Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 16

Ali-İmran surəsi, 23-25-ci ayələr

Ali-İmran surəsi, 23-25-ci ayələr



أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ .٢٣


ذَلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ .٢٤


فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ .٢٥


Ayələrin tərcüməsi.



23\. Aralarında hökm verilməsi üçün (səmavi) kitabdan (müəyyən) bir payı olan şəxslərin Allahın kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi?

24\. Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)" - demələrinə görədir. (Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər).

25\. Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər bir kəsə qazandığının əvəzinin ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq?

Ayələrin nazilolma səbəbi.



“Məcməül-bəyan” təfsirində İbn Abbasdan belə nəql edilib: Peyğəmbər (s) zamanında Xeybər yəhudilərindən evli bir kişi ilə evli bir qadın zina etmişdi. Tövratda bu cür şəxslər barəsində daşqalaq hökmü verilməsinə baxmayaraq, həmin şəxslər zadəgan sinfina mənsub olduqları üçün yəhudilər bu hökmü icra etməkdən boyun qaçırır və daha yüngül hökm çıxarması ümidi ilə qəzavət etmək üçün Həzrət Peyğəmbərə (s) müracət etmək qərarına gəlirlər. Bu zaman Peyğəmbər (s) onlara belə buyurur: “Mənimlə sizin aranızda mövcud Tövrat hökm çıxaracaq”. Onlar razılaşırlar. İbn Suriya adlı yəhudi alimi Fədəkdən Mədinəyə dəvət edilir. Peyğəmbər (s) onu tanıyaraq buyurur: "Sən İbn Suriyasan?”

O, "bəli" - deyə cavab verir.

\-Sən yəhudilərin ən elmli alimisən?

\-Elə düşünürlər.

Həzrət Peyğəmbər (s) Tövratın daşqalaq ayəsi olan hissəsini onun qarşısına qoyulması göstərişini verir. Məsələdən xəbərdar olan İbn Suriya həmin hissəyə çatanda əlini həmin cümlənin üstünə qoyub sonrakı cümləni oxuyur. Məclisdə əvvəl yəhudi alimlərindən olub sonradan İslamı qəbul etmiş Abdullah ibn Salam da iştirak edirmiş. Abdullah ibn Salam İbn Suriyanın həqiqəti gizlətdiyini başa düşür və dərhal ayağa qalxaraq onun əlini həmin cümlənin üstündən götürür və Tövratın mətnindəki bu cümləni oxumağa başlayır: "Əgər evli kişi ilə evli qadın zina etsə və onların bu cinayətinə kifayət qədər dəlil olsa, onlar daşqalaq olunmalıdırlar".

Sonra Peyğəmbər (s) bu iki nəfər barəsində öz dinləri əsasında daşqalaq hökmünün icra edilməsi göstərişini verir. Yəhudilərin bir dəstəsi bu işdən çox qəzəblənir və onların barəsində bu ayə nazil olur.

Ayələrin təfsiri.



Nə üçün haqqa təslim olmurlar?

Kitab əhlindən bəzilərinin inadkarcasına mübahisə etməsindən danışan əvvəlki ayələrin davamı olaraq bu ayələrdə onların məntiqi dəlillərə təslim olmamaları, bunun səbəbi və nəticələri bəyan edilir.

Birinci ayədə belə buyurur: "Aralarında hökm verilməsi üçün (səmavi) kitabdan (müəyyən) bir payı olan şəxslərin Allahın kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi?”.

Onlar öz dini kitablarında mövcud olan hökmə də tabe olmur, müxtəlif bəhanə və əsassız iddialarla ilahi hökmlərin həyata keçirilməsindən yayınırdılar.

Həmçinin “(səmavi) kitabdan (müəyyən) bir payı olan" ifadəsindən belə məlum olur ki, həmin əsrdə yəhudi və xaçpərəstlərin əlində olan Tövrat (və İncil) əsl Tövrat və İncilin hamısı deyil, onun bir hissəsi olub. Çox ehtimal ki, həmin kitabların böyük bir hissəsi ya məhv, ya da təhrif olunubmuş.

Bu mənanı həm Qurani-Kərimin digər ayələri, həm də tarixi sənəd və dəlillər təsdiqləyir. Biz burada məsələnin təfsilatına varmırıq.

\-Sonrakı ayədə onların haqqa qarşı çıxmaları və haqqı qəbul etməkdən boyun qaçırmalarının səbəbinə işarə edərək buyurur ki, bunun səbəbi onların puç bir inancı özlərinin üstün irqə mənsub olmalarına etiqad bəsləmələri olub. (Onlar bu gün də belə düşünürlər və onların bugünkü yazı və əməlləri kəskin irqçi təfəkkürə malik olmalarından xəbər verir.)

Onlar Allah ilə xüsusi əlaqələrinin olmasına etiqad bəsləyir, hətta özlərini Allahın oğulları hesab edir və belə deyirdilər:

"Biz Allahın övladları və (xüsusi) dostlarıyıq".

Buna görə də onlar ilahi cəza müqabilində özlərinə toxunulmazlıq aid edirdilər. Quran onların həmin əməl və davranışlarının səbəbi barədə belə buyurur: "Bu, onların: "Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)" demələrinə görədir.

