Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 14
Bəqərə surəsi, 30-33-cü ayələr
Bəqərə surəsi, 30-33-cü ayələr
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي جَاعِلٌ فِي الْأَرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لَا تَعْلَمُونَ .٣٠
وَعَلَّمَ آدَمَ الْأَسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلَائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلَاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ .٣١
قَالُوا سُبْحَانَكَ لَا عِلْمَ لَنَا إِلَّا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ .٣٢
قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ .٣٣
Ayələrin tərcüməsi
30\. (Xatırla ki,) Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam" - dedikdə (mələklər): "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan? söylədilər. (Çünki bu Adəmdən qabaq da yerdə varlıqlar yaşayır, fəsad törədir, qan tökürdülər. Əgər insanı yaratmaqda məqsəd ibadətdirsə, biz Sənə layiqincə ibadət edirik). (Allah onlara:) "Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!" - buyurdu.
31\. Sonra Adəmə "adlar" elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi. Sonra onları mələklərə göstərərək: "Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!" dedi.
32\. (Onlar): "Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən” - dedilər.
33\. (Sonra:) "Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!" dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?" - buyurdu.
Ayələrin təfsiri.
İnsan - Allahın yer üzündəki canişini.
Bundan əvvəlki ayələrdə Allah-taalanın dünyadakı bütün nemətləri insan üçün yaratdığı qeyd edilmişdi. Bu ayələrdə isə insanın yer üzǝrindəki rəhbərliyi, Allahın canişini olması məsələsi öz əksini tapmış, onu bu nemətlərə layiq edən mənəvi mövqeyi açıqlanmışdır.
Buradan başlayaraq 39-cu ayəyə qədər davam edən ayələrdə Adəmin (ilk insanın) yaradılmasına toxunulmuşdur. Burada əsasən üç məsələ diqqət mərkəzindədir:
1\. Allah-taalanın mələklərə yer üzərində Öz canişinini yaradacağı barədə xəbər verməsi və onların Allahla söhbəti.
2\. Mələklərə ilk insana təzim etmək əmrinin verilməsi (Bu məsələyə Quranın bir çox ayəsində işarə edilmişdir.)
3\. Adəmin Cənnətdəki həyatının şərhi, onun Cənnətdən çıxarılmasına səbəb olan hadisə, daha sonra isə tövbə edərək ailəsi ilə birlikdə yerdə yaşaması.
İndi haqqında danışacağımız ayələr birinci məsələ haqqında məlumat verir. Allahın istəyi belə olmuşdur ki, yer üzərində Onun canişini olacaq bir varlıq yaratsın. O, elə bir varlıq olmalı idi ki, xüsusiyyətləri Allahın sifətlərindən götürülmüş, şəxsiyyəti isə mələklərdən də üstün olsun. Allah dünyadakı bütün nemətləri qüvvələri, xəzinələri, mədənləri və s. onun ixtiyarına vermək istəyirdi. Təbii ki, belə bir varlığın yer üzərindəki digər varlıqlara rəhbərlik etməsi üçün kifayət qədər ağıl, şüur, dərrakəsi olmalı idi. Buna görə də ilk ayədə Allah-taala belə buyurmuşdur: “(Xatırla ki,) Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”- dedikdə..."
Ayənin ərəbcə mətnində "xəlifəh" sözü işlədilmişdir. Bu sözün mənası "canişin" deməkdir. Burada kimin canişini olması və nə işdə canişinlik etməsi barədə təfsirçilər bir neçə ehtimal vermişlər. O cümlədən bəzi təfsirçilər belə hesab etmişdir ki, daha əvvəl yer üzündə yaşamış mələklərin canişin olması nəzərdə tutulmuşdur. Bəziləri belə hesab etmişdir ki, daha əvvəl yer üzündə yaşamış insan və ya digər məxluqların canişini nəzərdə tutulmuşdur. Başqa bir qrupun fikrincə, insan nəsillərinin bir- birinin canişini olması nəzərdə tutulmuşdur. Lakin ən doğru ehtimal odur ki, burada "canişinlik" deyildikdə (bir çoxlarının da qəbul etdiyi kimi) ilahi canişinlik, yəni Allahın yer üzərindəki nümayəndəsi nəzərdə tutulmuşdur. Çünki bu cümlənin ardınca mələklərin: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?" sualı məhz bu mənaya uyğun gəlir. Çünki yalnız Allahın yer üzərində nümayəndəsi olmaq bu işlərlə uyğun gəlmir. Eləcə də Adəmə sonrakı ayədə şərhini verəcəyimiz adların öyrədilməsi məsələsi, habelə mələklərin ona təzim etməsi də bu iddianın doğruluğuna dəlalət edir. İstənilən halda Allah-taala yer üzündə yaradılış aləminin ən şah əsərini yaradıb onu Öz canişini etmək istəyirdi. Bu #### Ayələrin təfsiri barədə İmam Sadiqdən (ə) nəql edilmiş hədisdə də məhz bu mənaya işarə edilmişdir: "Mələklər Adəmin məqamını tanıdıqdan sonra başa düşdü- lər ki, o və övladları Allahın yer üzündə canişini və bəndələrə höccət olmağa hamıdan layiqdirlər”.
