Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 150
Bəqərə surəsi, 282-ci ayə
Bəqərə surəsi, 282-ci ayə
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَدَايَنْتُمْ بِدَيْنٍ إِلَى أَجَلٍ مُسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُبْ بَيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلَا يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللَّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللَّهَ رَبَّهُ وَلَا يَبْخَسْ مِنْهُ شَيْئًا فَإِنْ كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لَا يَسْتَطِيعُ أَنْ يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُوا شَهِيدَيْنِ مِنْ رِجَالِكُمْ فَإِنْ لَمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّنْ تَرْضَوْنَ مِنَ الشُّهَدَاءِ أَنْ تَضِلَّ إِحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الْأُخْرَى وَلَا يَأْبَ الشُّهَدَاءُ إِذَا مَا دُعُوا وَلَا تَسْأَمُوا أَنْ تَكْتُبُوهُ صَغِيرًا أَوْ كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِنْدَ اللَّهِ وَأَقْوَمُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلَّا تَرْتَابُوا إِلَّا أَنْ تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلَّا تَكْتُبُوهَا وَأَشْهِدُوا إِذَا تَبَايَعْتُمْ وَلَا يُضَارَّ كَاتِبٌ وَلَا شَهِيدٌ وَإِنْ تَفْعَلُوا فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُوا اللَّهَ وَيُعَلِّمُكُمُ اللَّهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ .٢٨٢
Ayənin tərcüməsi
282\. Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın. (Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır. O yazmalı, üzərində haqq olan yazdırmalı, Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir. Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır. Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin (bu iki qadın birlikdə şahidlik etsin) ki, biri yayındıqda o birisi ona xatırlatsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq, (borcunuzu) yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır. Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir. (Nağd) alqı-satqı etdikdə şahid tutun. Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız. Allahdan qorxun. Allah sizə öyrədir və Allah hər şeyi biləndir.
Ayənin təfsiri.
Quranın ən uzun ayəsində ticarət sənədinin tənzimlənməsi.
Allah yolunda ianə vermək və sələmdən bəhs edilən ayələrin ardınca Quranın ən uzun ayəsi olan bu ayədə ticari-iqtisadi məsələlər barəsində dəqiq hökm və qanunlar bəyan edilib ki, sərmayələr daha çox təbii inkişaf etsin və insanlar arasında mübahisə, ixtilaf və çəkişmələr baş verməsin.
Bu ayədə maliyyə əməliyyatları barədə on doqquz mühüm göstəriş verilib.
1\. Birinci hökmdə belə buyurur: "Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın".
Bu ifadədən həm borc almağın caiz olması, həm də borc üçün müddət təyin edilməsinin gərəkliliyi hökmü çıxır.
Ayənin ərəbcəsində (qǝrz) deyil, (dəyn) sözündən istifadə edilib. Çünki (qərz) sözündən bir-birinə bənzəyən iki şeyin mübadiləsi zamanı istifadə edilir. Məsələn, şəxs birindən bir şey borc alır, sonra onun bənzərini qaytarır. Lakin (dəyn) sözü borcun bütün növlərinə – istər borc almaqla yaranmış olsun, istərsə də tərəflərdən birinin öhdəlik götürdüyü digər əməliyyatlar, məsələn, icarə, sülh və alqı-satqı vasitəsi ilə şamil olur.
Buna görə də sözügedən ayə eyni cinsli borclara şamil olmaqla yanaşı, sələf və nisyə alqı-satqıda mövcud olan bütün borcları ehtiva edir.
Bəziləri onu yalnız sələf alqı-satqıya aid ediblər. Lakin bu, tam əsassızdır. Hərçənd ki ola bilər onun nazilolma səbəbi sələf alqı-satqı barəsində olsun.
2,3. Daha Çox xatircəmlik yaranması və müqavilənin ehtimal olunan müdaxilələrdən amanda qalması üçün buyurur: “(Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır”.
Deməli, həmin müqavilə üçüncü şəxs tərəfindən tənzimlənməli və həmin şəxs ədalətli adam olmalıdır.
Bu və bundan əvvəlki cümlənin zahiri bu müqavilənin yazılmasının vacib olması təsiri bağışlayır. Çünki bir hökmün əmr formasında deyilməsi onun vacib olmasına dəlalət edir. Buna görə də bəzi əhli- sünnə alimləri bunu vacib hesab ediblər.
