Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 136
Bəqərə surəsi, 261-ci ayə
Bəqərə surəsi, 261-ci ayə
مَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ فِي سَبِيلِ اللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنْبَتَتْ سَبْعَ سَنَابِلَ فِي كُلِّ سُنْبُلَةٍ مِائَةُ حَبَّةٍ وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٢٦١
Ayənin tərcüməsi
261\. Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər. Allah onu istədiyi (layiq olan) kimsə üçün qat-qat artırar. Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləmək haqqındakı ayələrin başlanğıcı.
Allah yolunda mal xərcləmək insanın inkişaf amilidir Allah yolunda mal xərcləmək İslamın təkid etdiyi mühüm məsələlərdəndir. Quran bu məsələyə çox təkid edib. Sözügedən ayə "Bəqərə” surəsində Allah yolunda mal xərcləməkdən bəhs edən ayələr toplusunun birincisidir. Bəlkə də, onların mǝad barəsindəki ayənin davamında gəlməsinin səbəbi Qiyamətdə insanın qurtuluşuna səbəb olan ən mühüm işlərdən birinin Allah yolunda mal xərcləmək və başqalarına əl tutmaq olmasıdır.
Bəziləri də bu ayələrin bu surənin mǝad və tövhid ayələrindən əvvəlki cihad və cihad yolunda mal xərcləmək ayələri ilə əlaqəli olduğunu deyiblər.
Əvvəlcə buyurur: "Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər".
Beləcə, ümumilikdə hər bir toxumdan yeddi yüz toxum çıxır.
Onların mükafatı bununla da məhdudlaşmır: "Allah onu istədiyi kimsə (layiq olan, niyyət, ixlas, kəmiyyət və keyfiyyət baxımından düz olan kəs) üçün qat-qat artırar”.
Allah tərəfindən bu qədər mükafatın verilməsi təəccüblü deyil, çünki “Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir”.
Bəzi təfsirçilər sözügedən ayədə Allah yolunda mal xərcləməyin yalnız cihad yolunda mal xərcləməyə aid olduğunu, yəni onun İbrahim və Talutun hekayətindən əvvəlki ayələrdə sözügedən məsələyə Üzeyir, təkid xarakteri daşıdığını deyiblər. Əslində, ayənin mənası genişdir və hətta əvvəlki ayələrlə əlaqəsi olsa belə, bu, sözügedən ayə və ondan sonrakı ayələrin mənasını məhdudlaşdırmır. Çünki “Allah yolunda" ifadəsi istənilən xeyir işə şamil olunur.
Bundan əlavə, növbəti ayələrdən Allah yolunda mal xərcləmək məsələsinin müstəqil mövzu kimi davam etdirildiyi məlum olur. Ayənin mənasının ümumi olmasına hədislərdə də işarə edilib."
Maraqlıdır ki, bu ayədə Allah yolunda mal xərcləyən şəxslər münbit torpaqda əkilmiş məhsuldar toxuma bənzədiliblər, halbuki onların özü deyil, əməlləri həmin toxuma bənzədilməli idi. Buna görə də təfsirçilərin çoxu ayədə atılmış sözün - (əlləzinə) sözündən əvvəl (sədəqati) və ya (həbbətin) sözündən əvvəl (bazir) sözünün olduğunu deyiblər.
Lakin ayədə atılmış və ya xəyali sözün olmasına heç bir dəlil yoxdur və Allah yolunda mal xərcləyən şəxslərin bərəkətli və məhsuldar toxumlara bənzədilməsi maraqlı və dolğun bənzətmədir. Sanki Quran burada hər bir insanın əməlinin onun vücudunun şüası olmasını demək istəyir. Əməlin genişlənməsi, əslində, onun vücudunun genişlənməsidir.
Başqa sözlə desək, Quran insanın əməlini onun vücudundan kənar hesab etmir və onların hər ikisini bir həqiqətin müxtəlif formaları hesab edir. Buna görə də həmin cümlədə atılmış və ya xəyali söz yoxdur, sadəcə, o, xeyriyyəçilik edən insanın gördüyü xeyir iş sayəsində mənəvi inkişaf və təkamül əldə etdiyinə işarə edir. Həmin şəxslər kökü və qol- budağı hər tərəfi bürüyən məhsuldar toxum kimidirlər.
Xülasə, hər bir bənzətmədə bənzətmə qoşmasından əlavə, bənzəyən tərəf, bənzədilən tərəf və bənzətmə əlaməti də olmalıdır. Burada bənzəyən tərəf malını Allah yolunda xərcləyən şəxs, bənzədilən tərəf məhsuldar toxum, bənzətmə əlaməti isə onun inkişaf və artımıdır. Bizim etiqadımıza əsasən, malını Allah yolunda xərcləyən şəxs böyük mənəvi və ictimai inkişafa nail olur və buna görə də cümlədə əlavə söz fərz etməyə ehtiyac yoxdur.
Buna bənzər məna bu surənin 265-ci ayəsində də var.
