Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 147
Bəqərə surəsi, 274-cü ayə
Bəqərə surəsi, 274-cü ayə
الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٢٧٤
Ayənin tərcüməsi
274\. Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
Ayənin nazilolma səbəbi.
Çoxsaylı hədislərdə bu ayənin İmam Əli (ə) barəsində nazil olması qeyd edilmişdir. Nəql edilənlərə əsasən, o Həzrətin (ə) dörd dirhəmi olub və onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar və bir dirhəmini də gizli Allah yolunda sərf edib və sonra bu ayə nazil olub.
Lakin ayənin hansısa bir hadisə barəsində nazil olması onun mənasını məhdudlaşdırmır və onun hökmünün başqalarına şamil olmasına mane olmur.
Ayənin təfsiri.
İanənin bütün formaları bəyəniləndir.
Bu ayədə Allah yolunda verilən ianənin müxtəlif növlərinə işarə edilib. Buyurur: “Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır”.
Qeyd etmək lazımdır ki, Allah yolunda ianə verilməsi üçün müxtəlif üsulların seçilməsi daha yaxşı şəraitin seçilməsi məqsədi daşıyır. İanə verənlər bu işi görərkən əxlaqi və ictimai şəraiti nəzərə almalıdırlar. Yəni əgər ianə verilən zaman onun aşkar verilməsinə lüzum yoxdursa, bu işi gizli etsinlər ki, həm ianəni qəbul edənlərin abırı qorunsun, həm də verənlər daha çox ixlasa malik olsunlar.
Lakin ortada dini ayinlərin təbliği, başqalarının bu işə təşviq edilməsi və həvəsləndirilməsi kimi səbəblər varsa, ianə vermək şəxsi xarakter daşımırsa (məsələn, cihad yolunda, ümumi mənafeyi olan xeyriyyə mərkəzinin tikilməsi və sairə kimi işlərə yönəlibsə), heç kəsin şəxsiyyətinin alçalmasına səbəb olmayacaqsa və ixlasla da ziddiyyət təşkil etmirsə, bu halda onu aşkar etsinlər.
Bəlkə də, ayədə “gecə”nin “gündüz”dən və “gizli"nin "aşkar"dan əvvəl qeyd edilməsi onun gizli olmasının daha yaxşı olmasına işarədir. Əlbəttə, onun aşkar edilməsinə əsaslı səbəbin olduğu hal istisnadır. Lakin vəziyyət və növündən asılı olmayaraq, ianə verilməsi tərk edilməməlidir.
Şübhəsiz, Allahın yanında olan şey (xüsusilə Onun Rǝbb - yetişdirən və inkişaf etdirən sifəti nəzərə alınaraq) az və dəyərsiz olmaz, Onun lütf və mərhəmətinə uyğun olacaq, həm dünyanın bərəkətlərini, həm də axirətin gözəlliyini və Allahın dərgahına yaxınlığı ehtiva edəcək.
Daha sonra buyurur: "Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər”.
İnsanın öz həyatını davam etdirməsi üçün mal və sərvətə ehtiyacı var. Buna görə də o, malını əldən çıxaranda kədərlənir və öz gələcəyindən narahat olur. Çünki o, gələcəyinin necə olacağını bilmir. Bu, bir çox hallarda onun Allah yolunda ianə verməsinə mane olur. Amma Allahın vədlərinə imanı olanlar və ianənin ictimai nəticələrini dərk edənlər istisnadır. Onlar Allah yolunda mal xərcləmək və ianə verməkdən qorxmur, gələcəkdən nigaran olmur, malları əllərindən çıxdığına görə kədərlənmirlər. Çünki əllərindən çıxan şeyin əvəzində həm bu dünyada, həm də axirətdə, həm Allahın lütfündən, həm də ianənin fərdi, ictimai və əxlaqi faydalarından neçə qat artıq bəhrələnəcəklərini bilirlər.