Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 21
Ali-İmran surəsi, 31 və 32-ci ayələr
Ali-İmran surəsi, 31 və 32-ci ayələr
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ .٣١
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ .٣٢
Ayələrin tərcüməsi
31\. De: "Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir".
32\. De: "Allaha və Peyğəmbərə itaət edin! Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz".
Ayələrin nazilolma səbəbi.
Bu ayələr barəsində "Məcməül-bəyan" və "Əl-Mənar" təfsirlərində iki nazilolma səbəbi nəql edilib.
Birinci nazilolma səbəbinə görə, bir dəstə adam Həzrət Peyğəmbərin (s) hüzurunda ilahi göstərişlərə az əməl etmələrinə baxmayaraq, Allahı sevdiklərini iddia edirlər. Həmin vaxt sözügedən ayələr nazil olur və onlara cavab verilir.
Digər nazilolma səbəbinə görə isə, Nəcran xaçpərəstlərindən bir dəstə Mədinədə Həzrət Peyğəmbərin (s) hüzurunda olarkən söhbət əsnasında İsaya (ə) olduqca böyük ehtiram göstərmələrinin səbəbini Allaha olan sevgiləri kimi izah edirlər. Həmin vaxt sözügedən ayələr nazil olur və onlara cavab verilir.
Ayələrin təfsiri.
Həqiqi məhəbbət budur!
Sözügedən ayədə həqiqi sevginin mənası və onun yalan sevgi ilə fərqi izah edilib.
Əvvəl belə buyurur: “De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”.
Yəni məhəbbət zəif və heç bir nişanəsi olmayan sevgidən ibarət deyil. Onun nişanələri özünü insanın əməllərində büruzə verməlidir.
Allaha eşq və məhəbbətinin olmasını iddia edən şəxsin ilk əlaməti onun Allahın elçilərinə tabe olmasıdır. Bu, məhəbbətin təbii əlamətidir. O, insanı sevgilisinə və onun istəyinə tərəf sövq edir. Ola bilər ürəkdən kənara çıxmayan bəzi zəif məhəbbətlər də olsun. Belə məhəbbətlər o qədər zəifdir ki, onu heç məhəbbət adlandırmaq olmaz.
Əsl məhəbbətin əməli əlamətləri var və o, öz sahibini sevgilisi ilə birləşdirir, onun yolunda çox çalışmağa sövq edir. Bunun da səbəbi aydındır. Çünki insan hər hansı bir şeyi onda olan hansısa kamala görə sevir. İnsanın Allaha olan eşqi də Onun bütün kamilliklərin mənbəyi olmasından qaynaqlanır. Şübhəsiz, bütün kamilliklərin mənbəyi olan varlığın göstəriş və təlimləri də kamildir. Belə olan halda, təkamül və inkişaf aşiqi olan insan həmin təlimlərdən necə boyun qaçıra bilər?! Əgər kimsə onlardan boyun qaçırırsa, bu, onun eşq və məhəbbətinin həqiqi olmamasına dəlalət etmirmi?!
Bu ayə təkcə Nəcran xaçpǝrǝtslərinə və ya Peyğəmbər (s) dövründə Allahı sevdiklərini iddia edənlərə cavab vermir, bütün əsrlər üçün İslamın ümumi qanununu bəyan edir. Allah eşqindən və ya İslam rəhbərlərini, Allah yolunda cihad edənləri, əməlisalehləri və yaxşı insanları sevməkdən danışan, lakin əməldə onlara azacıq da olsun oxşamayan kəslər yalançı iddiaçılardan başqa bir şey deyildirlər.
Başdan ayağa günah içində olub qəlblərinin Allah, Peyğəmbər (s), Əli (ə) və digər İmamların (ə) eşqi ilə dolu olduğunu iddia edənlər, yaxud iman, eşq və məhəbbətin yalnız qəlbdə olmasına və əməllə heç bir əlaqəsinin olmamasına etiqad bəsləyənlər İslam məntiqindən çox uzaqdırlar.