Təfsirçilər arasında müzakirə obyekti olan məsələlərdən biri də "hər sünbülündə yüz dən olan toxum" ifadəsinin gerçəklikdə mövcud olmayan fərzi bir bənzətmə, yoxsa həqiqət - məsələn, onun qarğıdalı dənəsi və ya darı olmasıdır. (Çünki adətən bir buğda toxumundan yeddi yüz dən çıxmır.)
Lakin bir neçə il bundan əvvəl yağışlı il oldu və qəzetlərdə cənub şəhərlərində bəzi tarlalarda buğdaların gövdəsinin çox hündür, sünbüllərinin sayının çox olması, hətta bəzən bir gövdədə dörd min dənə buğda olması barədə xəbərlər yer almışdı. Buradan da qeyd edilən bənzətmənin xəyali deyil, tamamilə gerçək olduğu məlum olur.
Ayənin ərəbcə orijinalında işlənmiş (yuzaifu) feilinin kökü (zif) sözüdür və onun mənası “bir şeyin iki və ya neçə qatı"dır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq neçə min dən verən toxum tapmağın mümkünlüyünü və bu ifadənin həqiqi bənzətmə olduğunu demək olar.
İncəlik:
Allah yolunda ianə vermək ictimai təbəqələşmə probleminin ən mühüm həll yoludur.
İnsanın əldə etdiyi bütün texnoloji və maddi inkişafına baxmayaraq, bu gün də davam edən böyük ictimai problemlərdən biri ictimai təbəqələşmə bir tərəfdə yoxsulluq və səfillik, digər tərəfdə isə sərvətin üst-üstə yığılması problemidir.
Bəziləri o qədər mal toplayır ki, onun hesabını belə itirir, bəziləri isə yoxsulluq və kasıblıqdan əziyyət çəkir, hətta yemək, yaşayış yeri və paltar kimi zəruri həyat ehtiyaclarını təmin edə bilmirlər.
Şübhəsiz, bir hissəsi zənginlik, digər böyük hissəsi isə yoxsulluq üzərində qurulan cəmiyyət heç vaxt həqiqi xoşbəxtlik əldə edə bilməz. Belə bir cəmiyyətdə təşviş, iztirab, nigaranlıq, bədbinlik, düşmənçilik və müharibənin baş verməsi labüddür.
buovİctimai təbəqələşmə keçmiş insan cəmiyyətlərində də olub. Lakin təəssüf ki, yaşadığımız dövrdə ictimai təbəqələşmə daha təhlükəli şəkil alıb. Çünki insanlara yardım göstərilməsi və bir-birinə əl tutmaq qapıları bağlanıb, onların üzünə ictimai təbəqələşmənin yaranmasının böyük səbəblərindən olan rəngarəng sələmçilik qapıları açılıb.
Kommunizm və sairənin yaranması, son əsrdə baş verən və dünyanın müxtəlif yerlərində hələ də davam edən, əksər hallarda iqtisadi səbəblərdən doğan və insan cəmiyyətində çoxluq təşkil edən məhrum kütlələrin əksüləməli olan böyük və kiçik müharibə və toqquşmalar bu həqiqətdən xəbər verir.
Alimlər və dünyanın iqtisadiyyat məktəbləri bu böyük ictimai problemin həllinə çalışırlar. Bu istiqamətdə onların hərəsi bir həll yolu seçib. Kommunizm fərdi mülkiyyətçiliyi ləğv etmək, kapitalizm isə ağır vergi almaq və (ictimai təbəqələşmənin həll edilməsindən çox formal xarakter daşıyan) ümumi xeyriyyə təşkilatları yaratmaq yolunu seçib. Onların hər biri onunla mübarizə apardığını güman edir. Lakin əslində, onların heç biri bu istiqamətdə təsirli bir addım ata bilməyib.
Çünki dünyaya hakim olan materialist ruh ilə bu problemi həll etmək mümkün deyil.
Quran ayələrinə diqqət etdikdə belə məlum olur ki, İslamın hədəflərindən biri ictimai ədalətsizlik nəticəsində zəngin təbəqə ilə kasıb təbəqə arasında yaranmış ədalətsiz fasiləni aradan qaldırmaq və başqalarının köməyi olmadan öz ehtiyaclarını təmin etməyə gücü çatmayan şəxslərin yaşayış səviyyəsini yaxşılaşdırmaqdır.
İslam bu məqsədinə çatmaq üçün geniş proqram hazırlayıb. Belə ki sələmçiliyi birmənalı şəkildə qadağan edib, zəkat, xüms, sədəqə və sairə maliyyə vergilərinin ödənilməsini vacib edib, insanları ianə və faizsiz borc verməyə, vəqf etməyə, digər maddi yardımlara təşviq edib. Bunlar İslamın həmin təlimlərinin bir hissəsidir. Onların hamısından da mühümü müsəlmanlar arasında iman və insani qardaşlıq ruhunun gücləndirilməsidir.