Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 148
Bəqərə surəsi, 275-277-ci ayələr
Bəqərə surəsi, 275-277-ci ayələr
الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ بِأَنَّهُمْ قَالُوا إِنَّمَا الْبَيْعُ مِثْلُ الرِّبَا وَأَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا فَمَنْ جَاءَهُ مَوْعِظَةٌ مِنْ رَبِّهِ فَانْتَهَى فَلَهُ مَا سَلَفَ وَأَمْرُهُ إِلَى اللَّهِ وَمَنْ عَادَ فَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ .٢٧٥
يَمْحَقُ اللَّهُ الرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ .٢٧٦
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ .٢٧٧
Ayələrin tərcüməsi
275\. Sələm yeyənlər (Qiyamət günü) yalnız şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar). Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!" - dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir (çünki bu ikisi arasında çox böyük fərq var). Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq.) Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
276\. Allah sələmi məhv edər, sədəqələri artırar. Allah heç bir nankoru, günahkarı sevməz!
277\. İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!
Ayələrin təfsiri.
Sələm ianənin əksidir.
Allah yolunda ianə vermək və mal bəxşişi ilə ehtiyacı olanları himayə etmək mövzusunun ardınca bu ayələrdə ianənin əksi olan sələmdən bəhs edilir. Əslində, bu ayələr əvvəlki ayələrin məqsədini təkmilləşdirir. Çünki sələmçilik cəmiyyətdə yoxsulluğun artmasına, sərvətin məhdud bir dəstənin əlində toplanmasına, cəmiyyətin əksər üzvlərinin məhrumiyyət içində yaşamasına, xəsislik, kin-küdurət və nifrətin artmasına səbəb olur.
Allah yolunda ianə qəlblərin təmizlik, ruhların paklıq və cəmiyyətin asayiş amilidir.
Bu ayələrdə sələmin qadağan olması hökmü tam qətiyyətlə bəyan edilir. Lakin ayənin bəyan tərzindən sələm barədə əvvəl də danışıldığı məlum olur. Quran surələrinin nazilolma tarixinə nəzər saldıqda məsələnin qeyd edildiyi kimi olmasının şahidi oluruq. Çünki Quranın nazilolma sıralığı baxımından Məkkədə nazil olmuş otuzuncu surəsində "Rum” surəsində sələmdən danışılıb. Biz Məkkədə nazil olmuş surələrin heç birində ("Rum” surəsindən başqa) sələm barəsində bir şeyə rast gəlmirik. Həmin surədə sələm məsələsinə əxlaqi öyüd- nəsihət kimi toxunulub. Buyurur:
"İnsanlara var-dövlətlərinin artması üçün sələm niyyəti ilə ödədiyiniz heç bir şey Allah yanında artmaz”.
Dar düşüncəli insanların fikrincə, sərvət sələmlə arta bilər. Lakin Allah yanında onunla heç nə artmır.
Həzrət Peyğəmbərin (s) hicrətindən sonra Mədinədə nazil olmuş surələrin üçündə sələm məsələsinə toxunulub. Onlar "Bəqərə”, Ali-İmran" və "Nisa” surələridir.
"Bəqərə” surəsi "Ali-İmran" surəsindən əvvəl nazil olsa da, çox ehtimal ki, “Ali-İmran" surəsinin sələmi aşkar şəkildə haram buyuran 130-cu ayəsi "Bəqərə" surəsindən və sözügedən ayələrdən əvvəl nazil olub.
Bu ayə və sələm barəsindəki digər ayələr sələmçiliyin Məkkə, Mədinə və Ərəbistan yarımadasında geniş yayıldığı, təbəqələşmənin mühüm amillərindən biri olduğu, zəhmətkeşlərin aciz hala düşməsinə səbəb olduğu və zadəganların tüğyan etdiyi bir vaxtda nazil olub. Buna görə də Quranın sələm ilə mübarizəsi İslamın ictimai mübarizəsinin mühüm hissəsini təşkil edir.
Qeyd edilənləri nəzərə alaraq #### Ayələrin təfsirinə başlayaq.
Əvvəlcə aydın və dolğun bir bənzətmə ilə sələm yeyənlərin halını təsvir edərək buyurur: "Sələm yeyənlər (Qiyamət günü) yalnız şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar”.
