Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 22
Ali-İmran surəsi, 33 və 34-cü ayələr
Ali-İmran surəsi, 33 və 34-cü ayələr
إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ .٣٣
ذُرِّيَّةً بَعْضُهَا مِنْ بَعْضٍ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ .٣٤
Ayələrin tərcüməsi
33\. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın ailəsini aləmdəkilərdən üstün etdi.
34\. Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər. Allah eşidəndir, biləndir.
Ayələrin təfsiri.
Həzrət Məryəmin əcdadı.
Bu ayələr Həzrət Məryəmin hekayətini nəql etmək üçün giriş xarakteri daşıyır və onun əcdadının məqamına işarə edilməsi Allah eşqi və onun əməldə təzahür etməsinin bariz nümunəsidir.
Əvvəlcə belə buyurur: "Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın ailəsini aləmdəkilərdən üstün etdi”.
Ayənin ərəbcə orijinalında işlənmiş (istəfa) feilinin kökü (səfv) sözüdür və onun mənası “hər hansı bir şeyin xalisləşməsi”dir. (səfvət) sözünün mənası isə “hər hansı bir şeyin xalisi”dir. Ərəb dilində hamar daşa "səfa" deyilməsinin səbəbi onun saf və xalis olmasıdır. Buna görə də (istifa) sözünün mənası "hər hansı bir şeyin xalis hissəsinin seçilib götürülməsi” olur.
Sözügedən ayə buyurur ki, Biz Adəmi, Nuhu, İbrahimin nəslini İmranın ailəsini seçdik. Bu seçim həm yaradılışdan, həm də şəriət baxımından ola bilər. Yəni Allah-taala onların yaradılışını əvvəldən üstün bir yaradılış edib. Əlbəttə, onlar üstün yaradılışa malik olduqdan sonra haqq yolu seçməkdə məcbur olmayıblar və bu yolu öz azad iradə və seçimləri ilə qət ediblər. Sonra da Allaha itaət, təqva, pəhrizkarlıq və insanları doğru yola istiqamətləndirmək üçün çalışmaqla yeni imtiyazlar əldə ediblər. Bu imatiyazlar onların zati imtiyazları ilə bir-birinə qarışıb və onlar seçilmiş insanlar formasına düşüblər.
Sonrakı ayədə buyurur: "Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər”.
Allahın bu seçilmiş bəndələri İslam, paklıq, təqva və insanları doğru yola istiqamətləndirmək üçün çalışmaq baxımından bir kitabın nüsxələri kimi olublar.
Daha sonra buyurur: “Allah eşidəndir, biləndir".
Yəni Allah onların səy və fəaliyyətlərinə nəzarət edir, sözlərini eşidir, əməllərindən xəbərdardır.
Sözügedən ayələrdə “ulul-əzm” peyğəmbərlərin hamısına (Adəm peyğəmbəri çıxmaq şərti ilə. Çünki O, “ulul-əzm" peyğəmbər deyil) işarə edilib. Nuhun adı aşkar qeyd edilib. "İbrahimin nəsli” ifadəsi həm onun özünə, həm Həzrət Musaya, həm Həzrət İsaya, həm də İslam Peyğəmbərinə (s) şamil olur. "İmranın ailəsi" ifadəsi bir daha Həzrət Məryəmə və Həzrət İsaya (ə) işarədir. Onun təkrar edilməsi sonrakı ayələrdə veriləcək izah üçün müqəddimə xarakteri daşıyır.
İncəliklər:
1\. Peyğəmbərlərin imtiyazları.
Burada qarşıya belə bir sual çıxır: Bu zati imtiyaz (onları haqq yol ilə getməyə məcbur və iradə azadlığı ilə ziddiyyət təşkil etməsə də,) bir növ ayrı-seçkilik sayılmırmı?
Ayənin ərəbcə orijinalında işlənmiş (zurriyyət) sözünün əsl mənası “kiçik övladlar”dır. Lakin o, bəzən kiçik və böyük, vasitəli və ya vasitəsiz övladıarın hamısı barədə işlədilir. Bu sözün kökü (zər) sözüdür və onun mənası "yaradılış və xilqət”dir.
Bu sualın cavabında deyə bilərik ki, belə bir fərqin olmasını düzgün yaradılış sistemi tələb edir. (Diqqət edin!)
Məsələn, insanın bədəni sistematik quruluşa malikdir və bu quruluşun təmin edilməsi bədən üzvləri arasında bir sıra fərqlərin olmasını tələb edir. Əgər insanın bədənində olan hüceyrələrin hamısı gözün tor qişasının hüceyrələri kimi incə və ya baldır sümüyünün hüceyrələri kimi möhkəm və güclü; beyin hüceyrələri kimi həssas və ya ürək hüceyrələri kimi oynaq olsa, şübhəsiz, bədənin sistemi pozular. Bədəndə həm beyin hüceyrələri kimi hüceyrələr olmalıdır və onlar bədənin əzələ və orqanlarına rəhbərlik etməlidir, həm möhkəm sümük hüceyrələri olmalı və bədənin müqavimətini qorumalıdır, həm incə və həssas hüceyrələr ən kiçik hadisələrdən belə xəbərdar olmalıdır, həm də oynaq hüceyrələr sıçrayış yaratmalıdır.