Ayənin davamında mələklərin etiraz əlaməti olaraq deyil, həqiqəti öyrənməkdən ötrü verdiyi sual qeyd edilmişdir: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?”
Allah-taala burada onlara üstüörtülü şəkildə cavab vermiş, mələklər bu cavabın əsl mənasını daha sonralar başa düşmüşdülər: "(Allah onlara:) "Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!" buyurdu.
Mələklərin sözündən belə başa düşülür ki, onlar yaradılacaq yeni məxluqun - insanın sakit bir varlıq olmayacağını, yer üzündə fitnə- fəsad törədib qan tökəcəyini bilirmişlər. Maraqlıdır ki, görəsən, onlar bunu haradan bilirdilər? Bu barədə təfsirçilər müxtəlif fikirlər bildirmişlər. Bəziləri belə ehtimal vermişdir ki, Allah-taala daha öncə onlara insan barəsində qısaca məlumat veribmiş. Başqa bir dəstənin fikrincə, bunu mələklər özləri (yerdə) ifadəsindən anlamışlar. Onlar insanın torpaqdan yaradılacağını və torpağın öz zatındakı xüsusiyyətinə görə çəkişmə və mübahisə mənbəyi olduğunu bilirdilər. Üstəlik, hətta bütün dünyanı da insana versələr belə, maddi dünyanın heç vaxt onun gözünü doyurmayacağını bilirdilər. Bu vəziyyətin, xüsusilə də məsuliyyət hissinin lazımi səviyyədə olmadığı halda fitnə- fəsada səbəb olacağını da anlayırdılar. Üçüncü bir qrup təfsirçilər isə belə hesab etmişlər ki, Adəm yer üzünün ilk məxluqu deyildi. Ondan qabaq da yer üzündə məxluqlar olmuş və məhz onlar fitnə-fəsad törətdiyi üçün mələklər Adəmin də nəslinin fitnə-fəsad törədəcəyini ehtimal vermişlər.
Bu üç mülahizə bir-biri ilə elə də ziddiyyət təşkil etmir, yəni bu üç ehtimalın hər biri mələklərin etirazı üçün səbəb ola bilər. Xüsusilə də nəzərə almaq lazımdır ki, mələklər bu sözündə haqlı olmuşlar. Buna görə də Allah-taala onlara verdiyi cavabda onların dediyini inkar etməmiş, bu həqiqətlə yanaşı, insanın barəsində daha önəmli şeylərin olduğunu, sadəcə mələklərin bunu bilmədiyini buyurmuşdur.
Mələklər elə təsəvvür edirdilər ki, əgər insanı yaratmaqda məqsəd Allaha ibadət etməkdirsə, biz gecə-gündüz Ona ibadət edirik. Belə olan halda Onun canişini olmağa biz daha layiqik. Lakin xəbərləri yox idi ki, onların vücudunda şəhvət, qəzəb və nəfsani istəklər yoxdur. Belə bir varlığın ibadəti ilə vücudunda şəhvət, qəzəb və nəfsani istəklərə malik, şeytani vəsvəsələrin mühasirəsində olan insanın ibadəti arasında böyük fərq var. Onlar haradan biləydilər ki, bu insanın nəslindən Muhəmməd (s), İbrahim (ə), Nuh (ə), Musa (ə) və İsa (ə) kimi peyğəmbərlər, məsum imamlar, əməlisaleh insanlar, şəhidlər, bütün varlığını cani-dildən Allah yoluna həsr edən kişi və qadınlar çıxacaq?!