"Mǝaniul-əxbar” kitabında İmam Sadiqdən (ə) belə nəql edilib: "Günah edən şəxs Allahı sevmir".
O Həzrət (ə) daha sonra bu məşhur şeiri oxuyub:
Yǝni: "Allaha qarşı itaətsizlik göstərir, bununla yanaşı, onu sevdiyini iddia edirsən?! And olsun canıma, bu çox təəccüblüdür! Əgər sənin sevgin həqiqi olsaydı, ona itaət edərdin. Çünki birini sevən şəxs ona itaət edir".
Quran "Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir" cümləsi ilə demək istəyir ki, əgər sizdə Allah sevgisi olsa və onun əlamətləri sizin əməllərinizdə zahir olsa, Allah da sizi sevər, həmin sevginin ardınca Onun sizinlə münasibətlərində həmin sevginin əlamətləri üzə çıxar, günahlarınızı bağışlayar, Öz rəhmətini sizə şamil edər.
Allahın qarşılıqlı sevgisinin də səbəbi aydındır. Çünki O, bütün cəhətlərdən kamil və sonsuz varlıqdır və təkamül yolunda addımlayan hər bir varlıqla uyğunluq baxımından məhəbbət əlaqəsinə malik olacaqdır.
Məhəbbət birtərəfli ola bilməz. Çünki istənilən məhəbbət öz sahibini əməli şəkildə sevgilisinin həqiqi istəklərinə tərəf dəvət edir. Belə olan halda, şübhəsiz, sevgilisi də ona məhəbbət göstərəcəkdir.
Əgər sevən şəxs həmişə sevgilisinə itaət etsə, daha onun bağış- lanılmasına ehtiyac olan günahı qalmayacaq və belə olan halda, "günahlarınızı bağışlasın" ifadəsinin mənası nədir?
Bu suala cavab olaraq deyə bilərik ki, birincisi, bu ifadə keçmiş günahların bağışlanmasına işarə ola bilər. İkincisi, sevən şəxs sevgilisinin itaətindən çıxmır, lakin ola bilər şəhvət və nəfsi istəklərinin həddi aşması və ona qalib gəlməsi nəticəsində onda bəzən xətalar baş versin və onlar da davamlı itaətlərə görə bağışlansın.
Sonrakı ayədə əvvəlki ayədə toxunulan mövzunu davam etdirərək buyurur: “De: “Allaha və Peyğəmbərə itaət edin!"
Yəni siz Allahı sevdiyinizi iddia edirsiniz, bu sevginizi sübut etmək üçün onun və Peyğəmbərinin əmrlərinə tabe olmalısınız.
Daha sonra buyurur: "Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz”.
Onların boyun qaçırması Allahı sevməmələrinə dəlalət edir. Buna görə Allah da onları sevmir. Çünki birtərəfli sevgi mənasızdır.
Həmçinin "Allaha və Peyğəmbərə itaət edin!" cümləsindən Allaha itaətlə Peyğəmbərə (s) itaətin bir-birindən ayrı olmaması məlum olur. Buna görə də əvvəlki ayədə Həzrət Peyğəmbərə (s) tabe olmaqdan, burada isə hər ikisindən söz açılıb.
İncəlik:
Din və məhəbbət.
Çoxsaylı hədislərdə dinin sevgi və məhəbbətdən başqa bir şey olmadığı qeyd edilir. O cümlədən "Xisal" və "Kafi" kitablarında İmam Sadiqdən (ə) belə nəql edilib: "Məgər din məhəbbətdən başqa bir şeydir?!" O Həzrət (ə) daha sonra sözügedən ayəni oxuyub.
Dinin ruh və həqiqəti iman və Allah eşqindən şüası insanın bütün vücudunu işqlandıran, bədənin bütün orqan və üzvlərini öz təsiri altına salan və ən bariz nişanəsi Allahın əmrlərinə tabe olmaq olan iman və eşqdən ibarətdir.