Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 23
Bəqərə surəsi, 51-54-cü ayələr
Bəqərə surəsi, 51-54-cü ayələr
وَإِذْ وَاعَدْنَا مُوسَى أَرْبَعِينَ لَيْلَةً ثُمَّ اتَّخَذْتُمُ الْعِجْلَ مِنْ بَعْدِهِ وَأَنْتُمْ ظَالِمُونَ .٥١
ثُمَّ عَفَوْنَا عَنْكُمْ مِنْ بَعْدِ ذَلِكَ لَعَلَّكُمْ تَشْكُرُونَ .٥٢
وَإِذْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَالْفُرْقَانَ لَعَلَّكُمْ تَهْتَدُونَ .٥٣
وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَى بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ .٥٤
Ayələrin tərcüməsi
51\. (Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz.
52\. Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.
53\. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz.
54\. (Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: "Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf qayıdaraq tövbə edin, özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır". Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır.
Ayələrin təfsiri.
Bəni-İsrailin ən böyük azğınlığı.
Quran bu dörd ayədə Bəni-İsrailin macəra dolu həyatının başqa bir hissəsinə toxunmaqla bir sıra oyadıcı hadisələri yəhudilərə xatırladır. Burada Bəni-İsrailin tarix boyu ən böyük azğınlığından – buzova sitayiş etməklə tövhid yolundan çıxıb şirkə üz tutmasından danışılır. Allah- taala bu yolla yəhudilərə xəbərdarlıq edir ki, siz öz tarixiniz boyu artıq bir dəfə belə bir aqibətlə üzləşmiş, fitnə yaradanların əməlləri nəticəsində yolunuzu azmısınız. İndi ehtiyatlı olun, tövhid qapısı (İslam dini) yenə də üzünüzə açılmışdır, ondan uzaq düşməyin.
Allah-taala bu ayələrdə ilk öncə belə buyurmuşdur: “(Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz".
"Əraf" surəsinin 142-ci ayəsindən, habelə "Taha" surəsinin 86-cı ayəsindən sonrakı ayələrdə bu əhvalat tam təfsilatı ilə şərh ediləcək. Əhvalatın xülasəsi belədir:
Bəni-İsrail fironçuların zülmündən azad olub Firon və tərəfdarları Nil çayında boğulduqdan sonra Musa (ə) Tövratın lövhələrini qəbul etməkdən ötrü otuz gecəlik Tur dağına getməli olur. Bu müddət Bəni- İsrailin sınanması üçün daha on gün artırılır. Çox hiyləgər olan Samiri adlı bir kişi bu fürsətdən istifadə edərək fironçuların Bəni-İsraildə qalmış qızıl zinət əşyalarından bir buzov hazırlayır. Buzovdan Bəni-İsraili özünə pərəstiş etməyə çağıran xüsusi bir səs gəlir. Bəni-İsraildən olanların əksəriyyəti Samirinin bu hiyləsinə aldanaraq buzova pərəstiş etməyə başlayır. Musanın (ə) qardaşı, eyni zamanda canişini Harun isə çox az adamla tövhid dinində qalır. Onlar başqalarını buzova pərəstişdən çəkindirməyə çalışsalar da, buna nail ola bilmirlər. Vəziyyət elə bir həddə çatır ki, az qala, Harun öldürülsün.
Musa (ǝ) Tur dağından qayıdıb bu vəziyyəti gördükdən sonra çox narahat olur. Bəni-İsraili həddən artıq danlayır. Onlar tutduğu işin çox pis iş olduğunu anlayıb, tövbə etmək qərarına gəlirlər. Musa (ə) Allah tərəfindən onlara misli görünməmiş bir tövbə təklif edir. Bu barədə növbəti ayələrdə məlumat verəcəyik.
Növbəti ayədə Allah-taala belə buyurmuşdur: "Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz”.