Lakin böyük şiə və əhli-sünnə alimləri başqa dəlillərə əsaslanaraq onun müstəhəb olması qənaətinə gəliblər. (Ola bilər ki, hökmün əmr formasında gətirilməsi mübahisə və qarşıdurma yaranmasının qarşısını almaq üçün yol göstərmə və tövsiyə xarakteri daşıyır.) “Əgər bir- birinizə etibar edirsinizsə, etibar olunmuş şəxs (ortada yazı olmasa da,) borcunu geri qaytarsın” buyurulan sonrakı ayədən bu hökmün ortada inam olmayan və mübahisə yaranması ehtimalı olan yerə aid olduğu məlum olur.
Diqqət çəkən məqamlardan biri də "ədalət" sifətinin yazıya aid olmasıdır. Çünki yazan ədalətli olmalıdır ki, ədalətlə də yazsın.
4\. "Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır.”
Yəni o, Allahın ona verdiyi nemətin əvəzi olaraq müqavilə yazmaqdan boyun qaçırmamalı, bu işdə alqı-satqı tərəflərinə (xüsusilə ayənin nazil olduğu və savadlı adamların çox az olduğu mühitdə) kömək etməlidir.
Yuxarıdakı təfsirə əsasən, “Allahın öyrətdiyi şəkildə” ifadəsi daha çox təkid və təşviq xarakteri daşıyır. Lakin, ola bilər ki, o, bir başqa hökmǝ - yazmaqda son dərəcə əmanətdarlığa riayət edilməsinə işarə olsun. Yəni o, sənədi Allahın ona öyrətdiyi kimi tənzimləməlidir.
Görəsən, həmin şəxsin yazmaq dəvətini qəbul etməsi "vacibi- eyni"dirmi? Şübhəsiz, bu sualın cavabı mənfidir. Çünki onu kimsə yerinə yetirsə, hökm başqalarının boynundan götürülür. Buna görə də bəzi alimlər onun "vacibi-kifayi" olması hökmünü veriblər.
Lakin alimlərin çoxu bu işin də müstəhəb və bir növ "yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbirlik” olduğunu deyiblər. Bu ayənin sonrakı cümlələrindən onun müstəhəb olmasına dair dəlillər tapmaq mümkündür. Əgər ictimai vəziyyət tələb edirsə, vacib, başqa hallarda isə müstəhəbdir.
Görəsən, katib zəhmət haqqı ala bilərmi? Həmçinin mürəkkəb, qələm və kağızın xərci kimin öhdəsindədir?
Bəziləri bunların katibin öhdəsində olduğunu və onun zəhmət haqqı almaq haqqına malik olmadığını güman edirlər. Lakin bu, düz deyil. Çünki bu qəbildən olan vaciblər üçün zəhmət haqqı almağın eybi yoxdur. Onun xərcləri də iş sahibinin öhdəsindədir.
5\. “O yazmalı, üzərində haqq olan yazdırmalıdır”.
Alqı-satqı tərəflərindən biri müqavilənin formasını diktə etməlidir ki, katib yazsın. Lakin bunu tərəflərdən hansı etməlidir?
Ayə buyurur ki, üzərində haqq olan diktə etməlidir. Ümumiyyətlə, sənədlərdə əsas imza borclu şəxsin imzası sayılır və sənəd onun diktəsi ilə hazırlananda istənilən inkarın qarşısı alınır.
6\. "Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir”.
7\. "Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır”.
Deməli, üç dəstənin əvəzinə onun qəyyumu diktə etməlidir:
Birincisi, ağıldan kəm səfəhlərin – (dəli olmasalar da,) öz xeyir- ziyanını və maliyyə məsələlərini tənzimləyə bilməyən şəxslərin;
İkincisi, düçüncə qabiliyyəti zəif olanların, azyaşlı uşaqların, əldən düşmüş və yaddaşı zəifləmiş qocaların və ya dəli və lalların; Üçüncüsü, lal olmasalar belə, diktə etmək qabiliyyəti olmayan kəslərin.
Bu cümlədən dolayısı ilə başqa bir hökm – səfeh və ağıldan kəm olanların öz mallarını sərf etmələrinin qadağan olunması və qəyyumun onların bu kimi işlərinə müdaxilə etməsi hökmü də çıxır.
8\. Qǝyyum da himayəsində olan şəxslərin borclarının diktə və etiraf edilməsində ədalətə riayət etməlidir: "...ədalətlə..."
Nə onların haqqından artıq bir şey deməlidir, nə də onların ziyanına iş görməlidir.
9\. Sonra buyurur: "Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun.
10,11. Həmin iki şahid kişi olmalıdır: “...iki kişini..."
