Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 20
Ali-İmran surəsi, 30-cu ayə
Ali-İmran surəsi, 30-cu ayə
يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ .٣٠
Ayənin tərcüməsi
30\. "Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq. Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır".
Ayənin təfsiri.
İnsanların əməllərinin Qiyamətdə hazır olması.
Bu ayə əvvəlki ayədə deyilənləri təkmilləşdirir və Qiyamətdə yaxşı və pis əməllərin hazır olacağını bəyan edir. Ayə buyurur: "Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq".
Ayədə onun pis əməllərinin məhv olmasını arzulaması deyilmir. Çünki dünyada heç nəyin məhv olmadığını bilir. Lakin özü ilə əməlləri arasında fasilə olmasını arzulayır.
Ayənin ərəbcə orijinalında işlənmiş (əməd) sözünün mənası "məhdud zaman"dır. O, "məhdudiyyətsiz zaman” mənası verən (əbəd) sözünün antonimidir. Adətən (əməd)də diqqət zamanın sonuna və vaxtın qurtarmasına yönəlir. Hərçənd ki o, (məhdudiyyətsiz zamanın əksinə olaraq) “məhdud zaman” mənasında da işlənir.
Həmin gün həm günahkarlar, həm də əməlisalehlər öz əməllərini hazır görəcəklər. Əməlisalehlər öz əməllərini görərkən şad və sevincək olacaqlar, lakin pis əməl sahibləri əməllərini görərkən ondan uzaq olmağı arzulayacaqlar. Onlar əməlləri ilə aralarındakı fasilənin məkan baxımından deyil, nifrəti ondan daha dolğun ifadə edən zaman fasiləsi olmasını arzulayacaqlar. Çünki məkan fasiləsində əməllərin onun yanında olması ehtimalı da var. Lakin zaman fasiləsində bu, əsla mümkün deyil. Məsələn, dünya müharibəsinin getdiyi ərazidən uzaq bir yerdə yaşayan şəxs müharibənin onun yaşadığı ərazidə də baş verməsi barədə az-çox nigarançılıq keçirib. Lakin həmin müharibələrdən onlarla il sonra yaşayan bizlər bu müharibələrin bizim yaşadığımız ərazilərə sirayət etməsindən nigaran deyilik. Çünki həmin müharibələrlə bizim aramızda zaman fasiləsi var. (Əlbəttə, başqa bir dünya müharibəsinin baş verib bizi də əhatə etməsi bir başqa məsələdir və onun bizimlə zaman fasiləsi olan müharibələrə aidiyyatı yoxdur.) Həmin keçmiş müharibələrin bizə sirayət etməsi mümkün deyil.
Bəzi təfsirçilər burada (əməd) sözünün “məkan fasiləsi” mənasında olması ehtimalını veriblər. (Bunu “Məcməül-bəyan” kitabının müəllifi bəzilərindən nəql edib.) Lakin zahirən bu söz lüğətdə yalnız "zaman" və ya "zamanın gəlib çatması” mənasında işlənib.
Ayənin sonunda daha çox təkid etmək üçün buyurur: “Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır”.
Bu cümlədə həm qorxu, həm də ümid ifadə olunur.
Bir tərəfdən təhlükənin olduğunu elan edib xəbərdarlıq edir, digər tərəfdən bəndələri Öz lütfünə ümidvar edir ki, insanın tərbiyəsində mühüm amillərdən olan qorxu ilə ümid arasında tarazlıq yaransın.
Bu iki cümlənin bir-birinə təkid xarakteri daşıması ehtimalı da var. Bu, birinin başqasına “mən səni bu təhlükəli işdən çəkindirirəm və mən sənə mehriban olduğum üçün səni təhlükədən xəbərdar edirəm” deməsinə bənzəyir.
İncəliklər:
1\. Qiyamətdə əməllərin hazır olması və təcəssümü.
Qurani-Kərim həm sözügedən ayədə, həm də digər ayələrdə Qiyamətdə insanın yaxşı və pis əməllərinin müəyyən formada təcəssüm edəcəyini və Məhşər səhnəsində hazır olacağını bəyan edib.
Ayənin ərəbcə orijinalında işlənmiş (təcidu) sözünün kökü (vicdan) sözüdür və onun mənası “tapmaq”dır. (xəyr) (yaxşı) və (su) (pis) sözlərinin qeyri-müəyyənlik halda işlədilməsi burada ümumi məna ifadə edir, yəni hər bir insan həmin gün özünün yaxşı və pis əməllərinin hamısını - hətta az olsa belə, öz yanında hazır görəcək.
