Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 139
Bəqərə surəsi, 264-265-ci ayələr
Bəqərə surəsi, 264-265-ci ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ .٢٦٤
وَمَثَلُ الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِنْ أَنْفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِنْ لَمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ .٢٦٥
Ayələrin tərcüməsi
264\. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslər üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz!
265\. Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə Günəş işığı) onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir!
Ayələrin təfsiri.
Malın xərclənməsi barədə iki maraqlı misal.
Qeyd edilən bu iki ayədə əvvəlcə imanı olan şəxslərin Allah yolunda xərclədikləri mali minnət qoymaq və əziyyət verməklə puça çıxarmamaları həqiqətinə işarə edilir. Sonra minnət, əziyyət, riyakarlıq və özünü göstərmək üçün verilən ianələrlə ixlas, dini və insani hisslər- dən qaynaqlanan ianələr barəsində iki misal çəkir.
Bu ayənin ərəbcə quruluşunun hərfi tərcüməsi belədir: "Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”.
Sonra bu əməli riyakarlıq və özünü göstərmək məqsədi daşıyan ianələrə bənzədərək buyurur: “Malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi”.
Daha sonra buyurur: “Belə şəxslər üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər”.
Necə də incə və dolğun ifadədir! Təsəvvür edin ki, möhkəm bir daşın üstünü nazik torpaq qatı örtüb və həmin torpağa məhsuldar toxum səpilib. O, açıq havada və Günəş şüası altındadır. Sonra onun üstünə dolu yağır və həmin toxumun inkişafına lazım olan bütün şəraitin olmasına baxmayaraq, bircə şeyin çatışmazlığına görə hər şey məhv olur. Həmin dolu bu nazik torpaq qatını toxumlarla birlikdə yuyub aparır və üstündə heç nə bitməyən o bərk və hamar daş “sərt üz”ünü göstərir. Həmin toxumlar münasib olmayan yerdə əkilmişdi. Onun zahiri bəzəkli, içi isə sərt və keçilməz idi. Onun üstünü sadəcə, nazik torpaq qatı örtmüşdü, halbuki bitki və ağacın yetişdirilməsi üçün dərin torpaq qatı lazımdır ki, bitkinin kökünü qəbul edə, su ehtiyatı yığa və bitkini qidalandıra bilsin.
Riyakarlıqla yerinə yetirilən işlər, minnət və əziyyətlə müşayiət edilən ianələr də belədir. Onlar da daş ürəklərdən qaynaqlanır, sahibləri onlardan heç bir xeyir görmür və onların bütün zəhmətləri hədər gedir.
Ayənin sonunda buyurur: “Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz”.
Bu cümlə doğru yola istiqamətlənmək uğurunun onlardan alınmasına işarədir. Çünki onlar küfr, riyakarlıq, minnət və başqalarını incitmək yolunu seçdikləri üçün hidayət olunmağa layiq deyildirlər. Beləliklə, riyakarlıqla verilən ianələrlə minnət və əziyyət verməklə müşayiət edilən ianələr eyni sırada dayanır.
Sonrakı ayədə həmin dəstənin müqabilində dayanan başqa bir dəstə barəsində gözəl bir misal çəkilir. Onlar Allah yolunda iman və ixlasla ianə verən kəslərdir. Buyurur: "Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə Günəş işığı) onun meyvələrini ikiqat artırar”.
Daha sonra buyurur: “Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər)”.
Ayənin sonunda buyurur: “Həqiqətən, Allah nə etdiyinizi görəndir!”
O, verilən ianənin Allah yolunda sevgi və ehtiramla, yoxsa riyakarlıq, minnət və əziyyət verməklə müşayiət olunduğunu bilir.
İncəliklər:
1\. “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın” cümləsindən bəzi əməllərin yaxşı işlərin nəticəsini puç etdiyi məlum olur. Bu, sözügedən surənin 217-ci ayəsində izah verdiyimiz "ihbat" məsələsidir.
2\. Riyakarlıqla görülən işin üstü nazik torpaq qatı ilə örtülmüş daşa bənzədilməsi çox dolğun ifadədir. Çünki riyakar insanlar öz sərt və faydasız batinlərini xeyriyyəçilik və yaxşılıq maskası ilə örtür, vücudlarında sabit kökü olmayan işlər görürlər. Lakin həyatda baş verən müxtəlif hadisələr onların batinlərini ifşa edir.
3\. “Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək yolunda" ifadəsi ilahi məqsəd daşıyan ianənin xüsusiyyətlərini bəyan edir. Onlar Allahın razılığını qazanmaq və iman ruhunu gücləndirərək qəlb və ruhda rahatlıq yaratmaqdır.
Bu cümlədən həqiqi ianə verənlərin mallarını yalnız Allahın razılığını qazanmaq, insani dəyərlərin möhkəmlənməsi, həmçinin imkansızlar qarşısında vicdanlarında hiss etdikləri məsuliyyətdən doğan narahatlıq və iztiraba son qoymaq məqsədi ilə xərcləyənlər olduğu məlum olur. (Buna görə də ayənin ərəbcə orijinalında işlənmiş (min) önqoşması (fi) önqoşması mənasındadır.)
4\. İkinci ayənin sonundakı "Həqiqətən, Allah nə etdiyinizi görəndir!” cümləsi bütün yaxşı iş görmək istəyənlərə bir xəbərdarlıqdır. Onlar diqqətli olmalı, niyyət və davranış baxımından kiçicik xətaya yol verməməlidirlər. Çünki Allah-taala onların əməllərinə nəzarət edir.