Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 154
Bəqərə surəsi, 286-cı ayə
Bəqərə surəsi, 286-cı ayə
لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ .٢٨٦
Ayənin tərcüməsi
286\. Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur. (İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir. (Möminlər deyirlər:) "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti bizim üzərimizə qoyma! Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə! Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövla və rəhbərimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et!”
Ayənin təfsiri.
Bir neçə mühüm istək.
Əvvəlki #### Ayənin təfsirində qeyd edildiyi kimi, bu iki ayə “ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək” ayəsi nazil olduqdan sonra narahat olub "bizim hamımızın batinində vəsvəsələr olur, qəlbimizdən müəyyən şeylər keçir” deyən kəslər barəsində nazil olub.
Ayə buyurur: "Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur”.
Ayənin ərəbcə orijinalında işlənmiş (vus) sözünün mənası "genişlik və qüdrət"dir. Bu ayə ilahi vəzifələrin insanların güc va bacarığından artıq olmaması barəsindəki əqli həqiqəti təsdiq edir. Buna görə də bütün hökmlərin bu ayə ilə təfsir edilib şərtləndiyini və onların insanın gücünün çatdığı hallarda məhdudlaşdığını demək olar.
Hikmət sahibi olan ədalətli qanunvericinin qanunu bundan başqa cür ola bilməz. Sözügedən cümlə şəriət hökmlərinin ağılın hökmündən kənar olmamasını və onların (ağıl ilə şəriətin) bütün mərhələlərdə yanaşı addımladığını təsdiqləyir.
Daha sonra buyurur: “(İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir.
Hər bir kəs öz pis və ya yaxşı əməlinin “məhsulunu yığacaq”, həm bu dünyada, həm də axirətdə onun nəticələrini görəcək.
Sözügedən ayə insanlara məsuliyyət daşıdıqlarını başa salır, onları əməllərinin sonu barədə düşünməyə sövq edir və bəzilərinin özlərinə haqq qazandırmaq üçün uydurduğu məcburiyyət, bəxt, tale və başqa uydurma inancları inkar edir.
Bu ayədə yaxşı əməllər barəsində (kəsəbət), pis əməllər barəsində isə (iktəsəbət) sözündən istifadə edilib. Bəlkə də, insanın qazandığı yaxşı və pis əməllər barəsində belə fərqli ifadənin işlədilməsinin səbəbi (kəsəbə) sözünün insanın öz içindən gələn istəklə, heç bir məcburiyyət olmadan yerinə yetirilən və fitrəti ilə düz gələn işlərə, (iktəsəbət) sözünün isə insan fitrətinə və təbiətinə zidd olan işlərə aid olmasıdır. Buradan da yaxşı işlərin insanın fitrətinə uyğun, şər işlərin isə insanın fitrətinə zidd olması məlum olur.
Rağib "Müfrǝdat" kitabında bu iki ifadə arasında başqa bir fərqin olduğunu qeyd edib. O yazır ki, (kəsəbə) sözü faydası ancaq insanın özünə aid olmayan və başqalarına da şamil olan işlər barəsində işlədilir. (Buna xeyir işləri misal göstərmək olar ki, onların nəticəsi yalnız yerinə yetirənə deyil, bəzən qohumlara, yaxınlara, dostlara da şamil olur.) Halbuki (iktəsəbət) sözü işin nəticəsi ancaq insanın özünə aid olduğu hallarda işlədilir və o, günahlara aiddir. (Bu fərq (kəsəbə) və (iktəsəbət) sözlərinin bir-birinin qarşısında işlədildiyi hala aiddir.)
Bu iki prinsipin (hər bir insanın boynuna onun gücü çatan vəzifə qoyulması və hər bir kəsin öz əməlinə görə məsuliyyət daşıması prinsiplərinin) ardınca möminlərin dilindən Allah dərgahından yeddi dilək istənilir ki, əslində, bu, hamı üçün nə demək və istəmək barəsində bir təlimdir.