Heç kəs "nə üçün bütün bədən beyin deyil?", yaxud “nə üçün bitkilərin bütün hüceyrələri gülün ləçəklərinin hüceyrələri kimi incə, zərif və gözəl deyil?" deyə bilməz. Çünki bu, bitkinin quruluşuna tamamilə ziddir və onun məhvinə səbəb olar.
Lakin sistematik quruluşun yaradılması üçün son dərəcə zəruri olan bu zati imtiyaz elə də sadə deyil. Bu imtiyazın yanında böyük bir məsuliyyət yükü də var. Bu ağır məsuliyyət onların yaradılış tərəzisində tarazlıq yaradır. Yəni peyğəmbərlər və bəşəriyyətin rəhbərləri imtiyaza malik olduqları qədər məsuliyyət də daşıyırlar və fərqli imtiyaza malik olanların məsuliyyəti də azdır.
İnsanın Allaha yaxınlaşması üçün bu zati imtiyazlar əsla yetəri deyil və onlar sonradan qazanılan imtiyazlarla birgə olmalıdır.
2\. Ayə Allahın bütün seçilmiş bəndələrinə toxunmur, onların yalnız bir dəstəsinə işarə edir. Həmin nəsillərdən olmayan bəzi peyğəmbərlərin adının çəkilməməsi onların seçilməməsinə dəlalət etmir. AlimahA Həmçinin "İbrahimin nəsli" ifadəsi Musa ibn İmrana (ə), İslam Peyğəmbərinə (ə) və o Həzrətin nəslindən olan digər seçilmiş şəxslərə də şamil olur. Çünki onların hamısı İbrahimin (ə) nəslindəndir.
3\. Rağibin "Müfrədat” kitabında yazdığına əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (al) sözünün kökü (əhl) sözüdür və onun (əhl) sözü ilə yeganə fərqi (al) sözünün adətən böyük və möhtərəm şəxsin yaxınları barəsində işlədilməsidir. Lakin (ǝhl) sözünün mənası genişdir və o, hamıya şamil olur. Həmçinin (al) sözü hər hansı bir şəxsin adı ilə, (əhl) sözü isə zaman, məkan və sairə ilə də izafət tərkibinə girir. Məsələn, “filan şəhərin əhli” ifadəsi işlədilir, amma "filan şəhərin alisi” deyilmir.
4\. “İbrahim nəslinin və İmran ailəsinin seçilmiş şəxsləri” ifadəsinin mənası İbrahim və İmranın bütün övladlarının seçilmiş olması deyil. Çünki onların arasında hətta kafir şəxslər də ola bilər. Məqsəd onların nəslinin bir dəstəsinin seçilmiş şəxslər olmasıdır.
5\. Sözügedən ayədə adı çəkilən İmran Həzrət Musanın deyil, Həzrət Məryəmin atasıdır. Çünki Quranın harasında İmranın adı çəkilirsə, bu, Məryəmin atasına işarədir. Məryəm haqqında izah verən sonrakı ayələr də buna dəlalət edir.
6\. Əhli-beyt (ə) tərəfindən nəql edilmiş çoxsaylı hədislərdə bu ayədən peyğəmbərlərin və imamların məsum olmasının dəlili kimi istifadə edilib. Çünki Allah-taala günahkar, şirk, küfr və itaətsizlik çirkabına bulaşmış şəxsləri deyil, günahdan uzaq və məsum şəxsləri seçir. (Ayədən məsumluğun bəzi dərəcələrini də başa düşmək mümkündür.)
7\. Müasir qələm əhlindən bəziləri bu ayədən “növlərin təkamülü” məsələsinə dəlil kimi istifadə ediblər. Onların nəzərincə, bu ayə Adəmin ilk insan olmamasına dəlalət edir. Belə ki Adəmin zamanında başqa insanlar da olub və Allah-taala Adəmi onların arasından seçib və onun övladlarından üstün bir nəsil yaradıb.
Onlar ayədəki "aləmdəkilərdən” sözünü öz iddialarının dəlili hesab edərək Adəmin zamanında “aləmdəkilər”, yəni “insan cəmiyyəti”nin mövcud olduğunu deyirlər. Buna görə də milyonlarla il bundan əvvəl yaranmış ilk insanın başqa heyvanlardan təkamül yolu ilə yaranmasında və Adəmin, sadəcə, seçilmiş bir insan olmasında heç bir problem yoxdur.
Lakin “aləmdəkilərdən” sözündə məqsədin Adəmin zamanında çoxlu insanın yaşamasına dəlalət edən heç bir dəlil mövcud deyil. Çünki ola bilər onda məqsəd tarix boyu mövcud olan insan cəmiyyəti olsun. Buna görə də ayənin mənası belə olur: Allah tarix boyu olmuş bütün insan cəmiyyətləri arasından bəzi insanları seçib. Onların birincisi Adəm, ondan sonra Nuh, İbrahimin nəsli və İmranın ailəsi olub.
Lakin həmin seçilmiş şəxslərin fərqli əsr və zamanlarda yaşamasından aydın olur ki, "aləmdəkilərdən” sözündə məqsəd bütün əsrlərdə yaşamış insan cəmiyyətləridir. Buna görə də Adəmin zamanında çoxlu insanın yaşamasına və Adəmin onların arasından seçilməsinə etiqad bəsləməyə heç bir lüzum yoxdur. (Diqqət edin!)