Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 142
Bəqərə surəsi, 268-ci ayə
Bəqərə surəsi, 268-ci ayə
الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ .٢٦٨
Ayənin tərcüməsi
268\. Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudur və sizə çirkin işləri əmr edir. Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vǝdi verir. Allah geniş (qüdrət sahibi) və (hər şeyi) biləndir.
Ayənin təfsiri.
Allah yolunda mal xərcləməyə mane olan amillərlə mübarizə.
Allah yolunda mal xərcləmək ayələrinin davamı olaraq bu ayədə həmin işə mane olan şeytanın vəsvəsələrinə işarə edilib. Belə ki şeytan insanı Allah yolunda mal, xüsusilə yaxşı və istifadəyə yararlı malını xərcləyəcəyi təqdirdə, yoxsullaşacağı ilə qorxudur. Bəzən bu vəsvəsələr Allah yolunda müstəhəb, hətta xüms və zəkat kimi vacib olan malın xərclənməsinə mane olur.
Allah-taala buyurur: "Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudur") və deyir ki, özünüzün və uşaqlarınızın gələcək təminatını unutmayın, sabahı düşünün, əgər bir şey sənin özünə lazımdırsa, onu başqasına vermək düz deyil. Yəni o, Allah yolunda mal xərclənməsinə mane olmaq üçün bu cür vəsvəsələrdən istifadə edir. Bundan əlavə, o, “sizə çirkin işləri (günah və itaətsizliyi) əmr edir”.
Ayənin ərəbcə orijinalında işlənmiş (fəhşa) sözünün mənası “çirkin, çox qəbahətli iş”dir. Burada o, bir növ günah və itaətsizlik olan xəsislik, Allah yolunda mal xərcləməyin tərk edilməsi mənasında işlədilmişdir. (Hərçənd ki (fǝhşa) sözü bəzən də ismətsizlik mənasında işlədilir, lakin burada həmin məna elə də münasib deyil.) Hətta bəzi təfsirçilər ərəblərin xəsis adama (fahiş) dediyini qeyd ediblər.
Burada (fəhşa) sözünün mənasının “ianə üçün istifadəyə yararsız malın seçilməsi" olması ehtimalı da vardır.
Həmçinin onda məqsədin istənilən günah olmasını da deyiblər. Çünki şeytan insanı yoxsulluq qorxusu ilə müxtəlif qeyri-qanuni yollarla mal qazanmağa sövq edir.
Şeytanın əmr etməsi dedikdə onun vəsvəsələri nəzərdə tutulur. Ümumiyyətlə, bütün mənfi, xeyir işə mane olan və dar düşüncələr şeytanın vəsvəsələrinə tabe olmaqdan qaynaqlanır. Həmçinin əksinə, istənilən müsbət, qurucu və ülvi fikirlər ilahi ilham və pak ilahi fitrətdən qaynaqlanır.
Belə ki ilk baxışda ianə vermək və mal xərcləmək malın azalma- sıdır. Lakin bu, dar şeytani düşüncədir. Məsələyə bir az diqqətlə və geniş aspektdən yanaşdıqda görürük ki, Allah yolunda ianə vermək cəmiyyət həyatının davam etməsinə, ictimai ədalətin möhkəmlənməsinə, təbəqələşmənin azalmasına və ümumi inkişafa səbəb olur. Şübhəsiz, cəmiyyətin tərəqqisi həmin cəmiyyətdə yaşayan insanların da rifah və asayişinə səbəb olur. Bu, həmin obyektiv ilahi nəzərdir.
Quran bu yolla müsəlmanları başa salır ki, ianə zahirdə sizin malınızı azaltsa da, əslində, sərmayənizi həm mənəvi, həm də maddi baxımdan artırır.
Təbəqələşmənin mənfi nəticə və təsirlərinin, sərvətin qeyri-bərabər bölünməsinin fəsadlarının aydın müşahidə edildiyi müasir dünyamızda sözügedən ayənin mənasını başa düşmək elə də çətin deyil. candles Həmçinin buradan Allah yolunda mal xərcləməyin tərk edilməsi ilə ayənin ərəbcə orijinalında işlənmiş (fǝhşa) (çirkin işlər) sözü arasında bir növ əlaqə və bağlılığın olması məlum olur.
Əgər (fǝhşa)nı “xəsislik" mənasında götürsək, onlar arasındakı əlaqə belə olacaq: Allah yolunda mal xərcləmək va iana verməyin tərk edilməsi insanda ən pis xislətlərdən olan xəsislik xüsusiyyətinin yaranmasına səbəb olur. Lakin (fǝhşa)nı "günah", yaxud "cinsi günah" mənasında götürsək, onunla Allah yolunda mal xərcləmək arasında yenə də əlaqə olacaq. Çünki əksər günahların, ismətsizliklərin, pozğunluqların kökü yoxsulluqdur. Bundan əlavə, Allah yolunda mal xərcləməyin bir sıra inkaredilməz mənəvi təsir və bərəkətləri vardır.
Sonra buyurur: “Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədi verir”.
"Məcməül-bəyan" təfsirində İmam Sadiqdən (ə) belə nəql edilib: "Allah yolunda mal xərcləyərkən iki şey Allah, iki şey də şeytan tərəfindən olur. Allah tərəfindən olanlar “günahların bağışlanması" və "malın bərəkətlənib artması", şeytan tərəfindən olanlar isə "yoxsulluq vədi" və "çirkin işlərə əmr etmək”dir."
Deməli, ayənin ərəbcə orijinalında işlənmiş (məğfirət) sözündə məqsəd "günahların bağışlanması", (fəzl) sözündə məqsəd isə İbn Abbasdan nəql edildiyi kimi, Allah yolunda verilən ianə nəticəsində malın artmasıdır.
Əmirəl-möminin Əlidən (ə) belə nəql edilib: “Çətinlik və yoxsulluğa düçar olduğunuz zaman ianə verməklə Allahla alver edin". (Yəni yoxsulluqdan xilas olmaq üçün Allah yolunda ianə verin.)
Ayənin sonunda buyurur: “Allah geniş (qüdrət sahibi) və (hər şeyi) biləndir”.
Bu cümlə Allahın geniş qüdrətə və sonsuz elmə malik olduğu üçün Öz vədinə əməl etməsinin mümkünlüyünə işarə edir. Buna görə də Onun vədinə ürək qızdırmaq olar. İnsanı günaha sövq edən hiyləgər və yalançı şeytanın vədi isə belə deyil. Çünki şeytan gələcəkdən xəbərdar və gücə malik olmadığı üçün onun vədi sapdırma və nadanlığa təşviqdən başqa bir şey olmayacaq.