Onlar həm həddi-büluğa çatmış olmalıdır, həm də müsəlman (Ayənin ərəbcə orijinalında işlənmiş (rical) (kişi) sözü həddi-büluğ mənasını və onun (kum) (sizin) bitişik əvəzliyi ilə izafat tərkibinə girməsi onların müsəlman olmasını ifadə edir. Çünki burada xitab müsəlmanlaradır.)
12,13. "Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin”.
Yəni şahidlər inanılmış və ədalətli şəxslər olmalıdırlar. Bu məsələyə hədislərdə də geniş şəkildə toxunulub. Həmçinin şahid mübahisə yaranmış məsələdə maraqlı tərəf olmamalıdır.
14\. Əgər şahidlərin hər ikisi kişi olsa, onların hər biri ayrı- ayrılıqda şahidlik edə bilər. Lakin şahid bir kişi və iki qadından ibarət olsa, həmin iki qadın birlikdə şahidlik etməlidir "ki, biri yayındıqda o birisi ona xatırlatsın”.
Çünki qadınlar emosional olduqları üçün təsir altına düşə və şahidlik edərkən unutqanlıq və ya başqa səbəbdən düz yoldan çıxa bilərlər. Əgər belə bir şey baş verərsə, gərək onlardan biri digərinə xatırlatsın. Əlbəttə, bu ehtimal kişilər barəsində də var, lakin bu, az və zəifdir.
15\. Bu məsələnin hökmlərindən biri də budur ki, "şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar". Yəni şahidlik etmək üçün çağırıldıqda şahidlərin şahidlik etməsi vacibdir.
Bir ehtimal da var ki, həm işin baş verməsi üçün dəvət ediləndə, həm də sonradan şəhadət vermək üçün getmək vacibdir.
16\. Borc az və ya çox olmasından asılı olmayaraq, yazılmalıdır.
Çünki sağlam iqtisadi əlaqələr kiçik borclar üçün də müqavilənin yazılmasını tələb edir. Buna görə də sonrakı cümlədə buyurur: "Az və ya çox olmasından asılı olmayaraq, (borcunuzu) yazmaqdan usanmayın".
Sonra buyurur: "Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır”.
Əslində, bu cümlə alqı-satqı sənədlərinin yazılması barəsində qeyd edilən hökmlərin fəlsəfəsinə işarə edir. Həmin sənədlərin diqqətlə tənzimlənməsi bir tərəfdən ədalətin icrasını təmin edir, bir tərəfdən şahidlərin şəhadətini gücləndirir, digər tərəfdən də cəmiyyət üzvləri arasında bədbinliyin yaranmasının qarşısını alır.
Tənzimlənmiş sənədlər şahid və sənəd-sübut kimi hakimlər tərəfindən mötəbər hesab edilə bilər. Hərçənd ki bəzi fəqihlər ona elə də etina etmirlər.
17\. Sonra bu hökmdən bir məsələni istisna edərək buyurur: "Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir”.
Ayənin ərəbcə orijinalında işlənmiş “ticarətən hazirəh” ifadəsinin mənası "nağd ticarət”dir və "tudirunəhə bəynəkum" (hərfi tərcüməsi “aranızda əlbəəl dövr etdirdiyiniz"dir) ifadəsi ticarətin nağd olmasına təkid məqsədi daşıyır.
Həmçinin "fə ləysə ələykum cunəhun" "eybi yoxdur" ifadəsindən nağd ticarətdə sənəd tənzimlənməsinin yaxşı iş olduğu məlum olur. Çünki bir çox hallarda nağd ticarətdə də pulun ödənilməsi, malın miqdarı, yaxud tərəflərin hüquqları barədə mübahisə yaranır. Əgər yazılı sənəd tənzimlənsə, həmin mübahisələrə son qoyular.
18\. Nağd ticarətdə sənəd tənzimlənməsi və yazılması vacib olmasa da, şahid tutmaq daha yaxşıdır. Çünki bu, gələcəkdə yarana biləcək ixtilafların qarşısını alar. Buna görə də buyurur: "(Nağd) alqı-satqı etdikdə şahid tutun”.
Burada məqsədin nağd və nisyə olmasından asılı olmayaraq, bütün alqı-satqılara aid edilməsi ehtimalı da var. Buna görə də həm şiə, həm də əhli-sünnə alimləri – az bir qismi istisna olmaqla bu göstərişi vacib deyil, müstəhəb hesab ediblər. Sonrakı ayədə də buna dəlalət edən dəlil var.
Şübhəsiz, o, (çörək, yemək və sairə kimi) gündəlik baş verən kiçik alqı-satqılara aid deyil.
19\. Bu ayədə qeyd edilən son hökmdə buyurur: “Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız".
