Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 152
Bəqərə surəsi, 284-cü ayə
Bəqərə surəsi, 284-cü ayə
لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٨٤
Ayənin tərcüməsi
284\. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək. İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər. Allah hər şeyə qadirdir.
Ayənin təfsiri.
Hər şey Ona məxsusdur!
Bu ayə əvvəlki ayənin son cümləsini təkmilləşdirərək buyurur: “Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək”.
"İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər”.
Yəni şəhadətin gizlədilməsi kimi əməllər və digər qəlb günahları Ona gizli qalmır. Varlıq aləminin, yer və göyün sahibinə heç nə gizli qalmaz. Allahın gizli günahlara görə də cəza verəcəyini eşidəndə təəccüblənməyin.
Sözügedən ayənin əvvəlki ayələrdə qeyd edilmiş bütün hökmlərə - xalis niyyətlə verilən ianələr, riya, minnət və qarşı tərəfin incidilməsi ilə qarışmış ianələr, namaz, oruc və digər hökmlər, həmçinin əqaid məsələlərinə aid olması ehtimalı da var.
Ayənin sonunda buyurur: "Allah hər şeyə qadirdir".
شَيْءٍقَدِيرٌ
O həm bu dünyada olanların hamısından xəbərdardır, həm ləyaqətləri müəyyənləşdirməyə qadirdir, həm də əmrdən çıxanları cəzalandıracaq.
İncəliklər:
1\. Bəziləri bu ayənin “günahın niyyəti günah deyil” mənası ifadə edən çoxsaylı hədislərlə ziddiyyət təşkil etdiyini düşünür.
Lakin onun cavabı aydındır. Çünki həmin hədislər əməldə xarici nümunəsi olan və niyyətin onun müqəddiməsi rolunu oynadığı zülm, yalan, başqalarının haqqının qəsb edilməsi kimi günahlara aiddir, (şirk, riyakarlıq, şəhadətin verilməməsi kimi) zatən batini xarakter daşıyan və qəlbin işi olan günahlara yox.
Bu ayənin başqa bir təfsiri də var və o, hər hansı əməlin müxtəlif cür yerinə yetirilməsidir. Məsələn, Allah yolunda verilən ianə bəzən Allaha xatir, bəzən riyakarlıq, bəzən də şöhrətpərəstlik üçün olur. Ayə buyurur ki, öz niyyətlərinizi aşkar etsəniz də, gizlətsəniz də Allah ondan xəbərdardır və sizə ona uyğun əvəz verəcək. Yəni o, "hər bir əməl yalnız niyyətdən ibarətdir” hədisində də deyilən mənaya işarə edir.
2\. "İstədiyini bağışlayar, istədiyinə da əzab verər" ifadəsinin mənası Allahın istəyinin səbəbsiz olması deyil. Onun bağışlamasının da öz dəlili var və o, bağışlanan şəxsin bağışlanmağa, digərinin isə cəzaya layiq olmasıdır.