Bəzi təfsirçilər israrla bu və buna bənzər ayələri yozaraq “əməllərin hazır olması" deyilərkən onların mükafatının, yaxud insanın bütün yaxşı və pis əməllərinin qeyd edildiyi əməl dəftərinin nəzərdə tutulduğunu deyirlər. Lakin bu yozumlar ayənin zahiri ilə uyğun gəlmir. Çünki bu ayə aşkar şəkildə insanın Qiyamət günü əməlin özünü görəcəyini və özü ilə gördüyü çirkin əməl arasında fasilə olmasını arzulayacağını buyurur. Burada əməl dəftəri, onun cəza və mükafatından deyil, əməlin özündən danışılır.
Məqsədin əməlin özü olmasının digər bir dəlili günahkarın onunla əməli arasında fasilə olmasını arzulamasıdır. Lakin o, heç vaxt öz əməlinin məhv olmasını arzulamır. Əməllərin məhv olması mümkün deyil və bu səbəbdən o, bunu arzulamır.
Bunu digər ayələr də təsdiqləyir. Buna "Kəhf” surəsinin 49-cu ayəsini misal göstərmək olar. Həmin ayədə buyurur: “Etdikləri bütün əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz”. Həmçinin "Zəlzələ” surəsinin 7 və 8-ci ayələrində buyurur:
"Zərrə qədər yaxşılıq edən onu görəcəkdir. Zərrə qədər pislik edən onu görəcəkdir”.
Bəzi təfsirçilər bu ayələrdə "əvəz" sözünü fərz edirlər (yəni əməlin özünün və ya hazır olmasının deyil, əvəzinin görünəcəyini ya hazır olacağını deyirlər). Lakin bu, ayənin zahirinə ziddir.
Bu dünya axirət üçün tarladır və insanın əməli əkinçinin torpağa səpdiyi toxum kimidir. Həmin toxum böyüyüb inkişaf edir və əkinçi ondan bol məhsul götürür. İnsanın əməli də axirətin tələbatına uyğun çoxsaylı dəyişikliklərə məruz qalaraq onun özünə qayıdır. Allah-taala “Şura” surəsinin 20-ci ayəsində buyurur: “Biz axirət tarlasını istəyənin əkininə bərəkət və artım verir, məhsulunu bol edirik".
Bu dünyanın yaxşı əməlləri axirətdə nur və işıq şəklində təcəssüm edəcək və münafiqlər möminlərdən nur istəyərək deyəcəklər:
"Bizə nəzər salın ki, nurunuzdan işıq alaq”. Həmin vaxt onlara belə deyiləcək: "Geriyə qayıdıb işıq qazanın”.
Bu və bunlara bənzər onlarla ayədən belə məlum olur ki, biz Qiyamət günü əməllərimizin özünü daha kamil şəkildə görəcəyik və bu, İslam alimlərinin etiqad etdiyi "əmələrin təcəssümü” məsələsidir.
Bunu nəql edilmiş çoxsaylı hədislər də təsdiqləyir. Biz onlardan bir nümunə nəql etməklə kifayətlənirik.
İslam Peyğəmbəri (s) ondan öyüd-nəsihət istəyən şəxsə belə buyururb:
"Ey Qeys! Sənin öləndən sonra mütləq səninlə birlikdə dəfn ediləcək bir yoldaşın var. O diridir, onunla birlikdə dəfn edilən sən isə ölü. Əgər o, yaxşı və möhtərəm olsa, sənə ehtiram göstərəcək. Lakin o, pis olsa, səni hadisələrə təhvil verəcək. O, yalnız səninlə Məhşər səhnəsinə gətiriləcək, sən də Məhşər səhnəsinə yalnız onunla gələcəksən. Səndən ondan başqası barədə sual soruşmayacaqlar. Buna görə də çalış onu layiqli şəkildə yerinə yetir. Əgər o, layiqli olsa, onunla ünsiyyət quracaqsan. Əks-təqdirdə, ondan başqa heç kəsdən qorxmayacaqsan.
“O, sənin əməlindir".
Bu mövzunun daha yaxşı aydınlaşması üçün əməllərin mükafat və cəzasının necə olmasını araşdırmaq lazımdır.
2\. İlahi mükafat və cəzanın necəliyi.
Alimlər əməllərin mükafat və cəzasının necə olması barədə müxtəlif fikirlər irəli sürüblər:
1-Onların bəzisinin nəzərincə, əməllərin qarşılığı bu dünyadakı mükafat və cəzalar kimi şərtidir. Yəni bu dünyada hər bir pis əməl üçün qanunverici tərəfindən cəza müəyyənləşdirildiyi kimi, Allah- taala da hər bir əməl üçün xüsusi mükafat və cəza müəyyənləşdirib. Bu, qanuna əsaslanan mükafat və cəza nəzəriyyəsidir.