Əvvəlcə belə buyurur: "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma”.
Onlar öz əməllərinə görə məsuliyyət daşıdıqlarını bildikləri üçün Allah dərgahına ixlasla dua edərək Allahı "Rəbb" - onları xüsusi lütf və mərhəmətlə yetişdirib tərbiyən edən adlandırırlar ve belə deyirlər: İlahi, həyat unutqanlıq və səhvsiz deyil, biz günah etməməyə çalışırıq, lakin sən bizim səhv və xətalarımızı bağışla.
Məgər Allah-taala kimisə unutqanlıq və ya diqqətsizlikdən doğan səhvinə görə cəzalandıra bilərmi ki, belə bir istəyə ehtiyac olsun?
Bəzən unutqanlıq insanın səhlənkarlığının nəticəsi olur. Şübhəsiz, bu cür unutqanlıqlar insanın məsuliyyətini azaltmır. Məsələn, Quran belə buyurur:
“Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (Cəhənnəm əzabını)!”
Buna görə də səhlənkarlıqdan doğan unutqanlıqlar cəzaya layiqdir. Digər bir məsələ unutqanlıqla xəta arasında aydın fərqin olmasıdır. Adətən "xəta" qəflət və diqqətsizlik üzündən baş verən işlər barəsində işlədilir. Məsələn, bir şəxs ov zamanı bir güllə atır və həmin güllə atanın istəyi olmadan başqa bir şəxsə dəyir və onu yaralayır. “Unutqanlıq” isə insanın hər işdə diqqətli olduğu, lakin hadisənin xırdalıqlarını unutduğu zaman işlədilir. Məsələn, bir şəxs həqiqi günahkarın xüsusiyyətlərini unutduğu üçün başqa bir şəxsi günahkar adı ilə cəzalandırır.
Sonra ayə onların ikinci istəyini bəyan edərək buyurur: “Ey Rǝb- bimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti bizim üzərimizə qoyma!”
Ayənin ərəbcə orijinalında işlənmiş (isr) sözünün mənası "bir şeyi qorumaq, həbs etmək”dir və o, insanın fəaliyyətinə mane olan hər bir iş barəsində, həmçinin insanın hərəkətini məhdudlaşdıran ǝhd-peymanlar barəsində də işlədilir.
Buna görə cəzaya da (isr) deyirlər. Möminlər Allah-taaladan bəzilərinin Allaha itaətdən boyun qaçırmalarına səbəb olan ağır məsuliyyətləri onların boynundan götürməsini istəyirlər. Bu məna Həzrət Peyğəmbərdən (s) də nəql edilib. O Həzrət (s) buyurub: “Mən əməl edilməsi hamıya yüngül və asan olan bir din ilə göndərilmişəm”. Əgər din və şəriətin asan olması yaxşıdırsa, bəs nə üçün əvvəlki qövmlərin din və şəriəti asan olmayıb?
Əvvəlki ümmətlərin boynuna düşən çətin vəzifələr, əslində, onların şəriəti deyil, itaətsizliklərindən sonra onlara verilən cəza olub. Məsələn, İsrail oğulları davamlı günah etdikləri üçün bəzi halal ətləri yeməkdən məhrum olublar.
Möminlər üçüncü istəklərində belə deyirlər: "Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə”.
Ola bilər ki, bu cümlə dünya və axirətin ağır sınaqlarına və ağır cəzalarına və ya onların hər ikisinə işarə olsun. Bəlkə də, əvvəlki ayədə (la təhmil), bu cümlədə isə (la tuhəmmil) ifadələrinin işlədilməsinin də səbəbi budur. Çünki birinci ifadə çətin məsələlərə, ikinci ifadə isə insanı taqətdən salan işlərə işarədir.
Onların sonrakı istəyi belədir: “Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et!”