Bu cümlədə sələm yeyən şəxs yol gedərkən müvazinətini qoruyub saxlaya və düzgün yol gedə bilməyən özündəngetmə (epilepsiya) və ya dəlilik xəstəliyi olan şəxsə bənzədilib. Görəsən, bu ifadədə məqsəd onların Qiyamətdəki halını və Məhşər səhnəsinə daxil olarkən vəziyyətlərini təsvir etməkdir? Yəni onlar Məhşər səhnəsinə daxil olarkən dəlilər və özündəngetmə xəstəliyi olan şəxslər kimi olacaqlar?
Təfsirçilərin çoxu bu ehtimalı qəbul edib. Lakin bəzi təfsirçilər ayənin sələm yeyənlərin bu dünya həyatındakı halını təsvir etdiyini deyiblər. Çünki onların əməli dəlilərin əməlinə bənzəyir. Onlar düzgün ictimai təfəkkürə malik deyillər və hətta öz mənafelərini fikirləşə bilmirlər. Onlar üçün birinə kömək etmək, birinin dərdinə şərik olmaq, insani hisslər və insanpərvərlik kimi məsələlər mənasızdır. Mal düşkünlüyü onların gözünü elə kor edib ki, aşağı təbəqələrin istismar və əməyinin qarət edilməsinin qəlblərə düşmənçlik toxumu səpməsini, mülkiyyət hüququnu məhv edəcək inqilab və ictimai partlayışlarla nəticələnəcəyini və həmin cəmiyyətdə təhlükəsizlik və asayişin mövcud olmayacağını dərk etmirlər. Belə olan halda, sələm verən şəxs həmin cəmiyyətdə rahat yaşaya bilməyəcək. Deməli, onun davranışı, əslində, dəlinin davranışı kimidir.
İnsanın axirətdəki vəziyyəti onun bu dünyadakı əməllərinin təcəssümü olduğu üçün ayənin hər iki mənaya işarə olması ehtimalı da var. Bu dünyadakı hərəkətləri məntiqsiz, ağıla zidd və dəlicəsinə sərvət toplamaq olan sələmçilər axirətdə Məhşər səhnəsinə dəlilər kimi gələcəklər.
Məsumlardan (ə) nəql edilmiş hədislərdə bu cəhətlərin hər ikisinə işarə edilib. Bu #### Ayənin təfsiri barəsində İmam Sadiq (ə) belə buyurmuşdur: "Sələm yeyən şəxs dünyadan köçməmişdən əvvəl mütləq bir növ dəliliyə düçar olar".
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş digər bir hədisdə yalnız öz mənafeyini düşünən və sərvətləri onlar üçün əzaba çevriləcək qarınqulu sələmçilərin vəziyyəti belə təsvir edilib: "Meraca gedəndə orda bir dəstə gördüm. Onların qarnı o qədər yekə idi ki, nə qədər çalışıb ayağa qalxmaq və yol getmək istəsələr də, bacarmırdılar və yerə yıxılırdılar. Cəbraildən onların kim olduğunu və günahlarının nə olduğunu soruşdum. Cəbrail onların sələm yeyənlər olduğunu dedi".
Birinci hədis insanın bu dünyadakı qeyri-sabit halını, ikinci hədis isə sələm yeyənlərin Qiyamət səhnəsindəki vəziyyətini təsvir edir. Onların hər ikisi bir həqiqətə aiddir. Çox yeyən qarınqulu adamlar eybəcər və anormal kökəldikləri kimi, sələm yeməklə şişən sərvət sahibləri də qeyri-sağlam iqtisadi həyata malikdirlər və o, onların boynunda ağır yükdür.
Görəsən, dəliliyin səbəbkarı şeytandırmı?
Burada qarşıya belə bir sual çıxır: Görəsən, dəlilik və özündən- getmə xəstəliyinin səbəbkarı şeytandırmı ki, ayədə ona işarə edilib? Halbuki epilepsiya və dəlilik ruhi xəstəliklərdəndir və əksər hallarda yaranma səbəbləri də məlumdur.
Cavab:
Bəzilərinin nəzərincə, “şeytanın toxunması" ifadəsi ruhi xəstəlik və dəlilik barəsində məcazdır və ərəblər arasında belə bir ifadənin işlədilməsi ənənəsi olub. Yoxsa ki onda məqsəd şeytanın həqiqətən insanın ruhuna təsir etməsi deyil.
