Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 21
Bəqərə surəsi, 49-cu ayə
Bəqərə surəsi, 49-cu ayə
وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ وَفِي ذَلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ .٤٩
Ayənin tərcüməsi
49\. (Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi.
Ayənin təfsiri.
Azadlıq neməti.
Allah-taala bu ayədə Bəni-İsrailə bəxş etdiyi daha bir nemətə fironçuların zülmündən xilas olmağa işarə edərək belə buyurmuşdur: "(Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi". Fironçuların zülmü daha qabarıq şəkildə nəzərə çarpsın deyə, bu ayədə (sizə n ağır işgəncələr verirdilər) feili işlədilmişdir. (Bu feilin indiki-gələcək zamanda işlədilməsindən məlum olur ki, Bəni-İsrail mütəmadi olaraq belə işgəncələrə məruz qalmışdır.) Bəni-İsraildən olanlar öz gözləri ilə görürdülər ki, günahsız oğlanlarının baş kəsilir, qızları əsir götürülərək kəniz edilirdi. Özləri də qibtilərin köləsi, kənizi olmaqla müxtəlif işgəncələrə məruz qalırdılar. Önəmli olan odur ki, Quran bunu Bəni- İsrail üçün böyük bir sınaq kimi qələmə vermişdir. (Ərəb dilində "bəla" sözünün mənalarından biri də məhz "sınaq"dır.) Bu çətinliklərə dözmək olduqca ağır bir sınaq idi. Belə bir ehtimal da var ki, buradakı "bəla" sözü "cǝza" mənasındadır. Bu ehtimala görə, Bəni-İsrailin belə cəzaya məruz qalmasının səbəbi ixtiyarında olan nemətlərə qarşı nankorluq etmələri olmuşdur. Həmin nemətlərin qədrini bilmədikləri üçün Allah-taala onları məhz bu şəkildə cəzalandırmışdır. Üçüncü bir ehtimal isə ondan ibarətdir ki, ayədəki (bəla) sözü “nemət” mənasını bildirir. Yəni Bəni-İsrailin fironçuların zülmündən qurtulması onlar üçün böyük nemət idi.' İstənilən halda Bəni-İsrailin fironçuların zülmündən azad olunduğu bu tarixi günə Quranda dəfələrlə işarə edilmişdir.
Qızların həm o vaxt, həm də indi əsarəti.
Quran Bəni-İsrailin qızlarının (kəniz etmək məqsədilə) diri saxlanılmasını, oğlan uşaqlarının isə öldürülməsini bəla, bu bəladan xilas olmağı isə böyük nemət hesab edir. Sanki bu ayə demək istəyir ki, insanlar nəyin bahasına olursa-olsun, öz düzgün azadlıqlarını əldə edib onun qədrini bilməli, qorumalıdırlar. İmam Əli (ə) də öz kəlamlarından birində bu məsələyə toxunmuşdur:
"Sağ ikən kölə olmaq ölüm, azadlıq uğrunda ölmək isə həyatdır".? Müasir dövr ilə o vaxtkı dövrün fərqi bundadır ki, o vaxt Firon və tərəfdarları müxalif kişiləri tutub qadınları azad (diri) saxlamaqla kəniz edirdilər, indiki zamanda isə müxtəlif yollarla insanlardan kişilik ruhiyyəsi alınır, qadınlar isə şəhvani istəklərin qurbanına çevrilirlər.
Belə bir sual yaranır ki, nə üçün Firon kişiləri öldürüb qadınları diri saxlayırdı? Bəzi təfsirçilər bunu Fironun gördüyü bir yuxu ilə izah edirlər. Lakin ən doğru cavabı, inşallah, "Qəsǝs" surəsinin 4-cü ayəsinin təfsirində oxuyacaqsınız. Onda biləcəksiniz ki, Bəni-İsrailin kişilərinin öldürülməsi təkcə Fironun gördüyü yuxu ilə əlaqədar deyil, eyni zamanda Firon və tərəfdarlarının Bəni-İsrailin güclənərək hakimiyyəti ələ keçirə bilməsindən qorxması olmuşdur.