Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 134
Bəqərə surəsi, 259-cu ayə
Bəqərə surəsi, 259-cu ayə
أَوْ كَالَّذِي مَرَّ عَلَى قَرْيَةٍ وَهِيَ خَاوِيَةٌ عَلَى عُرُوشِهَا قَالَ أَنَّى يُحْيِي هَذِهِ اللَّهُ بَعْدَ مَوْتِهَا فَأَمَاتَهُ اللَّهُ مِائَةَ عَامٍ ثُمَّ بَعَثَهُ قَالَ كَمْ لَبِثْتَ قَالَ لَبِثْتُ يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالَ بَلْ لَبِثْتَ مِائَةَ عَامٍ فَانْظُرْ إِلَى طَعَامِكَ وَشَرَابِكَ لَمْ يَتَسَنَّهْ وَانْظُرْ إِلَى حِمَارِكَ وَلِنَجْعَلَكَ آيَةً لِلنَّاسِ وَانْظُرْ إِلَى الْعِظَامِ كَيْفَ نُنْشِزُهَا ثُمَّ نَكْسُوهَا لَحْمًا فَلَمَّا تَبَيَّنَ لَهُ قَالَ أَعْلَمُ أَنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٥٩
Ayənin tərcüməsi
259\. Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz- özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?” (Bu zaman) Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?" O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım". (Allah) dedi: “Yox, sən yüz il qaldın. Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq) hələ də xarab olmayıb. (Tez bir zamanda xarab olacaq maddələri yüz il saxlayan Allah hər şeyə qadirdir.) Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik. (İndi miniyinin) sümüklər(in)ə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (bu həqi- qətlər) aydın olduqda dedi: "Bilirəm ki, Allah hər şeyə qadirdir!"
Ayənin təfsiri.
Üzeyirin heyrətamiz hekayəti.
Bir növ əvvəlki ayənin davamı olaraq qeyd edilən bu ayədə peyğəmbərlərdən birinin hekayəti nəql edilib və məad barəsində tutarlı dəlillər gətirilib. Bu iki ayənin bir-birinə bağlılığı, bəlkə də, əvvəlki ayənin tövhid və Allahı tanımaq, bu və bundan sonrakı (260-cı) ayənin isə məad və ölümdən sonrakı həyat barəsində olmasıdır.
Bəzi təfsirçilər belə bir ehtimal da irəli sürüblər ki, ayətül-kürsinin davamında ilahi hidayətdən söz açılıb, ondan sonrakı ayələrdə (Həzrət İbrahim (ə) ilə Nəmrudun hekayətində) hidayətin əqli dəlillərin bəyan edilməsindən ibarət yollarından birinə işarə edilib, bu və bundan sonrakı ayədə isə hisslə duyulan dəlillərə istinad edilib və məsələyə əyani cəhətdən yanaşılıb.
Yaxşı olar ki, əvvəlcə bu ayədə işarə edilən hadisə barəsində tarixdə yazılanlara ötəri nəzər salaq, sonra #### Ayənin təfsirinə keçək. Ayə yanında bir az azuqəsi olan bir şəxsin səfər əsnasında miniyinin üstündə dağılıb viran qalmış və sakinlərinin sümükləri çürümüş bir diyardan keçərkən həmin dəhşətli mənzərəni görüb "Allah bu ölüləri necə dirildəcək?" deməsinə işarə edir.
Əlbəttə, o, bu sözü inkar və ya tərəddüdlə deyil, təəccüblənərək deyib. Çünki ayədə mövcud olan əlamətlərdən onun peyğəmbərlərdən biri olduğu məlum olur. Biz ayənin davamında Allahın onunla danış- dığını oxuyuruq. Bunu hədislər də təsdiqləyir. Biz qarşıda buna işarə edəcəyik.
