəti kamilləşdikcə Allah- taala onlara daha kamil din göndərib və sonda o, təkamülün son mərhələsinə - İslam Peyğəmbərinin (s) dininə çatıb.
Əmirəl-möminin Əli (ə) “Nəhcül-bəlağə”də nəql edilmiş qısa kəlamlarının birində bu həqiqəti bəyan edib. O Həzrət (ə) belə buyurub:
"İslamı elə vəsf edim ki, məndən əvvəl heç kəs (elǝ) vəsf etməmiş olsun”.
O Həzrət (ə) sonra İslam üçün altı mərhələ sayaraq əvvəl belə buyurub: "İslam haqq qarşısında təslim olmaqdır". Sonra belə əlavə edib: "Təslim olmaq həmin yəqindir" və yəqinsiz təslim olmaq mümkün deyil. Çünki yəqinsiz təslim alimanə deyil, kor-koranə təslimdir.
Daha sonra buyurub: "Yəqin də təsdiq etməkdir”. Yəni yalnız bilmək yetərli deyil, onun ardınca etiqad və qəlbin təsdiqi gəlməlidir. Sonra buyurub: "Təsdiq etmək iqrar etməkdir". Yəni insanın qəlb və ruhunun bir kənarında imanın olması yetərli deyil, şücaət və qüdrətlə onu izhar etmək də lazımdır.
Onun ardınca buyurub: “İqrar etmək boyuna düşən vəzifəni yerinə yetirməkdir". Yəni iqrar yalnız dil ilə deməkdən ibarət deyil, boyuna onların yerinə yetirilməsi məsuliyyəti də götürülməlidir.
Və sonda buyurur: "Boyuna düşən məsuliyyətin yerinə yetirilməsi əməl etməkdir". Yəni məsuliyyət Allahın əmrlərini yerinə yetirmək və ilahi proqramların həyata keçirilməsindən ibarətdir. Çünki öhdəlik və məsuliyyət əməldən başqa bir şey deyil. Öz enerjilərini danışıq, layihə, iclas, təşkilat və sairə işlərə sərf edən və ancaq danışmaqla məşğul olan şəxslər nə öhdələrinə bir iş, nə də bir məsuliyyət götürüblər və onların İslamın ruhundan xəbərləri yoxdur.
Bu, İslamın bütün cəhətlərdən ən dolğun təfsiridir.
Ayə daha sonra dini ixtilafları yaranma səbəbinə işarə edərək buyurur: "Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər".
İxtilaflar birincisi, elm və agahlıq əldə etdikdən sonra yaranıb, ikincisi, onun yaranma səbəbi yalnız həddi aşmaq, zülm və həsəd olub.
Yəhudilər Musa ibn İmranın (ə) canişini barədə ixtilafa düşdülər, aralarında çəkişmə yarandı və çoxlu qan axıdıldı; xaçpərəstlər tövhidi və üç üqnum etiqadına bulaşdırmaqla ixtilafa düşdülər; həmçinin şirkə onlar İslam Peyğəmbərinin (s) onların kitabında qeyd edilmiş dəlilləri barədə ixtilaf toxumu səpdilər, bəzisi onları qəbul, bəzisi isə inkar etdi. Xülasə, səma dinləri həmişə tutarlı dəlil və peyğəmbərlərin möcüzələri ilə müşayiət edilib və onlar həqiqət axtaranlar üçün qaranlıq məqamlar saxlamayıblar. Məsələn, İslam Peyğəmbəri (s) aşkar möcüzələrə - Qurana və dinin mətnində olan digər aydın dəlillərə malik olub. Bundan əlavə, onun bəzi əlamət və xüsusiyyətləri yəhudi və xaçpərəstlərin əvvəlki kitablarında qeyd edilmişdi. Onların alimləri o Həzrətin (s) zühurundan əvvəl böyük şövq və təkidlə belə bir peyğəm- bərin zühur edəcəyi müjdəsini verirdilər. Lakin o Həzrətin (s) zühurundan sonra həmin şəxslər öz mənafelərini təhlükədə görüb həddi aşmaq, zülm və həsəd üzündən hər şeyə göz yumdular.
Buna görə də ayənin sonunda onların və onlar kimi olanların aqibətinə toxunaraq buyurur: "Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir”.
Allahın ayələrini öz nəfsi istəklərinin oyuncağına çevirən şəxslər öz əməllərinin nəticəsini həm bu dünyada, həm də axirətdə görəcəklər, Allah onlarla dərhal haqq-hesab çəkəcək və hər birinə layiq olduğu cəzanı verəcək. (Allahın dərhal haqq-hesab çəkməsi barədə “Bəqərə” surəsinin 202-ci ayəsinin təfsirində izah verildi.)
Burada "Allahın ayələri" ifadəsi deyiləndə bütün ilahi ayə və nişanələr - Onun dəlilləri, səma kitabları, hətta varlıq aləmində olan yaradılış nişanələri nəzərdə tutulur.
Bəzi təfsirçilərin onun mənasını ancaq Tövrat və İncildə və ya onlara bənzər şeylərdə məhdudlaşdırmasının heç bir əsası yoxdur.
İncəlik:
Dini ixtilafların kökü.
Əksər hallarda dini ixtilaf və çəkişmələrin mənbəyi nadanlıq və xəbərsizlik deyil, həddi aşmaq, zülm, haqdan uzaqlaşmaq və şəxsi fikirlərin həyata keçirilməsi olur. Əgər insanlar, xüsusilə də alimlər kin-küdurət, dar düşüncə, şəxsi mənafe və həddi aşmağı tərk etsələr və Allahın hökmlərini obyektiv şəkildə və ədalətlə aradşırsalar, haqq yol aydın görünər və ixtilaflar çox tez bir zamanda həll olunar.
Bu ayə "din insanlar arasında ixtilaf yaradıb və tarix boyu çoxlu qanların axıdılmasına səbəb olub" deyənlərə tutarlı cavabdır. Bu iradı tutanlar dinlə dini təəssübkeşliyi və düz yoldan sapmış düşüncələri səhv salıblar. Çünki dinlərin göstərişlərini araşdırdıqda dinlərin tarix boyu müxtəlif təkamül mərhələləri keçməsinə baxmayaraq, onların hamısının bir məqsədə xidmət etdiyini görürük.
Səma dinləri yağış damcıları kimidirlər. Yağış damcılarının hamısı həyat mənbəyidir, sadəcə, onların biri şor, digəri acı torpağın üzərinə düşdüyü üçün rəng və dadında fərqlər yaranır. Bu fərqlərin səbəbi yağış deyil, həmin torpaqlardır. Lakin təkamül prinsipinə əsasən, onların ən sonuncusu ən kamilidir.