Beləcə, Quran katib və şahidlərə toxunulmazlıq hüququ verir və təkidlə haqq-ədaləti bərqərar edən həmin şəxslərə toxunmamağı tapşırır. Deyilənlərdən ayənin ərəbcə orijinalında işlənmiş (la yuzarrǝ) feilinin "təhrif edib incitməsinlər” mənası verən məlum feil deyil, "onlara zərər verilməməlidir" mənasında olan məchul feil olması məlum olur.
Bütün hökmlər bəyan edildikdən sonra ayənin sonunda insanları təqvalı olmağa, Allahın əmrlərinə itaət etməyə dəvət edərək buyurur: "Allahdan qorxun!"
Sonra "Allah sizə öyrədir" deyə buyuraraq Allahın insanlara maddi və mənəvi həyatda ehtiyacları olan hər şeyi öyrətdiyini yada salır.
Həmçinin buyurur: "Və Allah hər şeyi biləndir”.
Yəni O, insanların xeyir və ziyanına olan şeyləri bilir və ona uyğun qanunlar müəyyənləşdirir.
İncəliklər:
1\. Müsəlmanların intizamlı olmasına və iqtisadi məsələlərinə diqqət.
Qurani-Kərimin ən uzun ayəsində ticarət və digər əməliyyatlarda sənəd tənzimlənməsi barədə qeyd edilən bu dəqiq hökmlər və onların bütün mərhələlərdə tam xırdalığı ilə izah edilməsi Quranın müsəlmanların iqtisadi məsələlərinə və işlərinin nizam-intizama əsaslanmasına nə qədər çox diqqət və əhəmiyyət verməsinin göstəricisidir. Bu kitabın yazıb-oxumaq bilənlərin sayının az olduğu bir cəmiyyətdə nazil olması, onun dərs oxumamış və məktəbə getməmiş bir şəxs tərəfindən gətirilməsi bir tərəfdən Quranın əzəmətinə, digər tərəfdən isə müsəlmanların iqtisadi sisteminin əhəmiyyətinə dəlalət edir.
Əli ibn İbrahim özünün məşhur təfsirində belə yazır: “Hədislərdə “Bəqərə” surəsində İslamın beş yüz hökmünün mövcud olması qeyd edilib. Təkcə bu ayədə on beş hökm bəyan edilib".!
Bu ayədə bəyan edilən hökmlərin sayı on doqquza çatır və əgər bir hökmün içində olan digər hökmləri də nəzərə alsaq, onların sayı bundan daha çox olacaq. Hətta Fazil Miqdad "Kənzül-ümmal” kitabında ondan birbaşa iyirmi bir və bir neçə dolayı hökm çıxarıb. Bu ayədə on beş hökmün olmasını deyənlər hökmlərin bəzisini bəzisi ilə birləşdiriblər.
2\. Elm ilə təqvanın bir-birinə bağlılığı.
"Allahdan qorxun" və "Allah sizə öyrədir" cümlələri bir-birinə bağlanmış müstəqil cümlələr olsalar da, onların bir-birinin yanında qeyd edilməsi aralarında bir əlaqə və bağlılığın olmasının nişanəsidir. Yəni təqva, pəhrizkarlıq və Allaha ibadətin insanın agahlıq və bəsirətinə, elm və biliyinin artmasına təsiri böyükdür. İnsanın qəlbi təqva ilə cilalananda o, həqiqətləri güzgü kimi əks etdirir. Bu, tam məntiqi bir məsələdir. Çünki pis xüsusiyyət və əməllər pərdə kimi insanın düşüncəsinin üstünü örtür və onun həqiqətin simasını olduğu kimi görməsinə mane olur. Təqva vasitəsi ilə pərdələr kənara çəkildikdən sonra haqqın siması aşkar olur.
Yəni: Həqiqət gözəl bir məkan, nəfsi istəklər isə toz-torpaq kimidir. Məgər görmürsən ki, toz-torpaq qalxanda adamın gözü sağlam olsa da, o, heç yeri görmür?
Lakin bəzi nadan sufilər bundan sui-istifadə edərək onu rəsmi təhsil almağı tərk etmək üçün əllərində bəhanə ediblər. Halbuki bu, Quranın bir çox ayələri və çoxsaylı hədislərlə ziddiyyət təşkil edir.
Həqiqətdə elmlərin bir qismi rəsmi təlim yolu ilə öyrənilməli, ilahi elmlər olan digər bir qismi isə qəlbin paklığı, onun təqva ilə yuyulması və Allahı tanımaq vasitəsi ilə əldə edilməlidir. Bu, Allahın istədiyi və layiq bildiyi hər bir kəsin qəlbinə qoyduğu elmdir.
"Elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə qoyur".