Həmin vaxt Allah onun canını alır, yüz ildən sonra dirildir və ondan soruşur ki, “Bu çöldə nə qədər qaldın?" Orada azacıq qaldığını güman edən həmin şəxs dərhal cavab verir ki, "Bir gün, ya ondan da az”. Ona xitab edilir ki, burada yüz il qalmısan, indi yeməyinə və içməyinə bax, Allahın əmri ilə onda heç bir dəyişiklik baş verməyib, lakin ölümündən yüz il keçdiyini başa düşməyin üçün miniyinə nəzər sal və gör (onun bədəni) necə dağılıb, (sümükləri bir-birindən necə) aralanıb, təbiətin qanunu ona da şamil olub, ölüm onu parça-parça edib. İndi də bax gör bir-birindən ayrılmış həmin parçaları necə bir yerə toplayır və dirildirik.
O, bu mənzərəni gördükdə dedi: "Mən Allahın hər şeyə qadir olduğunu bilirəm", yəni indi xatircəm oldum və ölülərin dirildilməsi gözümün qarşısında əyani şəkildə baş verdi.
Həmin şəxsin hansı peyğəmbər olması haqda müxtəlif ehtimallar irəli sürülüb. Bəziləri onu İrmiya (ə), bəziləri isə Xızr (ə) hesab ediblər. Lakin məşhur nəzərə əsasən, o, Üzeyir (ə) olub. Bunu İmam Sadiqdən (ə) nəql edilmiş bir hədis də təsdiqləyir.
Həmçinin həmin diyarın hara olması barədə də müxtəlif nəzərlər var. Bəziləri oranın Büxtünnəsrin hücumları nəticəsində viran qalmış Beytül-müqəddəs olduğunu deyiblər. Lakin bu, zəif ehtimaldır...
İndi də keçək ayənin təfsirinə.
Əvvəlcə belə buyurur: "Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz-özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?”
Ayənin ərəbcə orijinalında işlənmiş (uruş) sözü (ərş) sözünün cəmidir və burada onun mənası "dam və tavandır".
(xaviyətun) sözünün mənası “boş"dur. Burada o, viran olmaq barədə məcazdır. Çünki adətən abad evlərdə yaşayış olur və əgər ev boşalıbsa, ya viran olduğu üçün boşalıb, ya da boş qaldığı üçün tədricən viran olacaq. Buna görə də “وَهِيَ حَاوِيَةٌعَلَى عُرُوشِهَا” ifadəsinin mənası belə olur "Onların evi viran olmuşdu, əvvəl onun damı çökmüş, sonra da divarları damın üstünə aşmışdı". Bu, viran olmağın tam və kamil formasıdır. Çünki adətən bir yer viran olanda əvvəl onun damı uçur, divarlar isə bir müddət öz yerində qalır, sonra onlar da uçub viran olmuş damın üstünə düşür.
Bəziləri (ərş) sözünün (sqf) sözündən fərqli olduğunu, (səqf)in evin ancaq yuxarı hissəsindən, “ərş”in isə "səqf"lə birlikdə sütunlardan ibarət olduğunu deyiblər.
Mövcud əlamətlərdən belə məlum olur ki, həmin hadisə zamanı sözügedən peyğəmbərin yanında heç kəs olmayıb və onun gözü həmin diyarın əhalisinin sümüklərinə sataşdıqda onlara işarə edərək: “Allah bunları ölümdən sonra necə dirildəcək?” sualını özündən soruşub.
Ayənin davamında buyurur: “Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım!" (Allah) dedi: “Yox, sən yüz il qaldın”.
Təfsirçilərin əksəriyyəti bu cümləni belə başa düşüblər ki, Allah- taala həmin peyğəmbərin (ə) canını alıb və onu yüz ildən sonra yenidən dirildib. Ayənin ərəbcə orijinalında işlənmiş və kökü “ölüm” mənası verən (maut) sözü olan (əmatəhu) sözü də həmin mənanı ifadə edir.
