Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 19
Ali-İmran surəsi, 29-cu ayə
Ali-İmran surəsi, 29-cu ayə
قُلْ إِنْ تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٢٩
Ayənin tərcüməsi
29\. De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”.
Ayənin təfsiri.
Əvvəlki ayədə kafirlər və Allah düşmənləri ilə dostluq və əməkdaşlıq etmək və onlara arxalanmaq təqiyyə şəraiti istisna olmaqla birmənalı şəkildə qadağan edilib.
Ola bilər ki, bəziləri bu istisnadan sui-istifadə edərək təqiyyəni kafirlərlə dostluq etmək, onlara tabe olmaq və onları himayə etmək üçün əllərində bəhanə etsinlər. Bu ayə həmin şəxslərə xəbərdarlıq edərək buyurur: "De: "Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir”.
Allah nəinki sizin batininizdə olan sirləri, hətta "göylərdə və yerdə olanları da bilir. (Hər şeyi bilməkdən əlavə,) Allah hər şeyə qadirdir”.
Buna görə də O, yer və göyü əhatə etmiş sonsuz elmi ilə sizin hamınızın niyyətindən xəbərdardır və günahkarları cəzalandırmaq qüdrətinə də malikdir.
İncəliklər:
1\. Təqiyyə bir növ qoruyucu sipərdir.
İnsan bəzən daha ülvi məqsədlər, öz şərəfini qorumaq, haqqı gücləndirib batili məhv etmək üçün öz əziz canından da keçməyə hazır olur. Lakin hansısa ağıl sahibi mühüm hədəf olmadan insanın öz canını təhlükəyə atmasının caiz olduğunu deyə bilərmi?
İslam insanın can, mal və namusunun təhlükədə olduğu, haqqın aşkar edilməsinin heç bir mühüm fayda və nəticəsinin olmadığı hallarda müvəqqəti olaraq onu aşkar etməkdən vaz keçib vəzifənin gizli şəkildə yerinə yetirməsinə icazə verir. Buna "Nəhl” surəsinin 106-cı ayəsində də işarə edilib: “Qəlbləri imanla əminlik tapdığı halda, məcbur edilən şəxslər istisna olmaqla...”
Tarixi mənbələrdə və hədislərdə bu barədə Əmmar və onun atası ilə anasının hekayəti nəql edilib. Onlar bütpərəstlərin əlinə keçirlər və müşriklər İslamdan dönmələri üçün onlara işgəncə verirlər. Əmmarın atası ilə anası bunu etmədiyi üçün müşriklər onların hər ikisini öldürürlər. Lakin Əmmar dildə onların istədiyini deyir və sonra ağlayaraq Həzrət Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) ona deyir: "Əgər yenə onların əlinə keçsən və səndən nəsə deməyini istəsələr, onların istədiyini de". Bundan sonra Əmmarın nigaranlıq, qorxu və göz yaşları kəsilir.
Mühüm məsələlərdən biri də təqiyyənin hökmünün hər yerdə eyni olmamasıdır. O, bəzən vacib, bəzən haram, bəzən isə mübah olur. Təqiyyənin vacib olduğu yer insanın canının elə də mühüm olmayan bir işə görə təhlükəyə düşdüyü yerdir. Lakin təqiyyə batilin yayılmasına, insanların yolunu azmasına, zülm və sitəmin güclənməsinə səbəb olarsa, haram və batildir.
Bu meyarla bütün iradlara cavab vermək olar. Əgər irad tutanlar bu barədə araşdırma aparsaydılar, təqiyyəyə yalnız şiələrin etiqad bəsləmədiyini, onun əqli və insan fitrətinə uyğun hökm olduğunu görərdilər.
Çünki bütün ağıllı insanlar özlərini iki yol ayrıcında görəndə araşdırma aparırlar. Əgər əqidənin aşkar edilməsi can, mal və heysiyyətin qurban verilməsi dəyərinə malik bir məsələ olsa, belə bir fədakarlıq etməyi düzgün hesab edirlər. Lakin onda elə də mühüm nəticənin olmadığını görsələr, əqidələrini aşkar etməkdən çəkinirlər.
2\. Təqiyyə, yoxsa mübarizə metodunun dəyişdirilməsi Keçmiş dini, siyasi və ictimai mübarizələr haqqındakı tarixi məlumatları oxuyarkən haqq-ədalət tərəfdarlarının bəzən aşkar mübarizə aparacaqları təqdirdə, həm özlərinin, həm də ideoloji məktəblərinin məhv olmaq təhlükəsi ilə üzləşdiyini görürük. Buna Əli (ə) şiələrinin qəsbkar Bəni-Üməyyə hökuməti dövründəki vəziyyətini misal göstərmək olar. Həmin vaxt düzgün və məntiqi addım onların öz qüvvələrini hədərə verməmələri və müqdəddəs hədəflərini gerçəkləşdirmək üçün dolayı və ya gizli mübarizə aparmaları olub. Əslində, qeyd edilən şəraitdə təqiyyə etmək həmin məktəblər və onların davamçıları üçün bir növ mübarizə metodunu dəyişdirmək sayılır. Həmin vaxt təqiyyə onları xilas edir və mübarizənin davamında qələbə qazanmalarına səbəb olur.
Təqiyyəni inkar edənlərin bu kimi hallar üçün hansı çıxış yolu nəzərdə tutmaları məlum deyil.
Məhv olmaq yaxşıdır, yoxsa mübarizənin düzgün və məntiqi şəkildə davam etdirilməsi?
Birinci yol heç kəsin caiz hesab etmədiyi yoldur, ikinci yol isə təqiyyədir.
Təqiyyə Qurana əsaslanan prinsiplərdən biridir və onun öz yeri və qaydası var.
Bəzi məlumatsız insanlar təqiyyəni Əhli-beyt (ə) davamçılarının “ixtira”larından hesab edirlər və bu, onların Quran ayələri ilə elə də tanış olmamalarından xəbər verir.