Ayənin ərəbcə mətnindəki (kitab) və (furqan) sözləri Tövrata işarə ola bilər. Bəlkə də, "kitab" Tövrata, "furqan" isə Allah-taalanın Musaya (ə) verdiyi möcüzələrə işarədir. ("Furqan" sözünün hərfi mənasının haqqı batildən ayıran vasitə olduğunu nəzərə alsaq, bu ehtimal daha inandırıcı görünür.)
Nəhayət, bu hissənin sonuncu ayəsində deyilir: “(Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: "Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tərəf qayıdaraq tövbə edin”.
Bu ayənin ərəbcə orijinalındakı (bariu) sözünün mənası "yaradan" deməkdir. Sözün leksik mənası "bir şeyi başqa bir şeydən ayırmaq"dır. Allah-taala da Öz yaratdıqlarını ilkin maddədən və bir- birindən ayırdığı üçün "bari" adlanır. Musa (ə) bu sözlə həm də ona işarə edir ki, bu cür tövbə göstərişini sizə verən sizin Yaradanınızdır. Tövbəniz bir-birinizi öldürməklə olmalıdır: "Özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır”.
Ayənin sonunda Allah-taalanın onların tövbəsini qəbul etdiyi bildirilir: "Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır”.
Böyük günah və misli görünməmiş tövbə.
Allah-taalanın o qədər nişanə və möcüzələrini gördükdən və Musa (ə) kimi böyük bir peyğəmbərin qısa müddətlik aralarından getməsindən sonra tövhid yolundan çıxıb Samirinin düzəltdiyi buzova sitayiş etmək balaca iş deyildi. Bu məsələ onların ağlından tamamilə çıxmayınca vəziyyət daha acınacaqlı olardı. Hər fürsət düşdükdə, xüsusilə də Musanın (ə) vəfatından sonra kiçik bir imkan yaranan kimi o Həzrətin (ə) bütün zəhmətləri puç olub gedə bilərdi. Buna görə də burada daha sərt olmaq tələb olunurdu. Peşman olub təkcə dildə tövbə etməklə kifayətlənmək olmazdı. Bu baxımdan Allah-taala heç bir peyğəmbərə buyurmadığı tövbə göstərişi verir. O da bundan ibarət idi ki, Bəni-İsraildən olanlar tövbə etməklə yanaşı, özlərindən olub bu günaha bulaşmış bir qrup insanı öz əlləri ilə qətlə yetirməli idilər. Belə ki əllərinə qılınc götürüb bir-birini öldürməyə çalışmalı idilər. Bu iş ikiqat əzab sayılır. Çünki öldürülmək də əzabdır, dostu, qardaşı öldürmək də. Bəzi hədislərdə nəql edilmişdir ki, Musa (ə) göstəriş verir ki, buzova sitayiş edənlərin hamısı zülmət bir gecədə qüsl alıb kəfən geyinsin, sonra isə bir-birinin qarşısında səf çəkib bir-birinə hücum etsinlər.
Burada belə bir sual yaranır ki, onların tövbəsinin qan tökülmədən qəbul edilməsi mümkün deyildimi? Yuxarıda deyilənlərə diqqət yetirsək, bu suala aydınlıq gələr. Allah-taalanın o qədər nemət və möcüzələrini gördükdən sonra tövhid yolundan çıxıb bütpərəstliyə (buzova pərəstişə) yönəlmək asanlıqla bağışlanılacaq bir günah deyil. Ümumiyyətlə, səmavi dinlərin hamısının əsasını tövhidlə xülasələndirmək olar. Onun sarsılması dinin bütün əsaslarının aradan getməsi deməkdir. Buzova pərəstiş kiçik bir məsələ kimi qiymətləndirilsəydi, bəlkə də, gələcək nəsillər üçün bir adət halına çevrilərdi. Xüsusilə də Bəni-İsrailin inadkar və bəhanə axtaran bir millət olduğunu nəzərə alsaq, onlara bu əməllərinə görə elə bir qulaqburması vermək lazım idi ki, bütün əsrlər boyu unudulmasın və daha heç kim buzova pərəstiş etmək fikrinə düşməsin. Bəlkə də, "Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır" cümləsi məhz bu mənaya işarə edir.