Lakin bəzi dırnaqarası ziyalı təfsirçilər, məsələn, "Əl-Mənar" təfsirinin müəllifi və Məraği onu hiss və hərəkətsiz bir növ yuxu kimi yozmaqda israrlıdırlar. Müasir alimlər onların dediyi şeyi "koma" adlandırırlar. O, canlı varlığın uzunmüddətli ağır yuxuya getməsi, lakin həyat nişanələrinin sönməməsindən ibarət bir haldır.
O, daha sonra yazır: "İndiyə kimi bu cür uzun yuxular bir neçə ildən artıq olmayıb. Buna görə də onun yüz ilə çatması qeyri-adidir. Lakin bu halın bir neçə il davam etməsi mümkündürsə, yüz il çəkməsi də mümkündür. Qeyri-adi işlərin qəbul edilməsi üçün lazım olan şey həmin işin ağıl baxımından qeyri-mümkün deyil, mümkün olmasıdır”. Lakin zahirən ayədə bu deyilənlərə dəlalət edəcək heç nə yoxdur, əksinə, ayənin zahiri həmin peyğəmbərin dünyadan getməsinə və yüz ildən sonra yenidən həyata qayıtmasına dəlalət edir. Əlbəttə, bu ölüm dirilmə tamamilə qeyri-adi bir məsələdir, lakin qeyri-mümkün deyil. Digər tərəfdən, Quranda qeyd edilən qeyri-adi işlər təkcə bununla məhdudlaşmır ki, biz onu necəsə yozmağa çalışaq.
Əgər neçə illik uzun yuxuların və ya bəzi heyvanların qış yuxusuna getməsinin bütün qışı yatıb hava qızanda yuxudan oyanmalarının, bəzi heyvanlanrın təbii olaraq donmasının və ya onların öldürülmədən insan tərəfindən süni şəkildə uzunmüddətli dondurulmasının qeyd edilməsində məqsəd yüz ildən sonrakı ölmək və dirilmək məsələsinin mümkün sayılması üçün olsa, bu yaxşı sözdür və bu zaman onun mənası belə olacaq: "Canlıları yüz illərlə uzun yuxuya aparan və ya donduran, sonra da dirildib əvvəlki halına qaytaran Allah ölüləri diriltməyə də qadirdir”.
Ümumiyyətlə, məadı və ölülərin Qiyamətdə dirilməsini, həmçinin peyğəmbərlərin qeyri-adi işlərini və möcüzələrini qəbul etdikdən sonra bütün Quran ayələrini bir sıra təbii və adi məsələlərlə izah etməyə çalışmaq və ayələrin zahirinə qarşı çıxmaq mənasızdır. Çünki bu iş nə düzdür, nə də ona ehtiyac var.
Bəzi təfsirçilərin sözləri ilə desək, deyəsən, biz əvvəlcə cansız bir varlıq olduğumuzu, sonradan Allahın bizi diriltdiyini unutmuşuq. Məgər həmin ölüm və dirilmənin yenidən baş verməsinə nə mane ola bilər?!
"Bir gün, yaxud günün bir hissəsini qaldım" cümləsindən həmin peyğəmbərin öldüyü vaxtla dirildiyi vaxtın günün ayrı-ayrı vaxtları olduğu məlum olur. Məsələn, o, günortadan qabaq ölüb, dirilməsi isə günortadan sonra baş verib. Buna görə də o, tərəddüd edib ki, görəsən, həmin vaxtdan bir sutka keçib, ya həmin günün bir neçə saatı? Buna görə də o, tərəddüdlə “bir gün, yaxud günün bir hissəsi” deyir. Lakin ona xitab edilir ki, yox, sən yüz il qalmısan.
Sonra həmin peyğəmbərin xatircəmliyini artırmaq üçün ona yanındakı yemək- içməyinə, həmçinin miniyinə nəzər salması göstərişi verilir. Onların birincisi tam salamat qalsa da, ikincisi tamamilə məhv olmuşdu. Allah peyğəmbərin həm zamanın keçdiyini, həm də Allahın istədiyi şeyi qoruyub saxlamaq qüdrətinə malik olduğunu başa düşməsi üçün belə etmişdi.