Ayənin ərəbcə orijinalında işlənmiş (əfv) sözünün mənası "bir şeyin nəticələrini məhv etmək”dir və adətən günahın nəticələrinin məhv edilməsi barəsində işlədilir. O, günahın həm təbii nəticələrinə, həm də cəzalarına şamil olur.
Lakin (məğfirət) sözünün mənası “günahın üstünün örtülməsi”dir.
Buna görə də möminlər Allahdan həm günahlarının üstünü örtməsini, həm günahlarının onların ruhuna göstərdiyi təbii və zati təsirləri aradan qaldırmasını, həm də onları onun günahından azad etməsini istəyirlər. Daha sonra Allahın hər şeyi əhatə edən mərhəmətinin onlara da şamil olmasını diləyirlər.
Və nəhayət, sonuncu istəkləri olan yeddinci istəkdə belə deyirlər: "Sən bizim mövla və rəhbərimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et”.
Beləliklə də, onların istəkləri həm dünya və axirəti, həm fərdi və ictimai uğur və qələbəni, həm də əfv, bağışlanma və ilahi mərhəməti əhatə edir. Bu, çox dolğun və geniş bir istəkdir.
İncəliklər:
1\. Qəlb ilə dilin uzlaşması Bu iki ayədə "Bəqərə" surəsinin ümumi məzmununun xülasəsi bir yerə toplanıb və bizə dünyanın yaradanı qarşısında necə təslim olmaq öyrədilib. Əgər möminlər Allahdan günahlarının bağışlanmasını və düşmənlər qarşısında onlara qələbə nəsib etməsini istəyirlərsə, gərək "eşitdik və itaət etdik” təlimini həyata keçirsinlər və "biz ilahi carçıların çağırışını cani-dildən eşitdik və ona tabe olmaq niyyətindəyik” desinlər və bu yolda çalışmaqdan yorulmasınlar. Bundan sonra Allahdan maneə və düşmənlərə qalib gəlməkdə onlara kömək etməsini istəsinlər.
Allah-taalaya bir neçə dəfə "ey Rəbbimiz" deyə xitab edilməsi bu həqiqəti daha da təkmilləşdirir.
Buna görə də çoxsaylı hədislərdə müsəlmanlar bu iki ayəni oxumağa təşviq edilib və bunun üçün müxtəlif savablar qeyd edilib. Əgər bu ayələri oxuyarkən dil ilə qəlb uzlaşsa və bu, insanın həyat proqramına çevrilsə, bu iki ayənin oxunması qəlb evini varlıq aləminin yaradanına qovuşdurar, ruhu saflaşdırar və insanın fəaliyyət amili ola bilər.
2\. Taqətdən artıq məsuliyyət.
Nə İslamda, nə də digər dinlərdə insanın taqəti çatmayan vəzifə və məsuliyyəti yoxdur və əsas prinsip insanın iradə azadlığıdır. Çünki Quran buyurur ki, hər bir kəs öz yaxşı və pis əməlinin girovudur, yaxşı iş görərsə, öz xeyrinə, pis iş görərsə, öz ziyanınadır. Əfv, bağışlanma və mərhəmət diləyi də bu iddiaya dəlalət edir.
Bu məsələ həm məntiq, həm də “əməllərin yaxşı və pisliyinin zatı olub-olmaması" məsələsi ilə də uyğun gəlir. Çünki hikmət sahibi olan Allah heç vaxt belə iş görməz. Bu, insanların öz əməllərində məcbur olması etiqadını inkar edir. Necə ola bilər ki, Allah-taala bir tərəfdən insanları günaha məcbur etsin, digər tərəfdən günahdan çəkindirsin?!
Əlbəttə, çətin və məşəqqətli vəzifələrin yerinə yetirilməsi qeyri- mümkün də deyil. Buna İsrail oğulları barəsindəki çətin və məşəqqətli vəzifələri misal göstərmək olar. Onlar da İsrail oğullarının öz əməllərinin nəticəsi və özbaşınalıqlarının cəzası olub.
"Bəqərə” surəsinin sonu.