Bu ayədə diqqəti cəlb edən önəmli məqamlardan biri də odur ki, mələklər özlərinin üç cəhətinə - şükür etmək, Allahın şəninə təriflər demək və Onu müqəddəs tutmağa əsaslanmışlar. Şükür etməklə Allahın şəninə təriflər deməyin mənası odur ki, onlar Allahı bütün nöqsanlardan uzaq, bütün kamal sifətlərinə malik bilirdilər. Bəs Allahı müqəddəs tutmağın mənası nədir? Bəzi təfsirçilərin fikrincə, onun da mənası Allahı bütün nöqsanlardan uzaq bilməkdir. Belə olduqda bu söz Allahın şəninə təriflər deməklə eyni mənanı ifadə edib onu təkidləndirir. Lakin başqa bir qrup təfsirçi isə belə hesab etmişdir ki, ayənin ərəbcə mətnindəki (nuqəddis) feilinin məsdəri olan (təqdis) sözü (qüds) kökdən alınmışdır ki, bu da “özünü bütün pis xüsusiyyətlərdən təmizləmək nəticəsində yer üzünü pis insanlardan təmizləmək və canı Allah üçün saflaşdırmaq" deməkdir. Bu mülahizəni söyləyənlər ayənin ərəbcə mətnindəki (ləkə) birləşməsini öz iddialarına sübut gətirmişlər. Belə ki onlar (nuqǝddisukə) əvəzinə (nuqǝddisu ləkə) deməklə, əslində, onu bildirmək istəmişlər ki, əgər insanı yaratmaqda məqsəd itaətdirsə, biz Sənə itaət edirik. Yox, əgər məqsəd ibadətdirsə, biz gecə-gündüz Sənin ibadətindəyik. Və əgər məqsəd özünü və ya yer üzünü islah etməkdirsə, biz zatən bu işlə məşğuluq. Halbuki maddi olan insanın həm özü fitnə-fəsada meyillidir, həm də yer üzü fitnə-fəsad mənbəyidir.
Həqiqət mələklərə tam təfsilatı ilə aydın olsun deyə, Allah-taala onları sınamaq qərarına gəldi ki, özləri insanla onların arasında yerlə göy qədər fərq olduğunu etiraf etsinlər.
Mələklər sınaq qarşısında.
Allahın lütf və mərhəməti sayəsində insan yaradılışdakı həqiqətləri dərk etmək üçün fövqəladə bir potensiala malik olduğuna görə Allah-taala bu potensialı reallaşdıraraq ona yaradılışın sirlərini öyrətdi: "Sonra Adəmə "adlar" elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi”.
Təfsirçilər "adlar elmi” haqqında müxtəlif fikirlər bildirsələr də, bunu tam əminliklə söyləyə bilərik ki, bu, heç də mənası olmayan sözlər olmamışdır. Əks təqdirdə bu iş Adəm (ə) üçün iftixar sayılmazdı. Deməli, Adəmə (ə) mənası olan sözlər, varlıqların adları öyrədilmişdir. Təbii ki, yaradılışın sirləri, varlıqların adlarını bilmək onun üçün böyük iftixar olmuşdur. Bu #### Ayənin təfsiri haqqında İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Yerlər, dağlar, dərələr, çayların kənarı (bir sözlə, bütün varlıqların adları) nəzərdə tutulmuşdur". Sonra İmam (ə) üzərində əyləşdiyi xalıya baxıb əlavə etdi: "Hətta bu xalı da Allahın Adəmə öyrətdiyi adlar elminə daxil olmuşdur". Buna əsasən deyə bilərik ki, adlar elmi leksikoqrafiyaya bənzər bir şey olmamış, varlıqların adları ilə yanaşı, eyni zamanda onların fəlsəfə, xüsusiyyət, keyfiyyət və sirlərini də əhatə etmişdir. Allah-taala bu elmi Adəmə (ə) öyrətdi ki, təkamül yolunda bu dünyanın maddi-mənəvi nemətlərindən istifadə edə bilsin. Allah ona adqoyma bacarığını da verdi ki, əşyaları adlandıra bilsin və ehtiyac duyulduğu zaman bu və digər əşyanın adını çəkməklə, lazım gəldikdə isə ona işarə etməklə istədiyi kimi faydalana bilsin. Bunun özü də böyük bir nemətdir. Bunun əhəmiyyəti özünü elmi məsələlərdə daha qabarıq şəkildə büruzə verir. Belə ki bu gün bəşəriyyətin bütün elmi nailiyyətləri yazıb- oxumağın nəticəsində əldə edilmişdir. Keçmiş nəsillərin elmi mirası kitablarda toplanılmışdır. Əgər əşyalara ad qoyulmasaydı, keçmiş nəsillərdən bu günə heç bir elmi məlumat gəlib bizə çatmazdı.
Ayənin sonunda Allah-taala belə buyurmuşdur: "Sonra onları mələklərə göstərərək: "Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!" – dedi.
Lakin mələklərin belə bir məlumatı olmadığı üçün onlar bu sınaq qarşısında aciz qalıb dedilər: “(Onlar): “Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən - dedilər”.