Ayədə ona belə buyurulur: “Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq,) hələ də xarab olmayıb”.
Ayənin ərəbcə orijinalında işlənmiş (ləm yətəsənnəh) sözünün kökü (sənəhə) sözüdür və onun mənası "il"dir. Yəni onun üstündən il keçməyib. Burada o, həmin qidanın dəyişməməsi və xarab olmaması barədə məcazdır. Yəni üstündən bu qədər il keçməsinə baxmayaraq, elə qalıb ki, elə bil üstündən il keçməyib və heç bir dəyişiklik baş verməyib. Demək istəyir ki, sənin daha tez xarab olmalı olan yemək və içməyini olduğu kimi saxlayan Allaha ölüləri diriltmək çətin deyil. Çünki tez xarab olan və ömrü çox qısa olan yeməklərin bu qədər müddət ərzində salamat qorunub saxlanılması ölüləri diriltməkdən asan deyil.
Ayədə həmin yemək və içməyin nə olmasına toxunulmayıb. Bəziləri onun yeməyinin əncir, içməyinin isə bir növ meyvə şirəsi olduğunu qeyd ediblər. Onların hər ikisi çox tez xarab olur və onların uzun müddət saxlanılması mühüm məsələdir. Bəziləri isə onların üzüm və süddən ibarət olduğunu qeyd ediblər.!
Sonra buyurur: "Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik”.
Quran həmin peyğəmbərin miniyi barədə bundan artıq heç nə demir. Lakin sonrakı cümlələrdən onun miniyinin bədəninin zaman keçdikcə parçalanıb dağıldığı və ondan ancaq çürümüş sümüklərin qaldığı məlum olur. Çünki yüz ilin keçməsini ondan başqa göstərən heç nə olmayıb. Bunun özü təəccüblüdür. Nisbətən uzun ömrə malik olan heyvan tamamilə məhv olub gedib, lakin daha tez xarab olan meyvə və meyvə şirəsi, yaxud süddə kiçicik bir dəyişiklik baş verməyib. Bu, Allahın ölüm və həyat məsələsində qüdrət nümayişinin son həddidir.
Ayənin davamında buyurur: “(İndi miniyinin) sümüklər(in)ə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü otla örtürük”.
Ayənin ərəbcə orijinalında işlənmiş (nunşizuha) sözünün kökü (nuşuz) sözüdür və onun mənası “ucalmaq və qalxmaq”dır. Burada o, "yerdən götürmək və bir-birinə birləşmək” mənasında işlənib. Yəni bax gör onları bir-birinə necə birləşdirir, ətlə necə örtür və dirildirik.
Bəzi təfsirçilərin bu ifadənin həmin peyğəmbərin özünün sümüklərinə aid olması ehtimalını irəli sürmələri çox təəccüblü və həqiqətdən uzaqdır. Çünki bu söhbət o dirildikdən sonra baş verib.
Həmin diyarın əhalisinin sümüklərinin nəzərdə tutulması ehtimalı da həqiqətə uyğun deyil. Çünki ondan əvvəl söhbət həmin diyarın əhalisindən deyil, uzunqulaqdan gedirdi.
Ayənin sonunda buyurur: "Ona (bu həqiqətlər) aydın olduqda dedi: “Bilirəm ki, Allah hər şeyə qadirdir!"
Yəni mənim elm və məlumatım kamilləşdi, əyani müşahidə mərhələsinə çatdı. Maraqlıdır ki, (Züleyxanın Yusif barəsində “indi haqq aşkara çıxdı" dediyi kimi,) o da "indi bildim" demir, "bilirəm" deyir, yəni elmə malik olduğumu, bildiyimi etiraf edirəm.