Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 17
Bəqərə surəsi, 40-cı ayǝ
Bəqərə surəsi, 40-cı ayǝ
يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُوا نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُوا بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ .٤٠
Ayənin tərcüməsi
40\. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun!
Ayənin təfsiri.
Allahın nemətlərini xatırlamaq.
Əvvəlki ayələrdə Adəmin (ə) Allahın yer üzündə canişini seçilməsi, mələklərin ona təzim etməsi, Adəmin (ə) Allah-taala ilə bağladığı ǝhd- peymanı unudaraq Cənnətdən çıxması, daha sonra isə tövbə edərək bağışlanılması məsələlərindən belə nəticə əldə edilir ki, bu dünyada iki qüvvə haqq və batil daim bir-biri ilə mübarizədədir. Şeytana tabe olan insan batil yolunu tutub səadət yolundan uzaqlaşacaq, həmişə çətinliklərlə qarşılaşacaq, axırda da peşmançılıq hissi keçirəcək. Bunun əksinə olaraq, Allaha itaət edən və bu yolda şeytanın vəsvəsələrinə əhəmiyyət verməyən şəxs hər bir dərddən uzaq olacaq.
Bəni-İsrailin Fironun zülmündən azad olaraq hakimiyyətə gəlməsinin, daha sonra Allahla bağladıqları əhd-peymanı unudaraq müsibətlərə düçar olmasının Adəmin (ə) əhvalatı ilə həddən artıq uyğunluğu olduğu üçün Allah-taala sözügedən ayədə, eləcə də Adəmin (ə) əhvalatının qeyd edildiyi bir çox ayələrdən dərhal sonra Bəni-İsrailin həyat və aqibətindən bəzi məqamlara toxunmuşdur.
İndi haqqında danışacağımız ayədə Bəni-İsrail mövzusuna toxunularaq deyilir: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun!"
Bu üç göstəriş (Allahın nemətlərini xatırlamaq, Onun əhdinə vəfa etmək və yalnız Ondan qorxmaq) ilahi proqramların əsasını təşkil edir. Allahın nemətlərini xatırlamaq insanı Onu tanımağa dəvət edir, insanda şükür etmək hissini oyadır. Sonra insan başa düşür ki, bu nemətlər qeyd-şərtsiz verilməmişdir, buna görə Allah insanla əhd bağlamışdır. Bunu düşündükdə insan öz öhdəliklərini yerinə yetirməkdə məsuliyyət hiss edir. Öhdəsinə düşən işlərin icrasında Allahdan başqa heç kimdən və heç nədən qorxmamaq isə bu yolda qarşısına çıxan bütün maneələri uğurla keçməyə gətirib çıxarır. Çünki bu yoldakı ən böyük maneələrdən biri əsassız olaraq qorxmaqdır. Xüsusilə də Bəni-İsrail uzun illər Fironun və tərəfdarlarının əsarəti altında yaşadığı üçün qorxu, sanki onların canına işləmişdi.
İncəliklər:
1\. Yəhudilər Mədinədə.
Bir çox Quran tarixçisinin dediyinə görə, "Bəqərə" surəsi Mədinədə nazil olmuş ilk surədir. Onun böyük bir hissəsi yəhudilər barəsindədir. Çünki o vaxt yəhudilər Mədinənin ən geniş yayılmış kitab əhli olmuşdur. Onlar Həzrət Muhəmmədin (s) gəlişindən qabaq öz kitablarında təzə bir peyğəmbərin gələcəyi ilə bağlı məlumatlar oxumuş, başqalarına da belə bir müjdə vermişdilər. İqtisadi baxımdan da onların vəziyyəti olduqca yaxşı idi. Bütün bunlar yəhudilərin Mədinədəki mövqeyini yetərincə yüksəltmişdi. Ancaq İslam dini meydana gəldikdən sonra yəhudilərin qanunsuz mənafeyinə qarşı çıxdığı üçün onlar nəinki bu dini qəbul etmədilər, əksinə, ona qarşı çıxaraq indi də davam edən antiislam mübarizəsinin təməlini qoydular. Bu ayə və ondan sonrakı ayələr nazil olaraq onları sərt şəkildə danlayır. Ayələrdə yəhudilərin tarixindən elə incə məqamlara toxunulur ki, haqq axtarışında olan hər bir insan oyanıb İslam dininə üz tutur. Bu, eyni zamanda bütün müsəlmanlar üçün də bir ibrət dərsi idi. Növbəti #### Ayələrin təfsirində, inşallah, Bəni-İsrailin Fironun zülmündən qurtarması, Allah-taalanın Tur dağında Tövratı Həzrət Musaya (ə) nazil etməsi, onun yoxluğunda Bəni-İsrailin buzova sitayiş etməsi, qanlı tövbə göstərişi, onlara Allah- taalanın xüsusi nemətlərinin nazil olması və hər biri ibrət dərsi olan bu kimi əhvalatlar haqqında ətraflı məlumat verəcəyik.
2\. Allah-taalanın yəhudilərlə bağladığı on iki əhd hansı idi? Quran ayələrindən məlum olduğu kimi, bu əhd-peyman Allahdan qeyrisinə ibadət etməmək, ata-anaya, yaxın qohumlara, yetimlərə, yoxsullara yaxşılıq etmək, insanlarla xoş danışmaq, namaz qılmaq, zəkat vermək, başqalarını incitməmək və qan tökməməklə bağlı olmuşdur. "Bəqərə" surəsinin 83 və 84-cü ayələri dediklərimizi təsdiqləyir. Həmin ayələrdə deyilir;
“(Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" deyə ǝhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız. (Xatırlayın ki,) o zaman sizdən: "Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!" - deyə ǝhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz".