Bu cavabla mələklər etiraf edirlər ki, bizim verdiyimiz sual bilməməzlik üzündən olmuşdur. Biz insanın onu bizdən üstün edən bu bacarığından xəbərsiz idik. Həqiqətən də, o, Sənin canişinin olmağa daha layiqdir. O, olmadan yer üzü kamil olmaz.
Mələklərin bu etirafından sonra növbə Adəmə (ə) yetişir. O, mələklərin qarşısında varlıqların ad və sirlərini açıqlamalı idi və bu işin öhdəsindən layiqincə gəldi: "(Sonra) "Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!" - dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): "Mən sizə göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?" - buyurdu”.
Mələklər yeni xəlq edilmiş insanın geniş məlumatı qarşısında baş əyib onun Allahın yer üzündəki xəlifəsi olmağa layiq olduğunu anladılar.
"Sizin gizlində etdiklərinizi" ifadəsindən məlum olur ki, mələklər dildə dediklərindən başqa ürəklərində də nəsə gizlədiblərmiş. Bəzi təfsirçilər bunu o vaxt hələ mələklərin cərgəsində olan İblisə aid edərək bildirmişlər ki, o, Adəmə (ə) heç vaxt təzim etməmək niyyətində olmuşdur. Belə bir ehtimal da var ki, bu ifadə mələklərin, həqiqətən də, özlərini Allahın canişini olmağa hamıdan layiq olduğunu düşünmələrinə işarə edir. Onlar buna ötəri şəkildə işarə etsələr də, açıq şəkildə dilə gətirməmişdilər.
İki suala cavab.
Burada iki sual yaranır. Biri odur ki, Allah-taala bu elmi Adəmə (ə) necə öyrətdi? İkincisi də odur ki, Allah həmin elmi mələklərə də öyrətsəydi, onlar da Adəmin (ə) malik olduğu üstünlüyə yiyələnərdilər. Belə olan halda bunun nəyi üstünlük sayılır?
Bu suallara cavab vermək üçün ilk olaraq onu qeyd etməliyik ki, Allahın bu elmi Adəmə (ə) öyrətməsi genetik xarakter daşımışdır. Başqa sözlə desək, Allah həmin elmi Adəmin (ə) fitrətində yaratmışdı, sadəcə olaraq qısa müddət ərzində onu üzə çıxartdı.
Quranda "öyrətmək" feilinin “təkvini öyrətmək” mənasında nəzərdə tutulduğuna başqa ayələrdə də rast gəlirik. Məsələn, "Rəhman” surəsinin 4-cü ayəsində deyilir:
"(Allah) ona (insana) danışmağı öyrətdi”.
Təbii ki, Allah-taalanın insana danışmaq öyrətməsi fitri bir məsələdir. Yəni Allah insana fitri olaraq belə bir potensial verib ki, vaxtı gəlib çatdıqda danışa bilsin.
İkinci suala cavab olaraq isə qeyd edək ki, mələklərin yaradılışı onlara bu elmləri tam olaraq mənimsəmək imkanı vermirdi. Onlar bu işdən ötrü deyil, başqa məqsəd üçün yaradılmışdılar. Buna görə də məlum sınaqla qarşılaşdıqdan sonra həqiqət onlara məlum olur. Bəlkə də, özləri əvvəlcə elə düşünürdülər ki, bu iş üçün də potensialları var. Lakin Allah-taala onları sınağa çəkməklə onların potensialı ilə Adəmin (ə) potensialı arasındakı fərqi onlara göstərdi.
Nəhayət, dilçilik qaydalarına əsaslanaraq belə bir sual meydana gəlir ki, əgər "varlıqların adları elmi" dedikdə yaradılışın sirləri və bütün varlıqların xüsusiyyətləri nəzərdə tutulmuşdursa, bəs nəyə görə kişi cinsinin cəminə uyğun (hum) bitişən əvəzliyindən və (hǝulai) işarə əvəzliyindən istifadə edilmişdir? Buna cavab olaraq bildirək ki, "hum" bitişən əvəzliyi heç də həmişə kişi cinsinin cəmi üçün işlədilmir. Bəzi vaxtlar hətta qeyri-insan anlayışı bildirən məfhumlar haqqında da bu bitişən əvəzlikdən istifadə edilir. Məsələn, Yusif (ə) peyğəmbər ulduzlar, günəş və ay haqqında danışdıqda onlara məhz bu işarə əvəzliyi ilə işarə etmişdir:
"(Xatırla) bir zaman Yusif atasına dedi: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ayın mənə səcdə etdiyini gördüm"."