Lakin bəzi şeytani işlərin və səhv hərəkətlərin şeytani dəliliyə səbəb olması mümkün ehtimaldır. Yəni həmin əməllərdən sonra şeytan insana təsir edir və onun ruhi tarazlığını pozur. Bundan əlavə, şeytani və səhv işlərin çoxalmasının nəticəsi insanın məntiqi düşünmək qabiliyyətini əldən verməsidir.
Sonra sələmçilərin düşüncə tərzindən bir nümunəyə işarə edərək buyurur: "Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!" - dedikləri üzündəndir".
Onların məqsədi sələm ilə alverin hər ikisinin tərəflərin razılığı ilə baş verən mübadilə olması idi. Lakin Quran onlara cavab verir ki, onların hər ikisi necə eyni ola bilər, "halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir".
Onların arasındakı fərq dəlil və hikmətə əsaslanır və hikmət sahibi olan Allah da həmin hikmətə əsaslanaraq belə hökm verib. Quran bu barədə bundan artıq izah vermir. Bəlkə də, bunun səbəbi məsələnin aydın olmasıdır. Çünki birincisi, adi alqı-satqıda tərəflərin hər ikisi xeyir və ziyana uğramaq baxımından bərabər vəziyyətdədir. Bəzən onların hər ikisi qazanc əldə edir, bəzən hər ikisi ziyana məruz qalır, bəzən də biri xeyir, digəri ziyan edir. Lakin sələm əməliyyatlarında sələmçi heç vaxt ziyana uğramır və bütün ehtimal olunan ziyanlar qarşı tərəfin üzərinə düşür. Buna görə də sələm təşkilatları gündən-günə genişlənir, sərmayələri çoxalır və zəif təbəqələrin məhv olması sayəsində onların sərvətinin həcmi durmadan artır.
İkincisi, adi ticarət və alqı-satqıda tərəflər istehsal və istehlak yolu ilə hərəkət edirlər, halbuki sələmçilər bu istiqamətdə heç bir müsbət addım atmırlar.
Üçüncüsü, sələmçiliyin yayılması ilə sərmayələr qeyri-sağlam istiqamətə ünvanlanır və cəmiyyətin əsası sayılan iqtisadiyyatın sütunları zəifləyir. Halbuki düzgün ticarət sərvətin sağlam dövriyyəsinə səbəb olur.
Dördüncüsü, sələmçilik sinfi düşmənçilik və qarşıdurmaların yaranmasına səbəb olur. Halbuki sağlam ticarət belə deyil, o, cəmiyyəti təbəqələşməyə və ondan doğan qarşıdurmalara sövq etmir. in Ayənin davamında tövbə qapısı açaraq buyurur: "Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq”.
"Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) Cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!"
Əvvəlki cümlədə bu qanunun da bütün qanunlar kimi keçmişə şamil olmadığı qeyd edilir. Çünki qanun əvvəlki vaxtlara da şamil olarsa, insanların həyatında çoxsaylı problemlər yaradar. Buna görə də qanunlar həmişə rəsmi şəkil aldıqdan sonra icra edilirlər.
Bunun mənası sələmçilərin ayə nazil olduqdan sonra insanlardan alacaqlarının (insanların onlara olan sələm borclarının) halal olması deyil. Məqsəd onların ayə nazil olmamışdan əvvəl aldıqları faizlərdir.
"Onun işi Allaha həvalə edilir" cümləsinin zahiri həmin şəxslərin əfv edilmək və ya cəzalandırılmaq baxımından vəziyyətinin məlum olmamasına və Allahın lütfündən asılı olmasına dəlalət etsə də, ondan əvvəlki "keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur" ifadəsindən məqsədin onların bağışlanması olduğu məlum olur. Ayə nazil olmamışdan əvvəl sələmçiliklə məşğul olanların bağışlanması hökmünün tam aşkar elan edilməməsinin səbəbi, bəlkə də, sələmin günahının böyük olmasıdır.
Bu cümlənin mənası barədə başqa ehtimallar da verilib. Lakin onlar ayənin zahiri ilə ziddiyyət təşkil etdiyi üçün biz onları nəql etmirik.
Ayənin sonunda əbədi əzaba işarə edilib, halbuki belə əzablar günah etmiş iman əhlinə deyil, kafirlərə məxsusdur. Bəlkə də, həmin ifadə sələm yeməkdə israrlı olan şəxslərin imanının düzgün olmamasına işarədir. Çünki həmin şəxs Allahın bu aydın qanununa – pozulması Allaha qarşı müharibə elan etmək sayılan qanuna qarşı çıxır.