Əslində, bu iki ayə Allah-taalanın Bəni-İsraildən aldığı iki ayrı əhdə işarə edir. "Maidə” surəsinin 12-ci ayəsində peyğəmbərlərə iman və onlara kömək etməklə bağlı qeyd edilmiş digər iki əhdi də bura əlavə etdikdə məlum olur ki, Bəni-İsrail Allah-taalanın bu böyük nemətləri qarşısında müxtəlif öhdəliklər götürmüşdür. Həmin ayədə deyilir:
"Allah İsrail oğullarından əhd aldı və Biz onlardan (onların arasından) on iki rəhbər seçdik. Allah (onlara) dedi: "Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha gözəl borc versəniz (Allah yolunda ehtiyaclılara yardım göstərsənz), günahlarınızın üstünü örtər və sizi ağacları altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər hansınız kafir olsa, o, artıq doğru yoldan azmış olar!"
Bu öhdəliklərə (əhdlərə) əməl edəcəkləri təqdirdə Allah da vəd vermişdi ki, onları ağacları altından çaylar axan Cənnətlərə daxil edəcək. Lakin təəssüflər olsun ki, yəhudilər bu öhdəliklərin hamısını bir kənara qoyub əhdlərinə sadiq qalmadılar və hələ də öz vəfasızlıqlarında davam edirlər. Nəticədə sərgərdan vəziyyətə düşüb pərakəndə oldular. Nə qədər ki bu əhd-peymanlarına əməl etməyiblər, bu vəziyyət davam edəcək. Nə vaxtsa kimlərinsə sayəsində ötəri nailiyyətlər əldə etmişlərsə də, bunu qələbə kimi qələmə vermək olmaz. Biz inanırıq ki, milliyyətindən və irqindən asılı olmayaraq İslamın qeyrətli övladları tezliklə əl-ələ verib yalnız Quranın bayrağı altında birləşəcək və yəhudilərin bu səs-küyünə son qoyacaqlar.
3\. Allah da Öz əhdinə sadiq qalar.
Allah-taalanın heç bir neməti əbəs yerə verilməyib. Hər nemətin bir şərti, məsuliyyəti var. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Mən də sizin əhdinizə vəfa edim" cümləsinin mənası odur ki, (siz öz əhdinizə vəfa edəcəyiniz təqdirdə) Mən də Öz əhdimə sadiq qalıb, sizi Cənnətə daxil edəcəyəm". Hədisin davamında Əmirəlmöminin Əlinin (ə) imamətinə olan imanın bu əhd-peymanın tərkib hissəsi kimi qeyd edilməsi qətiyyən təəccüb doğurmamalıdır. Çünki Bəni-İsrailin bağladığı əhd-peymanın bir bəndi məhz peyğəmbərlərə iman və onlara kömək göstərmək olmuşdur. Peyğəmbərlərin canişinini qəbul etmək də elə peyğəmbərin özünü qəbul etməyə bərabərdir. Həzrət Musanın (ə) dövründə bu missiyanı Musa (ə) daşıyırdısa, İslam peyğəmbərinin dövründə Həzrət Muhəmməd (s), ondan sonra isə Əli (ə) daşımışdır.
"Yalnız Məndən qorxun" cümləsi isə öhdəlikləri yerinə yetirməkdə Allahdan başqa heç nədən və heç kimdən qorxmamağa təkid edir. Bu cümlədəki inversiyadan (“iyyay” bitişən əvəzliyinin “fərhəbun” feilindən qabağa keçməsindən) inhisar mənası anlaşılır, yəni vəzifənizə və öhdəliklərinizə əməl etməkdə Məndən başqa heç kimdən və heç nədən qorxmayın.
4\. Nə üçün yəhudilərə Bəni-İsrail deyilir?
İsrail Yusif (ə) peyğəmbərin atası Yǝqubun (ə) adlarından biri olmuşdur. Onun belə adlandırılmasının səbəbi barədə qeyri-müsəlman tarixçilərin dediklərində bəzi xurafat gözə dəyir. Məsələn, "Müqəddəs kitab ensiklopediyası" kitabının müəllifi yazır: "İsrail Allaha qalib gəlmiş şəxs mənasını bildirir. Bu söz Yǝqub ibn İshaqın adıdır. O, Allahın mələyi ilə güləşərkən belə adlandırılmışdır". Həmin müəllif "Yǝqub" sözündən bəhs edərkən belə yazır: "O, öz imanını sübut etdi. Bu zaman Allah onun adını dəyişib İsrail qoydu və vəd verdi ki, onu tayfaların başçısının atası edəcək... Nəhayət, çox qoca yaşlarında vəfat edib sultanlar kimi dəfn olundu. "Yǝqub" və "İsrail" adları onun bütün qövmünə deyilir".
O, daha sonra "İsrail" sözünün şərhində yazır: "Bu sözün bir çox mənaları var. O cümlədən İsrailin və Yǝqubun nəsli nəzərdə tutulur".
Müsəlman alimlərindən olan görkəmli təfsirçi Təbərsi "Məcməül- bəyan" təfsirində bu barədə belə yazmışdır: "İsrail İbrahim (ə) peyğəmbərin oğlu İshaqın (ə) oğlunun adıdır. (isr) "bəndə", (il) isə "Allah" mənasını bildirir. Bu iki söz birləşərək "Allahın bəndəsi" mənasını verir".
Məlum məsələdir ki, təhrif edilmiş Tövratda gözə dəyən İsrailin (Yǝqub (ə) peyğəmbərin) Allahın mələyi və ya Allahın Özü ilə güləşməsi məsələsi uydurma bir əhvalatdır. Bu, səmavi bir kitaba yaraşmayan məsələdir. Hazırkı Tövratda bu cür uydurmanın olması həmin kitabın təhrif edilməsinə ən gözəl sübutlardan biridir.