2-Digər bir qrup alimin nəzərincə, bütün mükafat və cəzalar insanın ruhunun məhsuludur və insanın ruhu onları axirətdə qeyri- ixtiyari şəkildə yaradır. Belə ki bu dünyada yaxşı və pis əməllər insanın ruhunda yaxşı və pis vərdişlər yaradır və onlar insanın zatının bir hissəsinə çevrilir. Sonra həmin vərdişlərin hər biri özünə münasib nemət və əzab surətinə düşür.
Bu dünyada batini yaxşı olan insanların işi yaxşı düşüncə və təsəvvürlərlə, napak insanların işi isə yuxuda da, oyaqlıqda da batil fikir və pis təsəvvürlərlə olur.
Həmin vərdişlər Qiyamət günü nemət, işgəncə, ağrı, aramlıq və əzabların yaranma amili olacaq. Başqa sözlə desək, bizim Cənnət nemətləri və Cəhənnəm əzabı barədə oxuduqlarımız insanın yaxşı və pis əməllərinin yaratdıqlarından başqa bir şey deyil.
3\. Başqa bir qrup alim isə fərqli yol seçib. Onlar bu yolu əsaslandırmaq üçün ayə və hədislərdən çoxlu dəlillər gətiriblər. Həmin yolun xülasəsi budur:
Bizim yaxşı və ya pis olmasından asılı olmayaraq, hər bir əməlimizin həm dünya surəti var və biz onu müşahidə edirik – həm də axirət surəti. Axirət surəti indi həmin əməlin içində gizlənib Qiyamət günü onda baş verən dəyişikliklərdən sonra öz dünya surətini itirəcək və axirət surətində təcəssüm edəcək, əməl sahibinin rahatlıq və ya narahatlığına səbəb olacaq.
Qeyd edilən nəzərlərdən Quran ayələrinin zahiri ilə daha çox uyğun gələni sonuncu nəzərdir. İnsanın enerjinin müxtəlif formalarından ibarət olan əməlləri hətta onların məhv olduğunu güman etsək belə, maddə və enerjinin itməməsi qanununa uyğun olaraq, heç vaxt məhv olmur və əbədi olaraq bu dünyada qalır. Əməllərin yaşaması və əbədiliyi bir tərəfdən Qiyamətdə əməllər hesablanan zaman hər bir kəsin özünün bütün əməllərini görməsinə və inkar edə bilməməsinə, digər tərəfdən isə insanın Qiyamətdə öz əməlləri arasında yaşamasına, əzab çəkməsinə və ya rahatlıq tapmasına səbəb olacaq. Hərçənd insani vasitələr hələ ki keçmiş hadisələri bir neçə an bundan əvvəl baş vermiş hadisələrdən ayırmaq qüdrətinə malik deyil.
Əgər daha kamil cihaz yaradılsa və ya biz daha kamil baxış və idraka malik olsaq, keçmişdə baş verənlərin hamısını hiss və dərk edə bilərik. (Əlbəttə, mükafat və cəzaların bir hissəsi də şərti ola bilər və bunda bir problem yoxdur.)
3\. Əməllərin təcəssümü müasir elm baxımından.
Keçmiş əməllərin təcəssüm etməsinin mümkünlüyünü müasir fizika elminin qanunlarından istifadə etməklə sübut etmək olar. Çünki fizika elminin inkaredilməz qanunlarından biri də maddənin enerjiyə (cismin qüvvəyə) çevrilməsi qanunudur. Çünki maddə və enerji barəsindəki son nəzəriyyə maddə ilə qüvvənin bir həqiqətin iki təzahürü olmasıdır. Maddə üst-üstə yığılmış və sıxılmış enerjidir və müəyyən şəraitlərdə qüvvəyə çevrilir. Bəzən bir qram maddədə olan enerji otuz min ton dinamitin partlamasından çox gücə bərabər olur.
Maddə ilə enerji bir həqiqətin təcəssümüdür. Əgər biz maddə və enerjinin itməməsini nəzərə alsaq, yayılmış qüvvə və enerjilərin yenidən bir yerə toplanması, cisim halına düşməsi, islahat və düzlük, yaxud zülm və haqsızlıq yolunda sərf edilmiş qüvvələrin hər birinin sıxılmış hala düşməsi və Qiyamət günü məxsus cismani şəkildə təcəssüm etməsi əgər yaxşı əməllər olsa, gözəl maddi nemətlər, pis və şər əməllər olsa, işgəncə və əzab şəklində təzahür etməsi problemsiz olacaq.