Yəni bizə cəza verilsə də, bu, çox məhdud cəza olacaq.

Ayənin ərəbcə orijinalında işlənmiş (mədud) sözünün mənası “sayıla bilən şey"dir. O, adətən az şeylər barəsində işlənir. Çünki çox şeylər ya sayıla bilmir, ya da onların sayılması çətindir.

"Bir neçə gün" ifadəsi barədə bir ehtimal da məqsədin onların Musa (ə) olmayanda buzova sitayiş etdiyi qırx günə işarə olmasıdır. Bu, onların özlərinin belə inkar edə bilmədiyi böyük günah olub.

Onun barəsində digər bir ehtimal məqsədin onların ömürlərinin çox aşkar və heç özlərinin də inkar və ya ört-basdır edib haqq qazandıra bilmədiyi günahlar etdiyi bəzi günlərdir.

Onlar bu imtiyazı Allaha isnad edirdilər: "(Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər).

Qurani-Kərim üçüncü ayədə bu puç və uydurma iddiaların hamısını inkar edərək buyurur: “Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər bir kəsə qazandığının əvəzinin ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq?

Həmin gün hamı Allahın ədalət məhkəməsində iştirak edəcək və hər bir kəs öz "əkdiyi toxumun məhsulunu biçəcək". Həmin gün hər bir kəsə öz əməli təqdim ediləcək və əməlinin əvəzi veriləcək, lakin zülm və haqsızlıq edilməyəcək. Çünki veriləcək əvəz onların əməlinin məhsuludur. Onlar heç bir imtiyaza malik olmadıqlarını və Allahın ədalətinin hamıya şamil olduğunu həmin gün başa düşəcəklər.

Həmçinin ayədəki "qazandığının” sözündən məlum olur ki, Qiyamətdəki mükafat və cəza, o dünyadakı xoşbəxtlik və bədbəxtlik puç xəyal və batil xülyalardan deyil, yalnız insanın əməllərindən asılıdır. İncəliklər:

1\. Vicdanın aldadılması.

Görəsən, insan Quranın yəhudilər barədə nəql etdiyi kimi, yalan deyə, Allaha iftira ata və sonra onun təsiri altına düşərək qürrələnə bilərmi?! Bu, inandırıcıdırmı?

Bu suala cavab vermək elə də çətin deyil. Çünki vicdanın aldadılması müasir psixologiyanın mövzularındandır. Bəzən insanın düşüncəsi onun vicdanını aldatmağa çalışır və həqiqəti öz vicdanına səhv göstərir.

Çox müşahidə edilən hallardan biri də budur ki, qətl, oğurluq və narkotik aludəçiliyi kimi böyük günahlara bulaşmış şəxslər öz əməllərinin çirkinliyini yaxşı dərk etsələr də, yalançı vicdan rahatlığı əldə etmək üçün insanların elə həmin işlərə layiq olduğunu sübut etməyə çalışır, yaxud həyatın çətinliklərini, ictimai problemləri bəhanə gətirirlər. Onlar bu yolla narkotik maddələrə üz tutmalarını yozmaq istəyirlər.

Əslində, bu cür iftiraları və yalançı imtiyazları kitab əhlinin keçmiş nəsilləri uydurmuşdular, lakin onlar tədricən həqiqətdən xəbəri olmayan (və həqiqəti araşdırıb tapmaq üçün zəhmət çəkmək istəməyən) sonrakı nəsillərin inkaredilməz əqidəsinə çevrildi.

2\. Müsəlmanlar və məhdud cəza etiqadı.

Məhdud əzab və cəza etiqadı müsəlmanların da arasında mövcuddur. Çünki bizim etiqadımıza görə, müsəlmanlar əbədi əzabda qalmayacaqlar və onların imanı sonda onların Cəhənəm odundan xilas olmasına səbəb olacaq.

Lakin biz əsla günahkar və müxtəlif cinayətlərə bulaşmış müsəlmanın yalnız bir neçə gün ilahi əzaba düçar olacağına etiqad bəsləmirik. Həmin şəxs müddəti yalnız Allaha məlum olan uzun müddət cəza çəkəcək, lakin imanı olduğu üçün əzabı əbədi olmayacaq. Əgər müsəlmanlardan kimsə özünə belə bir imtiyaz aid edirsə, Peyğəmbərə (s) və məsum İmamlara (ə) etiqad bəsləməklə istədiyi günahı etmək icazəsinə malik olduğunu və bir neçə gündən artıq cəza çəkməyəcəyini güman edirsə, böyük səhvə yol verir və həmin şəxs İslamın və onun təlimlərinin ruhundan xəbərsizdir.

Bundan əlavə, biz sözügedən məsələ barədə müsəlmanlara imtiyaz aid etmirik və etiqadımıza görə, zəmanəsinin peyğəmbərinə iman gətirmiş bütün ümmətlərin nümayəndələrindən kim günaha bulaşsa, hansı irqdən olmasından asılı olmayaraq, bu qanun ona şamil olur. Halbuki yəhudilər həmin qanunun başqalarına deyil, ancaq İsrail soyundan olanlara aid olduğuna etiqad bəsləyirdilər.

Quran "Maidə” surəsinin 18-ci ayəsində onların bu yalançı imtiyazına cavab verərək belə buyurur:

"Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”.