Yaxud da ola bilər ki, daim sələm yemək həmin şəxslərin dünyadan imansız getmələrinə, aqibətlərinin qaranlıq və zülmət olmasına səbəb olur.
Bir ehtimal da var ki, burada qeyd edilən əbədilik "Nisa” surəsinin günahsız insanları qətlə yetirənlərin həmişəlik əzaba düçar olmaları qeyd edilən 93-cü ayəsində olduğu kimi əbədi və həmişəlik deyil, uzunmüddətli əzab mənasında olsun.
Sonrakı ayədə sələm ilə Allah yolunda verilən sədəqəni müqayisə edərək buyurur: "Allah sələmi məhv edər, sədəqələri artırar”.
Sonra buyurur: "Allah heç bir nankoru, günahkarı (sədəqənin o qədər savabını unudub sələmçilik alovuna tərəf gedən şəxsi) sevməz!"
Ayənin ərəbcə orijinalında işlənmiş (məhq) sözünün mənası “tədrici naqislik və məhv olma"dır. (riba) sözünün mənası isə "tədrici artım və inkişaf”dır.
Sələmçi sərvəti vasitəsi ilə zəhmətkeş təbəqənin qazancını öz əlinə keçirir və bəzən bu yolla onların həyatına son qoyur və ya onların qəlbində elə düşmənçilik və kin-küdurət toxumu səpir ki, onlar tədricən sələmçinin mal və canını məhv etməyə hazır olurlar.
Quran buyurur: “Allah sələmi məhv edər". Sələmçiləri gözləyən bu tədrici məhv olma sələmçi cəmiyyət üçün də var.
Onların müqabilində cəmiyyətdə insani hisslərlə yaşayan insanlar durur. Onlar əllərində olan maldan sədəqə verir, insanların ehtiyacını aradan qaldırmağa çalışır, sevgi və məhəbbətlə qarşılanırlar. Onların sərmayəsini heç bir təhlükə təhdid etmir, əksinə, ümumi əməkdaşlıq nəticəsində o, öz təbii artım yolunu davam etdirir. Buna görə də Quran buyurur: "Sədəqələri artırar”.
Bu hökm həm fərd, həm də cəmiyyətə aiddir. Ümumi ehtiyacların nəzərə alındığı cəmiyyətdə cəmiyyətin əsas hissəsini təşkil edən zəhmətkeş və fəhlə sinfinin zehni və fiziki gücü işə düşür, onun ardınca ümumi əməkdaşlıq və ümumi bəhrələnmə modelinə əsaslanan sağlam iqtisadi sistem yaranır.
Ayənin ərəbcə orijinalında işlənmiş (kəffar) sözünün kökü (kufur) sözüdür və onun mənası "çox nankor və naşükür şəxs"dir. (əsim) sözünün mənası “çox günah edən şəxs”dir.
Sələm yeyənlər Allah yolunda ianə və faizsiz borc verməyi, eləcə də ümumi xeyriyyə məqsədli işlərə pul xərcləməyi tərk etməklə Allahın onlara verdiyi nemətin şükrünü yerinə yetirməməkdən əlavə, həmin nemətləri zülm, sitəm, günah və fəsad vasitəsi edirlər. Allah belə şəxsləri sevmir.
Sözügedən ayələrin sonuncusunda sələm yeyənlərə tam əks mövqedə dayanmış şəxslərə işarə edərək buyurur: "İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!"
Nankor və günahkar sələm yeyənlərin müqabilində iman sayəsində eqoizmi tərk edən, öz fitri hisslərini oyadan, Rəbləri ilə ünsiyyətdə olmaq və namaz qılmaqdan əlavə, ehtiyacı olanların köməyinə tələsən və bu yolla sərvətin bir əldə toplanmasının və təbəqələşmənin, onun da ardınca min cür cinayətin qarşısını alan kəslər öz Rəblərindən mükafatlarını alacaqlar və hər iki dünyada öz əməllərinin nəticəsindən bəhrələnəcəklər.
Onlar müftəxor sərmayə sahibləri kimi iztirab və təşviş keçirməyəcək, arxalarınca lənət və nifrin gəlməyəcək.
Nəhayət, onlar kamil xatircəmlik və asayişə malik olacaqlar və heç bir iztirab və qəm-qüssələri olmayacaq: “Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”